Ailə deyərkən çox vaxt cavanlı-qocalı, uşaqlı-böyüklü doğma insanların birliyi göz önünə gəlir. Hələ ötən əsrin əvvəllərində sənayeləşmə, urbanizasiya, əhalinin miqrasiyası fonunda klassik geniş ailələr tədricən nüvə ailəsi (nuklear ailə) ilə əvəzlənməyə başlayıb. Lakin ictimai şüurdakı sentimental təsəvvürlər yenə də ideal ailə modeli kimi geniş ailəni göz önünə gətirir. Bəs, görəsən müasir Azərbaycanda insanlar daha çox hansı ailə strukturunda yaşayır? Dövlət Statistika Komitəsi ev təsərrüfatlarını orada yaşayan insanların ümumi sayı ilə təsnifləndirsə də, bu, ailədə məhz hansı nəsillərin nümayəndələrinin yaşaması haqqında məlumat vermir. Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “Ailədə nəsillərarası münasibətlər:ailə həmrəyliyi və qayğı” tədqiqatına əsaslanaraq müasir ailələrin faktiki birgəyaşayış formaları, yəni ailə quruluşları haqqında bəzi təhlilləri təqdim edirik.
Müasir ailənin strukturu ailə institutunu səciyyələndirən mühüm cəhətlərdən biridir. Ailə quruluşu onun büdcəsinin formalaşmasından tutmuş, ailədə müxtəlif nəsillərin ünsiyyət intensivliyi, emosional yaxınlığı, ən əsası asılı ailə üzvlərinə (ahıl qocalar, azyaşlı uşaqlar, intensiv qulluq tələb edən xəstələr) qayğının təşkilini şərtləndirir. Birgəyaşayış forması yalnız ünsiyyət məsələsi olmayıb, həm də iqtisadi aspektləri ehtiva edir.
Ailə quruluşları müxtəlifdir, lakin çox vaxt onları iki böyük qrupa ayırırlar. Genişlənmiş ailələr adətən üç nəslin birlikdə yaşadığı ailələrdir. Ötən əsrin əvvəllərində urbanizasiya, sənayeləşmə fonunda geniş ailələrin azalaraq, nuklear ailələrin artmasını alimlər ailə institutunun məhvi kimi qavrayırdı. Ancaq zaman göstərdi ki, ailə quruluşunun dəyişməsinə baxmayaraq, öz-özlüyündə ailə institutu qalıcıdır və müasir dövrdə nuklear ailələr normal ailə strukturlarından biri kimi nəzərdən keçirilməkdədir.
İki nəsildən, adətən valideynlər və övladlardan ibarət olan nuklear ailələr (bəzən onlara nüvə ailəsi də deyilir) cəmiyyətdə modernləşmə prosesləri dərinləşdikcə artır. Onların sayca artması müasir cəmiyyətlərə xas qlobal proses olaraq, dünyanın hər bir yanında cərəyan etməkdədir. Belə ailə strukturu əvvəllər üstünlük təşkil edən geniş ailələrin malik olduğu resurslardan məhrumdur. Bu, ilk növbədə geniş ailədə insan resurslarının çoxluğu, intensiv ailədaxili kommunikasiyanın mümkünlüyü, asılı və qayğıya ehtiyacı olan ailə üzvlərinə qayğını təmin edəcək daxili resursların yetərliyidir. Yəni nuklear ailələrin artması öz-özlüyündə ailə institutunun dağılmasının göstəricisi olmasa da, yeni problemlər, ünsiyyət və qayğı resurslarının çatışmazlığı meydana çıxdığını göstərir.
