Yuxarıya
skip to main content

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunmasına təsir edən amillər

24.09.2019

Dünya Səhiyə Təşkilatının verdiyi məlumata görə, hər il yol qəzalarında təxminən 1.35 milyon insan dünyasını dəyişir. 2018-ci ildə Azərbaycanda yol nəqliyyat hadisələrində həlak olanların sayı 722 nəfər olub.

 

Müəyyən olunub ki, dünya üzrə  5% və 35 % arasında bütün nəqliyyat qəzalarının yaranma səbəbi nəqliyyat vasitəsinin sərxoş idarə olunmasıdır [1]. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2018-ci ildə Azərbaycanda alkoqolun təsiri altında avtomobilin idarə edilməsi səbəbindən 49 yol nəqliyyat hadisə baş vermişdir və nəticədə 27 nəfər ölmüş, 36 nəfər yaralanmışdır (https://www.stat.gov.az/news/index.php?id=4113).

 

Sərxoş vəziyyətdə avtomobil idarə etmənin törətdiyi fəsadları nəzərə alaraq bununla mübarizə üçün çoxsaylı addımlar atılıb. Araşdırmalar göstərir ki, ən effektli mübarizə yolu qanda alkoqolun qanunla icazə verilən konsentrasiyası limitini aşağı salmaqdır [2]. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, ən yaxşı təcrübə ümumi əhali üçün alkoqolun qanda icazə verilən  konsentrasiyasının 0.5  promildən yuxarı, gənc və təcrübəsiz sürücülər üçün isə 0.2 promildən yuxarı olmamasıdır. Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə nəqliyyat vasitəsi idarə edərkən qanda icazə verilən alkoqol konsentrasiyası bütün sürücülər üçün 0.3 promilə kimi müəyyənləşdirilmişdir. Burada görürük ki, ÜST-ün tövsiyələrindən biri - gənc və təcrübəsiz sürücülərin qanunda xüsusi nəzərə alınması bizim qaydalarda öz əksini tapmamışdır. Tədqimatımızın əsas məqsədinə uyğun olmadığına görə bu məqam üzərində çox dayanmadan, sadəcə qeyd edək ki, indiyə kimi sürücülərin sərxoş halda törətdiyi yol hadisələrində gənc və təcrübəsiz sürücülərin sayını nəzərə alaraq qanunda hər hansı dəyişikliyin edilməsinin nə dərəcədə ehtiyac olması müəyyənləşdirilməlidir.

 

Alkoqolun təsiri altında nəqliyyat vasitələrinin idarə olunması ilə mübarizə yolları psixoloqlar və kriminoloqlar tərəfindən də araşdırılır. Tədqiqatlar zamanı əldə edilən nəticələrdən biri insanlar arasında sərxoş avtomobil idarə etməyə mənfi, qəbul edilməz münasibət olmasına rəğmən faktiki davranışda alkoqolun təsiri altın avtomobil idarəetmə hallarına rast gəlinməsidir. Belə nəticə onu göstərir ki, sərxoş vəziyyətdə avtomobil idarəetmə davranışına münasibət bu davranışın yaranmasına təsir edən tək amil deyildir.

 

Ümumiyyətlə, insanın hər hansı bir davranışı icra etmə qərarına təsir edən individual amilləri ölçmək üçün müxtəlif nəzəri modellər irəli sürülür, bunların içarəsində də ən geniş yayılmış və çoxsaylı araşdırmalarda öz təsdiqini tapmış model Planlaşdırılmış Davranış Nəzəriyyəsidir (Theory of Planned Behaviour; [3]). Tədqiqatımız Planlaşdırılmış Davranış Nəzəriyyəsinə (PDN) əsaslandığına görə nəzəriyyə  haqqında qısa məlumat verək.

       

Nəzəriyyəyə əsasən, davranışın yerinə yetirilməsinə təsir edən əsas amil niyyətdir. Ümumi qayda belədir ki, hər hansı bir davranışı icra etməyə insanın nə dərəcədə güclü niyəti varsa, həmin davranışın həyata keçirilməsi ehtimalı bir o qədər çoxdur. Təbii olaraq, bəzən fərdin davranışı icra etmə niyyəti olsa belə davranış həyata keçirilmir, bu isə insanın resurs, imkan və bacaqlarının təsirinin nəticəsi olur (Davranış nəzarəti). Psixoloji tərəfdən burada insanın davranışı icra etməsinə onun faktiki bacarıqlardan çox qavranılan bacarıqlarının təsiri daha çox maraq doğurur (Qavranılan davranış nəzarəti). Buna görə də nəzəriyyədə qavranılan davranış nəzarəti daha çox yer alır. Davrınışın həyata keçirilməsi niyyətinə, nəzəriyyəyə əsasən, 3 amil təsir edir: münasibət, subyektiv normalar və qavranılan davranış nəzarəti.

