Наверх
skip to main content

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri

12.03.2021

Eyni zamanda, Rusiyada iqtisadi vəziyyət ağırlaşdı, ölkəni tətil hərəkatları bürüdü və siyasi hakimiyyət zəiflədi. Ölkə rəhbərliyi bu gerçəkliyi nəzərə alaraq, ciddi siyasi qərarlar qəbul etdi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirdi. Lakin bütün bu qərarlar ölkədə siyasi sabitlik yaratmaq və hakimiyyəti qorumaq üçün yetərli deyildi.   

 

Rusiyanın Qafqazdakı hakimiyyəti dövründə qonşu xalqlara nisbətən Azərbaycanda vəziyyət daha dözülməz idi. Qonşu ölkələrdə milli məktəblər, kilsələr, milli mətbuat, müxtəlif xeyriyyə cəmiyyətləri fəaliyyət göstərdiyi halda, bunlar Azərbaycan xalqı üçün qadağan edilmişdi. Xristian kilsəsinə etimad və qayğı göstərildiyi halda, Azərbaycanda məscidlər təqib olunurdu (1, s. 60).

 

11dekabr 1905-ci ildə II Nikolay Dövlət Dumasının çağırılması barədə qərar qəbul etdi və Qafqaz müsəlmanları Dumada iştirak etmək hüququ qazandı. Azərbaycan ziyalıları bu tarixi fürsətdən yararlanaraq siyasi proseslərdə fəal iştiraka, xalqı əsarətdən xilas etməyə və müstəqillik üçün təşkilatlanmağa başladılar. Bu məqsədlə davamlı olaraq mətbuatda xalqı oyanışa və birləşməyə çağıran yazılar dərc olunur, yaranmış tarixi fürsətdən mümkün qədər yararlanmaq təbliğ edilirdi. Bu çağırışlar XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizəsində və müstəqillik qazanmasında xüsusi rol oynadı.

 

1917-ci ilin fevral burjua-demokratik inqilabı çarizmin 300 illik hökmranlığına son qoydu. Bu hadisə Rusiya ərazisində yaşayan xalqların azadlıq hərəkatlarını daha da gücləndirdi. Zaqafqaziyada, o cümlədən Azərbaycanda milli – demokratik hərəkat geniş vüsət aldı. Bu prosesdə milli burjuaziya, xalq ziyalıları fəal iştirak etdilər. Oktyabr çevrilişinin qələbəsindən sonra Polşanın, Finlandiyanın, Ukraynanın, Baltikyanı ölkələrin müstəqilliyinin tanınması barədə qəbul edilən qərarlar digər bölgələrdə milli demokratik hərəkatı xeyli gücləndirdi, milli dövlət quruculuğu hərəkatı daha geniş əraziləri əhatə etməyə başladı, zülmdən azad olmaq, söz, dil və din azadlığı əldə etmək, öz milli dövlət quruluşunu yaratmaq bu hərəkatın əsas hədəflərindən birinə çevrildi.

 

Millətçilik hərəkatının geniş vüsət aldığı bir dövrdə Azərbaycanda milli azadlıq hərəkatının güclənməsindən ehtiyatlanan Rusiya azərbaycanlıları Osmanlıdan uzaq tutmağa, milli və dini zəmində qarşıdurma yaratmağa, ruslaşdırma siyasəti həyata keçirməyə və türk olduqlarını unutdurmağa çalışırdı. Rusiyada yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar hərbi xidmətə çağırılmır, Çar hökuməti orduda xidmət edən müsəlmanların Osmanlı ordusuna qarşı vuruşmayacağından və silahı rus müstəmləkəçilərinə qarşı çevirə biləcəyindən qorxurdu. Rusiya hakimiyyət orqanları müharibə vaxtı zülmə məruz qalan azərbaycanlılara və digər müsəlmanlara inanmadıqlarından, onların üzərinə ciddi nəzarət qoydu, hətta 1916-cı ilin yayından Azərbaycanda fövqəladə vəziyyət elan edildi. Ümumilikdə müharibənin gedişində Rusiya Azərbaycana xammal mənbəyi, mühüm iqtisadi baza və Türkiyəyə hücum üçün hərbi-strateji məntəqə kimi baxırdı və burada hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bütün lazımı tədbirləri həyata keçirirdi (2, s. 66).

