Hindistan-Pakistan qarşıdurması: nüvə müharibəsinə yaxınlaşan gərginlik

12.05.2025

XIX əsrin sonlarında Hindistanda Britaniya kolonializminə qarşı mübarizə vüsət aldı. XX əsrin əvvəllərində genişlənən bu mübarizə II Dünya müharibəsindən sonra müstəmləkəçilik sisteminin iflasa uğraması ilə kulminasiya nöqtəsinə çatdı. Bu mübarizədə iki əsas fiqur önə çıxırdı: əsasən hinduların təmsil olunduğu Hindistan Milli Konqresinin lideri Mahatma Qandi və Müsəlman Liqasının rəhbəri Məhəmməd Əli Cinnah.

Subtropik Hindistanda fərqli dinlərin nümayəndələri yaşayırdı. Ən böyük iki dini qrup müsəlmanlar və hindular idi. İngilislərə qarşı azadlıq mübarizəsi aparan bu iki böyük qüvvə zaman-zaman öz aralarında da toqquşmalar yaşayırdı.

Bütün bu toqquşmalara son vermək üçün Cinnah “iki millət nəzəriyyəsi” tezisini irəli sürdü və Hindistanda barış üçün dini zəmində bölünmə qərarı verildi.

Hindistanın cənub-şərqində müsəlmanların çoxluqda olduğu vilayətlərdə Pakistan (daha sonra Pakistan İslam Respublikası adlandırılacaqdı) quruldu. Bu prinsip yalnız Kəşmirdə pozuldu.

Kəşmir knyazlığında əhali müsəlman olsa da, monarxiya hindu idi. Buna görə də əvvəlcə müstəqil olmaq istəyən Kəşmir knyazlığı əhalinin tələbləri və Pakistanın təzyiqləri qarşısında dayana bilməyəcəyini anlayıb Dehlidən kömək istədi və müsbət cavab aldı.

Beləcə, 80 ilə yaxındır həll edilməyən qanlı bir münaqişənin təməli atıldı. 1 milyona yaxın insanın öldüyü müharibədən sonra 1965-ci ildə ikinci, 1971-ci ildə üçüncü Hindistan-Pakistan müharibəsi baş verdi. 1999-cu ildə isə genişmiqyaslı Kargil toqquşması yaşandı.

Bütün bu qanlı müharibələrin sonunda Kəşmir bölündü. Bölgənin 30%-ni əhatə edən Azad Kəşmir Pakistana, 55%-i isə Cammu və Kəşmir olaraq Hindistana verildi. Təxminən 32 min kv.km ərazi isə 1963-cü ildə Çin tərəfindən Hindistandan qoparıldı və hələ də Pekinin idarəsi altındadır.

Modinin hakimiyyətə gəlməsi və Hindistanda yüksələn islamofobiya

Bölgədə hakimiyyətini qorumaq istəyən Hindistan eyni zamanda sərt, bəzən isə təməl insan hüquqlarını pozan addımlar atır. Xüsusilə 2014-cü ildə hindu millətçiliyini dəstəkləyən Hindistan Xalq Partiyasının (BJP) hakimiyyətə gəlməsi vəziyyəti daha da gərginləşdirdi. 2019-cu ildə Hindistan parlamenti Cammu və Kəşmirin muxtariyyətini ləğv etdi. Bölgəyə böyük hərbi kontingent göndərildi. Məktəblər və məscidlərin böyük hissəsi qapadıldı. Faktiki qapanmaya səbəb olan komendant saatları tətbiq edilməyə başlandı. İnternet və mobil rabitə məhdudlaşdırıldı.

Minlərlə şəxs Hindistan polisi tərəfindən həbs edildi. Hindistan ordusu bütün əsas yollarda barrikadalar qurduğu halda, radikal hindu qruplar Kəşmirdə müsəlman məhəllələrinə hücumlar təşkil etdi. Bu hadisələr çox sayda insanın ölümü və iaşə obyektlərinin zərər görməsi ilə nəticələndi.

