Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti

19.05.2020

1918-ci ildə Müsəlman Şərqində respublika üsuli-idarəsinə söykənən, dini və sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, liberalizmə sadiq bir dövlət kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış AXC hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyətin elanından bir ay, müvəqqəti paytaxta - Gəncəyə köçəndən on gün sonra 1918-ci il iyunun 27-də milli hökumətin qərarı ilə Azərbaycan dilinə dövlət dili statusu verildi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlanıldı [8, v.21]. Qeyd edək ki, bu, Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Beləliklə, bu hadisə Azərbaycan dilinin funksional inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Belə ki, dil sahəsində milliləşdirmənin həyata keçirilməsi bu dövrdə milli hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri idi: "Dil sahəsində milliləşdirmə siyasətinin əsas mahiyyətini Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpası və keçmiş metropoliya dilinin (rus dilinin - A.M.) tədricən cəmiyyətin əsas sahələrindən sıxışdırılıb çıxarılması təşkil edirdi" [13, s.148].

 

Ölkədə birdən-birə Azərbaycan dilinə keçidin yaradacağı problemləri nəzərə alan hökumətin qərarına əsasən, məhkəmə, inzibati idarəçilik və digər vəzifələri icra edənlər türk (Azərbaycan) dilini lazımi səviyyədə öyrənənədək idarə və müəssisələrdə rus dilinin də işlədilməsi məqbul sayılırdı. Cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşir o zaman “Azərbaycan” qəzetinə verdiyi müsahibədə məsələyə aydınlıq gətirərək deyirdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi... hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.

 

Qeyd edildiyi kimi, Azərbaycan dilinin dövlət dili elan edilməsinə baxmayaraq, ilk vaxtlar dövlət idarələrində rus dilinin də işlədilməsinə yol verilirdi. Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli qərarında deyilirdi: "Türk dilini dövlət dili kimi qəbul etməli, bütün məhkəmə, inzibati və başqa vəzifələri bu dildə savadı olan şəxslərə tapşırmaq mümkün olana qədər hökumət idarələrində rus dilinin işlədilməsinə də yol verilsin" [9, v.22]. Lakin rus dilinə edilən bu müvəqqəti güzəşt bir çox məmurlar tərəfindən düzgün başa düşülmürdü. Onların fikrincə, əvvəlki qaydaları və qanunları qeyri-rəsmi şəkildə saxlamaq mümkün idi. Ü.Hacıbəyli bu məsələyə toxunaraq yazırdı: "...rus dili bu günə qədər aramızda hökumət lisanı hökmündə qalıb, Azərbaycan istiqlalının şərəfini azaltmaqla  bərabər Azərbaycan türkləri üçün  də dəxi az müşkülat törətmir" [4]. Başqa bir yazının müəllifi ürək ağrısı ilə  yazırdı ki, gürcü və erməni dövlətləri milliləşdikləri halda, biz bu sahədə heç bir iş görmədik. Hətta Azərbaycan idarələrinə gələn bir kəndli öz dərdini mütərcimsiz qandıra bilmir" [3]. Belə acınacaqlı vəziyyətə baxmayaraq, hökumət tərəfindən milliləşdirməni həyata keçirmək üçün konkret tədbirlər də görülürdü. Maarif Nazirliyi, müfəttişlər və məktəblər arasında hər cür yazışma yalnız türk dilində aparılmalı idi. Başqa dildə yazılmış sənədlər isə cavabsız qoyulurdu [21]. 