 

 

1917-ci ilin fevral inqilabından sonra yaranan Müvəqqəti Hökumət imperiyanı qoruyub saxlamağa, müstəmləkəçilik siyasətini davam etdirməyə çalışırdı. 1917-ci il martın 17-də o, Çar hökumətinin bağladığı bütün beynəlxalq müqavilələrə və Rusiyanın götürdüyü öhdəliklərə sadiq olduğunu bəyan etdi.

 

1917-ci il martın 9-da Cənubi Qafqazı idarə etmək üçün Dövlət Dumasının yerli üzvlərindən ibarət Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) yaradıldı. Komitənin sədri rus kadeti V.A.Xarlamov, üzvləri isə azərbaycanlı kadet, sonralar müsavatçı M.Y.Cəfərov, gürcü federal-sosialisti K.Abaşidze, erməni kadeti M.Papacanov və rus kadeti P.Pereverzevdən ibarət idi. İki gündən sonra Nazirlər Şurasının sədri Lvovun əmri ilə P.Preverzev gürcü menşeviki A.Çxenkeli ilə əvəz edildi.

 

1917-ci il oktyabrın 25-də Peterburqda bolşeviklərin silahlı çevrilişi nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-26-da Smolnıda keçirilən II Sovetlər qurultayında “Sülh” və “Torpaq” haqqında dekretlər qəbul edildi və V.İ.Leninin başçılığı ilə Sovet hakimiyyətinin əsası qoyuldu.

 

1917-ci il noyabrın 2-də Sovet hökuməti «Rusiya xalqlarının hüquqi bəyannaməsi»ni qəbul etdi. Həmin sənəddə Sovet hakimiyyətinin milli siyasətinin əsas prinsipləri elan edildi. Burada keçmiş Rusiya imperiyasının tərkibinə daxil olan bütün xalqların bərabərliyi, öz müqəddəratını təyin etmək hüququ, bütün ictimai, milli və dini imtiyazların ləğv edilməsi, Rusiya ərazisində yaşayan milli azlıqların və etnik qrupların azad inkişafının təmin edilməsi məsələləri öz əksini tapdı.

 

1917-ci il noyabrın 20-də Sovet hökuməti V.İ.Leninin və İ.V.Stalinin imzası ilə “Rusiya və Şərqin bütün müsəlmanlarına müraciət” ünvanladı. Orada müsəlmanların dini adət-ənənələrinin, milli və mədəni təsisatlarının sərbəst və toxunulmaz olduğu, o cümlədən öz həyatlarını azad və maneəsiz yaşamaq hüquqlarının olduğu bildirildi (2, s. 69-70).

 

Bununla Azərbaycan xalqının milli mənlik şüurunun gücləndiyi, müstəmləkəçilik siyasətinin bütün təzahürlərinə son qoymağa çalışdığı bir şəraitdə suveren Azərbaycan Respublikasını elan etmək üçün əlverişli şərait yarandı. Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan yerli əhalinin əsas arzusu idi (3, s. 3-4).

 

Həmin illərdə istedadlı Azərbaycan gənclərinin imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilməsi öz bəhrəsini verdi. Bu gənclər təhsillərini başa vurub Vətənə qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında və inkişafında böyük rol oynadılar. Avropada mütərəqqi ideyalarla tanış olan gənc mütəxəssislər tədricən anlayırdılar ki, böyük ideyalara qovuşmaq üçün ilk növbədə qan yaddaşına qayıtmaq, özünü dərk etmək, millətinin tarixini, mənəvi dəyərlərini araşdırmaq lazımdır.

 

Bu istiqamətdə müəyyən işlər görülür, milli məktəblər açılır, proqramlar hazırlanır, dərsliklər yazmağa təşəbbüs göstərilir, ayrı-ayrı xarici müəlliflərin ən yaxşı əsərləri Azərbaycan dilinə tərcümə olunurdu. O dövrdə milli ziyalılarımızın qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əlimərdan bəy Topçubaşov, Firidun bəy Köçərli, Məhəmməd Əmin Rəsulzadə və başqaları mətbuatda çıxış edərək xalqın şüurunun oyanmasında, millətin formalaşmasında mühüm rol oynayırdılar. Bu işdə Həsən bəy Zərdabinin və Məhəmməd Əmin Rəsulzadənin millətçilik və dövlətçilik, Cəlil Məmmədquluzadənin demokratiya və azərbaycançılıq ideyaları misilsiz dərəcədə təsir gücünə malik idi (1, s. 61-62).

