Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzi (STM) və Türkiyənin Üsküdar Universiteti arasında birgə əməkdaşlığa dair Memorandum protokolu imzalanıb

12.12.2022

Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzi ilə Üsküdar Universiteti arasında birgə əməkdaşlığa dair Memorandum  protokolu imzalanıb.
Əməkdaşlığa dair Memorandumu     Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili şöbəsinin müdiri Prof. Dr. Tahirə Allahyarova və Üsküdar   Universitetinin Qurucu Rektoru Prof. Dr. Nevzat Tarhan imzalayıb.
Üsküdar Universitetinin Mərkəz Kampus Senat Salonunda imzalanma mərasimində rektor müşaviri və Üsküdar Universiteti İnsan Dəyərlərin Tədrisi, Tətbiq və Araşdırma Mərkəzinin (ÜDEMER) direktoru Prof. Dr. Sırrı Akbaba, Üsküdar Universitetinin baş katibi Selçuk Uysaler, Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Tahsin Aksu, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Peyman Cəfəri, Media PR şöbəsinin müdiri Şaban Özdemir, Tədbirlər şöbəsinin müdiri Dağhan Rasim Işık və Media Əlaqələri Mütəxəssisi Ayşe Nur Akçelik İlgeçdən ibarət nümayəndə heyəti iştirak edib.
Rektor prof. dr. Nevzat Tarhan Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi ilə Üsküdar Universiteti arasında imzalanan Memorandumun  xoşməramlı missiya olduğunu vurğulayaraq bildirib: “Sosial elmlərə önəm vermək çox vacibdir. Hər bir cəmiyyət inkişaf etmək, öz dəyərlərini qoruyub saxlamaq, zamanla ayaqlaşmaq üçün sosial tədqiqatlar aparmalıdır. Türk dövlətlərində sosial- mədəni birliyin möhkəmləndirilməsində tədqiqatlar çox vacibdir. Azərbaycanla əməkdaşlığımızın hər iki tərəf üçün faydalı olmasını arzu edirəm”.  
Prof. Dr. Tahirə Allahyarova Azərbaycan Sosial Tədqiqatlar Mərkəzi haqqında məlumat verib. Bildirib ki, Üsküdar Universitetində  dünya elminin, o cümlədən sosial tədqiqatların ön sıralarında yer alan problemlərin tədqiqini müşahidə etmək çox xoşdur. Əminik ki, bu     əməkdaşlığa dair protokolun imzalanması gələcək elmi mübadilə və birgə tədqiqat layihələrinin aparılmasına təkan verəcək.   Bu bir başlanğıcdır.