STM Siyasi partiyalar haqqında yeni qanun layihəsi ilə bağlı sorğu keçirib- NƏTİCƏLƏR

24.10.2022

 

 

Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Siyasi partiyalar haqqında yeni qanun layihəsinin qəbulundan öncə ictimai rəy sorğusu keçirilib.

Sorğunu təqdim edən Sosial Tədqiqatlar Mərkəzi İctimai rəyin öyrənilməsi departamentinin müdiri Elnur Çıraqov bildirib ki, rəy sorğusunda vətəndaşların yeni qanun layihəsinin müddəaları da daxil olmaqla təqribən qırx sual ətrafında mövqeyi öyrənilib. Burada 21 suala cavablar qeyd olunub, ümumi nəticələr əsasında Mərkəz tərəfindən geniş tədqiqat sənədi hazırlanaraq ictimailəşdiriləcək.

Sorğunun metodologiyası

Sorğuda metodoloji olaraq təsadüfi seçmənin klaster üsulundan istifadə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhali sayına proporsional müəyyən edilib. Naxçıvan MR və işğaldan azad edilmiş ərazilər istisna olmaqla bütün regionlar seçmə çərçivəsinə daxil edilib. Bu məqsədlə 14 iqtisadi rayondan 12-si üzrə, 7-si respublika tabeli şəhər, 40-ı inzibati rayon olmaqla ümumilikdə 47 rayon və şəhərdə klasterlər müəyyən olunub. Məlumat bazasından 40 şəhər, 8 qəsəbə, 40 kənd olmaqla ümumilikdə 88 klaster xüsusi proqram vasitəsilə sorğu üçün seçilib.

Sorğu 1071 respondent arasında ev təsərrüfatlarında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Sahə işi (məlumatların toplanılması) 27 sentyabr – 04 oktyabr 2022-ci il tarixləri arasında icra olunub. Sahə işində SurveyToGo proqramı tətbiq olunmaqla kompüter dəstəkli şəxsi müsahibə sistemindən istifadə olunub. Sorğular üz-üzə müsahibə formasında planşetlər vasitəsilə keçirilib.

Respondentlərin demoqrafik məlumatları

Sorğu iştirakçıları arasında gender bərabərliyi təmin olunub. 

Respondentlərin 10%-i 18-24, 19%-i 25-34, 19%-i 35-44, 20%-i 45-54, 22%-i 55-64, 10%-i 65 və yuxarı yaş qruplarında olub. 

Sorğuda iştirak edənlərin 52%-i orta təhsilli, 24%-i texniki – peşə təhsilli, 24%-i ali təhsillidir. 45%-i şəhərdə, 11%-i qəsəbə və 44%-i kənd ərazi vahidlərində yaşayanlardır.

Ölkənin ictimai-siyasi həyatı ilə maraqlanırsınızmı?

Nəticələrə görə insanların 16,9% ölkənin ictimai-siyasi həyatı ilə çox maraqlanır, 59,5%-i müəyyən dərəcədə maraqlanır, 23,6%-i ümumiyyətlə maraqlanmadığını bildirir.

Kişilərin 21%-i, qadınların isə 13%-i ictimai-siyasi həyatla çox maraqlandığını bildirir. Orta təhsilə malik hər üç nəfərdən biri siyasi məsələlərlə ümumiyyətlə maraqlanmır.

İctimai-siyasi həyatda hansı formalarda iştirak edirsiniz?

Burada eyni şəxsə bir neçə cavab variantı seçmək imkanı verildiyinə görə nəticələrin cəmi 100%-dən fərqlənir.

İnsanların əsas hissəsi (75,3%) informasiya resurslarından xəbərləri izləyir, müxtəlif seçkilərdə iştirak edir (43,7%), yaxın əhatəsi ilə siyasi məsələləri müzakirə edir (24,5%). İctimai-siyasi həyatda ümumiyyətlə iştirak etmədiyini bildirənlərin (11,3%) əksəriyyəti siyasi məsələlər ilə heç maraqlanmayanlardır.

Özünüzü hansı istiqamətli partiyalara yaxın hiss edirsiniz?

Əsas hissə, yəni 44,7% özünü milliyyətçi yönümlü partiyalara yaxın hiss edir. Sorğu iştirakçılarının 10,0%-i mühafizəkar, 9,5%-i dini, 4,5%-i sosial-kommunist istiqamətləri qeyd edib. 35,5% heç birinə yaxın hiss etmədiyini bildirib.

