Emal sənayesinin formalaşdırılması və inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, rəqabət qabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, mühüm sənaye məhsullarının idxaldan asılılığının azaldılması, əhalinin artan tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədilə Sənaye Parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkənin iqtisadi artımının təmin edilməsində mühüm yeri olan sənaye istehsalının təşkili üçün xüsusi yerlər - sənaye parkları yaradılır ki, onlar da vahid istehsal infrastrukturu, vergi və gömrük güzəştləri təmin etməklə həmin sənaye zonasında fəaliyyət göstərən müəssisələrin xərclərini əhəmiyyətli dərəcədə azalda bilir. Bundan əlavə, sənaye parkları onların bazasında sənaye və innovativ müəssisələrin birləşməsinə görə investisiyaların cəlb edilməsi üçün effektiv vasitədir.
Dünya təcrübəsi onu göstərir ki, sənaye parkları üçün ən mühüm tələb onun nəqliyyat logistikası sistemi baxımından yerləşməsidir, çünki nəqliyyat xərcləri dəyər zəncirində mühüm yer tutur. Avropada sənaye parkları müəyyən edilmiş sənaye sahələri üzrə artıq qurulmuş sənaye klasterlərində təşkil edilir. Məsələn, Almaniyada kimya sənayesi, metallurgiya, kağız istehsalı, sement və keramika sənayesində yaradılmış klasterlər əsasında sənaye parkları formalaşdırılıb. Əsasən, yaradılan sənaye parkları bu və ya digər sənaye sahəsi üzrə istehsal etdikləri məhsulları bir-biri ilə əlaqəli və bir-birini tamamlayan müvafiq müəssisələrin bir klasterdə cəmlənməsinə xidmət edir. Beləliliklə, sənayenin inkişafının əsas vasitələrindən biri regionlarda sənaye parklarının yaradılması və sənayenin klasterləşməsidir. Klasterin mahiyyəti bir ərazidə ümumi xammal bazasında fəaliyyət göstərən, bir-biri ilə əlaqəli müəssisələr və bu müəssisələri özündə birləşdirən sənayelər qrupunun yaradılmasıdır. Klasterə misal olaraq, “Silikon Vadisi”, “Airbus”, “Fujitsu Siemens Computers” və digərlərini göstərmək olar. Klasterin əsas xüsusiyyətləri əməkdaşlıq və ərazi konsentrasiyasıdır. Məsələn, neft-kimya klasteri qonşu ərazidə neft hasil edən, neft emalı, neft tullantılarını emal edən, habelə bu müəssisələrin məhsullarından digər son məhsulları istehsal edən müəssisələrin birliyidir.
Azərbaycanda da iqtisadiyyata, xüsusən də sənaye parklarına investisaya yatırılması imkanları genişlənməkdədir. Belə ki, ölkədə son illər ərzində biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi addımlar atılıb. 2019-2023-cü illərdə Azərbaycanda investisiya qoyuluşu (daxili və xarici investisiya) COVID-19 pandemiyası səbəbindən yalnız 2020-ci ildə bir qədər azalmış, növbəti illərdə isə müvafiq göstərici dinamik şəkildə artmışdır. Belə ki, 2023-cü ildə cəmi investisiya qoyuluşunun həcmi 2019-cu ildəki müvafiq göstərici ilə müqayisədə 28,4% çoxdur (Bax. Qrafik 1.).
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.
Azərbaycanda investisiya imkanlarının istiqamətləri çoxşaxəlidir. Belə ki, investrolar üçün investisiya təşviqi sənədinin verilməsi, sənaye zonaları və aqroparkların yaradılması kimi tədbirlər ölkədə əlverişli investisiya imkanları yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Sənaye Parklarının yaradılmasıdır. Azərbaycanda sənaye parklarının yaradılması sənayeləşmə üzrə aparılan dövlət siyasətinin əsas tərkib hissəsi və çağırışlarından biridir.
Sənaye Parklarının investorlara verdyi əsas üstünlüklərdən biri odur ki, rezident müəssisələr üçün bütün istehsal üzrə infrastrukturlar (elektrik, təbii qaz, su təchizatı, rabitə-internet xətləri və s.) dövlət tərəfindən təmin edilir. Həmçinin, Sənaye Parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bu da öz növbəsində investorları Sənaye Parklarına ciddi maraq göstərməsinə və müvafiq prioritet layihələr üzrə investisiyalar yatırmasına gətirib çıxarır.
Hazırda, Azərbaycanda Qarabağ və Zəngəzur iqtisadi rayonlarında, həmçinin Naxçıvanda yaradılmış sənaye parkları ilə birgə 8 sənaye zonası mövcuddur və yaxın gələcəkdə bu cür yeni sənaye parklarının yaradılması gözlənilir. Mövcud Sənaye Parklarında əsasən kimya, neft-kimya, maşınqayırma, gəmiqayırma, əczaçılıq, toxuculuq və qida sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir və bir qismi hazırda tikilməkdədir.
Azərbaycanda Sənaye Parklarında rezident olan sahibkarlıq subyektləri tərəfindən müxtəlif layihələr üzrə müəssisələrin yaradılması ilə əlaqədar yatırılan investisiyaların cəmi həcmi 2022-ci ildə 52,1 milyon ABŞ dolları olmuşdursa, 2023-cü ildə bu göstərici 104,6 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2 dəfədən çox artım deməkdir. Sənaye Parklarına qoyulan investisiya qoyuluşunun ölkə üzrə ümumi investisiya qoyuluşunun həcmində payı 2022-ci ildə 0,3% idisə, 2023-cü ildə müvafiq göstərici 0,6% təşkil etmişdir. Qeyd edək ki, indiyə qədər (2024-cü il daxil olmaqla) təqribən Sənaye Parklarına yatırılan cəmi investisiyaların həcmi 4 milyard ABŞ dollarından çox təşkil edir.
Beləliklə, Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşu son illərdə artmaqdadır. Bunun əsas səbəbi ölkədə investisiya imkanlarının artırılmasıdır. Əsasən sənaye parklarının yaradılması ilə burada tətbiq edilən güzəştlər nəticəsində həmin sənaye zonalarına investisiya yatırımları dinamik şəkildə artmaqdadır.
İstifadə olunan mənbələr:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmi internet saytı http://www.economy.gov.az/
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet saytı http://www.stat.gov.az/
3. https://ekonomika.snauka.ru/2017/05/14837
4. https://xn--11-nmc.xn--p1ai/news/industrialnie-parki-i-technoparki-mirovoy-opit
Elmir Mehdiyev
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi