Yuxarıya
skip to main content

"Ağır" bilərziklər

03.09.2019

Bu məqalə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı İnqilab Şahbazov və Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi Elsevər Muradovun həyata keçirdiyi tədqiqatın nəticələri əsasında hazırlanmışdır. 

 

Cəza siyasəti sahəsində son dövrlər dünya üzrə müşahidə edilən tendensiyalardan biri azadlıqdan məhrum etməyə alternativ cəza tədbirlərinin istifadəsinin genişlənməsidir. İnkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan bir sıra dövlətlərdə də artıq azadlıqdan məhrum etməyə alternativ cəza tədbirlərindən geniş istifadə edilməkdədir. Bu cür tendensiyanın geniş yayılması heç də təsadüfi deyildir. Belə ki, XX əsrin ortalarından etibarən (xüsusilə də 1970-ci illərdən sonra) aparılan kriminoloji tədqiqatlar aşkar etdi ki, azadlıqdan məhrum etmə cəza tədbirindən istifadənin bir sıra ciddi fərdi, sosial və iqtisadi fəsadları var. Çoxsaylı tədqiqatların nəticəsinə görə, müəyyən kateqoriya cinayətkarların (məsələn, böyük ictimai təhlükə törətməyən qanun pozuntusunu həyata keçirənlər) cəzaçəkmə müəssisəsinə, yaxud saxlama məntəqəsinə salınması həm onun şəxsi, həm də dövlət üçün heç bir ciddi fayda vermir.

 

Cəzaçəkmə müəssisəsinin kriminogen mühiti nəyinki reabilitasiya imkanlarını məhdudlaşdırır, bu vəziyyət həm də müəyyən kateqoriya insanları daha da korlayaraq, onların cəmiyyətə yenidən inteqrasiyasına mane olur. Məsələn, ehtiyatsızlıqdan cinayət törədən şəxsin azadlıqdan məhrum edilərək cəzaçəkmə müəssisəsinin kriminogen mühitinə düşməsi nəinki onun islahına kömək edir, əksinə, onun daha da korlanmasına gətirib çıxarır. Məhkumluq damğası isə onun sonrakı həyatında ömürlük ləkə kimi qalaraq, onun cəmiyyətə inteqrasiya olmasına - iş tapmasına, ailə qurmasına və s. maneə törədir. Buna görə də, son dövrlər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər, eləcə də inzibati qanun pozuntularını törədənlərin bu üsulla cəzalandırılmasından imtina edilməkdədir.

 

Diaqram 1- Azadlıqdan məhrumetmə tədbirinin həddən artıq istifadəsinin nəticələrini yuxarıdakı kimi ümumiləşdirmək olar.

 

 

Alternativ cəza tədbiri nədir?

 

Alternativ cəza tədbiri növü şəxsin cəmiyyətdən təcrid olunması ilə nəticələnməyən cəza tədbiridir. Alternativ cəza tədbiri çərçivəsində cəzalandırılan şəxs cəzaçəkmə müəssisəsinə yerləşdirilmir. O, cəmiyyətdə qalaraq, məhkəmə tərəfindən təyin edilən, bir çox hallarda probasiya xidmətinin nəzarəti altında müəyyən məhdudiyyətlər (məs, müəyyən növ fəaliyyət imkanlarından istifadəyə məhdudiyyətin qoyulması, müəyyən ərazidən kənara çıxışa qadağa qoyulması və s.) çərçivəsində fəaliyyətini davam etdirir. Alternativ cəza tədbirləri əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədən şəxslərə tətbiq edilir.

 

Alternativ cəza tədbirləri bir sıra üstünlüklərə malikdir. Hesablamalara görə, cinayətkarın cəzaçəkmə müəssisəsində saxlanılması ilə nisbətdə alternativ cəza tədbirləri müvafiq dövlət qurumu üçün daha aşağı xərc tələb edir. Məsələn, 2011-ci ildə Böyük Britaniyada aparılan təhlilə görə, 90 günlük ev dustaqlığının dövlət üçün xərci £1300 idisə, eyni müddət üçün cəzaçəkmə müəssisəsində məhbusun saxlanılması £6500-ə bərabər olmuşdur. Həmin ölkədə 2013-cü ildə qadın məhkumlar üzrə aparılmış hesablamalara görə isə, cəzaçəkmə müəssisəsində 1 illlik saxlanılma xərci £56,415 olduğu halda, ictimai iş üçün dövlət üzərinə düşən maddi yük cəmi £2,800 təşkil etmişdir. Bununla yanaşı, şəxs cəzaçəkmə müəssisəsinə yerləşdirilmədiyi, və yaşayış yeri üzrə nəzarətdə saxlanıldığı üçün alternativ tədbirlər həm də həmin müəssisələrin yüklənməsinin qarşısını alır. Bununla yanaşı, ictimaiyyətdə qalaraq cəzasını çəkən məhkumun ətrafı ilə sosial bağları qopmur, iş yerini itirmir (bu, həmişə belə olmaya bilər).

