Ekspert rəyləri

Avrointeqrasiya: gözləntilər və proqnozlar- (Ekspert Rəyi)

Azərbaycan  Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir və Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir.

 

Ancaq ölkəmiz bir neçə il əvvəl bu proqram çərçivəsində Ukrayna, Moldova və Gürcüstanın qoşulduğu Assosiasiya sazişini imzalamayıb, münasibətlərini ikitərəfli əməkdaşlıq çərçivəsində davam etdirib.

 

Artıq üç ildir Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqlar gedir. Zaman-zaman bu mövzu müzakirə predmetinə çevrilir. Sazişin imzalanmağına mane olan cəhətlər kimi müxtəlif fikirlər səsləndirlir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində məsələyə detallı şəkildə aydınlıq gətirib.

 

“Maraqlarımıza xidmət edən məsələlər əksini tapmalıdır”

 

Ölkə başçısı bilidirib ki, Azərbaycan Avropa İttifaqı ilə sazişi ona görə imzalamaq istəyir ki, bu saziş əlaqələri yeni mərhələyə çıxarsın və maraqları təmin edilsin.

 

Prezident qeyd edib ki, yeni sazişə əlbəttə ki, ehtiyac var. O, vurğulayıb ki, hər iki tərəfin maraqları təmin edilməsə, sazişə ehtiyac qalmayacaq: “Biz Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda uğurla əməkdaşlıq aparırıq və 28 ölkədən 9–u ilə bizim strateji tərəfdaşlıq haqqında sənədlər ya imzalanıb, ya da qəbul edilibdir. Hesab edirəm ki, Avropa İttifaqı ilə imzalanacaq sazişin təməli bax, bu 9 sənəddə təsbit edilib. Gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır”.

 

“Sazişin imzalanmamasının səbəbkarı bizik”

 

İlham Əliyev bildirib ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb.  O, qeyd edib ki, sazişlə bağlı bəzi hallarda mətbuatda həqiqətə uyğun olmayan fikirlər səsləndirilir:  “O cümlədən bir fikir ondan ibarətdir ki, Avropa İttifaqı bu sazişi bizimlə ona görə imzalamır ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur. Onu da açıq bildirməliyəm ki, sazişin bu günə qədər imzalanmamasının səbəbkarı da bizik”.

 

“Dünya Ticarət Təşkilatına üzv olsaq...”

 

Ölkə başçısının sözlərinə görə, sazişin br neçə məsələsi müzakirə mövzusudur.  Bunlardan biri ticarətlə bağlıdır: “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Baxmayaraq ki, biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Digər tərəfdən, bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar, o cümlədən sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər”.

 

“İqtisadiyyatımıza çox böyük ziyan dəyə bilər”

 

İlham Əliyev vurğulayıb ki, digər vacib məsələ energetika sektoru ilə bağlıdır. Sazişdə təklif olunan məsələlərin biri də, - enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin: “Reallıqda bu nə deməkdir, bunu anlamaq o qədər də çətin deyil. Hazırda Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni, dövlət tərəfindən verilmiş subsidiya əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda, ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni, istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda, biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Belə olan halda, Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil. Ya da ki, biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çatdırmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər.

 

“Avropa İttifaqına üzvlük haqqında danışırıqsa...”

 

Prezident İlham Əliyev müsahibəsində Avropaya inteqrasiya mövzusuna bir növ yekun vurub. O, qeyd edib ki, Azərbaycan avrointeqrasiya istiqamətində öz addımlarını atıb və gələcək addımlara həm ehtiyac yoxdur, həm də o addımlar nəticəsiz olacaq: “Əgər biz Avrointeqrasiya deyəndə Avropa İttifaqına üzvlük haqqında danışırıqsa, bu, tamamilə qeyri-mümkündür. Bunu həm tarix göstərir, həm Avropa məkanında gedən proseslər göstərir, həm də onu Brexit göstərir. İndi əksinə, necə deyərlər, Avropada mərkəzdənqaçma tendensiyaları göz önündədir”.

 

İlham Əliyev bildirib ki, namizəd olan ölkələr – Balkan ölkələri, indi bir qədər çətin vəziyyətdədir. Çünki vaxtilə onlara verilən vəd tutulmur: “Onlara vəd verilmişdi ki, siz bu məsələləri həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz və onlar da bu addımları atıblar. Bəziləri çox ağrılı addımlar atmalı oldular Bəziləri üçün bu addımlar çox baha başa gəldi, bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik”.

 

“Türkiyəni müsəlman olduğu üçün Aİ-yə qəbul etmirlər”

 

Azərbaycan Prezidenti Türkiyə nümunəsini də diqqətə çatdırıb. Vurğulayıb ki Türkiyə Avropa İttifaqı ilə Assosiasiya sazişini çoxdan imzalasa da, ondan sonrakı addımlar nəticə verməyib: “2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist blokuna aid bir çox ölkələr daxil oldu. İndi onlar Türkiyədən dahamı inkişaf etmiş ölkələrdir? Yox. Dahamı Avropa İttifaqına üzv olmaq üçün hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda, Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq”.

 

Prezidentin Avropa İttifaqının rəsmi Ankara ilə bağlı siyasətini tənqid etməsi Türkiyə mətbuatında da müzakirə predmetinə çevrilib. Onun səsləndirdiyi fikirlər bir sıra nüfuzlu mətbuat orqanlarında başlığa çıxarılıb.

 

“Azərbaycanın taleyi Brüsseldəmi həll olsun?”

 

İlham Əliyev Avropada gedən proseslərə diqqət çəkib . O, dini zəmində, milli-mənəvi dəyərlər zəminində baş verən hadisələri qabardıb. Qeyd edib ki. bu proseslər bizə uyğun deyil: “Bəzi hallarda Avropa İttifaqının bayraqları ilə küçələrə çıxmaq istəyən dırnaqarası müxalifət nümayəndələri bilməlidirlər ki, onlar nə istəyirlər? İstəyirlər ki, Azərbaycanın taleyi Brüsseldəmi həll olunsun? İstəyirlər ki, bizim əsrlərboyu qoruduğumuz dəyərlər məhv olsun? Biz bu dəyərləri əsrlərboyu qorumuşuq, hətta müstəqil olmayan dövrdə. Başqa ölkələrin, imperiyaların tərkib hissəsi olan dövrdə dilimizi də, dinimizi də, dəyərlərimizi də, ənənələrimizi də, həyat tərzimizi də qorumuşuq. İndi belə olan halda müstəqillik dövründə biz özümüz öz taleyimizi kiməsə əmanət edə bilərik? Qətiyyən yox və qətiyyən biz buna gedə bilmərik. Bizim öz tariximiz, öz mədəniyyətimiz, öz dəyərlərimiz var. Ona görə onlar bizə təklif versə belə, buna qətiyyən getmək olmaz”.

 

Prezident İlham Əliyev Avropada miqrantlarla bağlı vəziyyətin göz önündə olduğunu vurğulayıb: ““Stop İslam”, “İslam miqrantlarına yox” şüarları ilə artıq siyasi qüvvələr hakimiyyətə gəlir. Populist vədlər indi islamofob prinsiplər əsasında qurulur. Ona görə daha çox səs toplamaq istəyən siyasi qüvvə mütləq bu mövzunu istismar edir. Belə olan halda, müsəlman ölkəsi Azərbaycan hansı formada orada təmsil oluna bilər? İkinci dərəcəli ölkə kimi? Yaxud da ki, hansısa bir imtiyaz diləyən ölkə kimi? Qətiyyən yox! Biz qürurlu ölkəyik, biz öz yolumuzla gedirik, heç kimə də bizim ehtiyacımız yoxdur, heç kimdən də asılı deyilik!”

 

Politoloq: “Əməkdaşlıq Azərbaycana qazanc gətirməlidir”

 

Məsələylə bağlı stm.az-a danışan politoloq Ceyhun Əhmədli hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə yenidən baxması xarici siyasətinin rəhbər prinsipləriylə bağlıdır:

 

“Azərbaycan dövləti xarici siyasətdə iki əsas prinsipi rəhbər tutur: Qarşılıqlı faydalı əməkdaşlıq və bərabərhüquqlu münasibətlər. Birinci prinsipin mahiyyəti aydındır, istənilən formatda əməkdaşlıq Azərbaycan xalqına qazanc gətirməlidir. İkinci prinsip isə daha alidir. Bunu müstəqilliyimizin formulunu təşkil edən təməl maddələrdən biri kimi də dəyərləndirə bilərik. Yəni, heç bir aktor (istər dövlət, istərsə də beynəlxalq təşkilatlar və s.) Azərbaycanla diqtə dilində danışa bilməz və dövlətimizin milli maraqları hər şeyin fövqündə dayanmalıdır. Hesab edirəm ki, Təsadüfi deyil ki, cənab Prezident yerli jurnalistlərə müsahibəsində bu məsələyə xüsusilə vurğu edərək Azərbaycanın taleyinin Brüsseldən idarə olunmasını qəbuledilməz bir hal kimi qiymətləndirdi”.

 

“Aİ-də mərkəzdənqaçma meyilləri ortaya çıxdı”

 

Ceyhun Əhmədli bildirir ki, digər bir məsələ Aİ ilə münasibətlərin Azərbaycana vəd etdiyi imkanlarla bağlıdır: “Tam əminliklə deyə bilərik ki,  təşkilat üzv ölkələrin iqtisadi problemlərinin həllinə ciddi töhfələr verməkdə çətinlik çəkir. Məsələn, hazırda bir çox Şərqi Avropa ölkəsi boğaza qədər iqtisadi problemlərin içərisində olsa da, Avropa İttifaqından yetərli dəstəyi ala bilmirlər. Yunanıstan böhranı buna nümunədir. Xatırlayırsızsa, Yunanıstana yardım edilib-edilməməsi ətrafında ciddi fikir ayrılıqları hökm sürürdü. Söz yox ki, İttifaq daxilində bu cür etimadsızlıq mühitinin yaranması siyasi səbəblərlə əlaqəlidir. Miqrant axınının baş verməsi ilə ultra-solçu və ultra-sağçı siyasi qüvvələr fəallaşmağa başladılar, hətta bəzi ölkələrdə onlar iqtidara gəlməyə nail oldular. Beləliklə, artıq ümumi maraqlar yox, ayrı-ayrı üzv dövlətlərin milli maraqları önəm kəsb etməyə başladı.  Belə olan halda əlbəttə ki, Azərbaycanın təşkilatla daha dərin siyasi-iqtisadi əməkdaşlığı sual altına düşür”.

 

“Müsəlman ölkəsinin Aİ-yə üzvlüyü mümkünsüz görünür”

 

Politoloq qeyd edir ki, Azərbaycan Avropanın siyasi, iqtisadi, eyni zamanda insan hüquqları institutları ilə əməkdaşlığını davam etdirir: “Bu gün ölkəmiz qitənin ən nüfuzlu təşkilatlarının fəal və tam hüquqlu üzvüdür. Bunun özü də inteqrasiyadır. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra olunması da bu münasibətləri təcəssüm etdirir. Bəziləri Avropa İtifaqı ilə imzalanan Assosasiya Sazişini çox mötəbər bir sənəd kimi təqdim edirlər. Guya ki, bu sazişi imzalayan dövlətlərin tezliklə İttifaqa üzv olması üçün unikal imkanlar açılır. Əlbəttə ki, hamısı abdurddur. Avropada elə bir geosiyasi vəziyyət yaranıb ki, hansısa müsəlman, yaxud Şərq ölkəsinin İttifaqa üzvlüyü tamamilə mümkünsüz görünür”. 

     

      Hazırladı:

Şəfanə İbrahimova

 

PAYLAŞ

Oxşarlar

 Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

Müasir sosial-siyasi şəraitdə qlobal problemlər və onun yaranma səbəbləri

29 İyul 2020

COVID-19 pandemiyası da göstərdi ki, müasir sosial-siyasi şəraitdə qlobal problemin həll edilməsi bütün millət və dövlətlərin problemi ey… ƏTRAFLI

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

Balaca qızcığazın böyük oyunu, yoxsa böyük oyunun balaca qızcığazı?

17 İyul 2020

Dünyadakı hadisələrin öz sabit axarı ilə hərəkət etdiyi, pandemiya və karantinin olmadığı bir dönəmdə İsveçdən olan Qreta Tünberq … ƏTRAFLI

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10 İyul 2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyy… ƏTRAFLI