Cəmiyyətdəki ailə strukturları dinamik xarakter daşıyır. Onların say nisbəti sabit və dəyişməz deyil. Yetkin övlad ailə qurub, başqa ev təsərrüfatında yaşamağa başladıqda, valideynlərilə birgə yaşayan gənc ailənin övladı dünyaya gəldikdə, yaşlı valideynlər vəfat etdikdə, nəvənin dünyaya gəlməsi və ya yaşlı ailə üzvünün sağlamlığını itirməsi ilə bağlı ailə üzvləri yenidən birlikdə yaşamağa başladıqda cəmiyyətdəki ailə tiplərinin nisbəti də dəyişir. Bunları nəzərə almaqla yanaşı, konkret dövrdə nuklear və genişlənmiş ailə strukturlarının faiz göstəricilərini aydınlaşdırmaq əhəmiyyət daşıyır. Bu dolayı yolla insanların gündəlik həyat tərzi, məişət və qayğı məsələlərini necə həll etdikləri haqqında təsəvvür formalaşdırmağa, habelə ailədaxili kommunikasiyaya dair ehtimallar irəli sürməyə imkan verər.
Tədqiqat 2024-cü ildə həyata keçirilərək, ümumilikdə ölkənin 12 rayonu üzrə 1170 nəfər respondenti əhatə edib. Ehtimallı seçmənin klaster üsulundan istifadə olunub və hər ev təsərrüfatından bir nəfər olmaqla yaşı 18-dən yuxarı olan vətəndaşlar könüllü razılıq əsasında iştirak edib.
Tədqiqatda respondentlərdən ailə olaraq, hazırda kimlərlə birlikdə yaşadıqları soruşulub və bütün mümkün olanları seçmək imkanı ilə geniş sayda cavablar təqdim edilib: valideynlə (valideynlərlə), övladımla (övladlarımla), həyat yoldaşımla, bacım/qardaşımla, nəvəmlə (nəvələrimlə), nənə-baba ilə, digər qohumlarla, tək yaşayıram.
Cavablar arasında böyük faiz fərqi ilə ən çox seçilən həyat yoldaşı (71,8%) və övladlarla (75,9%) yaşayış, ən az seçilən nənə-baba (3,1%) ilə və tək yaşayışdır (3,1%). Yada salaq ki, bu cavablar istənilən yaşda olan Azərbaycan vətəndaşları deyil, yaşı 18-dən yuxarı olanlara aiddir. Bu baxımdan valideynlə yaşadığını rəyi soruşulanların yalnız 22,2%-nin, nənə-baba ilə yaşadığını 3,1%-nin qeyd etməsi qeyd etməsi aydındır.
İlkin hesablama respondentlərin hansı ailə üzvlərilə eyni ev təsərrüfatında yaşadığını göstərir. Bu ailə quruluşları haqqında müəyyən fikir yürütməyə imkan versə də, daha konkret nəticələr əlavə kodlaşdırma və sonrakı təhlili tələb edirdi. Ona görə də sorğuda iştirak edənlərin hansı ailə strukturunda yaşadığını aydınlaşdırmaq üçün verilənlər üzərində xüsusi kodlaşdırma aparılaraq, nuklear ailədə yaşayanlar və geniş ailədə yaşayanlar ayrıca hesablandı. Valideynləri ilə yaşayanlar, həyat yoldaşı ilə yaşayanlar, övladı ilə yaşayanlar, həmçinin həyat yoldaşı və övladları ilə, həyat yoldaşı və valideynləri ilə yaşayanlar nuklear ailə strukturuna aid edildi. Geniş ailə növlərinin müxtəlifliyi daha çoxdur, çünki geniş ailə strukturu həm şaquli (nəvə-övlad- nənə/baba), həm üfüqi (nəvə-övladlar-nənə/baba), həm də onların müxtəlif modifikasiyası ola bilər. Beləliklə, geniş ailənin on bir mümkün variantı kodlaşdırmaya daxil edildi. Buna əsasən aydın oldu ki, respondentlərin 50,8%-i genişlənmiş ailələrdə yaşayırsa, 46,2%-i nüvə ailəsində həyat sürür. Rəyi soruşulanların 3,1%-i tək yaşadığını qeyd edib. Beləliklə, genişlənmiş ailə haqqında diskursların ictimai şüurda hələ də yer almasına baxmayaraq, rəqəmlər nuklear ailə quruluşunun genişlənmiş ailə tipinə sayca çox yaxın olduğunu göstərir.