 

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimləri də fəal iştirak edirdilər. Maarifçilik, elm və savadın təbliği insanlar arasında böyük təsir gücünə malik nüfuzlu şəxsiyyətlər tərəfindən aparılırdı. Çünki maarifçiliyə yönəlmiş xeyriyyə tədbirlərini, elm və biliyin təbliği işini belə şəxslərin köməyi olmadan aparmaq uğursuzluğa məhkum idi (4, s. 153).

 

Həmin dövrdə uzun müddət Rusiya imperiyasının işğalına məruz qalan Şimali Azərbaycanın milli demokratik qüvvələrinin Bakını siyasi mərkəzə çevirmək üçün təşkilatlanmasında Təzəpir məscidi mühüm rol oynadı. Azərbaycan ziyalıları vaxtilə Çar Rusiyasının sünnilərlə şiələr arasında qızışdırdığı ixtilafları aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurultayının çağırılmasını qərara aldı. Bu qərarı hər iki məzhəbin din xadimləri razılıqla qarşıladı və 1917-ci ilin aprelində “İsmailiyyə” binasında (indiki AMEA-nın Rəyasət Heyətinin binası) geniş toplantı keçirildi. Üç gün davam edən qurultaya Şimali Azərbaycanın bütün qəzalarından, o cümlədən Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr dəvət edildi. İclas başa çatdıqdan sonra tədbir iştirakçıları İsmailiyyədən Təzəpir məscidinə yollandılar, yüzlərlə din xadimi müfti və şeyxülislamın  iştirakı ilə məsciddə Cümə namazı qıldılar. Sonra isə sünni-şiə ixtilafına son qoymaq üçün şeyxülislamla müfti qucaqlaşıb Qurana əl basaraq Çar hökumətinin qızışdırdığı ədavəti aradan qaldırmağa çalışacaqlarına and içdilər.

 

Bundan başqa həmin dövrdə bir sıra regional hadisələr, o cümlədən Rusiya və Osmanlı imperiyalarındakı çaxnaşmalar və bu imperiyaların süqutu, müsəlmanların müstəmləkə əleyhinə çıxışları zəminində yaranan islam birliyi, onun əxlaqi-etik prinsiplərinə əsaslanan İttihadçılıq (ərəb dilində "birlik", "həmrəylik" deməkdir) meydana gəldi. Bu ideya ilk olaraq Şimali Azərbaycanda nəzəri ideologiya kimi ziyalı təbəqə arasında yayıldı. Sonradan həmin ideyalara əsaslanan siyasi qurum “Rusiyada Müsəlmanlıq” təşkilatı yarandı.

 

Qeyd etmək lazımdır ki, hələ 1905-ci il Rusiyada başlamış burjua inqilabından sonra imperiya ərazisində yaradılan ilk dini-siyasi təşkilatlardan biri “İttifaqi müslimin” olmuşdur. Ə.M.Topçubaşovun rəhbərliyi altında 1905-1906-cı illərdə Rusiyanın Peterburq və Nijni Novqorod şəhərlərində təşkilatın üç qurultayı keçirildi. Bu təşkilatın əsas məqsədlərindən biri Rusiya ərazisində yaşayan müsəlmanların hüquqlarının qorunmasına nail olmaq idi.

 

Bu dövrdə Şimali Azərbaycanda Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Axund Yusif Talıbzadə, Mirzə Əbdürrəhim Talıbov və başqaları İttihadi-İslam ideyasının üstünlüklərindən geniş bəhs edirdilər. Ə.Ağayev və Ə.Hüseynzadə bilavasitə Şimalı Azərbaycan gerçəkliyini özündə əks etdirən baxışları ilə İttihadi-İslamı yeni orijinal fikirlərlə zənginləşdirmişdilər. Şimali Azərbaycanda İttihadi-İslam ideologiyasına əsaslanan siyasi partiya və təşkilatlar məhz bundan sonra təşəkkül tapdı. Ona görə də Rusiya imperiyasında İslam birliyi ideyasına, onun hər cür təzahürünə qarşı panislamizm damğası vurulur, ona qarşı amansız mübarizə aparılırdı. Pravoslav əhaliyə daha geniş hüquqlar verilir, müsəlmanlar arasında xristianlıq zorla yayılır, hüquqları pozulurdu.