 

AXC parlamentində - Məclisi-Məbusanda milli dil məsələsi ilə bağlı müzakirələr

 

 

Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan parlamentinin dilində əksini tapmışdır. Başqa sözlə, “Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən az sonra türk (Azərbaycan) dilinin dövlət dili olması haqqında qərarın de-fakto olaraq necə həyata keçməsi prosesini göstərən ən mötəbər (və ali!) mənbə Azərbaycan Məclisi-Məbusanının (parlamentin - A.M.) iclaslarıdır... Ümumiyyətlə, Azərbaycan Məclisi-Məbusanı Azərbaycan dilini yalnız de-yure deyil, de-fakto da dövlət dili səviyyəsinə yüksəldə bilmişdir” [14]. Məclisi-Məbusanda dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin - parlamentin üzvlərinin öhdəsinə buraxılmışdı. Dövlətin bu ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili ümumi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqində isə bir qayda olaraq sərbəstliyə imkan verilmişdir. İclasların gedişində bəzi gərginliklər nəzərə alınmazsa, dil etiketi yetərincə gözlənilmişdir [19].

 

Qeyri-müsəlman (qeyri-türk) parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu barədə qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi. Parlamentin sədr müavini Həsən bəy Ağayev dövlət dilində olmayan sənədlərin üzərində "Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır" dərkənarını qoyurdu [18, s.81].

 

AXC parlamentində universitetin açılması məsələsi müzakirə edilən günlərdə Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (21 sentyabr 1919-cu il) “Milliləşmək” adlı məqaləsində yazırdı: “Dövri-istibdaddan qalmış və bu gün  Azərbaycan istiqlaliyyətinə yaraşmayan bir para işləri “likvidasiya” etmək, yəni aradan götürmək yolunda hökumətimiz ciddiyyətlə işləməkdədir. Bu... işlərin biri də rus dilidir ki, bu günə qədər aramızda hökumət lisanı hökmündə qalıb, Azərbaycan istiqlalının şərəfini azaltmaqla bərabər, Azərbaycan türkləri üçün dəxi az müşkülat törətmiyor... Azərbaycan türk dili ümumqafqazda yaşayan müxtəlif lisanlı millətlər arasında ümumi bir dil olmaq kibi böylə bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni bir erməninin  bir dağıstanlı, bir malakanın bir gürcü ilə  qonuşub danışmaq üçün türk dilinə müraciət etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə  möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir haldır. ...Bu qeyri-təbii hal, əlbəttə, rus istibdadının bərəkətindəndi ki, ruslaşdırmaq politikası sayəsində Azərbaycan türkləri öylə bir şərait içində yaşıyorlardı ki, həmişə  rus dilinə möhtac qalırdılar... Türk dilinə  dara olanlar bunu həyata tətbiq etmək və bundan məişət və güzaranları üçün bir faidə almaq imkanından məhrum edilmişlərdi. Rus istibdadı hər bir “bəndbərə”ni kəsib dilimizə heç bir yerdə yol vermiyordu” [2, I c., s.430-432].

 

Xalqın dilinin dövlət dili səviyyəsinə  yüksəlməsinin, Məclisdə milli problemlərin məhz millətin öz dilində müzakirəsinin nə qədər önəmli olmasını parlament qəzeti “Azərbaycan” dəfələrlə vurğulamışdır. Əhməd Həmdi qəzetin 9 dekabr 1919-cu il nömrəsində Məclisin bir illik fəaliyyətini dəyərləndirərkən ən mühüm uğurlardan birini də göstərir: bu, ondan ibarətdir ki, keçən bir ildə Azərbaycan parlamenti “lisani-milli ilə hər təsirini, hər fikrini söyləmiş, millətin həyəcan və hissiyyati-ümumiyyəsini bir mərkəzə toplayaraq tərcüman olmuş idi” [2, I c., s.134-138].

 

Dil kurslarının təşkili

 

Azərbaycan hökumətinin təşəbbüsü ilə 1919-cu ilin sentyabrından yaşlı əhali üçün türk (Azərbaycan) dili kursları təşkil edilməyə başlandı. Kursların təşkili ilə əlaqədar hökumətin qəbul etdiyi qərarda deyilirdi: "...dövlət idarələrinin qulluqçularının əksəriyyətinin türk dilini və yazısını bilməməsi ucundan bu vaxta qədər milliləşmə tam həcmdə həyata keçirilə bilməmişdir. Respublikada tam milliləşmənin müvəffəqiyyətlə keçirilməsi məqsədilə pulsuz ümumtəhsil axşam kurslarının açılması zəruridir" [2, I c., s.134-138].

