Go to top
skip to main content

Tanımadığımız türklər: niyə az eşitmişik, ya da heç eşitməmişik?

11.09.2020

Tarixi araşdırmalar bizim qarşımızda o qədər geniş intellektual məkan yaradır ki, biz o məkanın adi səyahətçisindən daha çox məkanın daimi sakini olmağa çalışırıq. Özəlliklə bizim ortaq tarix ənənələrimizə və soy-kökümüzə yaxın olan toplumların tarixini araşdırmaq tanımadığımız yeni məcralara çıxış imkanı əldə etmək şansı yaradır. Tarixiçi Fukuyama yazırdı ki, tarix onu dərk etmək istəyənlərin məkanıdır. Baxmayaraq ki bütün dünya həm də tarixin təhrifi, saxtalaşdırılması, diplomatik və sair vasitələr üçün dəyişmək və müdaxilə cəhdləri ilə üz-üzə qalır çox zaman.

 

Ortaq türk tarixi ilə bilgilər və tədqiqatlar bizi həm də yanlış təsəvvürlərdən xilas edir. Ərəstü Həbibbəyli türk sivilizasiyaları ilə bağlı məqamalrı qeyd edir. "Sivilizasiyaların kəsişməsində Türk dünyası" kitabı bizə ortaq türk tarixi haqqında dəyərli materiallar təqdim edir. Özəlliklə sivilizasiyaların toqquşmasında türk kimliyinin öyrənilməsi mütləq və hətta labüddür. Türklərin Ön Asiyada yerli xalq olması və ilkin miqrasiyanın qərbdən - şərqə (Ön Asiya, Qafqazdan - Ural, Altay istiqamətində) doğru olmasını arxeoloji materiallar da təsdiq edir. Arxeoloji materiallar Ön Asiya ilə Uralboyunun qədim əhalisinin maddi mədəniyyətinin genetik bağlılığını göstərir. İlkin Türk sivilizasiya nümunələrindən hesab edilən Arkaim mədəniyyətinin dəfn adətləri ilə, ondan zamanca qədim olan Ön Asiyanın qədim əhalisinin dəfn adətləri eyni və ya olduqca oxşardır. Məsələn, cəsədin dizdən qarına tərəf bükülü olaraq dəfni və məzarın baş tərəfinə camın qoyulması hər iki regionda qədim əhalinin genetik cəhətdən eyni dini baxışlara malik olduğunu göstərir. Bununla bağlı, Pərviz Elay yazır ki: “Hələ e.ə. VI – V minilliklərdə Ural, Şimali Xəzər regionuna dayanmadan Ön Asiyadan kökünü götürən axınlar olmuşdu; arxeologiya inkaredilməz dəlillərə əsaslanır. Əgər belədirsə, onda bu nəticə ortaya çıxır ki, prototürk dili özü UralŞimali Xəzər regionuna Ön Asiyadan gəlmədir. Yəni Ural-Xəzər regionu prototürk dili və mədəniyyətinin birinci yox, ikinci böyük mərkəzi idi”.

 

Böyük insan resurslarına, güclü dövlət aparatına malik olmasına baxmayaraq, Çin sivilizasiyası heç zaman öz təbii sərhədlərinin əhatələndiyi Çin səddini adlaya bilməmişdir. Azərbaycanlı alim Yunis Oğuz “Türkün tarixinə yeni bir baxış” əsərində bu məsələni bir sual olaraq ortaya qoyur. O yazır: “Hələ hunların dövründə qədim hunlar Uzaq Şərqdə imperiya yaradanda cəmi 400 000 nəfər olublar. Onların qonşusu Çinin əhalisi isə hunlardan 30-40 dəfə artıq olub. Lakin çinlilər Qərbə axın etməyiblər, onlar yaşadıqları ərazi ilə kifayətlənməli olublar, amma Sivilizasiyaların kəsişməsində türk dünyası 54 hunlar qərbə can atıblar. Çinlilər üçün qərbə doğru hərəkət yad coğrafi şərait, özgə sivilizasiya tipi xarakteri daşıyırdısa, türklərin qərbə hərəkəti özü üçün doğma olan coğrafi şəraitdə sadəcə mexaniki yerdəyişmə idi. Buna görə də türklərin qərbə hərəkəti zamanı onların sivilizasiya identifikasiyasında heç bir əsaslı dəyişiklik baş vermədi. Bu zaman qərbə hərəkət zamanı dedikdə, “Çöl” landşaftının Avrasiya məkanında qərbdəki son sərhədinədək hərəkət nəzərdə tutulur. Çünki bu sərhəddən kənarda artıq Türk sivilizasiyası da yad element olaraq assimilyasiyaya məruz qalır. Biz bunu Macarıstanın timsalında açıq-aydın müşahidə edirik. Belə ki, tarixdən təkzibedilməz faktlarla məlumdur ki, türklər bu coğrafiyada bir müddət hakim olmuş, hətta yerli xalqın etnogenezisi ilə bağlı proseslərdə iştirak etmişlər. Bununla bağlı 2011-ci ildə Macarıstanın Prezidenti Pal Şmittin İspaniyanın ABC qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər Türk sivilizasiyasının bu ölkədə özününkü qəbul edildiyini bir daha göstərir. O bildirir ki: “Yaxşı ki, biz 150 il türklərin hakimiyyəti altında olmuşuq: həmin illər ərzində türklər tərəfindən idarə olunmağımızı şans sayıram. Ölkəmiz türklər yox, başqa dövlət tərəfindən işğal edilsəydi, biz də assimilyasiyaya uğrayacaqdıq. 150 il boyunca Macarıstan türklər üçün strateji məkan olmuşdur”49. Macarıstandan qərbə doğru isə təbii landşaft və etno-mədəni areal özgə olduğu üçün Türk sivilizasiyasının sərhədləri genişlənə bilməmişdir. Müasir nəsil sivilizasiyalar arasında yeganə fərqli mənzərə Qərb sivilizasiyası ilə əlaqədar müşahidə olunur. Belə ki, Qərb sivilizasiyasının öz təbii sərhədlərindən çıxaraq Amerika və Avstraliyaya doğru genişlənməklə özü üçün yad məkanda etnomədəni tipini qoruyub saxlaya bilmişdir. Lakin tarixi faktlar göstərir ki, Qərb sivilizasiya hüdudlarının bu qədər genişlənməsi yalnız bu ərazilərdə yerli sivilizasiya daşıyıcılarının tamamilə məhv edilməsi sayəsində mümkün olmuşdur.

 

Hazırda müxtəlif məlumatlara görə dünyada təxminən 250- 300 milyon türk etnosuna məxsus insan yaşayır. Türk xalqlarının tarix və mədəniyyəti ilə bağlı çoxsaylı araşdırmaları olan Cavad Heyət bildirir ki, türk qövmləri 29 türk ləhcəsində danışırlar. Bu ləhcələrin 22-sinin müstəqil yazılı qrammatika və ədəbiyyatı vardır.57 Türk xalqları linqvistik xüsusiyyətlərinə görə dörd qrupa bölünürlər: 1. Oğuz qrupu - Türkiyə və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, Axıska türkləri, Krım tatarları, türkmanlar 2. Uyğur qrupu - özbəklər, salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulım tatarları və b. 3. Qıpçaq qrupu - qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar 4. Bulqar qrupu - tatarlar, başqırdlar, qaraçaylar.

 

