Sosial Tədqiqatlar Mərkəzində Uğurlu Mediasiya Proseslərinin Sosial Mühitə Müsbət Təsiri adlı Konfrans keçirilib
21 Noyabr 2022-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzində Mediasiya Şurası və Ədliyyə Nazirliyindən olan təmsilçilərlə birlikdə ortaq tədbir keçirilib.
Keçirilən tədbirdə STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, STM İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov ilə yanaşı Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova da iştirak edib.
Konfransın açılış çıxışını STM İdarə Heyətinin sədri Zahid Oruc açıb. O bildirib ki, Ədliyyə işçilərin peşə bayramı münasibətilə tədbir keçirilməsi çox mühüm haldır.
“Bu günə qədər mediasiya məsələsini fərqli adlandırmışıq. Mart ayında vətəndaş müraciətləri ilə bağlı qanun da burada xüsusi rol oynadı. Ailə əmək münasibətləri və kommersiya məsələsi nəticəsində Mediasıya Şurası yarandı. Ancaq 1 milyona qədər icrasını tələb edən işlər hələ də var. Bu mühüm bir siqnaldir Azərbaycan insanı ədalət istəyir. Əlbəttə başa düşürük ki, məhkəmələrin yükü çoxdur. Məsələn, Yasamal rayon məhkəməsində bir aylıq işin həcmi yüzdən çoxdur. Mediasiyaya isə 36 min müraciət edilib. Bu o deməkdir ki, bu qurum Azərbaycan cəmiyyəti üçün inandığı quruma çevrilib. Bu həmçinin o deməkdir ki, ölkə başçısı üçün müraciətlər azalacaq.”
Daha sonra isə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edib.
O sözlərinə tədqiqatın bir sahə kimi vacibliyindən bəhs edərək başlayıb.
“Tədqiqat elmdir, yaradıcılıqdır və dərin fəaliyyətdir, Sosial Tədqiqatlar Mərkəzi isə bu mənada xüsusi rola malikdir. Mediasiya işlər məhkəməyə getmədən onların həlli deməkdir. Bu mənada məhkəmələrin də işi yüngül ola bilər. Ancaq vətəndaşların da sosial öhdəlikləri var. İstər mediasiya, istər məhkəmə təcrübəsindən görünür ki, ailədaxili münasibətlərlə bağlı işlər illərlə davam edir. STM bunu araşdıra bilər. Bu mənada STM çox yaxşı məzmunlu fəaliyyət göstərir. Digər məsələlər istehlak məsələsinə bağlıdır. Sahibkar vətəndaşın xeyrinə verilən qərarlara görə də problemlər var. Əmək mübahisələri sahəsində də yetərincə problemlər var, yaxşı olar ki maraqlı tərəflər mediasiyaya inam yaratsın. Vətəndaş nəinki konkret ünvanı bəzən hətta bütün dövlət qurumlarını şikayət edə bilir. Mediasiya anlayışı hələ də kifayət qədər anlaşılmır.”
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov isə öz çıxışı zamanı bəzi vacib statistik məlumatları ictimaiyyətlə paylaşıb.
Nadir Adilov bildirib ki, hazırda ümumi mediatorların sayı 273-dür (üzvlərin 134-ü həm də vəkil kimi fəaliyyət göstərir). Mediatorlar müxtəlif fəaliyyət ünvanlarında yer alır. Bakı mediatorlarının sayı 178-dir. Naxçıvan MR mediatorlarının sayı 5, digər şəhər və rayon mediatorlarının ümumi sayı isə 90 nəfərdir. Mediasiya üçün ümumi müraciət sayından da bəhs edən Nadir Adilov bildirib ki, hazırda ümumi görülən işlərin sayı 36,613-dür.
Onun sözlərinə görə, 2022-ci il üzrə Barışıq sazişlərinin ümumi sayı 1911-dir. Xitam protokolu verilən işlərin ümumi sayı isə 4972-dir.