 

Münasibətlər (Attitudes) – İnsanın müəyyən bir davranışa olan münasibətini göstərir, bizim araşdırmaya uyğun olaraq sərxoş vəziyyətdə avtomobilin idarə edilməsinin mənfi və ya müsbət qiymətləndirilməsini göstərir. Subyektiv normlar – hər hansı bir davranışı icra edib və ya etməməyə cəmiyyətin necə münasibət bildirməsi haqqında olan düşüncədir. Nəzəriyyənin müəllifi burada daha çox fərdin onun üçün vacib olan insanların davranışı dəstəkləyib və ya dəstəkləməyəcəkləri haqqında olan inancına istinad edir. Qavranılan davranış nəzarətinin açıqlaması yuxarıda verilmişdir, sadəcə qeyd edək ki, bu göstərici həm birbaşa davranışın həyata keçirilməsinə, həm də davranışın həyata keçirilməsi niyyətinə təsir göstərir. Beləliklə, nəzəriyyə ehtimal edir ki, insanın davranış etmə niyyəti güclü olarsa və davranışı edə bilmə gücünə malik olmasına inanarsa, davranış həyata keçiriləcək. Davranışın etmə niyyəti isə o zaman güclü olur ki, insanın həmin davranışa münasibəti müsbət olsun, digərlərinin bu davranışı etməsini dəstəkləmələrinə inansın və davranışı edə bilmə gücünə malik olmasına inansın.

 

Tədqiqatımızda PDN-dən kənar 3 amili də nəzərə almışıq. Bunların ikisi normalara aiddir: deskriptiv və mənəvi normalar. Deskriptiv norma subyektiv normalarla birlikdə sosial normalara aiddir. Subyektiv norma digərlərinin hər hansı davranışı dəstəkləyib və ya dəstəkləməyəcəkləri haqqında insanda olan fikir idi isə, deskriptiv norma insanın qavramasında digərlərinin adətən necə etmələri haqqında olan fikirdir. Mənəvi normalar insan üçün nəyin düzgün, nəyin yanlış olmasını müəyyən edir. Alkoqollu içki təsiri altında avtomobil idarə etmə niyyətinin statistik əhəmiyyətli prediktor olması araşdırmalarda öz təsdiqini tapmışdır [4].

 

Araşdırmanın əsaslandığı nəzəriyyədən kənar digər amil polis tərəfindən nəfəs testi keçirilməsi üçün saxlınılmanın güman olunan  ehtimalıdır. Belçikada keçirilmiş araşdırmaya əsasən, əgər insan içkili vəziyyətdə avtomobil idarə edərkən polis tərəfindən saxlanılacağını güman edirsə, onda o, sərxoş vəziyyətdə avtomobil idarə etməyə meyilli olmayacaq [5].

 

Sorğu

 

Anket cəmi 18 sualdan ibarət idi. Sosial-demoqrafik suallardan respondentin cinsi, yaşı, təhsil səviyyəsi, hansı sosial-iqtisadi təbəqəyə aid olması, yaşayış yeri soruşulmuşdur. PDN-ə əsasən növbəti göstəricilərin ölçülməsi üçün suallar var idi:

 

· davranış - alkoqolun təsiri altında avtomobil idarə etmə tezliyi;

· dərk olunan davranış nəzarəti – istədiyi təqdirda insanın nə dərəcərə asanlıqla alkoqolun təsiri altında avtomobil idarə etmədən birdəfəlik imtina etmə imkanın qiymətləndirilməsi;

· münasibət - alkoqolun təsiri altında avtomobil idarə edilməsinin qiymətləndirilməsi; subyektiv norma – alkoqol təsiri altında avtomobil idarə etməyə yaxınlarının (valideyn və dostlar) necə münasibət göstərmələrinin öyrənilməsi.

 

PDN-dən kənar ölçülən göstəricilər:

 

· mənəvi norma – alkoqollu içkinin təsiri altında avtomobil idarə etmənin mənəvi cəhətdən günahkarlıq hissi yaratmanın qiymətləndirilməsi;

· deskriptiv norma – dostları arasında alkoqollu içkinin təsiri altında avtomobil idarə edənlərin respondentin fikrincə, nə dərəcədə çox olması,

· nəfəs testi ehtimalı – alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən nəfəs testi keçirilməsi üçün saxlanılma ehtimalının insanların şüurunda nə dərəcədə olması.