 

Kursların açılması 1919-cu il üçün hökumətin smetası ilə nəzərdə tutulmuşdu. Müdavimlərin hazırlığından asılı olaraq kurslar üç və ya iki şöbədən ibarət olaraq açılırdı. Birinci şöbə türk dilini və yazını bilməyənlər, lakin bunları öyrənməyi arzu edənlər üçün, ikinci şöbə danışıq dili ilə tanış olan, lakin savadı olmayan və türk yazısını, türk tarixini və türk ədəbiyyatını öyrənmək istəyənlər üçün, üçüncü şöbə isə türk dili üzrə öz savadını dərinləşdirmək istəyənlər, əsasən rus məktəblərində təhsil almış və türk dilini, tarixini, ədəbiyyatını və elmi terminologiyasını öyrənmək istəyən pedaqoqlar üçün nəzərdə tutulmuşdu. Kursların davamiyyət müddəti hər biri üç ay olmaqla iki semestrdən ibarət idi. Birinci realnı məktəbin binasında yerləşən bu kurslara ümumi rəhbərlik Bakı Müəllimlər Seminariyasının direktoru Rəşid bəy Əfəndiyevə tapşırılmışdı [21].

 

Azərbaycan hökuməti türk dili kurslarına dövlət əhəmiyyətli bir məsələ kimi baxır və böyük diqqət verirdi. Məsələn, 1919-cu ilin sentyabrında Maarif Nazirliyi Bakı qubernatoruna müraciət edərək, ondan xahiş etmişdi ki, ona tabe olan müəssisələrin qulluqçuları türk dilini öyrənmək üçün hökumətin təşkil etdiyi yaşlılar üçün xüsusi kurslara daxil olsunlar. Nazirlik bunu hökumət idarələrinin milliləşdirilməsi ilə əlaqələndirərək göstərirdi ki, türk dilini bilməyən qulluqçular öz xidmətlərini davam etdirə bilməyəcəklər [22].  Eyni zamanda Nazirlik Bakı Şəhər İdarəsi Məktəblər şöbəsinin müdiri Ə.C.Orucəliyevə məlumat vermişdi ki, ona tabe olan bütün tədris müəssisələrinin qulluqçuları bu kurslara yazılmalı və onları dinləməlidirlər [30].

 

Kurslar sentyabrın 17-də parlament üzvlərinin iştirakı ilə açıldı. Əksəriyyəti nazirlik məmurlarından, şəhər idarəsinin və digər müəssisələrin qulluqçularından ibarət olan 500-ə yaxın dinləyici məşğələlərə cəlb edilmişdi [23]. Kurslarda müdavimlərin sayı getdikcə artırdı. Bir aydan sonra bu kurslarda hər birində 50 nəfər olmaqla 32 qrup təşkil olunmuşdu. Müdavimlərin ümumi sayı 1600-ə çatırdı. Onların əksəriyyəti birinci şöbəyə daxil edilmişdi [25]. Kursların müdavimləri içərisində əksəriyyəti ruslardan ibarət olan gənclər üstünlük təşkil edirdi. Bu tədbirin uğurla davam etməsini qeyd etməklə yanaşı demək lazımdır ki, onun nəticə verəcəyinə şübhə edən, ona qarşı çıxan şəxslər də var idi. Onların fikrincə, təhsilin sistemsizliyi və türk dilinin çətinliyi bu tədbirin bir fayda verəcəyinə inam yaratmır [31]. Rəsmi hökumət mövqeyini ifadə edən qəzetlərdə dərc edilən məqalələrdə bu tezislər təkzib edilir və göstərilirdi ki, məhz türk dilinin asanlığı və ahəngdarlığı onun Qafqaz xalqları arasında ümumi ünsiyyət dili olmasına gətirib çıxarmışdır [26]. Bu tədbir 1920-ci ildə də davam etdirilmişdi. 1920-ci il martın 15-dən 7-ci ibtidai məktəbin binasında Maarif Nazirliyi tərəfindən yaşlı müsəlmanlar üçün axşam kursları açılmışdı. Kurslara həm savadlı, həm də savadsız azərbaycanlılar qəbul edilirdilər [27]. Eyni zamanda fəhlə klubunun xətti ilə türk dili məşğələləri təşkil edilirdi.

