Tədqiqatlar

Azərbaycan qadınlarının əmək bazarında iştirakçılığına dair təhlil

 
 
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Vüsalə Rüstəmovanın müəllifi olduğu ''Azərbaycan qadınlarının əmək bazarında iştirakçılığına dair təhlil" yazısında qadınların məşğulluq problemləri araşdırılıb. 
 
Müasir dövrdə qadınların verdikləri qərarlar onların sosial-iqtisadi müdafiələrinə, karyeralarına təsir göstərməsi ilə yanaşı, cəmiyyətin davranışlarını da dəyişə bilir. 
 
Təhlillər göstərir ki, həm hüquqi, həm cəmiyyətdəki stereotiplər səbəbindən qadınların işləməsini, karyera qurmasını dəstəkləməyən cəmiyyətlərin iqtisadi vəziyyəti daha ağır olur. Dünya İqtisadi Forumunun (World Economic Forum) hər il hazırladığı “Qlobal Gender Fərqi”("The Global Gender Gap Report 2018") hesabatlarında yer alan ölkələrin sıralaması da bu fikri təsdiqləyir. Beynəlxalq qurumun 2018-ci ildə hazırladığı “Qlobal Gender Fərqi” hesabatında İslandiya, Norveç və İsveç qlobal indeksdə ilk 3 pilləni tutub. 146 ölkənin yer aldığı indeksin son üç pilləsində isə İraq, Pakistan və Yəmən gəlir. Bu, o ölkələrdir ki, həmin dövlətlərdə həm qanunla, həm də dini baxışlarla və cəmiyyətdə mövcud olan stereotiplərlə qadınların diskriminasiyası mövcuddur. Sözügedən indeksdə Azərbaycan 97-ci yeri tutmaqla DİF-in hesabatlarının tam orta intervalında qərarlaşmalı olub. Bu o deməkdir ki, gender problemi cəmiyyətimiz üçün həssas məsələ olaraq qalır. İndeks 4 subindeks üzrə 0-1 şkalasında ("score") qiymətləndirilib:
 
 İqtisadi iştirakçılıq və fürsətlər ("Economic Participation and Opportunity");
 
 Təhsil səviyyəsi ("Educational Attainment");
 
 Sağlamlıq və həyat səviyyəsi ("Health and Survival");
 
 Siyasi səlahiyyətləndirmə ("Political Empowerment").
 
Azərbaycan üzrə ən yaxşı vəziyyət səhiyyə (0.94) və təhsil (1.00) subindekslərində göstərilir. Ölkəmiz ən aşağı qiymətləndirməni isə siyasi səlahiyyətləndirmə (0.063) subindeksində alıb.
 
Əslində, sözügedən subindekslərin hər biri üzrə Azərbaycanda əsaslı və davamlı islahatların aparılmasına ehtiyac var. Məsələn, təhsil və bacarıqların artırılması subindeksinin qiymətləndirilməsində gender bərabərliyinin tam təmin olunduğu göstərilir. Əlbəttə, qadınların əmək bazarında iştırakçılığının təmin olunmasında təhsil önəmli amil sayılır. Bu gün ölkə əhalisinin təhsillə əhatəliliyi 100 faiz olsa da, davamlılığında müəyyən problemlər yaşanır. Xüsusilə, regionlarda orta məktəblərdə yuxarı siniflərə doğru qız uşaqları arasında təhsildən yayınma və erkən nigah hallarına çox rast gəlinir.
 
Məşğul qadınların ən böyük hissəsi - 40 faizi təhsil sektorunda çalışsa da, yüksək vəzifələrə doğru bu göstərici kişilərin xeyrinə dəyişir. Orta təhsil müəssisələrinin direktor və direktor müavinlərinin 46.7 faizini qadınlar, 53.3 faizini kişilər təşkil edir. Elmin müxtəlif sahələri üzrə qadın tədqiqatçıların sayı kişi tədqiqatçılardan çox olsa da, alimlik dərəcəsi alanların arasında böyük fərqlə kişilər üstünlük təşkil edir.
 
Bu gün ölkənin siyasi iradəçiliyində də əsas qərarverici insanlar kişilərdir. Dövlət qulluğunda çalışan qadınlar daha çox 4-7-ci təsnifatlar üzrə inzibati vəzifədə fəaliyyət göstərir. Ali - 3-cü təsnifat üzrə inzibati vəzifədə çalışanların 30,6 faizi qadın, 69,4 faizi kişilərdir.  
 
Parlamentin tərkibinin 84 faizi kişi, 16 faizi qadındır. Rəhbər vəzifələrdə vitse-prezident, nazir, nazir müavini, komitə sədri, icra başçısı və müavini, ombudsman olmaqla, ümumilikdə cəmi 90 qadın yer alılb.
 