Kəşmirdə artan gərginliyin münasibətlərə təsiri

2019-cu ildə Narendra Modi hökumətinin sistematik zorakılıq siyasəti Pakistanı ciddi şəkildə narahat etdi. İki ölkənin sərhədində hərbi qüvvələr artırıldı. Son 6 ildə onlarca xırda toqquşma baş verdi.
Bu hadisələr Kəşmirdə də gərginliyi artırdı. Dağlıq ərazilərdə yerli qruplaşmalarla Hind ordusu arasında toqquşmalar meydana gəldi. Bəzən terror aktları belə törədildi.

Hindistan terror aktlarını həyata keçirən qrupların Pakistan tərəfindən dəstəkləndiyini iddia edir. Pakistan isə tam əksinə, radikalizmin yüksəlməsində Hindistanın maraqlı olduğunu və radikal ünsürlərin Kəşmirdə müəyyən qədər kök salmasına göz yumduğunu bildirir.

Bu iddialar təsdiqini tapmasa da, bu ilin aprelin 26-da Hindistanın Pahalqam bölgəsində baş verən terror aktı Dehlinin İslamabadı sıxışdırması üçün bir növ bəhanə oldu.

Hindistan Pakistanda su ehtiyaclarının 70%-ni qarşılayan Hind çayı üzərindəki bəndləri bağladı və Pakistana hava hücumları təşkil etdi. Pakistan ordusunun effektiv qarşılıq verməsi nəticəsində Hindistana məxsus Fransa istehsalı 3 “Rafale” qırıcısı və bir neçə dron vuruldu.

Pakistan ordusunun effektiv müdafiə qabiliyyəti bütün dünyanın diqqətini çəkdi. Hərbi toqquşmalardan əlavə, iki ölkə arasında diplomatik və ticarət gərginliyi də yaşanır.
İki ölkə diplomatik təmsilçiliyi aşağı salıb və qarşılıqlı şəkildə ticarəti dayandırıb.

Konfliktin müharibəyə çevrilmə riski: Nüvə təhlükəsi varmı?

Hindistan və Pakistan “soyuq müharibə” dövründə nüvə proqramını inkişaf etdirərək bu silahı əldə etdilər. Beləliklə, hər iki ölkənin də nüvə silahına sahib olması balans yaratdı.

Çəkindirici güc olan nüvə silahları hər nə qədər eskalasiyanın qarşısını alsa da, hər toqquşmada “İstifadə ediləcəkmi?” sualı ağıllara gəlir.

Tərəflər də bunu yaxşı bildiyindən, gərginliyin artdığı dövrlərdə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün üstüörtülü şəkildə nüvə silahını vurğulayırlar.
Lakin Hindistan və Pakistan arasında hələlik genişmiqyaslı müharibə gözlənilmir. Müasir xroniki problemlərin xarakterinə baxsaq, 50 ildən artıq davam edən münaqişələrdə güc balansı ciddi şəkildə pozulmadıqca (məsələn, İsrail-Fələstin) və ya bir tərəf kəskin radikal addım atmadıqca (məsələn, Kiprdə Yunanıstanın ENOSİS siyasəti) uzunmüddətli müharibələr başlamır.

Bu gün Hindistan hərbi büdcə, aktiv hərbi personal və texniki baxımdan ön planda olsa da, bu, balansın kəskin şəkildə pozulması demək deyil.

Çünki Pakistan da nüvə ölkəsidir. Üstəlik Pakistanın aktiv hərbi personalı, döyüş qabiliyyəti və arsenalı kifayət qədər güclüdür. Bu isə o deməkdir ki, müharibə olacağı təqdirdə Pakistan Hindistana sarsıdıcı zərbələr vura bilər. Bundan əlavə, genişmiqyaslı müharibə Hindistanın üzərinə ört-basdır etməyə çalışdığı bir çox problemi alovlandıra bilər.

Hindistanın qlobal güc iddiaları və həll edə bilmədiyi problemlər

Hindistanın 1991-ci ildə başlatdığı iqtisadi islahatlar proqramı onun bir çox sahədə sürətli inkişafına səbəb oldu. Yüz milyonlarla gənc əhali, zəngin yeraltı sərvətlər və geniş xammal bazası Hindistanın 90-cı illərdən etibarən sürətlə zənginləşməsinə şərait yaratdı.

Əvvəllər primitiv olan iqtisadi sistem bu gün çoxşaxəli və yüksək gəlirli sahələrlə əvəzlənmişdir. Bu gün 13 trilyon dollarlıq Hindistan iqtisadiyyatının təməlini xidmət sektoru təşkil edir.

Xüsusilə informasiya texnologiyaları, maliyyə, əlaqə mərkəzləri və biznes proseslərinin autsorsinqi sahələrində Hindistan ön plana çıxır. Sənayeləşmə də Hindistanda sürətlə həyata keçirilir. 

Lakin bu uğurlar fonunda Hindistanın ciddi daxili problemləri qalmaqdadır. Dünya Bankının hesablamalarına görə,ı Hindistanda 129 milyon insan mütləq yoxsulluq içində yaşayır. Gəlir bərabərsizliyi çox yüksəkdir.

Eyni zamanda Hindistanda etnik və dini zəmində ciddi gərginliklər mövcuddur. Kəşmir, Pəncab, Assam, Manipur, Naqaland kimi əyalətlərdə fəaliyyət göstərən siyasi və hərbi qruplaşmalar zaman-zaman Hindistandan ayrılma çağırışları edirlər.

Xüsusilə BJP hakimiyyətə gəldikdən sonra artan diskriminasiya və güclənən hindu şovinizmi bu bölgələrdə separatizm meyillərini gücləndirir. Vaxtaşırı bu regionlarda əhali ilə güc strukturları arasında toqquşmalar baş verir. Müharibə davam edəcəyi təqdirdə bütün bu amillər dərinləşdirə bilər.

Hindistan Çinlə sərhəd problemləri yaşayır və Asiyada liderlik iddiaları var. Belə olan halda Hindistan Pakistanla uzun və təhlükəli bir mübarizəyə enerji sərf etmək istəmir.

Pakistanın güclənən mövqeyi

Pakistanın iqtisadi problemləri olsa da, bu gün həm regionda, həm də qlobal miqyasda nüfuzu artmaqdadır. D-8, İƏT kimi böyük təşkilatların üzvü olan Pakistan xüsusilə müsəlman ölkələri arasında ciddi nüfuza malikdir. Pakistanın Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı kimi nüfuzlu ölkələrlə strateji münasibətləri var.

Həmçinin Pakistan-Çin əməkdaşlığı da sürətlə inkişaf edir. Belə olan halda Hindistan Pakistanla yaşanacaq müharibədə qarşılaşacağı beynəlxalq reaksiyalardan da çəkinir.

Nəticə əvəzi

Sonda onu demək olar ki, Hindistanın Pakistana qarşı göstərdiyi aqressiya daxili və xarici amillərlə bağlıdır.

Xarici amillər dedikdə, Pakistanın artan regional və qlobal nüfuzu Hindistanın Asiyada hegemonluq iddialarını zəiflədir. Pakistan-Çin əməkdaşlığı Hindistanın planlarının qarşısında maneə yaradır.

Hindistanın BJP partiyasının yürütdüyü daxili siyasət isə başda Kəşmir olmaqla, bir çox regionda narazılıqlarla qarşılanır. Hindistan hökuməti bu narazılıqları aradan qaldırmaq əvəzinə, onları siyasi alətə çevirməyə çalışır.

Kəşmir kimi köklü bir problemi qısa müddətdə həll etmək çətin görünsə də, Hindistan bölgənin muxtariyyətini bərpa edərək və islamafob siyasətə son qoyaraq mühüm bir addım ata bilər.

Eyni zamanda, Pakistanla terrorizmə qarşı əməkdaşlıq istiqamətində yeni addımlar atıla bilər. Lakin görünən odur ki, Dehli hələlik İslamabada tərəfdaş mövqeyindən baxmağa hazır deyil.

Kazım Kazımov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi

Naxçıvan Dövlət Universitetində “jurnalistika” ixtisası üzrə bakalavr, İstanbul Universitetində “iqtisadi siyasət” ixtisası üzrə magistr təhsili alıb. Xarici və daxili siyasət mövzularında müntəzəm olaraq yerli və xarici mətbuatda çıxışlar edir və təhlillər aparır.