Dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkələrdən biri və qlobal siyasətdə aparıcı ölkə olan ABŞ-nin Ermənistanla son zamanlar daha çox yaxınlaşması (15 yanvar 2025-ci il tarixində ABŞ və Ermənistan arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişi bu yaxınlaşmanın daha da sürətlənməsi gözləntisini yaradır) fonunda ABŞ-Azərbaycan və ABŞ-Ermənistan iqtisadi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf dinamikasının müqayisəli təhlili mühüm əhəmiyyət kəsb edir.
ABŞ-Azərbaycan iqtisadi münasibətləri. Azərbaycan Respublikası və ABŞ arasında diplomatik münasibətlər 28 fevral 1992-ci il tarixindən başlayır. Azərbaycan ABŞ ilə bir çox sahələrdə əməkdaşlıq edir. Xüsusilə, enerji sahəsində Azərbaycanla ABŞ arasında məhsuldar əməkdaşlıq mövcuddur. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Çünəşli” yataqlarının birgə işlənməsi üzrə 20 sentyabr 1994-cü il tarixində imzalanmış "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış və həmin vaxtdan etibarən ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək göstərmişdir.
2017-ci ilin sentyabr ayının 14-də Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş “Hasilatın Pay Bölgüsü (HPB)” sazişində də ABŞ-nin Şevron və Ekson şirkətləri yer almışdır
Həmçinin, ABŞ Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini, xüsusilə “Cənub Qaz Dəhlizi”nin ərsəyə gəlməsini dəstəkləyir. Dövri mətbuata istinadən, ABŞ-nin hazırkı Prezidenti Donald Tramp çıxışlarında Azərbaycanın Xəzər dənizindən enerji resurslarının hasilatı və ixracı da daxil olmaqla qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirdiyini bildirmişdir.
İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər 1993-cü ildə imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında ticarət münasibətləri haqqında saziş və 1997-ci ildə imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında investisiya qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında müqavilədir.
1995-ci ildə təsis olunan ABŞ-Azərbaycan Ticarət Palatası ticarət missiyaları və konfransların keçirilməsi, tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə uzunmüddətli biznes əlaqələri qurmaq istəyən ABŞ və Azərbaycan sahibkarları üçün bir platformadır.
2016-cı ildən etibarən ABŞ və Azərbaycan dövlət qurumlarının iştirakı ilə keçirilən illik Trans-Xəzər forumu çərçivəsində ABŞ, Azərbaycan və Transxəzər ölkələri arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilir.
2007-ci ildən etibarən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası mövcuddur. Komissiyanın 4 iclası keçirilmişdir. 5-ci iclasa hazırlıq işləri aparılsa da, pandemiya ilə əlaqədar keçirilməsi təxirə salınmışdır.
Xarici ticarət sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı. Azərbaycan Cənubi Qafqazda ABŞ-nin ən böyük ticarət tərəfdaşıdır. ABŞ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1995-ci ildən 2006-cı ilədək rəvan şəkildə artmış, 2007 və 2008-ci illərdə kəskin sıçrayış qeydə alınmış və 2009-cu ildən 2023-cü ilədək ticarət dövriyyəsinin dinamikasında (bəzi illərdə korreksiyaları nəzərə almaqla) trend aşağı yönəlmişdir (Bax. Qrafik 1.).
Mənbə: https://oec.world/en/profile/bilateralcountry/aze/partner/usa?dynamicBilateralTradeSelector=year2022 məlumatı əsasında müəllif tərəfindən hazırlanmışdır.
Qrafik 1.-dən göründüyü kimi, 2007-2010-cu illər ərzində ticarət balansı müsbət saldo ilə Azərbaycanın xeyrinə olmuş, qalan illərdə isə ticarət balansı müsbət saldo ilə ABŞ-nin xeyrinə olmuşdur.
Azərbaycandan ABŞ-yə ixrac edilmiş mühüm məhsullar içərisində 1995-2005-ci illər arasında trikotajlı və trikotajsız paltarlar, balıq məhsulları, yağlı toxum və meyvələr, əntiq əşyalar, mineral xammallar, elektrik avadanlıqları, üzvi kimya məhsulları və plastik məhsullar əhəmiyyətli yer tutmuş, 2006-2018-ci illər arasında ixrac edilmiş mühüm məhsullar içərisində xam neft məhsulu prioritet olmuş, 2019-2023-cü illərdə isə alüminium örtükləri, azot gübrəsi, neft qətranı, təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları xüsusi yer almışdır.