Özünü milliyyətçi partiyalara yaxın hiss edənlərin 29%-i, dini partiyalara yaxın hiss edənlərin 38%-i, liberal partiyalara yaxın hiss edənlərin 21%-i yaşı 35-ə qədər olan respondentlərdir. Həmçinin sosialist-kommunist cavabını qeyd edənlərin (4,5%) yarıdan çoxu yaşı 56-dan yuxarı olanlardır.

Sizcə, partiya rəhbərində olmalı olan üç ən vacib xüsusiyyət nədir?

Respondentlərin partiya liderində görmək istədiyi üç ən vacib xüsusiyyət (1) cəmiyyətə yaxınlığı, yəni əhali üçün əlçatan olması (60,5%), (2) problemlərin həlli üçün dəqiq təkliflərə malik olması (33,7%) və (3) siyasi təcrübəsidir (33,2%). Digər məsələlər, növbəti sıralarda qərarlaşır.

Özünüzü görmək istədiyiniz bir siyasi partiya varmı, səbəbləri?

Sorğuda iştirak edənlərin 39,7%-i ölkədə özünü görmək istədiyi bir siyasi partiyanın mövcud olduğunu, 54,9%-i mövcud olmadığını ifadə edib, 5,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Belə bir partiyanın olduğunu bildirənlərin (39,7%) əsas hissəsi bu istəyini partiya liderinə olan rəğbəti ilə 68,0%, partiyanın yaxın əhatəsində tanınması və bəyənilməsi (33,9%), partiyanın ideologiya və proqramının ona yaxın olması ilə (30,6%) əlaqələndirib.

Belə bir partiyanın olmadığını bildirənlərin (54,9%) əsas hissəsi mövqeyini partiyalara olan etimadsızlığı (48,1%), partiyaların baxışlarını bölüşməməsi (22,8%) və digər səbəblərlə əsaslandırıb.

Sizcə, Azərbaycanda yeni partiyaların yaradılması lazımdırmı?

Maraqlı məqamdır ki, ictimaiyyətin 69,5%-i hesab edir ki, ölkədə yeni siyasi partiyaların yaranmasına ehtiyac yoxdur, cəmi 20,6% yeni partiyaların yaranmasına ehtiyac olduğu mövqeyindədir.

18-25 yaş qrupunda olanların 37%-i yeni partiyaların yaradılmasının tərəfdarıdır. Yaşı 65-dən yuxarı olan arasında bu mövqe cəmi 18%-dir.

Orta təhsilli respondentlərin 64%-i, ali təhsillərin 77%-i yeni partiyaların yaradılmasına lüzum görmədiyini bildirir.

Yeni partiyaların yaradılmasına ehtiyac olduğunu və ehtiyac olmadığını bildirənlər, öz mövqeyini müxtəlif səbəblər ilə əsaslandırır.

Sizcə, partiyalar bütün xalqın adından danışa bilərmi?

Mühüm müddəalardan biri kimi, siyasi partiyaların bütün xalqı təmsil etmək və xalqın adından danışmaq məsələsinə də ictimai münasibət öyrənilib. 

63,9% hesab edir ki, heç bir partiya bütün xalqın adından danışa bilməz, 15,7%-ə görə parlamentdə təmsil olunan partiyalar xaricində heç bir partiya xalqın adından danışa bilməz. 11,8% hesab edir ki, partiyalar bütün xalqın adından danışa bilər. 8,7% bu barədə fikir bildirməkdə çətinlik çəkir.

Seçkilərdə iştirak etməyən siyasi partiyalara münasibətiniz?

33,6% seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması mövqeyindədir, 29,8% partiyaların seçkilərdə iştirak etməsini üzvlərinin siyasi iradəsi baxımından vacib hesab edir, 21,7% bu hüququn partiyaların öz sərəncamına buraxılmasını vacib sayır. 

İctimai-siyasi məsələlər ilə çox maraqlandığını bildirənlərin 40%-i seçkilərdə iştirak etməyən partiyaların ləğv olunmasını, yaxud fəaliyyətinin dayandırılmasını ifadə edir. Seçkilərdə iştirak hüququnu partiyaların öz sərəncamında hesab edən hər üç nəfərdən biri (32%) siyasəti proseslərlə ümumiyyətlə maraqlanmadığını bildirənlərdir.

Partiyanın proqrama malik olması mütləqdirmi, səbəbləri?

23,8%-i partiyanın əsas ideologiyasını özündə əks etdirməsi ilə, 40%-i partiyanın fəaliyyətini proqramsız qeyri-mümkün saydığına görə proqramın olmasını vacib hesab edir. Sorğuda iştirak edənlərin 19,5%-i partiyaların proqrama malik olmasını əhəmiyyətli hesab etmir, 16,7%-i bu barədə fikir bildirmir.

Sorğu iştirakçıları arasında orta təhsilli olanların 54%-i, ali təhsillilərin 82%-i siyasi partiyanın proqrama malik olmasını mütləq hesab edir.

Siyasi partiya öz üzvləri, yaxud orqanları tərəfindən siyasi fəaliyyət çərçivəsində qanunvericiliyin pozulmasına görə cavabdehlik daşımalıdırmı?

39,0% bütün üzvləri və orqanlarına görə, 21,6% yalnız rəhbər şəxslərinə görə, 11,1% partiyanı təmsil etmək səlahiyyətinə malik bütün şəxslərə görə cavabdehlik daşımalıdır fikrindədir. 

Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün neçə üzvü olmalıdır?

Siyasi partiyalar haqqında Qanunun qəbulundan ötən 30 ildən sonra üzv sayı tələbinin olduğu kimi saxlanılması, yaxud dəyişilməsinə ictimai münasibət öyrənilib. Respondentlərin 11,9%-i dövlət qeydiyyatı üçün min nəfərə qədər, 20,9%-i min nəfərdən beş min nəfərə qədər, 17,3%-i beş min nəfərdən on min nəfərə qədər, 10,8%-i on min nəfərdən on beş min nəfərə qədər üzvün olmasını məqbul hesab edib. 23,4% bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Yeni partiyaların dövlət qeydiyyatına alınması üçün tələb olunan üzv sayı artırılarsa bu fəaliyyətdə olan partiyalara da şamil olunmalıdırmı?

Respondentlərin 50%-dən çoxu yeni partiyaların dövlət qeydiyyatına alınması üçün üzv sayı artırılarsa, bunun, fəaliyyətdə olan partiyalara da şamil edilməsinin lehinədir. Onlardan 27,4%-i mövqeyini əks halda bərabərlik prinsipinin pozulacağı ilə əsaslandırır, 26,3%-i fəaliyyətdə olan partiyaların yeni tələblərə uyğunlaşması üçün onlara müəyyən müddət verilməsi şərti ilə məqsədəuyğun hesab edir. Hər dörd nəfərdən biri yeni tələbin köhnə partiyalara şamil edilməməsini dəstəkləyir.

Siyasi partiya təsisçisi olmaq və partiya rəhbərliyində təmsil olunmaq üçün ölkə ərazisində son vaxtlar yaşamaq tələbi qoyulmalıdırmı?

Partiya təsisçisi olmaq və ya partiya rəhbərliyində təmsil olunmaq üçün zaman kvotası, yəni, ölkə ərazisində son vaxtlar hansı müddətsə yaşamaq tələbinin olub-olmaması məsələsinə gəlincə, nəticələrə əsasən, respondentlərin ümumilikdə 60,6%-i belə bir tələbin qoyulmasını partiya təsisçisi olmaq üçün, 52,9%-i partiya rəhbərliyində təmsil olunmaq üçün məqbul sayıb. 24,1%-i və 32,9% belə bir tələbin qoyulması əleyhinə mövqe göstərib.

Bu müddət nə qədər olmalıdır?

Partiya təsisçisi olmaq üçün belə bir tələbin qoyulmasını dəstəkləyənlərin rəylərinə nəzər yetirsək, onların 9,8%-i ölkə ərazisində son 20 il yaşayanların, 15,5%-i ölkə ərazisində son 15 il yaşayanların, 20,6%-i son 10 il yaşayanların partiya təsis etmək hüququna malik olduğunu ifadə edib. 

Həmçinin 8,2%-i ölkə ərazisində son 20 il yaşayanların, 14,3%-i ölkə ərazisində son 15 il yaşayanların, 20,3%-i son 10 il yaşayanların partiya rəhbərliyində təmsil olunmaq hüququna malik olduğunu ifadə edib. 