 

1919-cu ilin aprelində verilən məlumata görə, 40 nəfərdən ibarət qrup düzəlmişdi [10, v.1]. Kurslar təkcə Bakıda deyil, həm də respublikanın ayrı ayrı qəza şəhərlərində təşkil edilirdi. 1919-cu il sentyabrın 30-da Qazaxda yaşlılar üçün pulsuz axşam kursları açılmışdı. Bu kurslara 83 nəfər yazılmışdı. Müdavimlər əsasən xristian dövlət məmurlarından ibarət idi [24].

 

Dövlət dilinin orduda istifadəsi

 

Azərbaycan dilinin dövlət dili kimi tətbiq edildiyi strateji sahələrdən biri də ordu idi. Belə ki, 1918-ci il dekabrın 27-də AXC-nin hərbi naziri Səməd bəy Mehmandarovun 34 nömrəli əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılması tələb olundu [11, v.42].

 

Bundan başqa, hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında tələb qoymuşdu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Yəni salamlaşan şəxs “salam” deməli, qarşı tərəf isə “əleyküm salam” deyə cavab verməli idi. Həmin əmrin layihəsində  salamın "salam əleyküm" kimi verilməsi nəzərdə tutulmuşdu. Ancaq Mehmandarov öz əli ilə ifadənin ikinci hissəsinin üzərindən xətt çəkərək onun daha yığcam olmasını  məqsədəuyğun bilmişdi. Əsgəri tərifləyərkən və ya ona təşəkkür bildirərkən “mərhəba” deyilməli, əsgər isə cavabında “çox sağ ol” deməli idi. [Bax: 11, v.42; 20, II cild, s.38]. Bir ay müddətinə bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrədilməsi və əsgərlər arasında savadsızlığın ləğvi üçün ordu daxilində müvafiq kurslar təşkil edildi və həmin kurslarda dərslərin aparılmasına təcrübəli mütəxəssislər cəlb olundu [12 v.113].

 

Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işinin Azərbaycan dilində öyrədilməsi şəxsi heyəti xidmətə daha sıx şəkildə bağladı və ordu daxilindəki mənəvi-psixoloji vəziyyətin yaxşılaşmasına, habelə döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərdi [20].

 

Azərbaycan dilinin mətbuatda əksi

 

Türk (Azərbaycan) dilinin geniş tətbiq olunduğu sahələrdən biri də mətbuat idi. Ümumiyyətlə, AXC-nin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. Respublikanın mətbuat sahəsində siyasəti elan edilmiş,  onun hüquqi normaları parlamentin qəbul etdiyi  "Mətbuat haqqında” Nizamnamədə öz ifadəsini tapmışdı [16, s.148].

 

1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarla qəzet və jurnal nəşr olunurdu. A.Rüstəmovun hesablamalarına görə, 1919-cu ildə Azərbaycanda 89 adda qəzet və jurnal çıxırdı. Onların 39-u Azərbaycan dilində, 44-ü rus dilində, 6-sı isə başqa dillərdə çap edilirdi [16]. Buraya Azərbaycan hökumətinin rəsmi orqanları, partiyaların, milli şuraların, kooperativ təşkilatların, mədəni-maarif cəmiyyətlərinin, yaradıcı ittifaqların qəzet və jurnalları daxil idi.