 

Azərbaycanda cinayət törətmiş şəxslərə qarşı azadlıqdan məhrum etmə cəzasına üstünlük verilməsinin səbəbləri

 

Azərbaycanda məhkəmələr tərəfindən təyin edilən cəzaların dinamikasına nəzər yetirsək, azadlıqdan məhrum etmənin ən geniş tətbiq edilən tədbir olduğunu görə bilərik. Müəyyən dərəcədə bu tendensiyanın nəticəsidir ki, ölkəmizdə hər 100,000 nəfərə düşən məhbus sayı elə də qənaətbəxş səviyyədə deyildir. Azərbaycanda məhbus əhalinin sayı 2016-cı il üçün hər 100,000 nəfərə 239 olmuşdur ki, bu da ümumi saxlama yerlərinin 94,4%-in dolması deməkdir. Müqayisə üçün deyək ki, hər 100,000 nəfərə düşən məhbus sayı Norveçdə 73, Belçikada 94, Latviyada 218, ABŞ-da 655, Türkiyədə 287 və Rusiyada 413 təşkil edir.

 

Verilən cəzaların statistikasına baxsaq görərik ki, 2016-cı ildə məhkum olunan 13758 şəxsin 7908 nəfəri (50%-dən çox) azadlıqdan məhrum etmə ilə cəzalandırılmışdır. Tətbiq edilmiş alternativ cəza tədbirləri arasında isə bölgü bu cür olmuşdur; islah işlərinə cəlb olunanlar (1836 nəfər), şərti məhkum olunanlar (1141 nəfər) və cərimə edilənlər (2606 nəfər). Nəzərə alsaq ki, 2016-cı ildə qeydə alınan cinayətlərin yalnız 14 %-i ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmuşdur, bu, azadlıqdan məhrum etmə cəza tədbirinin disproporsional dərəcədə, bir çox hallarda lüzumsuz yerə tətbiq edildiyinə dəlalət edir. Müqayisə üçün deyək ki, İngiltərə və Uelsdə hakimlər tərəfindən təyin edilən cəzaların yalnız 7%-də azadlıqdan məhrum etmə cəzasından istifadə edilmişdir. Kanadada bu göstərici 37% olmuşdur. 2015-ci ildə İsveçdə isə 107,000 məhkəmə hökmü arasında yalnız 8580 nəfər azadlıqdan məhrum edilmişdir ki, bunların da təxminən 60%-i narkotik vasitələrinin qanunsuz dövriyyəsi və mülkiyyət cinayətləri ilə bağlı olmuşdur. 10,100 nəfər ictimai iş və şərti məhkum etmə, 1830 nəfər isə azadlığın elektron bilərzik vasitə ilə məhdudlaşdırılması ilə cəzalandırılmışdır.

 

Azadlıqdan məhrum etməyə üstünlük verilməsi Azərbaycan ədalət-mühakimə və hüquq sistemi üçün aktual problemlərdən biridir. Ölkəmizdə alternativ cəza və qətimkan tədbirlərinin geniş istifadə edilməməsi, əvəzində, azadlıqdan məhrum etmə və həbs qətimkana üstünlük verilməsinin səbəblərinə dair hər hansısa kriminoloji tədqiqat aparılmamış olsa da, bu mövzu barəsində jurnalist araşdırmaları həyata keçirilmişdir. Bununla yanaşı, bir sıra xarici beynəlxalq təşkilatların hesabatlarında bu problem tez-tez nəzərə çatdırılmış, həbs qətimkan tədbirinə və azadlıqdan məhrum etməyə üstünlük verilməsinin səbəbləri müzakirə edilmişdir, baxmayaraq ki, həmin hesabatlarda bu məsələyə elə də geniş yer ayrılmamışdır.  Növbəti hissələrdə müzakirə edilən məsələlər və səsləndirilən mülahizələr bu tədqiqat çərçivəsində aparılan intervülərin nəticələri və bu günə kimi nəşr edilmiş materiallara əsaslanır.