Azərbaycana ABŞ-dən idxal edilmiş mühüm məhsullar içərisində 1995-2023-cü illər ərzində maşın, mexaniki qurğular və hissələri, elektrik avadanlıqları və elektronika məhsulları, tibb ləvazimatları, dəmir-polad məmulatları, kimyəvi məhsullar, avtomobil, traktor və onların ehtiyat hissələri, tütün məhsulları, əczaçılıq məhsulları, mülki təyyarə və vertolyotlar, onların ehtiyat hissələri və quş əti məhsulları xüsusi çəkiyə malik olmuşdur.
İnvestisiyalar sahəsində ABŞ-Azərbaycan əməkdaşlığı. ABŞ tərəfindən regionda yatırılan birbaşa xarici investisiyaların çox hissəsi Azərbaycanın payına düşür. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2023-cü ilədək ABŞ Azərbaycan iqtisadiyyatına 18 milyard dollardan çox investisiya yatırmışdır. Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçmişdir. Təkcə 2022-ci ildə ABŞ-nin Azərbaycana qoyduğu investisiya həcmi 748 milyon dollar təşkil etmişdir.
Azərbaycandan ABŞ-yə investisiya yatırımlarına dair məlumata gəldikdə isə, Dövlət Neft Fondu ABŞ-nin maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına təxminən 8 milyard ABŞ dolları investisiya yatırmışdır.
ABŞ Dövlət Departamentinin son illər üzrə “İnvestisiya Mühiti Hesabatları”nda (Investment Climate Statements) çətinliklərə baxmayaraq Azərbaycanda ümumi invetisiya mühitinin yaxşılaşmaqda davam etdiyi, Hökumət tərəfindən birbaşa xarici investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üzrə islahatların aparılması qeyd olunur.
Hökumətlər ticarət və investisiyaların təşviqi üçün ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün vaxtaşırı ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasını çağırır. Birləşmiş Ştatlar Azərbaycanın öz enerji resurslarını inkişaf etdirmək, həmçinin Qərb bazarlarına ixrac etmək səylərini çoxdan dəstəkləyir və xam neft onun Azərbaycandan yeganə ən böyük idxalıdır. ABŞ şirkətləri Azərbaycanda dəniz neftinin işlənməsi layihələrində iştirak edir, Azərbaycana təyyarə və ağır texnika ixrac edir, telekommunikasiya və digər sahələrdə yaranan investisiya imkanlarını araşdırır. “Xarici İnvestisiyaların Qorunması haqqında” Qanun qanunla başqa hal nəzərdə tutulmayıbsa, milli sərmayəçinin də sərmayə qoya biləcəyi istənilən fəaliyyətə, o cümlədən milli təhlükəsizlik və müdafiə ilə bağlı fəaliyyətlərə birbaşa xarici investisiyaya icazə verir. Azərbaycan Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (Generalized System of Preferences - GSP) proqramı çərçivəsində benefisiar ölkə kimi müəyyən edilib və bu proqram çərçivəsində Azərbaycanın ixrac etmək istədiyi bir sıra məhsullar ABŞ-yə rüsumsuz giriş hüququna malikdir. GSP proqramı investorları Azərbaycanda məhsul istehsal etmək və seçilmiş məhsulları ABŞ bazarına rüsumsuz ixrac etmək üçün stimul yaradır.
ABŞ-Ermənistan iqtisadi münasibətləri. Ermənistan ilə ABŞ arasında diplomatik əlaqələr 7 yanvarın 1992-ci il tarixindən başlayıb. ABŞ Ermənistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamaqla onun ən mühüm tərəfdaşlarından biridir. Bunu iki ölkə arasında müxtəlif sahələr üzrə sayca 15-dən çox bağlanmış sazişlər də sübut edir.
Həmçinin, xüsusi qeyd edilməlidir ki, 1999-cu ildə ABŞ və Ermənistan arasında iqtisadi məsələlərə dair ABŞ-Azərbaycan birgə işçi qrupunun (U.S. — Armenia Joint Economic Task Force (USATF)) yaradılması ilə bağlı strateji bir müqavilə imzalanmışdır. Yaradılmış bu işçi qrup iqtisadi əlaqələrin dərinləşdirilməsi, Ermənistan və ABŞ arasında ticarət və investisiyaların daha da artırılması, Ermənistanda bazar islahatlarının aparılması, eləcə də Ermənistanın uzunmüddətli iqtisadi inkişafına töhfə vermək üçün ABŞ-nin yardım imkanlarının müzakirə edilməsi üçün hər il toplanır. İşçi qrup hər iki ölkəni narahat edən və maraqlandıran məsələləri müzakirə etmək üçün açıq forumdur.
2019-cu ildə Ermənistan-Amerika münasibətləri əməkdaşlıq sahələrini genişləndirərək, strateji dialoqun keyfiyyətcə yeni səviyyəsinə yüksəldi. 2019-cu ilin mayında Yerevanda Strateji Dialoqun açılış sessiyası keçirilib. ABŞ-ın dəstəyi ilə Ermənistan Respublikası hökuməti tərəfindən qəbul edilmiş demokratik islahatların gündəliyi, xüsusilə qanunun aliliyinin bərqərar edilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilir.
Sonuncu saziş isə 15 yanvar 2025-ci il tarixində ABŞ və Ermənistan arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişidir.
Xarici ticarət sahəsində ABŞ-Ermənistan əməkdaşlığı. ABŞ ilə Ermənistan arasında ticarət dövriyyəsində 1995-ci ildən 2008-ci ilədək artım trendi müşahidə edilmiş, 2009-cu ildən və 2020-ci ilədək azalma trendi qeydə alınmış, lakin 2021-2022-ci illərdə sıçrayışlı artım olmuş və 2023-ci ildə bu göstərici aşağı düşmüşdür. (Bax. Qrafik 2.).
Mənbə: https://oec.world/en/profile/bilateralcountry/usa/partner/arm?dynamicProductBalanceYearSelector=year2020&dynamicBilateralTradeSelector=year2022 məlumatı əsasında müəllif tərəfindən hazırlanmışdır.
Qrafik 2-dən göründüyü kimi, yalnız 2020-ci ildə ticarət balansı müsbət saldo ilə Ermənistanın xeyrinə olmuş, qalan illərdə isə ticarət balansı müsbət saldo ilə ABŞ-nin xeyrinə olmuşdur.
Ermənistandan ABŞ-yə ixrac edilmiş mühüm məhsullar içərisində 1995-2023-cü illər ərzində trikotajlı və trikotajsız paltolar, zinət əşyaları, qızıl, briliant, spirtli içkilər xüsusi yer almışdır. Qeyd etmək lazımdır ki, 2007-ci ildən başlayaraq ABŞ-yə ixrac olunan məhsulların içərisində alüminium folqanın xüsusi çəkisi daha çox olmuşdur.
Ermənistana ABŞ-dən idxal edilmiş mühüm məhsullar içərisində 1995-2023-cü illər ərzində avtomobil və onların ehtiyat hissələri, mülki təyyarə və vertolyotlar, onların ehtiyat hissələri, optik-elektrik cihazlar hissələri, dərman və quş əti məhsulları xüsusi çəkiyə malik olmuşdur.
İnvestisiyalar sahəsində ABŞ-Ermənistan əməkdaşlığı. ABŞ tərəfindən Ermənistana demək olar ki, elə bir nəzərəçarpacaq səviyyədə investisiya yatırılmayıb. Təkcə 2022-ci ildə ABŞ-nin Ermənistana qoyduğu investisiya həcmi 4 milyon dollar təşkil etmişdir.