 

1917-ci ilin yayında elan edilmiş Təşkilat Komitəsi heç də yalnız din xadimlərindən ibarət deyildi. Komitənin fəallarından Mir Yaqub Mir Mehdiyev Petroqrad Politexnik İnstitutunu bitirmiş və təşkilat komitəsinə “İrşad” qəzetinin naşiri Bəşir bəy Aşurbəyov, iqtisad elmləri namizədi Mahmud Quliyev, həkim Kərimağa Sultanov, Hacı Zeynalabdin Tağıyevin nəvəsi Ağa Zeynal Tağıyev, din xadimlərindən Axund Molla Ələkbər Abbasquluzadə, Axund Molla Ələkbər kimi şəxsiyyətlər daxil idi.

 

Bir müddət sonra Rusiyada yaradılmış müsəlman təşkilatı ilə “İttihadi-İslam” birləşərək “Müsəlmanlıq” adlı qəzet nəşr etməyə başladı. Daha sonra isə Ceyhun Hacıbəyovun redaktorluq etdiyi “İttihad” qəzeti partiyanın orqanına çevrildi. 1919-cu ilin aprelində keçirilən ilk qurultayda partiya özünü “Qafqaz ittihad firqəsi” adlandırdı. 1920-ci ilin yanvar ayının 25-də ikinci qurultayını keçirən partiyanın sıralarına müsavat partiyasının bir çox üzvü, ziyalılar daxil oldu, ittihadi-islam ideyası Rusiya imperiyasının milli-dini ayrı-seçkilik siyasətinə qarşı müsəlman xalqlarının həmrəyliyində mühüm rol oynadı.   

 

Bu ideologiya həmin dövrdə çar Rusiyasının bütün əyalətlərində xüsusi rəğbət qazanmaqda idi. 1897-ci ildə birinci Ümumrusiya siyahıyaalınmasının yekunlarına görə, imperiya daxilində pravoslavlardan (87,1 milyon, yaxud 76 %) sonra ən çoxsaylı konfessiya müsəlmanlar (13,9 milyon, yaxud 11,9 %) idi.

 

Rusiya dövləti ölkə ərazisində yaşayan müsəlmanların birləşməsi təhlükəsindən narahat idi. Hökumət bu təhlükəni ciddi təhlil edərək müsəlmanların birliyinin qarşısını almaq məqsədilə müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirdi. 1910-cu ildə Rusiya imperiyasının daxili işlər nazirinin Çar Nazirlər Şurasına göndərdiyi məktubunda deyilirdi: "Bir çox daxili və xarici siyasətlərin təsiri altında son zamanlarda Krım, Volqaboyu, Qafqaz və Zauralye tatar-müsəlman əhalisi arasında milli-dini təbliğatın gücləndiyi özünü göstərir. Təkcə Rusiyadakı müsəlman aləminin dini və mədəni müstəqilliyinə deyil, həm də dövlətin şərq ucqarlarındakı bütün müxtəlif tayfalı və müxtəlif etiqadlı «yadların» tatarlaşmasına və müsəlmanlaşmasına cəhd edilməsi yolunda müəyyən istiqamət şəklini alan bu təbliğat dövləti narahat etməyə bilməz" (4, s. 155).

 

Bu reallığı nəzərə alan Çar hökuməti bir tərəfdən tabeliyində olan müsəlman xalqları arasında pravoslavlığı yayır, digər tərəfdən müsəlman ölkələrindəki missionerlərin, rəsmi nümayəndəliklərinin köməyi ilə islam aləmini öyrənir, İngiltərə və Fransa kimi müstəmləkəçi ölkələrin müsəlman vilayətlərini idarə etmək metodlarına yiyələnir, islam ideologiyasına qarşı mübarizə pərdəsi altında xalqların milli-mədəni dirçəlişinə qarşı mübarizə aparmaq üçün planlar hazırlayırdı. Müsəlmanlar arasında baş verən siyasi və mədəni hadisələrin mahiyyətini düzgün təhlil etmək məqsədilə müvafiq idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə müşavirələr təşkil edilir və tədbirlər həyata keçirilirdi.