Növbəti cədvəl birgəyaşayış formalarının (yaxud ailə quruluşlarının) iqtisadi rayonlar üzrə necə bölündüyünü göstərir. Sütunlar üzrə bölgüdə Mərkəzi Aran ölkə üzrə tək yaşayanların 25,0%-nin yaşadığı rayon kimi seçilirdi. Sətirlər üzrə də görürük ki, həmin rayondan cəlb olunan respondentlərin təqribən hər 10 nəfərindən biri (9,4%-i) tək yaşadığını söyləyib. Belə statistik deviasiyanın arxasında duran sosial-iqtisadi amillər xüsusi maraq kəsb edir.
Nuklear ailələrdə yaşayanların payının genişlənmiş ailələrdə yaşayanlara nisbətən daha çox olduğu iqtisadi rayonlar isə aşağıdakılardır: Bakı (54,7%), Abşeron- Xızı (62,5%), Dağlıq Şirvan (50,0%) və Mil-Muğan (54,5%). Əksinə, genişlənmiş ailə tipinin ən çox yayıldığı iqtisadi rayon isə Qazax-Tovuzdur (68,1%).
Nəticələrin müzakirəsi. Seçmə çərçivəsində əldə olunan nəticələr Azərbaycanda ailə quruluşlarının mənzərəsinə işıq salır. Nuklear ailələrin ümumən geniş ailələrlə demək olar ki, bərabərləşməsi çoxlu sayda insanın gündəlik məişət, qayğı və digər məsələlərlə üzləşərkən bilavasitə ailədə mövcud insan resurslarının məhdudluğu ilə üzləşdiyini deməyə imkan verir. Bu, iqtisadi cəhətdən az resurslu ailələrin qarşılaşdığı məsələləri (məsələn, azyaşlı uşaqlara qayğı, yaşlı ailə üzvlərinə qulluq və s. kimi) həll edərkən müəyyən çətinliklərlə üzləşdiyini göstərir. Daha yüksək resurslu nüvə ailələrin isə analoji hallarda muzdlu qayğı təminatçılarına tələbatının artmasına gətirir. Həmçinin ərazi üzrə məktəbəqədər və digər uşaq müəssisələrinin sayının ordakı əhali sayı ilə uyğunlaşdırılmasını tələb edir. Paytaxt olmayan, lakin luklear ailələrin üstünlük təşkil etdiyi rayonlarda (məsələn, Abşeron-Xızı kimi) uşaqlara institusional qayğının (erkən inkişaf mərkəzləri, uşaq bağçaları) yetərliyi məsələsi ayrıca tədqiq edilməlidir. Belə ki, ayrı ev təsərrüfatında yaşayan cavan ailələrin müasir dövrdə üzləşdiyi mühüm problemlərdən başlıcası uşaq bağçalarının yetərli və əlçatan olmaması, bununla əlaqədar isə qadın işsizliyinin yüksəkliyi, gənc ataların yeganə qazanc gətirən rolunda gərginliklərlə üzləşməsidir. Bundan əlavə, son onilliklərdə baş verən demoqrafik dəyişiklik – nəsilvermə əmsalının azalması, tədricən ailədə uşaq sayının azalması ilə əlaqədar yaşlı ailə üzvlərinin qayğı təminatını ailənin mürəkkəb probleminə çevirir. Genişlənmiş ailələrin azalmasını da nəzərə alsaq, problem bir qədər də qabarıq olur. Bu baxımdan, yeni qayğı siyasətinin formalaşdırılması uzunmüddətli perspektiv üçün vacib addımlardan bir kimi görülür. Müasir ailələrin real quruluşu və bunun əsasında tələbatlarının öyrənilməsi, alınan nəticələrin iqtisadi rayonlar üzrə həyata keçirilən sosial müdafiə, uşaq siyasəti, qayğı siyasəti və tikinti planlamasında əhəmiyyətli ola bilər.
Humay Axundzadə
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri