Günün nəbzi

Qadınlar ən çox cümə günü öldürülür - Sosial-psixoloji müharibənin gizli üzü

Statistikaya görə, qadınların ən çox zorakılığa məruz qaldığı gün cümədir. Bəs görəsən, qadınlar niyə öldürülür?

 

Sosial – psixoloji faktorların önə çıxdığı bu cinayət seriyalarında cinsi detal xüsusi diqqət cəlb edir.

 

Türkiyə Polis Akademiyasının 2016, 2017, 2018-ci illəri əhatə edən “Dünyada və Türkiyədə qadın cinayətləri hesabatı”nda maraqlı detallar yer alır:

(Hesabatla burdan tanış ola bilərsiniz: https://www.pa.edu.tr/Upload/editor/files/Kadin_Cinayetleri_Rapor.pdf)

 

Hesabata görə, qatillər əsasən orta təhsilli, 26-35 yaş arasındadır. Əlaqələrə görə isə ya keçmiş həyat yoldaşı olub, ya da keçmiş sevgilisi. Qətlə yetirərkən isə ən çox  odlu silahdan, kəsici və deşici alətlərdən istifadə edilib. Bəs, cinayətlər hansı zaman ərzində törədilir?

 

Məlum olur ki, ən çox qətl hadisələri cümə günü baş verir, həm də saat 12:00-18:00 aralığında. Əksəriyyətin düşündüyü kimi cinayətlər  gecə yox, gündüz törədilirmiş. Qadınlar ən çox öz həyatları barədə qərar vermək istəyərkən öldürülür. Yəni boşanmaq, təhsil almaq, işləmək kimi istəklərin ucbatından qətlə yetirilirlər.

Ən çox qadınların qətlə yetirildiyi məkanlar isə kənd yerləri deyil, şəhərlər imiş. Bunun da səbəbi metropollarda iş tapmaq, hüququndan yararlanmaq imkanlarının daha geniş olması və istəklərin daha çox olmasıdır.

Birinci növbədə qadın cinayətlərinin səbəbi sosial-psixolojidir, cinsi məsələ isə sonrakı yeri tutur. Qadınları əsasən həyat yoldaşları, keçmiş həyat yoldaşları, qardaşı və ya yaxın qohumları qətlə yetirir.

Psixoloq Salihə Uysal bu səbəbləri cəmiyyətdəki patriarxal sistemdə yaşanan dəyişikliklərdə görür. Bəs cəmiyyətdə hansı baxışlar artıq əvvəlki dəyərləri daşımır?

 

Gələcəyin xilası qadının qurtuluşundan, üsyanından keçdiyini düşünsək, o zaman bu suala da cavab verək:

Min illər əvvəl qadınlar qadınlıqlarına adi xüsusiyyətlərə görə utanmırdı, kişilər özlərinə öyrədilən üstünlüklər ucbatından dəyişməmişdi, 6 min il əvvəl xoşbəxt, heç bir şey etməyə məcbur edilməyən, sadəcə mövcud olmaqdan zövq alan, bir-birini sahiblənməyən, bir-birinin həyatını cəhənnəmə çevirməyən qadın və kişilərin cəmiyyəti mövcud idi.

 

İctimai-siyasi formasiyaların, sənayenin, şəhərləşmənin, təsərrüffatın, müharibələrin və geniş mənada elmin inkişafı reallıqda qadın və kişi rollarını da qadın əlehinə olmaqla müəyyənləşdirdi.

Bu cinsi əsaslı rolda kişi ailəsini saxlamaqla vəzifələndirildi, qadın isə evin içərisində fəaliyyətə başladı. İqtisadi baxımdan burjuaziya dönəminin ailəsi -  modern ailə tipi bu cür idi və hazırda əsasən Şərqdə, metropollarda bu ailə tipi mövcud olsa da, Qərbdə 60-cı illərdən etibarən təməlləri sarsıldı və hazırda qlobal ailə tipi deyilən yeni bir forma yaranıb, hansı ki, o artıq ailə anlayışına da standart yox, sərbəst yanaşma, izah tələb edir. Çünki tamamilə yenidir və nə olduğu bəlli deyil.

 

Eyni proses Şərqə günümüzdə başlayıb və davam etməkdədir. Amma Qərbdən fərqli olaraq, qanla-qada ilə, ağlagəlməz qadın cinayətləri ilə davam edir. Yuxarıda sənayeləşmə anlayışına səthi olsa da toxunmuşduq.

Əslində qadın cinayətlərinin artmasının kökündə belə bir ciddi amil dayanır. Çünki kişilərə aid sosial meydanlar, ictimai məkanlar artıq günümüzdə qadınlar tərəfindən fəth edilməkdədir.

Patriarxal düşüncə bu formada ciddi zərbə almaqda və “qüruru” zədələnməkdədir. Aşkar ifadə etsək, iş bölgüsü anlayışı bərabər əsaslara doğru irəlilədikcə, qadınların özünüifdə gücü artır və bu bir qadının nümunəsində digərləri üçün motivasiyaedici faktor olaraq, populyarlıq əldə edir, sonunda isə ictimailəşir, maddi azadlıqların gətirdiyi üstünlükmü deyək, ədalətli olması üçün bərabərlik adlandıraq, kişilər tərəfindən aqressiya  ilə qarşılanmaqdadır.

 

Əslində isə  problemin kökünü 1970-ci ildə  feminist manifestlərindən biri olan “Qadın hüquqlarının bir müdafiəçisi” kitabını yazan M. Wollstonecraft  göstərib:

“Qadınlar haqlı olaraq sosial meydanda yer tapıblarsa, kişilərin də yanaşmaları təbii və dəyərdir. Buna görə də, ən düzgün həll yolu doğru təhsil verməkdən keçir”.

 

Hər 25 noyabr tarixi dünyada Qadınlara qarşı zorakılıqla bağlı beynəlxalq mübarizə günü kimi qeyd edilir.

Belə bir günü mütləq qeyd etməyə səbəb aşağıdakı statistika da kifayət edir:

Dünyada hər gün partnyoru və ya ailəsi üzvü tərəfindən 137 qadın öldürülür. BMT-nin  Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) yaydığı məlumatdan çıxarışda belə deyilir.

 

Son söz əvəzi...

 

“Məişət zorakılığı” ilə bağlı qanunda deyilir ki,  “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

Məişət zorakılığından zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) – bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi fiziki, psixi, iqtisadi, cinsi zorakılıq hərəkətləri nəticəsində fiziki və ya mənəvi zərərçəkmiş şəxsdir.

 

Məişət zəminində fiziki zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır.

Məişət zəminində psixi zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləridir.

Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləridir.

Məişət zəminində cinsi zorakılıq – Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.

 

 

 

 

Və "İstanbul konvensiyası"...

 

İstanbul Konvensiyası kimi tanınan sənədin tam adı "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”dır. Bu sənəd Avropa Şurası Parlament Assembleyasında qəbul edilməklə 2011-ci il mayın 26-da Türkiyənin İstanbul şəhərində imzaya açıq elan olunub. Bu səbəbdən bu konvensiyanı "İstanbul Konvensiyası” da adlandırırlar. Konvensiya özündə ehtiva edir: "Qadınlara qarşı zorakılıq”, "Məişət zorakılığı ilə mübarizə sahəsində qurbanları müdafiə yolları”, "Qabaqlayıcı tədbirlər”, "Şiddət törədənlərin məsuliyyətə cəlb olunması”, "Milli qanunvericiliyi səmərəli müdafiəni təmin edəcək şəkildə təkmilləşdirmək”, "Bu sahədə effektiv standardlar yaratmaq”, bu sahədə siyasətlərin formalaşdırılması.

Avropa Şurasının demək olar ki, bütün üzvləri tərəfindən imzalanan Konvensiya 34 üzv ölkəsi tərəfindən ratifikasiya edilib. 

Bu konvensiyanın Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə mütəxəssislər bildirir ki, ölkəmizin-Konvensiyaya qoşulması qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması sahəsində mövcud qabaqlayıcı və cavab tədbirlərinin yaxşılaşdırılması, bu sahədə sistemli və effektiv siyasət və qanunvericiliyin yaranmasına gətirib çıxarda bilər.

 

İstanbul Konvensiyası məcburi hüquqi qüvvəyə malik olan qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə sahəsində ilk beynəlxalq hüquqi sənəddir. Eyni zamanda Konvensiya onu qəbul etmiş ölkələrdə yerinə yetirilməsini izləmək üçün müvafiq monitorinq mexanizmi formalaşdırıb.

Konvensiya qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində Konvensiyanın əhatə dairəsinə daxil olan zorakılığın bütün formalarının qarşısını almaq və onlarla mübarizə aparmaq məqsədilə dövlətlərdən lazımı maliyyə və insan resursları ayırmasını tələb edir.

 

Əziz Əliyev

 

PAYLAŞ

Oxşarlar

2020-ci ilin büdcəsi: istiqamətlərin detalları- (AÇIQLAMA)

2020-ci ilin büdcəsi: istiqamətlərin detalları- (AÇIQLAMA)

10 Dekabr 2019

Milli Məclis noyabrın 13-də 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.   2020-ci ilin dövlət bü… ƏTRAFLI

 “Trol fabriki” necə işləyir? - Tərcümə

“Trol fabriki” necə işləyir? - Tərcümə

08 Dekabr 2019

"Trol fabrikləri" nə üçün fəaliyyət göstərir və sosial şəbəkələrdə onların üzvləri ilə qarşılaşıldıqda nə etməl… ƏTRAFLI

Dünya QİÇS ilə mübarizə günü - 1 Dekabr

Dünya QİÇS ilə mübarizə günü - 1 Dekabr

01 Dekabr 2019

1 dekabr  dünya QİÇS ilə mübarizə günüdür!     UNAİDS-in bununla bağlı hazırladığı hesabatı təqdim edirik: … ƏTRAFLI