Məşğulluqda gender bərabərsizliyi
 
Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da qanunlar hələ cəmiyyətdə gender bərabərliyini tam təmin etməyə yetərli deyil. Dövlət Statistika Komitəsinin əhalinin gündəlik vaxt sərfi ilə bağlı keçirdiyi sorğudan məlum olur ki, qadınlar vaxtının çox az hissəsini gəlir gətirən sahəyə və təhsilə yönəldə bilir. Kişilər isə əksinə, işlədiyi saatın maddi olaraq qarşılığını ala bilir. Eyni zamanda iqtisadi fəaliyyət növləri üzrə qadınların orta aylıq əmək haqqı 335 manat, kişilərin 663 manat olmaqla, görülən işin müqabilində əldə olunan qazanclarda da disbalans özünü göstərir (İnfoqrafika 1).
 
 
Ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon nəfərdən çoxdur. Onun 48,6 faizi və ya 2,4 milyonu qadın, 51,4 faizi və ya 2,6 milyon nəfəri kişilərdir.
 
İqtisadi qeyri-fəal əhalinin sayı isə 2.1 milyon nəfərdən çoxdur. Onun 1,4 milyon nəfəri və ya 65,8 faizi qadın, 733 min nəfəri və ya 34,2 faizi kişilərdir.
 
Dövlət Statistika Komitəsinin və beynəlxalq təşkilatların metodologiyasına əsasən, iqtisadi fəal əhali məşğul və işsiz əhalinin ümumi sayını əhatə edir. İqtisadi qeyri-fəal əhaliyə isə məşğul olmayan, iş axtarmayan və işə başlamağa hazır olmayan 15 və yuxarı yaşda olan şəxslər daxildir. Aparılan uçotdan görünür ki, əmək bazarında iştirak edən qadınların sayı kişilərlə müqayisədə azdır.
 
Azərbaycanda qadınlar ən çox bu işlərdə çalışırlar: 
 
       
2,6 milyon iqtisadi-fəal qadınlar arasında işsizlik 6 faizdir. Qadınların əmək bazarında keyfiyyətli işlə təmin olunmasında bir neçə problem müşahidə edilir:
 
Birincisi, işsizlik və ya keyfiyyətli iş. 251 min işsiz əhalinin 58 faizi və ya 145.5 mini qadınlardır. İqtisadi qeyri-fəal əhali arasında qadınların 618.9 min nəfəri və ya 43.8  faizi “evdarlıq” statusu ilə (ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edən) qeydiyyata düşüb. Lakin bu o demək deyil ki, həmin qadınlar ailə büdcələrinin təşkilində yalnız ev işləri və uşağa qulluqla məşğuldur. Aparılan müşahidələrdən görünür ki, “evdar” qadınların bir hissəsi müxtəlif sahələrdə qeyri-rəsmi formada çalışır. Deməli, xeyli sayda qadınlar var ki, işlədikləri halda, vergi və sosial sığorta ödənişlərindən kənarda qalır. Nəticədə, dövlətin onlara qanunla yaratdığı sosial müdafiədən məhdud formada yararlana bilir.
 
İkinci problem qadınların məşğulluq bazarının yalnız müəyyən sahəsində cəmləşməsidir.  Azərbaycanda qadınlar daha çox təhsil, səhiyyə, iaşə xidmətləri və aqrar sektorda fəaliyyət göstərir. Halbuki ölkənin tədiyyə balansında və büdcənin formalaşmasında neft-qaz sektorunun payı böyükdür. Dövlət büdcənin əsas gəlir mənbələri Dövlət Neft Fondu, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyidir. Qadınların isə əsas iştirakçılığını Vergilər Nazirliyinin xətti ilə daxilolmalarda görə bilirik. Bu mənbədən büdcənin daxilolmaları 2017-ci ildə 38,2 faiz, 2018-ci ildə 39,3 faiz təşkil edib, 2019-cu ildə isə 32 faiz proqnozlaşdırılıb. Onun da 1.8-2.3 faizi neft sektorundan daxil olan mənfəət və mədən vergiləridir. Neft və maliyyə sektorunda qadınların iştirakçılığını təhlil etmək üçün gender büdcəsinin hazırlanmasına ehtiyac var. Gender büdcəsi vasitəsilə hökumət boşluqları təhlil etmək, məqsəd və hədəfləri müəyyən etmək və fiskal siyasətini bunun üzərindən qurmaq imkanları əldə edə bilər.
 
Üçüncü problem qadınların böyük bir hissəsinin əmək bazarında könüllü olaraq aktiv iştirak etməkdən imtina etməsidir. Belə qadınlar ailəyə və uşaqlara qayğıya daha çox üstünlük verirlər. Bunun əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. 1-5 yaşlı uşaqların cəmi 26,7 faizi uşaq bağçası ilə əhatə olunub. Analar uşaqlarını qoymağa yer tapmadığına görə işləmək imkanlarından məhrum olurlar.
 
Dördüncüsü və digər zəruri məsələ qadınların peşəkar mütəxəssis olaraq, əmək bazarında iştirak edə bilməməsidir. Müasir iş yerləri yüksək elmi, texnoloji bilik və bacarıqlar tələb edir. İqtisadi fəal qadınların hər 10-undan 6-sı tam orta təhsillə bazara daxil olur. Qadınlar arasında ixtisas təhsilinin zəifliyi əmək bazarında ümumi peşəkar kadr qıtlığının yaranmasına, uğurlu karyera qura bilməməsinə, məşğulluğun bütün sahələrində gender bərabərsizliyinə gətirib çıxarır. (İnfoqrafika 2)
 
     
Yuxarıda sadalanan amillər cəmiyyətdə bir sıra risklər yaradır. Belə ki, bu qadınların sosial müdafiəsini, müavinətlərə əlçatanlığını zəiflədir. Eyni zamanda, iqtisadiyyat da böyük bir əmək qüvvəsinin istehsal prosesində yarada biləcəyi dəyəri itirir. McKinsey Qlobal İnstitutu (MGI) 2014-cü ildə apardığı təhlilə görə, gender bərabərliyinin inkişafı 2025-ci ilə kimi qlobal inkişafa 12 trilyon dollar əlavə gəlir gətirə və qlobal ÜDM-i 26 faiz artıra bilər.
   
Azərbaycan qanunvericiliyi qadınlar üçün aşağıdakı sosial müavinətləri nəzərdə tutur:
 
- Hamiləlik və doğuma görə müavinət;
 
- Doğulan hər bir uşağa verilən birdəfəlik müavinət;
 
- Ünvanlı dövlət sosial yardım;
 
- 3 yaşınadək uşağa qulluğa görə müavinət;
 
- Beşdən çox uşağı olan qadınlara müavinət;
 
- 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət;
 
- İşsizlik müavinəti.
 
Qadınlar arasında maarifçiliyin zəif olması, eyni zamanda işsizlik həddinin yüksək olması onların sosial müdafiə imkanlarından yararlanmasını məhdudlaşdırır. Hətta doğulan uşaqlar üçün ailələrin çox az bir qismi sosial müavinətlərdən yararlana bilir. (İnfoqrafika 3)
 
         
Aparılan müşahidələrə görə, birdəfəlik müavinətlərin alınmasında marağın az olmasının səbəblərindən biri sənədlərin toplanmasında bürokratiyanın mövcudluğudur. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən, 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 2 dəfə çox artırılaraq 200 manat məbləğində müəyyənləşdirilib. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Dost" mərkəzləri yaradıb ki, bu da vətəndaşların qarşılaşdığı bürokratik əngəlləri müəyyən qədər aradan qaldıracaq.
 
İşsiz əhali arasında qadınların payı yüksək olsa da, işsizlik statusu alan kişilərin sayı çoxdur. Habelə işsizliyə görə müavinət alanların sayında da kişilər üstünlüyə malikdir. (İnfoqrafika 4)
 
         
2016-cı ildə hazırlanan milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə görə, Azərbaycan iqtisadiyyatının qarşısına qoyulacaq əsas vəzifələrdən biri qadınların əmək bazarına cəlb olunması, onların keyfiyyətli işlə təmin edilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı üzrə stimullaşdırıcı tədbirlərin görülməsidir. Bunun üçün İqtisadiyyat Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə bir sıra səlahiyyətlər qoyulub. 2019-2030-cü illər üçün Məşğulluq Strategiyasında da qadınlar arasında işsizlik səviyyəsinin azaldılması prioritet məsələ olaraq nəzərdə tutulub. Eyni zamanda 2025-ci ilədək qadınların səmərəli məşğulluğu və layiqli əməyə nail olunması strateji hədəf olaraq seçilib.
       
Nəticə olaraq onu demək olar ki, Azərbaycan cəmiyyətində gender bərabərliyi ilə bağlı stereotiplər hələ də mövcuddur. Bundan ən çox əziyyət çəkən isə qadınlar və uşaqlardır. Qadınların böyük hissəsinin əmək bazarından uzaq qalması sosial müdafiələrində risklər yaradır, ailələrin sosial yaşayışını aşağı salır. Bu səbəbdən gender bərabərliyini, qadınların sosial-iqtisadi və siyasi iştirakçılığını nəzərdə tutan dövlət proqramları hazırlanmalı, ÜDM-in gender balansı təhlil edilməlidir. Dövlət proqramlarının hazırlanması məsələsi “Gender bərabərliyinin təminatı haqqında” Qanununda da yer alıb.
 
 

 

PAYLAŞ

Oxşarlar

Epidemiyanın sosiologiyası – “Tale cəmiyyəti” konsepsiyası

Epidemiyanın sosiologiyası – “Tale cəmiyyəti” konsepsiyası

20 May 2020

Sosiologiyada epidemiyaların cəmiyyətdə yaratdığı təsir effektlərinə dair bir neçə yanaşma vardır. Birinciyə görə, epidemiya cəmiyyətdə anom… ƏTRAFLI

Kibercinayətkarlıq: reallığın təhlükəli adı

Kibercinayətkarlıq: reallığın təhlükəli adı

17 May 2020

İnsanların şəxsi sağlamlıqlarından ciddi narahatlıq keçirdiyi bir dövrdə, bəzi fürsətcil cinayətkardan mövcud vəziyyətdən qazanc naminə… ƏTRAFLI

Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı

Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı

16 May 2020

Azərbaycan qadını tarix boyu ölkənin cəmiyyət və siyasi həyatında mühüm rol oynayıb. Onlardan biri də dövrünün tanınmış yazı&cce… ƏTRAFLI