 

Mətbuatda ifadə edilən və bu tədqiqat çərçivəsində səsləndirilən fikirlərə, habelə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarının təhlilinə əsasən, Azərbaycanda azadlıqdan məhrum etməyə və həbs qətimkan tədbirlərinə üstünlük verilməsinin başlıca səbəbi hakimlərin və prokurorların qanunlara yanaşması və interpretasiyası, eləcə də, digər amillərin (korrupsiya, bürokratik süründürməçilik və s.) məhkəmələrin fəaliyyətinə təsiri göstərilir. Məhz buna görə də, növbəti hissədə bu hüquqi və sosial problemin meydana çıxmasında həmin amillərin rolu müzakirə edilir.

 

Diaqram 2- Azərbaycanda həbs qətimkan və azadlıqdan məhrum etməyə üstünlük verilməsinin səbəbləri

 

 

Məhkəmələrin fəaliyyəti

 

Hakimlərin yanaşması və interpretasiyası qanunların icrasına təsir edən mühüm amildir. Məhz bu problemi Azərbaycanda azadlıqdan məhrum etməyə və həbs qətimkana üstünlük verilməsi məsələsinin timsalında aydın müşahidə edə bilərik. Belə ki, müstəqillik əldə edildikdən sonrakı dövrdə Azərbaycan qanunvericiliyində qanun pozan şəxsin haqsız yerə cəmiyyətdən təcrid olunmasının qarşısını alacaq bir sıra normalar və leqal mexanizmlər mövcud olmuşdur. Qanunvericilikdə cəza təyinetmə prosesində şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi təmin edilmiş, azadlıqdan məhrum etmə və həbs qətimkan tədbirinin əsasən ağır cinayət törətmiş şəxslərə tətbiq edilməsinə çağıran normalar yer almışdır.

 

Lakin uzun illər təcrübədə fərqli mənzərə müşahidə edilmişdir. Məhkəmələr bir çox hallarda Azərbaycan Respublikasının CPM-də qeyd edilən maddələr üzrə yox, fərqli formada prosessual hərəkətlər edirlər. Müxtəlif orqanlar və təşkilatlar tərəfindən aparılmış müşahidələr göstərir ki, ən geniş yayılmış problemlərdən biri prokuror tərəfindən məhkəməyə təqdim edilən ilkin sübutların hakimlər tərəfindən lazımi səviyyədə təhlil edilməməsidir. Belə ki, məhkəmələr istər həbs qətimkan tədbiri, istərsə də azadlıqdan məhrum etmə cəzası barəsində işə baxarkən prokurorun təqdimatının arqumentlərini, həbsin zəruriliyinin nədən ibarət olmasını, konkret olaraq nədə ifadə olumasını araşdırmır, ilkin sübutlara qiymət vermir. Əksinə, onlar istər azadlıqdan məhrum etmə, istərsə də, həbs qətimkan tədbirinin seçilməsinə formal mülahizələr əsasında qərar verirlər. Azərbaycan Respublikasının CPM-nin 154.2-ci maddəsində nəzərdə tutulan qətimkan tədbirllərinin ən ciddi növü hesab edilən həbs qətimkan tədbirinin seçilməsinin əsasları qərarda şərh olunmur, həbs qətimkan tədbirinin seçilməsinin əsası kimi təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, istintaqın normal gedişinə mane olmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlməmək kimi ümumi ifadələr işlədilir, onların mövcudluğu ehtimalını təsdiq edən hər hansı faktiki hala istinad olunmur. Təbii ki, sübutların müfəssəl şəkildə nəzərdən keçirilmədiyi bir işin nəticəsinin qanuniliyi insanlarda şübhə doğurur, məhkəmələrə qarşı ictimai inamın azalmasına səbəb olur. 

 

Məhkəməyə təqdim edilən sübutlardan əlavə, bəzi hallarda nə məhkəmə hakimləri, nə müstəntiq, nə də prokuror cinayətkar barədə lazımi səviyyədə araşdırma aparmır. Cinayətkarın şəxsiyyəti, ailə durumu, eləcə də, mümkün cəza növlərinin və qətimkan tədbirlərinin onun şəxsi və ətrafı üzərindəki mümkün təsirləri kifayət qədər öyrənilmir. Halbuki, Azərbaycan Respublikasının CPM-nin 155.2 maddəsində göstərilir ki, həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsində bir sıra məsələlər (məs; şübhəli və ya təqsirləndirilən şəxsə ittiham olunduğu əməlin ağırlığı, xarakteri və törədilmə şəraiti, əvvəllər cinayətin törədilməsi və s.)  nəzərə alınmalı, ətraflı öyrənilməlidir.