 

Azərbaycan hökumətinin rəsmi orqanı Azərbaycan və rus dillərində əvvəlcə Gəncədə, sonra isə Bakıda dərc edilən "Azərbaycan" qəzeti idi. Qəzetin nəşrinə başlamaq haqqında Nazirlər Şurasının qərarında deyilirdi: "Xalq Maarif Nazirliyinə tapşırılsın ki, türk və rus dillərində mümkün qədər eyni məzmunlu "Azərbaycan" adlı yarımrəsmi orqanın nəşrini təşkil  etsin". Qəzetin nəşrinə ilk vaxtlar 25 min rubl pul ayrılırdı [5, v.20]. İctimai, siyasi, ədəbi, iqtisadi xarakterli bu gündəlik qəzetin türkcəsinin redaktorları Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, ruscasının redaktoru Şəfi bəy Rüstəmbəyli idi. Lakin qəzetin türk və rus variantları bir-birinə məzmunca yaxın olmaqla bərabər, xeyli fərq də var idi. 

 

Tükrcə "Azərbaycan" qəzetində daha çox mədəni-maarif xarakterli materiallar dərc olunur, hökumətin sosial-mədəni siyasətini əks etdirən təhlil səciyyəli  məqalələr daha tez-tez əksini tapırdı. Məsələn, bu qəzetdə əlifba islahatı haqqında müxtəlif mövqelərdən yazılmış 18 məqalə, türkcə dərsliklər haqqında 16, universitet haqqında 15, müəllim qurultayları haqqında 13, türkcənin dövlət dili kimi tətbiqi ilə əlaqədar 9, qadınların ictimai-mədəni həyatda iştirakı haqında 9, xaricə tələbə göndərilməsi haqqında 4 məqalə dərc olunmuşdu [16, s.149]. Azərbaycan və rus dillərində çıxan "Azərbaycan hökumətinin əxbarı" (Вестник Правительства Азербайджанской Республики) qəzeti hökumətin başqa bir yarımrəsmi orqanı idi. 1919-cu ilin martında Azərbaycan Teleqraf Agentliyinin yaradılması haqqında Nazirlər Şurasının qərarı [6, v.20] AXC hökumətinin türk (Azərbaycan) dilinin daha geniş tətbiqi sahəsində atdığı addımlardan biri idi. Bu qərarı 1920-ci ilin martında həyata keçirmək mümkün oldu. 1920-ci ilin apreli üçün "AzərTAc"ın bülletenlərinə yazılma başlandı.

 

Əlifba islahatları

 

AXC hökumətinin dövlət dilinin tətbiqi, təkmilləşdirilməsi və inkişafı üçün atdığı mütərəqqi addımlardan biri də M.F.Axundovdan başlayan əlifba islahatlarının uğurla davam etdirilməsi idi. Əlifba islahatı sahəsində ilk praktiki addımlar isə 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. Belə ki, AXC-nin yüksək intellektual səviyyəsi ilə seçilən və reallıqla hesablaşmağı bacaran dövlət xadimləri, maarif və mədəniyyət işçiləri başa düşürdülər ki, çətin öyrənilən, dövlət idarələrində geniş işlədilməsi mümkün olmayan ərəb qrafikası ilə xalqın tez bir zamanda maariflənməsi işini həyata keçirmək, ümumi mədəni yüksəlişə nail olmaq mümkün deyildir. Latın qrafikalı yeni Azərbaycan əlifbasının tərəfdarları ilə onun əleyhdarları - əski əlifbanın müdafiəçiləri arasında gərgin mübarizə gedirdi [16, s.69].

 

Əlifba islahatları ilə əlaqədar geniş ictimaiyyətdə, hökumət dairələrində, mətbuat səhifələrində qızğın mübahislər başlanmışdı [17]. Əski əlifba tərəfdarları öz mövqelərini bu dəlillərlə əsaslandırmağa çalışırdılar ki, bizim müqəddəs kitabımız bu əlifba ilə yazılmışdır. Azərbaycan xalqı özünün çoxəsrlik mənəvi sərvətlərini bu əlifba ilə yaratmışdır, yeni əlifbaya keçilməsi bizi öz ədəbiyyatımızdan, zəngin mədəni ənənələrimizdən ayrı salar, biz islam aləmindən, Şərq mədəniyyətindən ayrı düşərik və s. [16, s.69].

 

Əlifba islahatları məsələsi 1918-ci ilin dekabrında Bakıda keçirilən müəllim seminariyaları direktorlarının, xalq məktəbləri müfəttişlərinin qurultayında da qoyulmuşdu. Qurultay maarif nazirinin müavini Həmid bəy Şahtaxtlının sədrliyi ilə keçirilən iclasında əski türk əlifbası haqqında məsələ qoyaraq, bu əlifbanı bütövlükdə yarıtmaz hesab etmişdi. Buna görə də qurultay əlifba islahatının tərəfdarı olan Abdulla bəy Əfəndiyevə təklif etmişdi ki, bu məsələyə dair layihə hazırlayıb Maarif Nazirliyinə təqdim etsin [7, v.14]. Yaradılmış əlifba komissiyası bir neçə ay gərgin işlədikdən sonra parlamentə bir neçə layihə təqdim etdi. Bu layihələrdən yalnız müəllim Abdulla bəy Əfəndiyevin layihəsi parlament tərəfindən bəyənilmiş və əsas kimi qəbul edilmişdi. Bu barədə məlumatda deyilirdi: "Azərbaycan parlamentinin üzvü Abdulla bəy Əfəndiyev-Azadbəyli özünün tərtib etdiyi latın hərfli türk əlifbasını  Xalq Maarif Nazirliyinə təqdim edərək, xahiş edir ki, ...ətraflı tanış olmaq üçün nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrinə göndərilsin. Əfəndiyevin xahişi nazirlik tərəfindən maarif nazirinin nəzdindəki Şuraya baxılmaq üçün təqdim edilmişdir". Bu layihə gələcək Azərbaycan türk əlifbasının əsası olmalı idi [28].  Lakin siyasi vəziyyətin kəskin şəkildə dəyişməsi, yəni 1920-ci ilin aprel işğalı o zaman milli hökumətə bu layihəni reallaşdırmağa, bu prosesi başa çatdırmağa və bu yolda əməli addımlar atmağa imkan vermədi.

 

Sonda...

 

Cümhuriyyətin 23 aylıq mövcudluğu dövründə AXC hökuməti tərəfindən digər sahələrdə olduğu kimi təhsil, tədris, mədəniyyət, dil, əlifba və s. sahələrdə qəbul edilən qanunvericilik aktları və qərarlar təkcə həmin dövrdə deyil, sonrakı dövrlərdə də öz aktuallığını qoruyub saxlaya bildi. Qeyd edək ki, yalnız Məclisi-Məbusanın fəaliyyət göstərdiyi 17 ay ərzində (7 dekabr 1918 - 27 aprel 1920) parlamentin 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul edilmişdi. Əlbəttə, qəbul edilən qərarlarda və onların tətbiqi prosesində  bir sıra çatışmazlıqların müşahidə edilməsi təbii idi. Bu prosesin sistemli şəkildə davam etdirilməsi, mövcud nöqsanların aradan qaldırılması üçün vaxt tələb olunurdu.

 

Təəssüf ki, rus-bolşevik istilası dövlət və millət əhəmiyyətli bu məsələlərin reallaşmasına imkan vermədi. Lakin dövlətçilik tariximizdə və milli düşüncədə bu qısa dövrdə görülmüş böyük işlər və qəbul edilmiş qərarlar (o cümlədən dövlət dilinin  tətbiqi istiqamətində) öz dərin izlərini buraxdı. Təsadüfi deyil ki, cümhuriyyət dövründə qəbul edilən qərarların əhəmiyyətini biz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda müzakirə olunan məsələlərdə də görə bildik. Məsələn, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay zamanı qəbul edilən və bütün türk dünyasında istifadə olunan “Birləşdirilmiş türk əlifbası” adı verilən əlifba məhz A.Əfəndizadənin hazırladığı “Son türk əlifbası” əsasında tərtib edilmişdi [15].

 

Xalqımız AXC dövründə yarımçıq qalmış işlərin sistemli davamını isə yenidən müstəqillik əldə etdikdən sonra reallaşdıra bildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" imzaladığı 10 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd olunduğu kimi: "Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb" [1].


 

İstifadə edilmiş ədəbiyyat və mənbələr:

 

Azərbaycan dilində:

  1. "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. / Bakı şəhəri, 10 yanvar 2018-ci il/ - https://az.president.az/articles/26711
  2. “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920). /Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Üç cilddə: I cild. Bakı: Qanun, 2015, 656 s.; II cild, Bakı: Qanun, 2016, 560 s.; III cild. Bakı: Qanun, 2017, 552 s.
  3. "Azərbaycan", 1918, 31 yanvar
  4. "Azərbaycan", 1920, 21 sentyabr
  5. Azərbaycan Respublikasının Mərkəzi Arxiv İdarəsi (AR MAİ), f. 51, siy. 1, iş 8
  6. AR MAİ, f. 51, siy. 2, iş 4
  7. AR MAİ, f. 51, siy. 2, iş 154
  8. AR MAİ, f.894, siy. 1, iş 25
  9. AR MAİ, f. 894, siy. 10, iş 25
  10. AR MAİ, f. 2802, siy. 1, iş 446
  11. AR MAİ f. 2894, siy. 1, iş 1
  12. AR AMİ, f. 2894, siy. 1, iş 39
  13. Balayev A. Azərbaycanda etnolinqvistik proseslər. /Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı, 2007, səh.147-150.
  14. Cəfərov N. Milli parlamentin milli dil təəssübkeşliyi. /31.07.2017/ - https://525.az/ site/index.php?name=xeber&news_id=83925#gsc.tab=0
  15. İbrahimov E.  Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri. Bakı: “XAN” nəşriyyatı, 2018
  16. İsayev N. Azərbaycan Demokratik Respublikasının sosial-mədəni siyasəti (1918- 1920-ci illər). Tarix elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 1992, 192 s.
  17. Məmmədov A. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün etnik mənzərəsi və dil siyasəti. "SAM-ın şərhləri", Say XXIII, may 2018, 88 səh.
  18. Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920-ci). Bakı: Ay-Ulduz,1996, 304 s.
  19. Salmanlı R. Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti.  /27.05.2016/ - http://www. azerbaijan-news.az/index.php?mod=3&id=97748
  20. Süleymanov M. Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. II cild. /Elmi redaktoru – Pərvin Darabadi/. Tehran: Firuzan, 2014, 694 s.

 

Rus dilində:

  1. "Азербайджан", 1919, 6 сентября
  2.  "Азербайджан", 1919, 17 сентября
  3. "Азербайджан", 1919, 19 сентября
  4. "Азербайджан", 1919, 30 сентября
  5. "Азербайджан", 1919, 8 октября
  6. "Азербайджан", 1919, 24 октября
  7. "Азербайджан", 1920, 17 марта
  8. "Aзербайджан", 1920, 24 марта
  9. "Бакинское слово", 1919, 28 сентября
  10. "Знамя труда", 1919, 4 сентября
  11. "Русский день", 1919, 8 декабря

Aqşin Məmmədov

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.