 

Bütün bunlara baxmayaraq, 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası müsəlman dünyasında ilk dəfə olaraq müstəqil və demokratik respublikanın yaradılmasını elan etdi. Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar öz əksini tapdı. Bəyanatda deyilirdi:

 

  1. “Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər. Şərqi və cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir.
  2. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır.
  3. Azərbaycan Demokratik Respublikası bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır.
  4. Azərbaycan Demokratik Respublikası öz sərhədləri daxilində milliyyətindən, dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşları vətəndaşlıq və siyasi hüquqlarla təmin edir.
  5.  Azərbaycan Demokratik Respublikası öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişafı üçün geniş imkanlar verir.
  6. Müəssislər məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur (5, s. 43-44).

 

“İstiqlal bəyannaməsi” Azərbaycan xalqının millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. Bununla da Azərbaycan Milli Şurası Azərbaycan xalqı qarşısında çox böyük tarixi bir missiyanı yerinə yetirdi. Azərbaycan Xalq Cümhuriyyəti dünyəvi təməl üzərində qurulan ilk türk dövləti oldu (6, s. 141).

 

Azərbaycanda ilk milli demokratik dövlətin təşəkkül tapması prosesi çox mürəkkəb şəraitdə baş verirdi. Azərbaycanın müstəqilliyini qəbul etməyən daxili və xarici düşmənlər hiylə və məkrlə iğtişaşlar törədir, qarşıdurmalar yaradır və quruculuq işlərinə mane olurdular. Respublika daxilində də bir çox dairələr düşmən əhval-ruhiyyədə idilər.

 

Azərbaycan Cümhuriyyətinin yarandığı ilk gündən Sovet Rusiyası bu cümhuriyyəti tanımamaq siyasəti yeritməklə bərabər əlində olan bütün vasitələrlə ona qarşı mübarizə aparmağa başladı. Çünki Sovet Rusiyası meydana gəldiyi ilk gündən etibarən “vahid və bölünməz Rusiya” prinsipindən çıxış edirdi. Lakin 1918-ci ilin yayında Sovet Rusiyasının Cənubi Qafqazda gedən siyasi və hərbi proseslərə təsir etmək imkanı çox məhdud olduğundan, bolşeviklər bu dövrdə bütün diqqətini Bakıya yönəldib heç olmasa Sovet hökuməti üçün həyati əhəmiyyət daşıyan bu şəhəri öz əllərində saxlamağa cəhd edirdilər (2, s. 303). 

 

1918-ci il iyunun 17-də hökumət təsis olundu, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olundu (7, s. 308). Nazirlik dərhal din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi(6, s. 205).

 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən son dərəcə mürəkkəb hadisələri nəzərə alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ildə Bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü.

 

Həmin dövrdə Demokratik respublikada dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi önəm verdi və ciddi nəzarətdə saxladı. Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə Nazirliyi və dini idarə tərəfindən həyata keçirilirdi.      

 

Həmin dövrdə dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri isə milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi. Düşmən Azərbaycan xalqının birliyinin təmin olunmasında Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdi. Ona görə də mart ayının 31-də müsəlman əhalisinə qarşı soyqırımına başlayan daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində xüsusi rola malik möhtəşəm memarlıq abidələrindən biri olan "İsmailiyyə” binasını, “Kaspi” qəzetinin redaksiyasını və mətbəəsini, orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min nüsxəsini yandırıb külə döndərdilər.  

 

1918-ci ilin mart qırğınları günlərində və ondan sonrakı dövrdə soyqırımına məruz qalmış on minlərlə müsəlmanın dəfn mərasimlərinin təşkilinə, müsəlmanların təşkilatlanmasına və müxtəlif qabaqlayıcı tədbirlərin görülməsinə Təzəpir məscidi rəhbərlik etdi. Azərbaycan xalqına qarşı həyata keçirilən bu müsibətlərdə milli ruhlu ziyalıların əksəriyyəti Təzəpir məscidinə gələrək əhalini səbirli və dözümlü olmağa çağırdılar.

 

Qeyd etmək lazımdır ki, o dövrün din xadimləri arasında Təzəpir məscidinin axundu Ağa Əlizadə xüsusi fəallığı və milli təəssübkeşliyi ilə seçilirdi. Bakı Soveti rəhbərliyi Təzəpir məscidinin axundu Ağa Əlizadədən Azərbaycan torpaqlarını bolşevik-daşnak qüvvələrindən azad etməyə gələn türk əsgərlərinin hərəkətlərini lənətləyən fətva verməyi tələb edirdi. Hətta şəhər rəhbərliyi məzhəb fərqini şişirdərək Osmanlı əsgərlərinin Bakı şəhərinə daxil olmasını bağışlanmaz bir günah kimi qələmə vermək istəyirdi. Rəhbərliyin hədə-qorxularına baxmayaraq, axund Ağa Əlizadə onların bu tələbini rədd etdi.

 

Sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı şəhərini bolşeviklərdən azad etdi. Bakı əhalisinin xahişi ilə Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət etdi. Nuru Paşa Təzəpir məscidinin axundu Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Minbərin hər iki tərəfində iri qara ələm sancılmışdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söylədi. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı, məscidin axundu Ağa Əlizadənin dili ilə desək "Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi". Bu hadisə Təzəpir məscidi və onun axundu Ağa Əlizadənin millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durduğunu göstərirdi (8, s. 27).

 

Həmin dövrdə özbaşınalıq və hərc-mərclikdən yorulmuş Azərbaycan əhalisi ölkədə sakitlik və əmin-amanlığı bərpa edə biləcək güc axtarışında idi. Azərbaycanlıların çoxu bu gücü türklərdə görürdü. Nuru Paşanın 300 əsgərlə Gəncəyə gələrək qısa müddətdə şəhərdə qayda-qanun yaratması azərbaycanlıların türklərə olan rəğbətini daha da artırdı (9, s. 204).

 

1918-ci ilin oktyabrında Pişnamazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni сərəyan başçılarının yığıncağı keçirildi. Mufti Hüseyn Qayıbzadə 1917-ci ildə dünyasını dəyişdiyindən və bu, çar Rusiyasının dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni mufti təyin edilməmişdi. Müftinin vəzifəsini İdarənin yığıncağında işçilər tərəfindən seçilən Mustafa Əfəndizadə icra edirdi. Mustafa Əfəndi Pişnamazzadə ilə yaxın münasibətdə idi və uzaqgörən, millətini sevən, müdrik şeyxülislama dərin hörmət bəsləyirdi. 1918-ci ilin 30 oktyabrında Şeyxülislamın imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlandı. Təkliflər 4 bölmədən ibarət idi:

 

  1. Azərbaycan Cümhuriyyəti hüdudlarında “Məşixət-i İslamiyyə” adlı ruhani idarəsi təsis edilsin və ona Türkiyədə mövcud olan Məşixət kimi tam müstəqillik verilsin;
  2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən birinə Şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin.
  3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ qazanaraq rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;

4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi məsələlərin həll edilməsi məqsədi ilə bizim də iştirakımızla fövqəladə yığıncaq çağırılsın.

 

Şeyxülislam M. Pişnamazzadə başda olmaqla ruhanilər bu çətin ideyanın təşəbbüsçüsü oldular və sonra da onu həyata keçirdilər. Bununla məzhəb ayrılıqlarından istifadə edərək Qafqazda müsəlmanlar arasında düşmənçilik yaratmaq istəyən Çar Rusiyasının siyasətinə son qoydular.

 

Bu, Pişnamazzadənin müstəqil dövlətimizə göstərdiyi xidmətin nəticəsi idi. Belə ki, dini rəhbərlər hökumətin mövqeyini gözləmədən, özləri hər iki idarənin birləşdirilməsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Türkiyə nümunəsi əsasında “Məşixət” adı ilə yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. 1918-ci il 1 sentyabr tarixli birgə qərar ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi (10, s. 186).

 

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra Məşixətin Bakıya köçürülməsi qərara alındı. Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və Şeyxülislam vəzifəsindən istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də Təzəpirin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və Şeyxülislam seçildi. Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu (3, s. 12).

 

1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının bir illiyi milli bayram kimi qeyd olundu. Həmin gün xalqa müraciətində Şeyxülislam Ağa Əlizadə deyirdi: "Azadlığı yalnız müstəqil yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Öz əqidə və fikrini şövqlə söyləmək və öz iradəsini ifadə etmək yalnız müstəqil ölkədə mümkündür. Müstəqil tədris ocaqlarında, orta və ali məktəblərdə ölkənin camaatının faydalana biləcəyi bütün biliklərə yiyələnmiş şüurlu adamlar yetişər. Allah-Təalanın buyurduqlarını, yalnız ölkənin istiqlaliyyəti şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar" (8, s. 56).