Bununla belə, 1992-ci ildən etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistanda kiçik sahibkarlığın təşviqi, enerji və su təchizatının tənzimlənməsi, humanitar yardım, qanunvericilik bazasının təkmilləşdirilməsi, kənd təsərrüfatı və turizmin artırılması və digər tədbirlər üzrə bir çox proqramlar həyata keçirmişdir. Təkcə 2020-ci il üzrə USAID tərəfindən Ermənistana 31,5 milyon ABŞ dolları civarında yardım göstərilmişdir. ABŞ hökumətinin yardımı Ermənistanın demokratik və iqtisadi inkişafını təmin etmək, regional sülh və sabitliyə şərait yaratmaq üçün səylərini dəstəkləmək məqsədi daşıyır. Birləşmiş Ştatlar idarəçiliyi və siyasi prosesləri təkmilləşdirmək, korrupsiya ilə mübarizə aparmaq, iqtisadi artım yaratmaq və daha şəffaf, hesabatlı və effektiv ədliyyə sektoru üzrə zəmin yaratmaq üçün Ermənistanla tərəfdaşlıq edir. Beləliklə, ABŞ hökuməti tərəfindən Ermənistana 1992-ci ildən indiyə qədər 2,9 milyard ABŞ dollarından çox məbləğdə yardım edilmişdir. COVID-19 pandemiyası ilə əlaqədar Ermənistana ABŞ tərəfindən təqribən 14 milyon ABŞ dolları civarında yardım göstərilmişdir. Bütün bunlar onu göstərir ki, ABŞ Ermənistana humanitar və texniki yardımın ən böyük donorudur.
Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta 907-ci düzəliş əlavə edilib və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımı qadağan edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir.
Nəticə
Xarici ticarət sahəsində ABŞ ilə Azərbaycan arasında illər üzrə ticarət dövriyyəsi ABŞ ilə Ermənistan arasında ticarət dövriyyəsindən yüksək olmuşdur. Hər iki respublikanın ABŞ ilə ticarət balansında ticarət saldosu əsasən ABŞ-nin xeyrinə olmuşdur. Hər iki respublikaya ABŞ-dən əsasən hazır məhsullar idxal edilmişdir. ABŞ-yə ixracda isə Azərbaycandan əsasən xam neft və 2019-cu ildən etibarən alüminium örtükləri, azot gübrəsi, neft qətranı, təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları satılmış, Ermənistandan əsasən trikotajlı və trikotajsız paltolar, zinət əşyaları, qızıl, briliant, spirtli içkilər, 2007-ci ildən etibarən alüminium folqalar satılmışdır.
İnvestisiyalar sahəsində ABŞ Cənubi Qafqaz regionunda ən çox Azərbaycana birbaşa xarici investisiyalar yatırmışdır. ABŞ tərəfindən Ermənistana demək olar ki, elə bir nəzərəçarpacaq səviyyədə investisiya yatırılmayıb, lakin kifayət qədər humanitar və texniki yardımlar göstərimişdir. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən Azərbaycan işğala məruz qalmasına baxmayaraq, ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta 907-ci düzəliş əlavə edilməklə Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımı qadağan edilmişdir.
Mənbə:
https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan%E2%80%93AB%C5%9E_m%C3%BCnasib%C9%99tl%C9%99ri
https://washington.mfa.gov.az/az/category/iqtisadi-elaqeler
https://oec.world/en/profile/bilateralcountry/aze/partner/usa?dynamicBilateralTradeSelector=year2022
https://report.az/biznes-xeberleri/abs-in-azerbaycana-investisiya-qoyulusunun-meblegi-aciqlanib/
https://ustr.gov/countries-regions/europe-middle-east/russia-and eurasia/caucasus-region/azerbaijan
https://az.usembassy.gov/u-s-and-azerbaijan-policy-history/
https://usa.mfa.am/en/bilateral-us/
https://2009-2017.state.gov/r/pa/prs/ps/2011/09/173973.htm
https://oec.world/en/profile/bilateralcountry/usa/partner/arm?dynamicProductBalanceYearSelector=year2020&dynamicBilateralTradeSelector=year2022
https://ustr.gov/countries-regions/europe-middle-east/russia-and-eurasia/caucasus-region/armenia
https://www.state.gov/wp-content/uploads/2021/08/Armenia_FY-2020-Country-Assistance-Fact-Sheet.pdf
Elmir S. Mehdiyev
Sosial-İqtisadi Təhlil Departamentinin aparıcı məsləhətçisi
Sosial Tədqiqatlar Mərkəzi (STM)