Yuxarıya
skip to main content

70-ci illərdə SSRİ-də dini ayinlərin icrası ilə bağlı qaydalar - Səkkizinci yazı/Araşdırma

22.05.2020

(Birinci yazı)

 

(İkinci yazı)

 

(Üçüncü yazı)

 

(Dördüncü yazı)

 

(Beşinci yazı)

 

(Altıncı yazı)

 

(Yeddinci yazı)

 

1979-cu ildə 80 rayon icraiyyə komitəsinin nəzarət komissiyasından yalnız 36-ı dini ayin qanunvericiliyinə nəzarət məsələsini həyata keçirmişdi.  Gəncə və Sumqayıt, Göyçay, Quba, Xaçmaz, Bakının Yasamal və Nərimanov rayon icraiyyə komitələrinin nəzarət komissiyaları isə öz fəaliyyətlərində müsbət nəticələrə nail olmuşdular. Naxçıvan ASSR, eləcə də Ağsu, Cəlilabad, Masallı, Biləsuvar, Kürdəmir, Ucar və digər rayon icraiyyə komitələrinin komissiyaları isə demək olar ki, fəaliyyət göstərmirdilər. Göründüyü kimi, bu dönəm üzrə aparılan ardıcıl və sistemli tədqiqat göstərir ki, xüsusilə də qeydiyyatsız dini birliklərin sayında nəzərə çarpacaq dərəcədə azalmanın avtomatik olaraq dini aktivliyin zəifləməsi ilə müşayiət edilməsi sovet hökumətinin 70-ci illərdə sərt antislam siyasətinin təzahürü idi. Məhz bu siyasətin nəticəsində Azərbaycanda 1970-ci illərdə görülən tədbirlər nəticəsində son 10 ildən bəri fəaliyyət göstərən 45 icmadan 38 qeydiyyatsız müsəlman dini birliyi fəaliyyətini dayandırmışdı. Belə ki, Dini Ayin İşlər Şurası 70-ci illərdə fəaliyyəti dövründə bütün rayon və şəhər icariyyə komitələrinə 150-dən artıq məktub ünvanlanmşdı. Bütövlükdə, Şuraya isə 400 sənəd (240 açıq, 19 məxfi), inanclılar tərəfindən 32 ərizə və şikayət daxil olmuşdu.

 

Orucluq bayramında 60-cı illərlə müqayisədə məscidlərə ziyarətlərin səviyyəsində stabilləşmə müşahidə edilirdi. Bu proses 70-ci illərin sonunda isə özünü daha qabarıq formada göstərirdi.

 

Diaqram 7. Orucluqda ziyarətlərin sayı.

 

 

Bu bayrama Zaqatala, Qax, Abşeron, Balakən, Lənkəran, Masallı Göyçay, Şəki, Bakının Nardaran, Maştağa, Buzovna qəsəbələrindən olan inanclılar daha çox riayət edirdilər. Qeyd edilən rayonlarda orucluğa orta yaşlı təbəqə və cavanlar da maraq göstərirdi. Buna baxmayaraq onların əksəriyyəti məscidə getmirdi. Bəzi rayonlarda - Qusar, Tovuz, Qazax, Şəmkir Gədəbəydə isə bu ənənəyə daha çox qoca qadın və qoca kişilər riayət edirdi. Artıq məscidlərə nəzir bağışlamaq və digər bu kimi qanun pozuntularına çox rast gəlinmirdi. İnsanlar bayram namazlarını evlərində qılırdılar.

 

Qurban bayramı ənənəsinə daha çox şiə məscidlərində riayət edilirdi. Bütün bayramlarda olduğu bu bayramdan da öncə insanlar arasında maarifləndirmə işləri aparılırdı. Xüsusilə də elmi ateizm təbliğatında din pərdəsi altında cəmiyyətə zidd hərəkətlər, düşmənçilik əhval-ruhiyyəsi və hisslərinin oyadılması, başqalarını vətəndaşların sağlamlığına zərər vuran dini ayinlərin icrasına təhrik etmək, dini cərəyanlar arasında düşmənçilik salmaq cəhdləri pislənilirdi. Qurban bayramı başlamazdan öncə kütləvi ateizm təbliğatı ilə bağlı rayon icraiyyə komitələri, bütün kənd, qəsəbə, rayon sovetləri yanında ateizmin tətbiqi ilə bağlı komissiyalar, şuralar təşkil edilirdi. Bu komissiyalara rayonun qabaqcıl əmək, elm və texniki sahədə çalışan işçiləri daxil idilər. Nəzarət komissiyasının 9 nəfərdən ibarət üzvü tez-tez kənd, qəsəbə və şəhərlərdə olur, ayrı-ayrı məhəllələrdə insanlarla söhbətlər aparırdılar. Onlar Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin dini ayinlərin pozulmasına görə inzibati tədbirlər haqqında 22 aprel 1966-cı il və 15 may 1960-cı il tarixli 193 nömrəli, eyni zamanda, şəhər və başqa yaşayış məntəqələrində dəfn mərasimlərinə xidmət işinin təşkilini yaxşılaşdırmaq haqqında qərarlarını əhaliyə izah edirdilər. Bu sahədə mədəni-maarif müəssisələri ateist tərbiyəsinin müxtəlif forma və metodlarından istifadə edirdilər.

 

Diaqram 8. Qurban bayramında ziyarətlərin sayı.