Türk xalqlarının inanclarında Tanrı əsas yer tutur. Tarixin müxtəlif dövrlərində ayrı-ayrı türk xalqları islam, xristianlıq, iudaizm, buddizm, tenqriçilik, atəşpərəstlik, şamanizm, animizm kimi din və inanc sistemlərinə tapınmışlar. Lakin xüsusi vurğulanmalıdır ki, qədim dövrlərdən bəri türk xalqlarının tarixinə baxdıqda aydın olur ki, türk xalqları təkAllahlı dinə üstünlük vermişlər. Zaman-zaman kənar müdaxilələr hesabına türklərin dini inancında fərqli təsirlər olsa da, monoteist dini inanc türklər üçün daim xarakterik olmuşdur. Bu xarakterik xüsusiyyət isə Türk sivilizasiyası daşıyıcılarını bu gün daxil olduğu islam dini çərçivəsində belə digər daşıyıcılardan (Ərəb, İran, Malay) əsaslı fərqləndirmişdir. İslam mədəniyyəti ətrafında birləşən digər sivilizasiyaların islamaqədərki dini görüşü ilə islam dini arasında kəskin fərqlərin olduğu halda, türklərin islamaqədərki dini dünyagörüşü daha çox təkAllahlı olmuş və türklərin müsəlmanlaşmasından sonra islam dini dünyagörüşü ilə bir ahəngdarlıq təşkil etmişdir. Türklər arasında müxtəlif heyvanların müqəddəs sayılmasına əsaslanaraq onların islamdan əvvəl totempərəst olmaları ilə bağlı iddialarla əlaqədar bildirmək istərdik ki, bu bağlantı ümumilikdə türkün ruhuna yaddır. Doğrudur, türklərdə bəzi heyvanlar - qurd, aslan, qartal müqəddəs sayılmışdır, amma bunu totemizmə bağlamaq türkün ruh aləmi haqqında yanlış təsəvvürlərin yaranmasına səbəb olar. Bununla bağlı professor Cavad Heyət totemizmin türklərə yad olmasını dəyərli sübutlarla əsaslandırmışdır. O, “Türklərin tarix və mədəniyyətinə bir baxış” kitabında yazır: “Əski türkləri totempərəst sayanlar onların qurdu özlərinə ata bildiklərinə əsaslanıb Fəzlullah Rəşid əd-Dinin “Came ət-təvarix”də 24 oğuz boyunu sayarkən, hər dörd boy üçün bir quşu Sivilizasiyaların kəsişməsində türk dünyası 62 onğun (totem) gösərdiyini dəlil gətirirlər. Halbuki totemçilik və ya totempərəstlik yalnız bir heyvanı cədd tanımaq və bir quşu müqəddəs saymaq deyildir. Totemçilik bir inam nizamı olaraq, müəyyən ictimai və hüquqi cəbhələrə malik idi. Totempərəstlikdə ana hüququ hakimdir və mülkiyyət qəbilə üzvləri arasında müştərəkdir. Türklərdə isə ata hüququ hakim olub, xüsusi mülkiyyət isə möhtərəm sayılmışdır. Totemçilikdə bir totemə pərəstiş edən qəbilə əqrəba sayılar, halbuki türklərdə əqrəbalıq qana bağlıdır. Totemçilikdə hər qəbilənin xüsusi bir totemi vardır. Türklərdə bütün qəbilələr bir heyvanı (qurdu) uğurlu sayar, lakin ona pərəstiş etməzlər. Totemçilikdə heyvandan başqa daş parçası, ağac, yağış suyu da totem ola bilər. Totemçilikdə qəbilə fərdi toteminin adı ilə adlanır, halbuki türklərdə hər ailə və fərdin özünəməxsus adı vardır. Totemçilikdə ruhun əbədi qalmağına inanmazlar. Əski türklər isə ruhları əbədi bilib, kainatın da ruhunun olduğuna inanırdılar. Buna görə də atalarının ruhlarına nəzir və qurbanlıq edərdilər”58. İslamaqədərki türk dini əqidəsində və bütövlükdə türk dini inanc sistemində Tenqriçilik (bəzən “Göy Tanrı” dini və ya Tanrıçılıq da adlandırılır) aparıcı yer tutmuş və bünövrə rolunu oynamışdır. Hun, Göytürk Xaqanlıqlarında əsas olan bu dini inancda müqəddəs varlıqlar, təbiət qüvvələri, atalar kultu olsa da yeri-göyü yaradan ən uca varlıq “Göy Tanrı” hesab edilirdi. Bu dini inanca görə Tanrı ən yüksək varlıq olub, kainatı yaradıb və səmavi mahiyyəti olduğu üçün Göy Tanrı adlanırdı.

 

Türk siviliasiyaları barədə Ərərstü Həbibbəylinin kitabındakı qeydləri başqa bir yazıda ümumiləşdirməyi düşünürəm.

 

Mənim bu yaxınlarda diqqətimi Salar türkləri çəkdi. Salarlar uyğurlar kimi oğuz türkləridir. Göz quruluşları və bütün antropoloji keyfiyyətlərinə görə uyğurlara bənzəyirlər. Daha doğrusu, müxtəlif tədqiqatçılar onları uyğurların ən yaxın qohumu hesab edirlər.

