Yapon dilində "iqtisadiyyat" (keizai) və "siyasi iqtisadiyyat" (keisei saimin) terminlərinin mənşəyi "milləti idarə etmək və xalqı xilas etmək" mənasını verir. Bu qərbin iqtisadiyyata olan "ev təsərrüfatının idarə edilməsi" (yunanca oikonomia) baxışından kəskin fərqlənən şüurdur. Məsələn, vaxtilə avrozona böhranı zamanı kansler Merkel tərəfindən bu baxış çox yaxşı təcəssüm etdirilmişdi. Ancaq, 2008-ci il böhranından sonra qloballaşmanın bir hissəsinin tənzimlənməsi, Çin və ABŞ arasında geosiyasi rəqabət, Covid-19 və Ukrayna müharibəsi Qərbdə liberal elementləri dövlət müdaxiləsi (subsidiyalar, tariflər, vergilər, nəzarət) ilə birləşdirərək investisiya və kreditlərin strateji sektorlara yönəldilməsini nəzərdə tutan ticarət siyasətini müdafiə etməyə şərait yaratdı.
Təsadüfi deyil ki, illərlə xarici ticarətdə ardıcıl kəsrlər verərək azad ticarət və sərmayə axınlarının aparıcı təbliğatçısı olan Amerika Birləşmiş Ştatlarında bu gün Prezident Tramp neoliberallardan fərqlənən yanaşma ilə əlində dolları olan ölkələri Amerika iqtisadiyyatına yatırım etməyə yox, Amerika istehsallı malların idxalçıları olmağa səsləyir. Bundan başqa, əvvəlki dönəmində kriptovalyutaları birmənalı olaraq qəbul etməyən Prezident Trampın hazırki dövrdə atdığı addımlardan biri də Strateji Bitcoin Ehtiyatı yaratmağa dair müvafiq qərarı verməsidir ki, bununla da hər iki strategiyanın vəhdəti ortaya yeni paradiqmanın çıxması ilə izah oluna bilər. Bu, siyasi iqtisadi professoru Erik Helleynerin məhz “neomerkantilistlər” kitabında da göstərdiyi kimi, hələ XVIII əsrin sonlarından “Bretton Woods”-a qədər aktuallığını qoruyaraq xarici ticarətdə müsbət saldoya malik olmaqla ölkə daxilində sərvəti (qızılı) saxlamaq və artırmağı həfələyən mürəkkəb ideyalar – erkən merkantilizmin yeni ad altında (neomerkantilizm) geri qayıtması ilə izah oluna bilər.
Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, gedişatın bu istiqamətdə dəyişməsi mövcud dünyamızda yalnız Trampın yürütdüyü siyasətlərlə kifayətlənmir. İlk növbədə, COVID-19 nəticəsində ticari malların hərəkətində yaranan böyük maneələr, iqtisadi yavaşlama və dünya fabriki rolunu oynayan Çinin daha çox təcridetmə meyllərinin ortaya çıxması, ardınca Ukrayna və Yaxın Şərqdə baş verənlər Soyuq Müharibədən sonra formalaşmış ticarət-investisiya balansını ciddi şəkildə sarsıtdı. İkincisi, bu gün dünyanın müxtəlif ölkələrinin öz qızıl ehtiyatlarında göstərdikləri səyləri gözardı etmək olmaz. Belə ki, 2010-cu ildən bəri davamlı olaraq qızıl tələbində mühim rol oynayan Mərkəzi banklar 2022, 2023 və 2024-cü illərdə qızıl alışlarını ilk dəfə olaraq ildə 1000 tondan çox səviyyəyə çatdırdılar.
Bütün bunları nəzərə alaraq, bəzi hallarda baş verənlərin dünya ticarət həcmləri və ya ümumi ticarətin ÜDM-ə nisbətinin aşağı düşməsinə görə de-qloballaşma və s.-lə izah edilməsi cəhdi müşahidə olunsa da, reallıqda hadisələrin Soyuq Müharibədən sonra qlobal iqtisadi münasibətlərdə üstünlük təşkil edən və hiperqloballaşmaya səbəb olan azad ticarət ideyalarının öz yerini “neo-merkantilism”-lə əvəzləməsi kimi təsvir olunması daha məntiqli və cəlbedici görünməkdədir.
Beləliklə, indi dünya iqtisadiyyatının gələcəyi seçimlərin hansının üstün olacağından asılıdır. Qlobal sistem baxımından beynəlxalq əməkdaşlıq ətrafında müxtəlif perspektivlər ən əhəmiyyətlidir. Razılaşmaq olar ki, 1945-ci ildən əvvəlki neomerkantilist düşüncə müasir dövrdə rezonans doğuran bir çox ideyaları ehtiva edir. Lakin neomerkantilizmi yalnız artan milli gərginliklə əlaqələndirən məşhur təsəvvürlərin əksinə olaraq, hətta beynəlxalq əməkdaşlığa can atmaq üçün cəlbedici ideyaları təbliğ edən baxış kimi də qiymətləndirmək olar. Bu məktəbin müasir qlobal müzakirələr üçün daha geniş aktuallığı arasında bu məqam qarşıda duran çağırışların öhdəsindən gəlmək üçün bəlkə də ən təsirli məsələlərdən biridir.
Bu mövzuda müzakirələrin tədqiqi isə fəal iqtisadi siyasət, sosial məsələlər və hətta əsas siyasi ideologiya kimi bir çox mövzularda fərqli baxışlara malik olan intellektual ənənənin müxtəlifliyinə işıq salır. Ona görə də, müasir siyasətçilər neomerkantilist ənənənin hissələrinə qayıtdıqca, dövlətlərinin sərvətini və gücünü maksimum dərəcədə artırmaq üçün daha dar və müstəsna diqqəti əhatə etmək əvəzinə, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün yeni yollar axtarmalıdırlar.