 

İstintaqdakı gecikdirmə

 

Azərbaycanda barəsində həbs qətimkan tədbiri seçilən şəxslər bir çox hallarda təcridxanada həddən artıq uzun müddət saxlanılırlar. Təcrübə göstərir ki, həbs qətimkan tədbiri tətbiq edilən şəxslər təcridxanaya yerləşdiriləndən sonra adətən barələrində hər hansı istintaq prosessual hərəkəti aparılmır.  Adətən müstəntiqlər belə bir taleyüklü məsələyə qeyri-ciddi yanaşır, təcridxanaya yerləşdirilən şəxsin işi barədə müfəssəl əməliyyat aparmırlar. Nəticədə də, bir çox hallarda şəxsin təcridxanada saxlanılması üçün qanunla müəyyən edilən vaxtdan daha artıq müddətə həmin şəxs təcridxanada qalır. Hətta bir çox hallarda müstəntiqlər ciddi bir əsas gətirmədən saxlanılma müddətinin uzadılması üçün vəsatət qaldırır və hakim tərəfindən belə vəsatət təmin edilir. Bu da təcridxanaların yüklənməsi və təcrid edilən şəxsin həyatında ciddi problemlərin yaranmasına (ailəsindən uzaq düşməsi, işini itirməsi, mənfi sosial damğanın yaranması və s.) gətirib çıxarır.

 

Girovun istifadə edilməməsi

 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində girov qətimkan tədbiri nəzərdə tutulsa da, bu tədbir praktikada nadir hallarda tətbiq olunur. 2017-ci ildə Azərbaycanda bir dəfə də olsun girov qətimkan tədbirindən istifadə edilməməsi həmin prosessual məcburiyyət tədbirinin nə dərəcədə istifadəsiz qaldığına dəlalət edir. Müqayisə üçün qeyd edə bilərik ki, 2017-ci ildə İngiltərədə və Uelsdə saxlanılan şəxslərin 22%-i barəsində girov qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə görə, girov həbsə alternativ qətimkan tədbiridir və təqsirləndirilən şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Qanunun tələbinə görə, girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin həbsdən azad edilməsi, lakin onun cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Girovun qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər. Məhkəmə girovun məbləğini həddən artıq yüksək təyin etməməlidir.

 

Girov qətimkan tədbirinin seçilməməsinin səbəbləri barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin keçmiş hakimi Müzəffər Ağazadənin mülahizələrinə nəzər yetirə bilərik. Ağazadəyə görə, girovun məbləği yüksək həddə müəyyən olunduğundan, təqsirləndirilən şəxs və ya onun vəkili bu qətimkan tədbirinin seçilməsində maraqlı olmur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin sabiq hakiminin fikrinə görə, yüksək məbləğdə girov ödəməkdənsə, həbsdə saxlanılmağı üstün tutanlar var. Girov üçün külli miqdarda vəsait xərcləyib, sonradan cəzalandırılmaq riskinin mövcudluğunu nəzərə alanlar məhz elə həbsdə saxlanılmağa razı olur, girov qətimkan tədbirinin seçilməsinə dair vəsatət qaldırmır.

 

Bürokratik amillər

 

Azadlıqdan məhrum etmə cəza növünün geniş istifadə edilməsinin bir digər səbəbi kimi bürokratik amilləri göstərmək olar. Azərbaycanla çoxsaylı bənzərlikləri olan Gürcüstan, Latviya və Rusiyada aparılmış tədqiqatların nəticələrinə əsasən, həmin tədbirlərin seçilməsi hər üç tərəf - hakim, prokuror və müstəntiq üçün maddi maraq doğurur (Organization for Security and Co-operation in Europe, 2011). Təəssüf ki, ölkəmizdə bu sahədə süründürməçilik, süni şəkildə yaradılan problemlər və məsələni lüzumsuz formada uzatmaq kimi hallar müşahidə edilir. Belə ki, bəzən məhkəmə hakimləri, müstəntiq, yaxud prokuror tərəfindən yaradılan süründürməçilikdən əziyyət çəkən təqsirləndirilən şəxs həbsdən azad olmaq, yaxud nisbətən yüngül cəzaların verilməsi üçün pul təklif etməyə əl atırlar. Məhz belə problemlərin mövcud olmasına görədir ki, barəsində növbəti hissələrdə söz açılacaq sərəncamın başlıca məqsədlərindən biri cəza təyin etmə prosesində korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsindən ibarətdir.