Bir şəxsin bir neçə partiyanın üzvü olmasına münasibətiniz?

Bir şəxsin bir neçə partiyaya üzv olması məsələsinə gəlincə, əksəriyyət, yəni 80,6% bir şəxsin bir neçə partiyanın üzvü olmasını qeyri-etik hesab edir, 15,2%-i buna müsbət yanaşdığını bildirir.

Respondentlərin təhsil və yaş qruplarına, partiya mənsubiyyətli olub-olmamasına görə bu barədə fikirləri nisbətən fərqlənir. İctimai münasibəti təhsil səviyyəsinə görə nəzərdən keçirdikdə, orta təhsilli respondentlərin 75%-i, ali təhsillilərin 89%-i bir şəxsin bir neçə partiyaya üzv olmasını qeyri-etik sayıb.

Partiya üzvlərinin il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddinin müəyyən olunmasına münasibətiniz?

Üzvlük haqlarının yuxarı həddinə münasibətdə, 19,9% məhdudiyyətlərin tətbiq olunmasının lehinədir. 31,6% partiyalara üzvlük haqqının olmaması cavabını qeyd edib, 23,3% hesab edib ki, üzvlük haqqının miqdarı partiyaların öz sərəncamına buraxılmalıdır.

Üzvlük haqqının yuxarı həddinə məhdudiyyətin tətbiqi partiya üzv olmayanların 15,6%-i, partiya üzvü olanların 25,1%-i tərəfindən uyğun hesab olunub.

Partiyaların pul vəsaini xarici valyutada, nağd qaydada qəbul etməsinə münasibətiniz?

Yeni qanun layihəsinin müddəalarından biri olaraq, siyasi partiyaların pul vəsaitini xarici valyutada və nağd qaydada qəbul etməsinə münasibət öyrənilib. 51,8% hesab edir ki, partiyalar ölkə ərazisində yerləşdiyindən pul vəsaitini yalnız milli valyutada, nağdsız qaydada qəbul etməlidir. 34,6% partiyanın istənilən valyuta və formada vəsait qəbul etməsini məqbul sayır. 13,6% bu barədə fikir bildirməkdə çətinlik çəkir.

Siyasi partiyalara dövlətin maliyyə yardımının xərclənməsi üzərində nəzarət olmalıdırmı?

Nəticələrə əsasən, insanların əksəriyyəti (90,2%-i) nəzarətin olmasını və bunun Hesablama Palatası tərəfindən icrasını məqbul hesab edib. “Xeyr, nəzarət olmamalıdır” cavabı onların cəmi 5,6%-i tərəfindən qeyd olunub. 4,2%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sizcə, qadın liderli partiyaların yaradılması lazımdırmı?

Rəy sorğusunda qadın liderli partiyaların yaradılması məsələsinə də yer verilib. İştirak edənlərin 51,1%-i ölkədə qadın liderli partiyaların yaradılmasına ehtiyac olduğunu bildirib, 24,0%-i bu fikrə qarşı çıxıb, 21,4%-i bu məsələyə neytral mövqedən yanaşıb.

Kişilərin 45%-i, qadınların 57%-i qadın liderli partiyalara ehtiyac olduğunu bildirib. Şəhərdə yaşayanların 60%-i, kənddə yaşayanların 46%-i eyni mövqedən çıxış edib.

Sizcə, aşağıdakı dəyərlər Azərbaycan cəmiyyətində hansı dərəcədə mövcuddur?

Bir sıra siyasi dəyərlər təqdim edilərək vətəndaşların onları Azərbaycan cəmiyyətində mövcudluğuna görə qiymətləndirməsi istənilib. Nəticələrə görə, respondentlərin 83,3%-i bütöv vətən duyğusunun, 74,8%-i qələbə hissinin, 68,8%-i müstəqil dövlətçiliyin, 62,2%-i milli təhlükəsizliyin Azərbaycan cəmiyyətində tamamilə mövcud olduğunu bildirib. 

Qələbə hissinə münasibətdə, kişilərin 81%-i, qadınların 69%-i qələbəyə hissinin tam olaraq mövcudluğunu ifadə edib.

Müstəqil dövlətçiliyə münasibətdə, 18-25 yaş qrupunda olanların 67%-i, yaşı 65-dən yuxarı olanların isə 76%-i müstəqil dövlətçiliyin tam olaraq mövcud olduğunu bildirib.