Qalereya

"Prezidentin sosial və kadr islahatları ictimai rəydə"- (VİDEO/ 3-cü hissə)

Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara əsasən, sentyabrın 1-dən etibarən minimum əmək haqqının 250 manata, oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulur. Eyni zamanda, müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20-50% civarında artımı təmin ediləcək. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.

 

Sosial Tədqiqatlar Mərkəzinin müvafiq departamentləri tərəfindən 2019-cu il 18 və 20 iyun tarixlərində imzalanan sərəncamları hədəf götürərək postneft dövrü kontekstində reallaşdırılan islahatlara əhalinin münasibətini öyrənmək məqsədilə ümumrespublika səviyyəli ictimai rəy sorğusu keçirilmişdir.

 

Sorğu ilə bağlı hazırlanan videoqrafikanın ikinci hissəsini təqdim edirik.

 

Minimum aylıq əmək haqqı, pensiyanın minimum məbləği və əmək haqlarındakı artım respondentlərin 56%-nin özünü, 61%-nin isə ailəsini əhatə edir. Artımlar respondentlərin 38%-nin həm özünü, həm də ailəsini əhatə etdiyi halda, 21% isə heç əhatə etmir.

 

Respondentlərin çoxu (62,2%) artımlar nəticəsində “özlərinin və ailələrinin maddi vəziyyətinin yaxşılaşacağ”ını gözləyir.

 

Təxminən 40% (39,4%) “ev və yaşayış şəraitim yaxşılaşacaq” cavabını qeyd edib.

 

Bundan əlavə, sorğuda iştirak edən hər üç respondentdən biri hesab edir ki, “sağlamlığımın qayğısına qalmaq imkanım artacaq” (32,6%), “kredit və borc yükünün azalmasına köməklik göstərəcək” (32,1%).

 

Cəmiyyətin sosial islahatların vacibliyinə münasibətinin öyrənilməsi dövlətin islahatlar strategiyasında prioritetlərin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (87,5%) bu sosial islahatların həyata keçirilməsini çox vacib hesab edir.

 

Eyni zamanda, hər onuncu respondent (11,2%) islahatların müəyyən dərəcədə vacib olduğunu qeyd edib. Yalnız 1,3% respondent islahatların vacib olmadığını düşünür.

 

 

PAYLAŞ