 

Ə.Həbibbəyli məqalələrinin birində Salar türklərinin Azərbaycan dilinə yaxın dildə danışmaqları ilə bağlı qeydə rast gəldim. Müasir təsnifatlarda 40-dan çox dil və ya ləhcənin əhatə olunduğu türk xalqlarının dil ailəsinin 4 qrupa: oğuz, qıpçaq, qarluq və bulğar qruplarına ayrılması əksər tədqiqatçılar tərəfindən qəbul olunmuş yanaşma hesab edilir. Bununla belə Sibirdə yaşayan türk xalqlarının dil qrupu təsnifatı ilə bağlı vahid yanaşma hələ də mövcud deyil və bəzən ayrıca qrup kimi təsnifləşdirilməsinə də rast gəlinir. Xüsusən də, yakut və çuvaş dillərinin digər türk dil və ləhcələrindən anlaşılmayan dərəcədə fərqli olması bu cür yanaşma üçün əsas verir.

 

Çin Xalq Respublikasının "Xunhua Salar Muxtar bölgəsi'' və ətraf vilayətlərdə yaşayan salarlar əksər türkoloji tədqiqatlarda sarı uyğurlarla bərabər təsnif olunurlar. Qeyd etməliyik ki, Çində rəsmi olaraq tanınan 56 etnik qrupdan 7-si türk əsillidir. Bunlar uyğur, qazax, tatar, sarı uyğur, salar, qırğız və özbək türkləridir. Göründüyü kimi salarlar və sarı uyğurlar (bəzən yuğurlar adlandırılırlar) ayrı-ayrı türk etnik qrupları kimi tanınmışdır. Bu 7 türk toplumundan yalnız salarlar oğuz dil qrupuna aid edilir. Salarların ayrıca qrup olaraq təsnif edildiyi azsaylı mənbələrdən biri kimi Türkiyə Dəyanət Vakfının nəşr etdiyi "İslam Ensiklopediyası''nı qeyd etmək olar. Bu ensiklopediyada salar dili ayrıca dil olaraq qeyd edilib və sarı uyğurlarla dilin xüsusiyyətlərinə görə kifayət qədər fərqliliklərin olması göstərilib. Say baxımından da salarlar daha çoxsaylıdırlar. Belə ki, 2010-cu ildə Çində əhalinin siyahıya alınması məlumatlarına əsasən salarların sayları 130 min nəfər, sarı uyğurlar isə 14 400 nəfər olaraq qeydə alınmışdır. Bundan başqa hər ikisi antropoloji cəhətdən monqoloid irqinə mənsub olan sarı uyğurlar buddizmə, salarlar isə İslam dini inancına sahib olduqlarına görə müəyyən fərqliliklər nəzərə çarpır.

 

 

Ümumilikdə Türk dilləri ailəsinin təsnifatında coğrafi prinsip əsasında yanaşmanın ən yaxşı nümunələrindən birini Rusiyalı alim, məşhur türkoloq Nikolay Baskakov (1905-1995) vermişdir. Onun təsnifatında türk dilləri Qərbi və Şərqi Hun qoluna ayrılmaqla iki qrupa ayrılır. Şərqi Hun qolu özü 2 altqrupa bölünür ki, bunlardan da biri "uyğur-oğuz'' alt qrupudur. N.Baskakov sarı uyğur dilini (müvafiq olaraq salar dilini) bu alt-qrupa aid etmişdir və fikrimizcə, bu yanaşmanı ən dolğun təsnifatlardan biri hesab etmək olar. Ümumilikdə Oğuz qolunun daha çox Qərb türklərini əhatə etdiyini nəzərə alsaq, coğrafi cəhətdən Şərqdə - Çində yaşayan türkdilli etnosun bu qrupa aid edilməsi azsaylı nümunələrdəndir. Qeyd etməliyik ki, 1970-ci ildə ərəb əlifbasından latın əlifbasına keçid edən salar dilinin xüsusiyyətlərinin öyrənilməsi dilçi alimlərin imkanlarını daha da asanlaşdırır. Salar dili lüğət tərkibi və morfoloji xüsusiyyətlərinə görə Azərbaycan türkcəsi ilə yaxınlığı ilə seçilir.

 

Tarixi ekskurs edəndə salar adı ilə bağlı bir neçə məqamı qeyd etmək lazımdır. Bu mənada ilk ağla gələn orta əsrlərdə mövcud olmuş Salarilər dövlətidir. 919-1062-ci illərdə Azərbaycan torpaqlarının daxil olduğu Salarilər dövlətinin salar türk tayfaları ilə əlaqəsinin olub-olmaması maraq doğurur. Məlum olduğu kimi, Salarilər dövlətində hakim sülalə türk mənşəli olmadığından bu əlaqə sadəcə fonetik oxşarlıqdan uzağa getmir.

 

 

Tarixi mənbələrdə salur (yaxud salar) adınatürk dilləri haqqında ilk ensiklopedik mənbə olan Mahmud Kaşğarlının "Divanü lüğət-it-türk'' əsərində rast gəlinir. Əsərdə oğuz tayfalarının arasında salğur və ya salur adı oğuz türklərinin adı çəkilmişdir. Bundan başqa oğuz tayfalarının həyatını əks etdirən "Dədə Qorqud'' dastanında Salur Qazan xandan bəhs olunur. 24 oğuz boyundan biri olan salurlar ilə hazırkı salar türkləri  arasında əlaqənin tədqiqatçılar tərəfindən araşdırırlmasına ehtiyac vardır.

 

Beləliklə, Azərbaycan türkcəsi ilə eyni dil qrupunda olan salarlarla bağlı qısa bir araşdırma onu deməyə əsas verir ki, 1000 ildən çox bir tarixi dövrdə coğrafi cəhətdən digər Oğuz qrupu təmsilçilərindən tam ayrı və qarşılıqlı əlaqə olmadan yaşamalarına baxmayaraq salarlar dil xüsusiyyətlərinə görə xüsusi bir fərqlilik daşımırlar. Bu mənada Dədə Qorqud dastanındakı "iç Oğuz'' və "dış Oğuz'' anlayışlarını da bu aspektdən qiymətləndirmək olar. Bu isə bir daha bütün Avrasiya coğrafiyası boyu "Böyük Çöl'' və ya "Bozqır'' landşaftı daxilində türklərin gəlmə olmadığına dəlalət edir. Belə ki, Altayda, Çində, Kiçik Asiyada yaxud Qafqazda yaşayan müxtəlif Oğuz tayfalarınıntarixi zaman kəsiyində həm Şərqdən-Qərbə, həm də Qərbdən-Şərqə ayrı-ayrı vaxtlarda axınları olmuşdur. Ancaq hər iki halda Bozqırın həm Şərqində, həm də Qərbində daimi yaşayan və bu axınlarda iştirak etməyən oğuz tayfaları da olmuşdur və salarları da onlardan biri hesab etmək olar.

 

Bir məqamı da xüsusi qeyd edim ki, salarlar İslam dininə çox sadiqdir və hər kənddə bir məscid var. 1750-ci ildə salarların çoxu İslam dinini qəbul etdilər. 1980-ci illərdə 80-dən çox məscid var idi. Tibetlilərlə çox yaxın və birlikdə yaşasalar da Buddizm dininə qarşı güclü şəkildə qarşı çıxdılar və təzyiqlərə baxmayaraq Buddist olmadılar.

 

2000-ci il əhalinin siyahıya alınmasında 104.503 salar qeydə alınmışdır. Əhalinin əksəriyyəti Çinhay əyalətindəki Shunhua Salar Muxtar Dairəsi və Hualung Hui Muxtar Dairəsi, Gansu Əyalətindəki Cishishan Bao'an Dongxiang və Salar Muxtar Dairəsi, Sincan Uyğur Muxtar Dairəsi və Qazaxıstan Muxtar Vilayətində yaşayırlar.

 

Çindəki digər müsəlmanlar kimi qadın hicabları dini ritualdan daha çox şəxsiyyəti və mənsubiyyəti ifadə edən bir ənənə halına gəlib. Qinghaydakı ağsaqqallar şurası adlandırıla bilən məclisin böyük bir üzvü mərkəzi hökumətin iradəsi ilə salarlar arasından təyin edilir və bir çox məsələlərin həllində mühüm rol oynayır.

 

    Tural İsmayılov

STM-in baş məsləhətçisi