 

Şeyxülislam Ağa Əlizadə 1919-cu il sentyabrın 15-də Çəmbərəkənd qəbiristanlığında Bakının azad olunması uğrunda şəhid olan osmanlı və azərbaycanlı əsgərlərin məzarı önündə tarixi bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət,  hökumət və parlament üzvləri iştirak edirdi. Şeyxülislam Ağa Əlizadə Azərbaycanın istiqlalı yolunda şəhid olanlara Allahdan rəhmət dilədi və Qarabağ cəbhəsinə gedən yüzlərlə əsgəri Quranın altından keçirərək onlara vətəni şərəflə qorumağı dilədi. Milli hökumət 1919-1920-ci illərin 31 mart gününü Milli Qırğın günü kimi qeyd etdi. Şeyxülislam Ağa Əlizadənin göstərişi ilə həmin günlərdə Azərbaycanın bütün məscidlərində təziyələr təşkil olundu, ehsanlar verildi. 

 

Sonda qeyd edək ki, XI Qızıl Ordu Şimali Azərbaycanı işğal edənədək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddətdə iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid bir çox islahatlar həyata keçirdi, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi üçün misilsiz işlər gördü. Ölkə vətəndaşlarının hüquqlarının təmin edilməsinə yönəlmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tutdu.

 

Azərbaycan Demokratik Respublikası milli ənənələrin qorunması, o cümlədən əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atdı. Cümə günü istirahət günü elan edildi, dini bayram günlərində bütün dinlərin nümayəndələri işdən azad olundu. Hökumət din sahəsində də islahatlar həyata keçirdi. Hökumətin qərarı ilə ruhanilər və dini idarələr büdcədən maliyyələşdi, dini vergilər də bilavasitə dövlət xəzinəsinə daxil oldu.

 

Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət teatrı fəaliyyətə başladı, maarifi və milli mədəniyyəti təbliğ edən və yayan cəmiyyətlərin, təşkilatların, ittifaqların fəaliyyəti geniş vüsət aldı. “Türk ocağı”, “Nəsiri-Maarif”, “Mədəni-maarif” kimi cəmiyyətlər geniş fəaliyyətə başladı (3, s. 32).

 

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar təbliğat və təşviqat işini xeyli gücləndirdilər. Onlar Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair mühazirələr təşkil edir, kitablar nəşr edirdilər.

 

Bu dövrdə azərbaycançılıq ideyası öz təzahürünü milli dövlətin yaranmasında və onun dövlət və ictimai həyatın bütün sahələrində məqsədyönlü fəaliyyətində tapdı, bu ideya əhalinin xeyli hissəsinin şüuruna hakim oldu (3, s. 32).

 

Azərbaycan Demokratik Respublikası iki ildən az müddət yaşasa da Azərbaycan dövlət quruluşunun bərpa olunması, Azərbaycan istiqlaliyyətinin dirçəldilməsi, xalqımızın milli mənlik şüurunun oyanması üçün az iş görmədi.


 

Ədəbiyyat

 

  1. XX əsr Azərbaycan tarixi, II cild, Ali məktəblər üçün dərslik / T.T.Vəliyevin ümumi redaktəsi ilə Bakı, “Təhsil”, 2009.
  2. Qafarov Vasif. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922), Bakı, “RS Poliqraf”, 2011.
  3. Nəcəfov Bəxtiyar. Azərbaycan Demokratik Respublikası, Bakı, Azərbaycan nəşriyyatı, 1992.
  4. Orucov Hidayət. Azərbaycanda din: ən qədim dövrdən bu günədək, Bakı, CBS Polygraphicproduction, 2012.
  5. Nəsibzadə Nəsib. Azərbaycan Demokratik Respublikası, Bakı, “Elm” nəşriyyatı, 1990.
  6. İskəndərli Anar. Azərbaycan həqiqətləri 1917-1920, Bakı, Elm və Təhsil, 2012.
  7. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. baş red. Y. Mahmudov, Bakı, Şərq-Qərb, 2004.
  8. Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı, Bakı, “Elm və təhsil”, 2011.
  9. Балаев Айдын. Азербайджанское национальное движение в 1917-1918 гг., Баку, «Елм», 1998.  
  10. İsgəndərov Anar. Mövlayi Adil, Şeyxülislamlığın tarixi, Bakı, “Elm və təhsil”, 2016.

Ceyhun Məmmədov
İlahiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun rektoru