 

 

Beləliklə, sözügedən dövrdə respublikanın qeydiyyata alınmış məscidlərinə bu bayramda ziyarətlərin sayı ildən-ilə azalırdı. Şiələrdən fərqli olaraq sünnilərə məxsus məscidlərdə nəzir yığılsa da, artıq bu kimi hallar da getdikcə azalırdı. Bu azalma kəsilən qurbanların sayında da özünü göstərirdi. Qadınlara nisbətdə kişilər bu bayrama daha çox riayət edirdilər. Ən əsası isə qeydiyyata alınmış məscidlərdə məktəbəqədər uşaqlara və sovet dini qanunvericiliyinin pozulması hallarına rast gəlinmirdi.

 

İslamın şiə cərəyanının tərəfdarlarının iman və davranışını səciyyələndirən  əsas mərasimlərdən olan məhərrəmlik ayında insanlara özünü döymə, baş yarma, zəncirlə kürəyinə vurma kimi inancların bəzi fanatiklərin uydurması olduğu izah edilir, rəsmi din xidmətçisi statusu olmayan mərsiyə və roza oxuyanlar məscidlərə buraxılmır, inanclı maskası altında dini ənənələri yerinə yetirən parazit obrazları, öz əyri və yalan moizələri ilə islamı rüsvay edənlərlə bağlı zəruri tədbirlər görülürdü. İnanclılar arasında İmam Hüseyn matəminin evlərdə deyil, məscidlərdə keçirilməsinin daha məqsədəuyğun olduğuna dair izahlı işlər aparılırdı. Təkcə 1974-cü ildə Bakının Yasamal (Oktyabr) rayonunda Aşurada özünü döymədə iştirak etmək istəyən 60 gənc arasında müsahibələr keçirilmişdi. 1971-1974-cü illərdə ümumilikdə gənclər arasında 982 profilaktik müsahibə aparılmışdı.  Məhərrəmlikdə matəm günləri çox ciddi nəzarət altında keçirilir, uşaqlar, yeniyetmələr və 18 yaşdan aşağı olan şəxslər məscidə buraxılmırdı. Aşurada sinələrinə döyərək mərsiyə oxuyanların əsasən cavan insanlardan ibarət olması sovet hökumətini siyasi maarifləndirmə və böyüməkdə olan nəsil arasında ateist təbliğatını daha da gücləndirməyə vadar edirdi. Belə ki, matəm günlərində polis nəzarətinin artırılmasına xüsusi diqqət yetirilirdi. Apardığımız tədqiqatların 60-ci illərlə müqayisəsi Azərbaycan SSR-də 1970-ci illərdə məscidlərə ziyarətlərin səviyyəsində azalmanın müşahidə edildiyini deməyə əsas verir.  

 

Diaqram 9. Aşurada ziyarətlərin sayı.

 

 

Bu azalma daha çox 70-ci illərin son dövrlərini əhatə edirdi. 1978-ci illə müqayisədə 1979-cu ildə məscidlərə ziyarət edən insanların sayı 51 366 nəfər azalmışdı. Artıq qeydiyyata alınmış məscidlərdə məktəbəqədər uşaqlara və sovet dini qanunvericiliyinin pozulması hallarına rast gəlinmirdi.

 

İnzibati amirlik sisteminə rəğmən, dini ayinlərə nəzarət məsələsində hələ də ciddi çatışmamazlıqlar qalmaqda idi. Sovet hökuməti Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Oğuz (Vartaşen), Dəvəçi və digər bir sıra rayonlarda dindarlığın səviyyəsində istənilən müsbət nəticənin əldə edilməməsini rayon icraiyyə komitələrinin dini vəziyyəti dərindən araşdırmaması ilə izah edirdi. Bundan başqa, sovet hökuməti Tərtər, Gədəbəy, İsmayıllı, Şamaxı və başqa rayonlarda dini cəmiyyətlərin və qrupların fəaliyyət göstərməyə davam etməsindən dərin narahatlıq keçirirdi. Qubadlı, Cəbrayıl, Zəngilan, Zərdab, Tərtər (Mirbəşir) rayonlarında isə ictimai nəzarət komissiyalarının müxtəlif üzvlərinin dini qanunvericiliyə riayət edilməsinə dair tapşırıqları yerinə yetirməməsi də mövcud çatışmamazlıqlar arasında idi.

 

Ən əsas məsələlərdən biri isə rayon icraiyyə komitələrinin fəaliyyət göstərdikləri ərazi üzrə təqdim etdikləri hesabatlarda dindarlığın səviyyəsinin qəsdən azaldılmasına dair şübhələrin mövcud olması idi. Şura bununla bərabər İsmayıllının Laçın, Sumqayıtın Corat, Ordubad, Ucar və digər rayonlarda qeydiyyatsız məscidlərin fəaliyyətinin gizlədilməsindən ehtiyat edirdi. Bunu Zəhmətkeş Xalq Deputatları rayon icraiyyə komitələrinin sədrləri ilə Dini Ayin İşləri Şurasının rəhbər şəxsləri arasında gedən məxfi danışıqlar da təsdiqləyir. Bütün bunlar isə özlüyündə sovet hökumətinin antidin siyasətinə rəğmən müxtəlif inanclıların məhərrəmlikdə öz şəxsi evlərində məclislər keçirməkdə davam etdiyini göstərirdi. Şuranın Lənkəran, Sabirabad rayonlarında apardığı təftiş nəticəsində gəldiyini qənaətlər də bundan xəbər verirdi.

Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi məzunudur. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.