İdeologiya qəsbi
Qəsbkarlıq anlayışı çağdaş dövrümüzdə mahiyyətini dəyişdirərək yeni bir qiyafəyə bürünüb. Qəsb indi təkcə torpaq işğal etmək, ölkələrin suveren ərazilərini zəbt etmək deyil. İndi “beyin işğalı” hazırkı dövrün ən ciddi problemidir.
Bizlər bu neqativ tendensiyalara qarşı daim ayıq-sayıq olmalıyıq. Müqavimət gücümüz milli fikrimizin məhvərində dayanmalıdır.
Con Tomlinson mənim sevdiyim düşüncə insanlarındandır. O, hələ 21-ci əsrin elm və İKT inqilabı olmayan dövrdə ideologiyalara hücumu kültürlərin işğalı hesab edirdi.
Con Tomlinson "Mədəniyyət imperializmi" adlı kitabında bu terminin 1960-cı illərdə ortaya çıxdığını qeyd edirdi. Hansı ki iki Dünya Müharibəsi atlatmış bəşər insanının qarşısında silahsız hücum taktikaları hazırlanırdı. Şübhəsiz ki, burada da ilk hədəf millilik oldu. Bu gün də qlobal imperalizmin sıradan çıxarmağa çalışdığı birinci nöqtə milli identiklikdir.
Çox yaxşı xatırlayıram ki, hörmətli millət vəkili Hikmət Babaoğlu demokratiya və sair dəyərləri ideologiya kimi təqdim etməyi qəbuledilməz sayırdı. Hətta indi LGBT hüquqları, feminizm və başqa adlarla inqilabçı təsir lobbiləri yaratmağa çalışan sorosçular və bu qəbildən olan imperialist qəsb dairələri gəncləri hədəf kütlə kimi müəyyənləşdirirlər.
Demokratiya heç vaxt milli ideologiya ola bilməz. Demokratiya milli məqsəd ola bilər, milli dəyər ola bilər.
Azadlıq məqsəd ola bilər, ideologiya ola bilməz. Ona görə də imperialist mərkəzlər inkişafda olan dövlətlərə məhz bu dəyərləri ideologiya kimi təqdim etməklə bir növ həmin dövlətləri ideologiyasızlaşdırlar. Məqsəd isə aydındır: onlar da bilirlər ki, ideologiyasız dövlət ola bilməz. Müasir imperializmin əsas məqsədlərindən biri də ekspansiya obyekti kimi gördüyü ölkələri lidersizləşdirmək, ideologiyasızlaşdırmaq və nəhayət, dövlətsizləşdirməkdir.
Almaniya və Fransada həddindən artıq zorakılıq və həftələr, hətta aylarla davam edən sosial hadisələr yaşansa da, bu hadisələrin ölkənin siyasi sistemində ciddi qeyri-sabitliyə səbəb olacağı və demokratik seçkilərdən başqa hakimiyyət dəyişikliyinə gətirib çıxaracağı gözlənilmir, halbuki Ukrayna, Türkiyə, Tailand kimi ölkələrdə bu cür ictimai hadisələr və kütləvi etirazlar baş verəndə bir çox insanların dərhal ciddi siyasi qeyri-sabitlik və bunun nəticəsində köklü transformasiya və hakimiyyət dəyişikliyi gözləmələrinin səbəbi nədir?
Sorosa bağlı olan fondlar adi kiçik bir sosial anlaşılmazlığı həmin anda özünə tabe etdirmək istədiyi ölkələrə qarşı “silaha” çevirir. Çeynənmiş və konkret neoimperialist məqsədlərə alət edilən cinsi azlıqlar mövzusu üzərindən “hesabatlar” hazırlanır və Macarıstan, Türkiyə, Azərbaycan və sair ölkələrə qarşı bu faktoru şişirdərək olmayan böhtanlar yayırlar.
Bütün orta əsr imperiyaları sırf imperializmin toxumları olan fəthlər üzərində qurulmuşdu, çünki torpaq kənd təsərrüfatı inqilabının yeganə sərvət mənbəyi idi. Təbii ki, müharibələr Allah və din adına aparılır, amma məqsəd torpağı genişləndirməkdir.
Klassik imperializm sənaye inqilabı ilə inkişaf edən kapital sinfinin hökmran olduğu dövlətlər nəticəsində dünyanı formalaşdırdı, onların milli deyilən, lakin mahiyyətcə sinfi maraqlarını və müharibələr vasitəsilə fəth toxumlarını cücərtdi.
Harri Maqdoff 1978-ci ildə Leninin imperializm nəzəriyyəsinə əsaslanaraq yazdığı “ Müstəmləkəçilikdən günümüzə İmperializm” adlı kitabında köhnə və yeni imperializm arasında fərq qoyur.
Son dörd onillikdə istehsalın məkan bölgüsündə və qlobal əmək bölgüsündə əhəmiyyətli dəyişikliklər baş verdi. 1970-ci illərdəki böhrandan sonra, əvvəllər daxilə baxan idxalı əvəz edən sənayeləşmə modelini tətbiq etmiş bir çox periferik iqtisadiyyatlar ixraca əsaslanan artımı və dünya iqtisadiyyatı ilə inteqrasiyanı vurğulayan xaricə baxan strategiyanı izləməyə başladılar. Nəticədə dünya iqtisadiyyatını təşkil edən hissələr beynəlxalq bazarlara inteqrasiya etməyə başladı. Yarım periferik və periferik iqtisadiyyatların inkişaf edəcəyinə və rifah və sənayeləşmə səviyyəsinə görə əsas iqtisadiyyatlara yaxınlaşacağına inanılırdı.
Ona görə də neoliberal iqtisadiyyat həm də ideologiya qəsbinin bir nömrəli məqsədidir.
Daha çox iqtisadi qəsbkarlıq üçün daha çox anti-milli fərdlər lazımdır.
Milli düşüncə, bütövlük və xalq-dövlət birliyi Türk Dünyasına qarşı qurulan xain planları puç edir.
Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır