Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsi ilə yanaşı, paralel olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi və qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə dövlət tərəfindən müvafiq islahatlar və proqramlar həyata keçirilməkdədir.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunduğu kimi, ixracı asanlaşdırmaq üçün idarəetmə və institutsional mexanizmlərin tənzimləmə çərçivəsi təkmilləşdiriləcəkdir. İxracyönümlü yerli məhsulların keyfiyyətli istehsalı təmin olunacaq və e-ixrac inkişaf etdiriləcək, qeyri-neft/qaz ixracının təşviqinə dövlət dəstəyi artırılacaq, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artmasına nail olunacaqdır.
2020-ci ildən bəri son 5 il ərzində Azərbaycanın xam neft ixracının həcmi ilbəil azalmaqdadır (Bax. Qrafik 1.). Bunun fonunda qeyri-neft məhsullarının ixracı imkanları genişlənir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayına dair ilkin göstəricilərinə əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, kimya sənayesi (əsasən, neft-kimya) məhsulları 30%, çay 21.3%, alüminium və ondan hazırlanan məmulatlar 2.8% artıb.
2020-2024-cü illər ərzində Azərbaycanın qeyri-neft məhsulları ixrac dəyərlərinin ümumi ixracda xüsusi çəkisini nəzərdən keçirərkən, görürünür ki, bu göstərici 2020-ci ildə müvafiq olaraq 13% təşkil etmiş, 2021-2023-cü illərdə azalma müşahidə edilmiş və 2024-cü ildə isə 2020-ci ildəki səviyyəyə gəlib çatmışdır (Bax. Diaqram 1.). 2020-ci ildən etibarən xam neft ixracının həcminin azalmasına rəğmən onun ümumi ixracda xüsusi çəkisinin çoxalmasına səbəb ixrac qiymətinin müvafiq illərdə yüksək olması ilə əlaqədardır.
Qeyri-neft məhsullarının ixrac strukturunda müxtəlif sahələrə aid məhsullar yer alır. Belə ki, ixrac strukturunda son illər ərzində kənd təsərrüfatı və sənaye sektorlarına aid müxtəlif adda məhsulların payı artmaqdadır (Bax. Diaqram 2.). Diaqram 2.-də göründüyü kimi, qeyri-neft məhsulları ixracında daha çox xüsusi çəkiyə malik meyvə-tərəvəz məhsulları və neft-kimya məhsullarıdır ki, onların da xüsusi çəkisi müvafiq olaraq 24,5% ilə 18% təşkil edir.
Qeyri-neft məhsullarının istehsalının və ixracının yüksəlməsində sənaye zonalarının rolu artmaqdadır. Belə ki, Azərbaycanda mövcud olan Sənaye Zonalarındakı müəssisələrin məhsul ixracının qeyri-neft sənaye məhsulları ixracında xüsusi çəkisi 2020-ci ildə 19% təşkil etmiş, 2021-2022-ci illərdə bu göstərici müvafiq olaraq 31% və 30% olmuş, 2023-cü ildə azalaraq 24%-ə düşsə də, 2024-cü ildə 26%-ə yüksəlmişdir. (Bax. Qrafik 2.)
Beləliklə, Azərbaycanda qeyri-neft məhsullarının ixrac potensialı mövcuddur və bu potensialdan səmərəli istifadə etməklə aşağıdakı tədbirlərin görülməsi vacibdir.
- Qeyri-neft məhsulları içərisində kənd təsərrüfatı və neft-kimya məhsullarının ixrac payının üstünlük təşkil etdiyini nəzərə alaraq bu məhsulların daha çox xarici bazarlara çıxarılması üçün onların keyfiyyət standartlarına uyğunluğu diqqətdə saxlanması və bu işdə kiçik və orta biznes subyektlərinə dövlət dəstəyinin artırılması;
- Kiçik və orta biznes subyektlərinin xarici bazarlara çıxışının daha əlçatan olması üçün İxrac Bankı kimi ixtisaslaşdırılmış sahə bankının yaradılması.
İstifadə olunan mənbələr:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmi internet saytı http://www.economy.gov.az/
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı http://www.stat.gov.az/
3. https://ereforms.gov.az/az/ixrac-icmali
Elmir S. Mehdiyev
Sosial-İqtisadi Təhlil Departamentinin aparıcı məsləhətçisi
Sosial Tədqiqatlar Mərkəzi (STM)