 

Bütün bu proseslərin fonunda diqqət çəkən məqamlardan biri bundan ibarətdir ki, Azərbaycan Respublikasının Ali Məhkəmə və Konstitusiya Məhkəməsi hakimlərin azadlıqdan məhrum etməyə üstünlük vermələrindən yaranan narahatlığını Plenum qərarları ilə dəfələrlə bəyan etmişdir. Lakin məhkəmələrin yanaşmasında hər hansı nəzərə çarpacaq dəyişiklik müşahidə edilməmişdir. Məsələn, Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli №2 qərarında alternativ cəza tədbirlərinin geniş istifadə edilməməsi xüsusilə müzakirə edilmişdir. Plenum qərarında qeyd edilmişdir ki;

 

''Böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimatlar təmin edilərkən bəzi hallarda cinayət-prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmır''

 

Həmin qərarda göstərilir ki, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız Azərbaycan Respublikasının CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənir, qərarlarını qanunvericilikdə tələb edilən formada əsaslandırmırlar. Başqa sözlə, onlar bir çox hallarda hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamırlar. Göründüyü kimi mövcud olan hüquqi baza azadlıqdan məhrum etmə cəzasının və həbs qətimkan tədbiri barəsində məsələnin bütün cəhətlərini tənzimləsə də, məhkəmələr bir çox hallarda fərqli yanaşma qəbul edərək, ən ağır tədbirlərin seçilməsinə üstünlük verirlər. Ölkəmizdə uzun illərdir davam edən bu tendensiyanı bir cümlə ilə ifadə etməli olsaq deyə bilərik ki, problem qanunların olmamasında deyil, onların tətbiqində olmuşdur.

 

10 Fevral 2017-ci ildə ölkə rəhbəri İlham Əliyev tərəfindən imzalanan ''Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə'' sərəncamı müstəqil Azərbaycanın ədliyyə və hüquq tarixindəki dönüş nöqtələrindən biri hesab etmək olar.

 

Sərəncamdan irəli gələn əsas yeniliklərdən biri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə azadlığın məhdudlaşdırılması cəza tədbirinin daxil edilməsidir. Azadlığın məhdudlaşdırılması 2011-ci ildə kifayət qədər effektiv probasiya xidmətinin mövcud olmaması əsasları ilə qanunvericilikdən çıxarılmışdır. Məhz belə bir cəza tədbirinin olmaması azadlıqdan məhrum etmə cəzasının və həbs qətimkan tədbirinin geniş istifadə edilməsinə şərait yaradan amillərdən biri idi. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasında müasir informasiya-kommunikasiya texnologiyalarının geniş istifadəsi mütləqdir. Buna görə də, məlum sərəncamda elektron bilərziklərin istifadəsi əsas şərt kimi irəli sürülmüşdür. 2018-ci ilin Dekabr ayında Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, artıq Azərbaycanda 500-dən çox məhkum elektron qolbaq daşıyır.

 

Dünya təcrübəsində görə bilərik ki, azadlığın məhdudlaşdırılması cəza növünün icrası və nəzarəti probasiya xidməti tərəfindən həyata keçirilir. Məlum sərəncam əsasında yeni yaradılan Probasiya Xidməti sayəsində azadlıqdan məhrum etmə cəzasına alternativ tədbirlərin istifadəsinin genişləndirilməsi nəzərdə tutulur. Yeni yaradılmış Probasiya[23] xidməti azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara (ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və s.) məhkum edilmiş, habelə şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət edilməsi sahəsində ixtisaslaşmış orqandır. Məhz bu sahədə ixtisaslaşmış qurumun yaradılması qeyd edilən cəzaların effektiv icrasını təmin etmək, işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemini tətbiq etməyə imkan verir.

 

Ümidlə deyə bilərik ki, məlum sərəncamdan sonrakı dövrlərdə azadlığın məhdudlaşdırılması və digər tədbirlər nəticəsində azadlıqdan məhrum etmə cəza növünün istifadəsində ciddi azalmalar müşahidə ediləcəkdir.

 

 

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.