Qlobal miqyasda baş verən geo-siyasi gərginkilərin fonunda dünya iqtisadiyyatının inkişaf meylinin hansı istiqamətdə olacağı aktual məsələdir. Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər 2025” hesabatına əsasən son illərdə qlobal artım sabitləşir, inflyasiya müəyyən edilmiş hədəflərə yaxınlaşır və monetar siyasətdə yumşaldılma həm inkişaf etmiş iqtisadiyyatlarda, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda fəallığı dəstəkləyir. Bununla belə, artım perspektivləri pandemiya dönəmindən etibarən ardıcıl bir neçə il ərzində qlobal iqtisadiyyata dəymiş zərəri, xüsusilə də zəif enkişaf etmiş ölkələrə olan zərərli nəticələri kompensasiya etmək üçün yetərli görünmür. Son 25 il ərzində inkşaf etməkdə olan ölkələrin gəlir səviyyələrinin inkişaf etmiş ölkələrin gəlir səviyyələrinə çatması davamlı olaraq zəifləmişdir. Siyasətdə qeyri-müəyyənliyin yüksəlməsi və ticarət siyasətində mənfiyə doğru dəyişikliklər perspektiv üçün riskləri artırır. Həmçinin, risklər arasında münaqişələrin və geosiyasi gərginliyin artması, yüksək inflyasiya, iqlim dəyişikliyi ilə əlaqədar daha ekstremal hava durumları və aparıcı ölkələrdə zəif iqtisasdi artımın olması da istisna deyildir. Ümumən, ticarətin qorunması, borc problemlərinin aradan qaldırılması və iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal siyasət səyləri tələb olunur. Milli siyasət qərarvericiləri fiskal dayanıqlığa nail olmaq və lazım olan investisiyaları maliyyələşdirmək üçün qiymət sabitliyini qətiyyətlə izləməli, həmçinin vergi gəlirlərini artırmalı və xərcləri rasionallaşdırmalıdırlar. Bundan əlavə, daha uzunmüddətli artımı yüksəltmək və inkişaf məqsədlərinə çatmaq üçün münaqişələrin təsirini azaldan, insan kapitalını yüksəldən, işçi qüvvəsinin inklüzivliyini gücləndirən və ərzaq təhlükəsizliyi ilə mübarizə aparan müdaxilələr mühüm əhəmiyyət kəsb edəcək.
Dünya Bankının məlumatına əsasən qlobal miqyasda real ümumi daxili məhsulun artım dərəcəsi 2022-ci ildə 3,2% olmuş, 2023-cü və 2024-cü illərdə bu göstərici 2,7%-ə enmişdir. 2025-ci və 2026-cı illərdə həmin göstəricinin dəyişməyəcəyi proqnozlaşdırılır. İnkişaf etmiş ölkələr üzrə real ümumi daxili məhsulun artım dərəcəsi 2022-ci ildə 2,8% olmuş, 2023-cü və 2024-cü illərdə bu göstərici 1,7%-ə düşmüşdür. 2025-ci ildə bu göstəricinin dəyişməyəcəyi gözlənilsə də, 2026-cı ildə 1,8%-ə qədər artacağı proqnozlaşdırılır. İnkişaf etməkdə olan ölkələrdə isə real ümumi daxili məhsulun artım dərəcəsi 2022-ci ildə 3,7% olmuş, 2023-cü ildə bu göstərici 4,2%-ə qalxmışdır. 2024-cü ildə isə bu göstərici aşağı düşərək 4,1% olmuşdur. 2025-ci ildə bu göstəricinin dəyişməyəcəyi gözlənilsə də, 2026-cı ildə 4%-ə qədər yüksələcəyi proqnozlaşdırılır (Qrafik 1.).
Qlobal ticarətin vəziyyətinə gəldikdə, dünya üzrə ticarət həcminin artım dərəcəsi 2022-ci ildə 5,9% olmuş, 2023-cü ildə 0,8%-ə enmiş və 2024-cü ildə 2,7%-ə qədər yüksəlmişdir. 2025-ci və 2026-cı illərdə bu göstəricinin müvafiq olaraq 3,1% və 3,2%-ə qalxacağı proqnozlaşdırılır (Qrafik 2.).
Qlobal istehlak qiymətləri indeksi (2010-cu il baza il götürülməklə) 2022-ci ildə 142,5% olmuşdursa, 2023-cü və 2024-cü illərdə bu göstərici müvafiq olaraq 108% və 104,5%-ə qədər enmişdir. 2025-ci və 2026-cı illərdə sözügedən göstəricinin uyğun olaraq 98,5% və 96,7%-ə qədər azalacağı proqnozlaşdırılır (Qrafik 3.).
Dünya Bankının proqnozlarından fərqli olaraq, Dünya İqtisadi Forumunun “Qlobal iqtisadi gələcəklər: Məhsuldarlıq 2030-cu ildə” adlı sənədində 2030-cu il üçün qlobal miqyasda məhsuldarlığın inkişafı nöqteyi-nəzərindən dünya iqtisadiyyatının inkişaf meylləri 4 ssenari üzrə təqdim edilir. Bu ssenarilərin məqsədi heç də gələcəyi proqnozlaşdırmaq üçün deyil, sadəcə texnologiya və insan kapitalının inkişaf dinamikasının ölkələrin iqtisadiyyatlarına necə təsir göstərə biləcəyini anlamaqdır. Beləliklə, “Texnoloji inkişaf” və “İnsan kapitalı inkişafı” drayverlərinin qarşılıqlı fəaliyyətinin nəticəsi kimi 2030-cu ilə qədər məhsuldarlığın inkişaf dinamikası ilə bağlı 4 ssenari formalaşdırılmışdır (Sxem 1.).
“Texnoloji inkişaf” - Texnologiya tarixən məhsuldarlığın artımının güclü drayveri olmuşdur. Hazırda o, uzun sürən sürətlənmə mərhələsindədir, lakin onun trayektoriyası və qlobal məhsuldarlığa təsiri qeyri-müəyyən olaraq qalır. Texnoloji inkişafın gələcəyini formalaşdıracaq əsas suallar aşağıdakılardır:
• Süni İntellekt və digər qabaqcıl yeniliklər real məhsuldarlıq qazancını təmin edəcəkmi?
• İnvestisiya axını və siyasət seçimləri məhsuldarlığı artıran yeniliyə imkan verəcəkmi yoxsa onu boğacaqmı?
• Sürətli texnoloji dəyişikliklər ümumən xərclərin azalmasına gətirib çıxaracaqmı?
• Geosiyasi gərginliklər və təbii resursların məhdud olması texnoloji inkişafı əngəlləyirmi?
“İnsan kapitalının inkişafı” - İnsan amili məhsuldarlığın artımının digər güclü drayveridir. Yüksək ixtisaslı işçi qüvvəsi innovasiyaları yaratmaq və həyata keçirmək üçün çox vacibdir, həmçinin yeni imkanları müəyyən etmək və onlardan istifadə etmək üçün təşkilatlarını yönləndirməyə qadir olan liderlər və menecerlər inkişafın əsas drayveri hesab edilir. Bununla belə, əmək bazarları dərin qeyri-müəyyənliyə və dramatik pozulmalara məruz qalır: bugünkü işçi qüvvəsinin təqribən üçdə ikisi 20-ci əsrin ortalarında mövcud olmayan peşələrdə çalışır və qlobal miqyasda mövcud iş yerlərinin təxminən dörddə biri növbəti beş ildə dəyişikliklərlə üzləşə bilər. İnsan kapitalının gələcəyini formalaşdıracaq əsas suallar aşağıdakılardır:
• Təhsil və təlim sistemləri yaranan ehtiyaclara nə dərəcədə uyğunlaşacaq?
• Demoqrafik meyllər necə olacaq (yaşlanma, miqrasiya və s.) insan kapitalının qlobal paylanmasına necə təsir göstərəcək?
• Məhsuldarlığın artmasına təkan vermək üçün qlobal işçi qüvvəsi (işçilər, liderlər, sahibkarlar və s.) üzrə bütün sahələrdə kifayət qədər bacarıqlar olacaqm?
• Gələcək yeniliklər (bacarıqlar, peşələr və s. üzrə) qarşısında işçi qüvvəsi nə qədər dayanıqlı olacaq?
Ssenari 1. Məhsuldarlığın sıçrayışlı artımı: Geniş yayılmış innovasiya və sürətli insan kapitalının inkişafı arasında qarşılıqlı fəaliyyət nəticəsində geniş miqyaslı məhsuldarlıq artımına və həyat standartlarının nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına gətirib çıxara bilər (Sxem 1.).
Ssenari 2. Avtomatlaşdırmanın həddindən artıq üstünlüyü: Texnoloji irəliləyişlər insan kapitalının inkişafını üstələyir və bu da “qalibin hər şeyi ələ keçirməsi” dinamikasına, həmçinin sərvət və gücün artan konsentrasiyası ilə xarakterizə olunan iqtisadiyyata gətirib çıxara bilər. Öndə gedən və geridə qalan şirkətlər, sektorlar və regionlar arasında məhsuldarlığın artması üzrə kəskin fərqlər yarana bilər (Sxem 1.).
Ssenari 3. İnsan amilinin üstünlüyü: İnsan kapitalının inkişafı texnoloji tərəqqini üstələyir, iqtisadi fəaliyyət əsasən insanlar üzərində mərkəzləşir. Məhsuldarlığın artımı ləng və qeyri-bərabər ola bilər, texnoloji nailiyyətlərlə müqayisədə daha çox mövcud texnologiyalardan yaradıcı istifadəyə imkanlar yarana bilər. Bu halda məhsuldarlıq texnologiyanın potensialını maksimum dərəcədə artıra bilən istedadların qabiliyyətindən asılı ola bilər (Sxem 1.).
Ssenari 4. Məhsuldarlığın azalması: Texnoloji innovasiya və insan kapitalının inkişafında eyni vaxtda ləngimə məhsuldarlığın artımını dayandıra bilər. İqtisadiyyatlar əvvəlki rifah səviyyələrini saxlamaq üçün həyat standartlarında və sosial-iqtisadi tərəqqidə durğunluğa qarşı mübarizə aparmalı ola bilər (Sxem 1.).
Beləliklə, yuxarıda qeyd olunan ssenarilərin təhlili qeyri-müəyyənlikləri araşdırmaqla strukturlaşdırılmış bir prosesi təklif etmək üçün nəzərdə tutulmuşdur ki, bu da siyasət qərarvericilərini gələcək haqqında tənqidi, yaradıcı və məqsədyönlü düşünməyə təşviq edir. Bu ssenarilər üzrə təhlillər inkişaf meylləri, mövcud zəifliklər və imkanlar nəzərə alınmaqla siyasət qərarvericiləri tərəfindən gələcəkdə daha yaxşı nəticələri formalaşdıra biləcək strategiyaların müəyyən edilməsinə kömək etmək üçün bir vasitədir.
İstifadə olunan mənbələr:
https://openknowledge.worldbank.org/server/api/core/bitstreams/f983c12d-d43c-4e41-997e-252ec6b87dbd/content
https://www.weforum.org/publications/global-economic-futures-productivity-in-2030/
https://www.cigionline.org/static/documents/Global_Scenarios_Model_-_Phase_1_final.pdf