Erkən nikahların səbəbləri və fəsadları
Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur.
Erkən nikahlarla bağlı dünyada vəziyyət
Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada - Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahların ən yüksək göstəricilərinə görə Niger – 75%; Çad və Mərkəzi Afrika Respublikası – 68%; Banqladeş – 66%; Qvineya – 63%; Mozambik – 56%; Mali – 55%; Burkina-Faso və Cənubi Sudan – 52%; Malavi – 50%; Hindistan – 47% fərqlənirlər.
Bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 % erkən nikah faktı baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, 18 yaşa qədər olan 180 mindən çox qız Türkiyədə nikaha girir.
BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2011-2020-ci illər arasında 140 milyondan çox erkən nikah hadisəsi baş verəcək. Hazırkı erkən nikah səviyyəsinin qorunması davam edərsə, 14.2 milyon qız hər il daha tez ailə quracaq, yəni hər gün 39 min nikah hadisəsi baş verəcək. Üstəlik, 18 yaşına çatmadan ailə quran 140 milyon qızdan 18,50 milyon nəfərinin yaşı 15-dən az olacaq [8].
İnkişaf etməkdə olan ölkələrdə 15-19 yaşlı qızlar arasında ölüm hallarının əsas səbəblərindən biri hamiləlik və doğuşun ağırlaşması hallarıdır. BMT-nin Uşaq Fondunun (UNICEF) araşdırmalarına görə, hər il 16 milyon yeniyetmə qız hamilə qalır, bunlardan təxminən 50.000 nəfəri həyatını itirir. Bu cür halların demək olar ki hamısı aşağı və orta gəlirli ölkələrdə baş verir. 20 yaşadək qadınlar arasında ölü doğulmuş və doğuşdan sonra ölmüş uşaqların sayı 20-29 yaş arasında hamiləliyin baş verdiyi qadınlardan 50% çoxdur. Bu vəziyyəti nəzərə alaraq BMT 11 oktyabr tarixinin Beynalxalq Qızlar Günü kimi qeyd olunmasını qərara alıb.
Erkən nikahların səbəbləri
Erkən nikahlar əsasən aşağıdakı hallarda baş verir:
- erkən nikah probleminin özündə tarixi ənənələrin yükünü daşıması, yəni tarixi ənənə və mentalitetdən irəli gələn səbəblər: "qarımış qız", "qız yükü duz yükü", "tez evlənənlə tez yuxudan duran qazanar" kimi yanlış stereotiplərin hələ də qalması;
- valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruması düşüncəsi. Bəzi valideynlərin erkən nikahların qızlarını cinsi istismardan qoruya biləcəyinə dair fikirlərindən fərqli olaraq, BMT araşdırmaları bunu təkzib edir. 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir.
- ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur.
- kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik;
- icma həyatında hər kəsin davranışının sərt reqlamentasiyasının məcburi nikaha cəlb olunma hallarına müdaxilə etməyi çətinləşdirməsi;
- kəndlərdə kişilərin əmək miqrasiyasının qadınlar arasında müəyyən ab-havanın yaranmasına, ailə qura bilməmək qorxusuna səbəb olması;
- qaçırılma halları və s.
Erkən nikahların fəsadları:
- fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
- təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.
- peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir;
- intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır.
- boşanma hallarının sayı artır;
- erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır;
- HİV infeksiyası ilə cinsi istismar riski artır və s.
Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Erkən nikahlarla bağlı Azərbaycanda vəziyyət
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa [6], həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya [7] görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir [7].
Azərbaycanda erkən nikahlar və bunun ailə genefondumuza mümkün təsirləri son illər ictimai diqqət çəkən mövzulardan olub. Bu aspektdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fondu ilə birgə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparıb. Bakı, Abşeron, Quba, Lənkəran və Ağstafa bölgələrində Azərbaycanda erkən nikahın qarşısının alınması və ona qarşı tədbirlərlə bağlı qanunvericilikdə, siyasətdə və təcrübədə tələb olunan təkmilləşdirmə üzrə tövsiyələr təqdim olunub. Dövlət Statistika Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə ölkənin regionlarının şəhər və kənd yerlərində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” aparılan statistik müayinəyə əsasən, 18 yaşadək erkən nikaha daxil olan qadınların 38,9 faizi şəhər, 61,1 faizi isə kənd yerlərində qeydə alınıb.
Erkən nikaha daxil olan qadınların 37,4%-i öz istəyi ilə, 25,9%-i valideynlərinin təzyiqi altında, 10,7%-i ailədə maddi vəziyyətin çətin olmasına görə, 7,9%-i ərinin maddi cəhətdən varlı olmasına görə, 6,4%-i qaçırıldığına və 1,6 %-i hamilə olduğuna görə erkən nikaha daxil olmuşdur. 16 yaşda öz istəyi ilə, 15 yaşda hamilə olduğuna görə erkən nikaha daxil olma hallarının xüsusi çəkisi daha yüksək olmuşdur. Qaçırılma halları 15 və 17 yaşlılar arasında dah çox baş vermişdir. Erkən nikaha daxil olan qadınların atalarının əksəriyyəti kənd təsərrüfatı işçisi - 31,9%, fəhlə - 17,0%, nəqliyyat işçisi - 9,6%, analarının - evdar qadın - 53,7 %, kənd təsərrrüfatı işçisi -17,9%, ərləri isə - kənd təsərrüfatı - 21,1%, ticarət - 14,1% nəqliyyat - 9,9% və tikinti - 7,2% sahələrində məşğul olmuş, eləc də fəhlə - 13,1%, fermer - 7,3 % və işsiz - 7,0% olmuşdur [4].
Dövlət Statistika Komitəsinin (DSK) saytında yerləşdirilmiş məlumata əsasən, 2007-2017-ci illərdə Azərbaycanda 27.847 qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür [3].
2012-ci ildən etibarən 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.
Digər bir rəsmi məlumata görə, yalnız 2010-2015-ci illər arasında ölkədə erkən nikahlardan 21 minə yaxın uşaq doğulub.
Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin "Demoqrafiya və sağlamlıq sorğusu, 2011" yekun hesabatında qeyd olunur ki, ümumilikdə Azərbaycanda yeniyetmələrin 5.9 faizi uşaq doğmuş və ya hamilədir. Diri doğuşu olmuş və ya ilk uşağına hamilə qalmış qadınların faiz nisbəti gözlənildiyi kimi yaşın artması ilə sürətlə yüksəlir: bu göstərici 15 yaşlı qadınlar arasında 1 faizdən aşağıdır, 19 yaşlı qadınlar arasında isə 13.4 faizə çatır.
Yeniyetmələrdə fertillik yaşayış yerinə görə dəyişir. Doğuşu olmuş yeniyetmələrin faiz nisbəti şəhər yerlərində 5.2 faiz olduğu halda, kənd yerlərində 6.8 faiz təşkil edir. Bölgələr arasında bu göstərici əhəmiyyətli dərəcədə fərqlənir və Abşeronda 1 faizdən Dağlıq Şirvanda 10.7 faizədək dəyişir.
Daha yüksək təhsilli qadınlarla müqayisə edildikdə, əsas orta və ondan aşağı təhsilli qadınlar arasında erkən doğuşu olanların payı daha yüksəkdir. Erkən doğuşların faiz nisbətinin rifah kvintillərinə görə dəyişməsi birmənalı deyil [2].
Azərbaycanın hansı bölgələrində erkən nikahlar geniş yayılıb?
Yeniyetmə qızların təhsil hüquqlarının pozulması ilə bağlı faktları Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açıqladığı statistika da sübut edir: "Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir. Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bizim qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir... Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən 100 qızdan uzağı 10-11 nəfəri 11-ci sinfə gəlib çatır. Son illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Qəbulun nəticələri isə fərqlidir... 2004-cü ildə 1998-1999-cu illərdə anadan olan 125 mindən çox uşaq birinci sinfə daxil olub. Onların 50 faizi qızlar, 50 faizi isə oğlanlardır. Doqquz ildən sonra 3,5 faiz uşaq heç 9-cu sinfə gəlib çatmayıb. Deməli, 4 min 500-dən çox uşaq (600-ü oğlan, yerdə qalanı isə qızlar) təhsil ala bilməyib [5].
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 176-cı maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə iki min manatdan üç min manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Həmin maddənin ikinci bəndində isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir [1]. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, CM-də açıq cəzalar müəyyənləşdirilib.
Sonda
Erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır.
Bundan başqa, bu sahədə qanunun aliliyi və işləkliyi təmin edilməlidir. Qızların təhsildən yayındırılaraq ərə verilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət və inzibati məsuliyyəti qanunvericilikdə öz əksini geniş tapmalıdır. Cinayət Məcəlləsi ilə yanaşı, Mülki və Ailə məcəllələrində, həmçinin “Təhsil haqqında” Qanunda xüsusi hüquqi məsuliyyət müəyyən edən və erkən nikahların qarşısını alan maddələr öz əksini tapmalıdır ki, gənc qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslər – istər valideynlər, istərsə də kəbin kəsən din xadimləri özlərində hüquqi məsuliyyət hiss etsinlər və buna yol verməsinlər. Həmçinin vətəndaş məsuliyyəti artırılmalı, erkən nikaha daxil olaraq zorakılığa məruz qalmış qızlara sosial-psixoloji reabilitasiya yardımı göstərilməli, erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında məktəblərdə mütəmadi təlimlər keçirilməli, erkən nikahın əksər hallarda qeyri-normal təsiri, ailə münasibətləri və doğulan uşaqların bəslənməsində qarşıya çıxa biləcək problemlərin baş verəcəyini əks etdirən maarifləndirici materiallar hazırlanmalıdır.
Unutmayaq ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bunun üçün tarixi ənənələrin bizə miras qalmış ağır "yükündən", bəzi mental stereotiplərdən azad olmalıyıq.
[1] Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. - http://www.e-qanun.az/code/11
[2] "Demoqrafiya və sağlamlıq sorğusu, 2011" yekun hesabat. / Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Bakı, 2013
[3] Dövlət Statistika Komitəsi. https://www.stat.gov.az/source/demoqraphy/
[4] Erkən nikahlar (təhlil). - http://scfwca.gov.az/store/media/Erk%C9%99n%20nikahlar%20(t%C9%99hlil).pdf
[5] Qızların erkən yaşda zorən ərə verilməsi Azərbaycan cəmiyyəti üçün son vaxtlar yenidən qövr etməyə başlayan köhnə yaranı xatırladır- http://www.anl.az/down/meqale/525/2010/sentyabr/134298.htm
[6] "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu. - http://www.e-qanun.az/framework/3292
[7] Uşaq hüquqları haqqında Konvensiya. / BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilib. - https://www.migration.gov.az/content/pdf/5acb09f3100d0_U%C5%9Faq%20h%C3%BCquqlar%C4%B1%20haqq%C4%B1nda%20Konvensiya.pdf
[8] Child marriages: 39 000 every day. - https://www.who.int/mediacentre/news/releases/2013/child_marriage_20130307/en/
[9] Universal Declaration of Human Rights. - https://www.un.org/en/universal-declaration-human-rights/
Aqşin Məmmədov
Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.