 

Seçmə

 

Sorğu üçün respondentlər sosial şəbəkələr vasitəsi ilə yığılıb, təsadüfi seçimin tələblərinə riayət olunmayıb. Bu səbəbdən seçimiAzərbaycan əhalisi üçün reprezentativ saymaq olmaz. Qeyd etmək lazımdır ki, kəşfiyyat xarakteri daşıyan bu tədqiqatın əsas məqsədi Azərbaycan əhalisinin sərxoş vəziyyətdə avtomobili hansı tezliklə idarə etmələrini, bu davranışa əhali arasında münasibəti öyrənmək olmadığından seçmənin reprezentativ olmaması tədqiqatın dəyərini aşağı salmır. Qeyri-təsadüfi seçmənin çatışmazlıqlarının olmasına baxmayaraq çoxsaylı sosial araşdırmalar qeyri-təsadüfi seçmənin müxtəlif nəzəriyyələri yoxlamaq üçün yetərli olduğunu təsdiq etmişdir [6,7,8,9]. Bununla yanaşı, Hyuson və Lorenin də ifadə etdiyi kimi, kəşfiyyat xarakteri daşıyan və tədqiqi müəyyən qədər qəliz olan araşdırmalarda internet vasitəsilə seçim aparmaq nöqsan kimi yox, məqbul hal kimi hesab edilməlidir [10]. Sorğuda cəmi 343 nəfər iştirak edib, orta yaş 33 ±12.1 olub, 242-si kişi, 95-i qadın olub. Respondentlərin sosial demoqrafik göstəriciləri və bəzi suallara verilən cavablar cədvəldə təqdim olunmuşdur.

 

Təhlil zamanı bütün repondentlərin verdikləri cavablar istifadə olunmamışdır. Tədqiqatın məqsədini nəzərə alaraq, ümumiyyətlə alkoqol qəbul etməyən və avtomobil idarə etməyən insanlar emal zamanı xaric olunmuşdur. Bundan sonra 133 respondent qalmışdır və bunlardan sadəcə 24 nəfərin qadın olduğuna görə onlar da emala daxil edilməmişdir. Beləliklə, sorğuda yığılan məlumatların emalı zamanı 109 respondentin verdiyi cavablar nəzərə alınmışdır.

 


 

Respondentlərin bəziləri sosial demoqrafik sualları cavablandırmayıblar

 

Yığılmış məlumatların emalı R proqramında Lavaan paketində Struktur Tənlik Modelləşdirmə (Structural Equation Modelling) üsulu ilə aparılmışdır. Məlumatların emalı zamanı path modeldən maksimal ehtimal (maximum likelihood)  qiymətləndirmə ilə istifadə olunmuşdur. Path modeli göstəricilərin sərxoş avtomobil idarə etməyə dolayısı təsirini də ölçməyə imkan verir. Qurulmuş model diaqramda təsvir olunmuşdur və uyğunluq göstəriciləri cədvəldə verilmişdir. Model uyğunluq göstəricilərinə görə qəbul olunan səviyyədədir.

Qurulmuş modelə görə sərxoş vəziyyətdə avtomobili idarə etməyə deskriptiv norma, təhsil səviyyəsi, mənəvi norma, alkoqol qəbul etmə tezliyi təsir edir. Subyektiv normalar və polis tərəfindən nəfəs testi keçirmənin güman olunan ehtimalının dolayı təsirləri modeldə əksəni tapıb. Belə ki, nəfəs testi ehtimalı deskriptiv normalara təsir edir. Mənəvi normalara isə həm deskriptiv, həm də subyektiv normalar təsir edir. Sorğu zamanı yığılan göstəricilərin bəzilərinin statistik əhəmiyyətli təsiri olmayıb. Bunlar sərxoş vəziyyətdə avtomobil idarə etməyə olan münasibət, dərk olunan davranış nəzarəti və s-dir. Ümumillikdə qurulmuş model əsasında biz sərxoş vəziyyətdə avtomobil idarə etmənin dəyişkənliyini 32% izah edə bilirik (R2=0.32).

 

Sosial demoqrafik göstəricilərdən yalnız təhsil səviyyəsinin təsiri modeldə yer almışdır. Modelə əsasən təhsil səviyyəsi yüksək olduqca insanların alkoqolun təsiri altında avtomobil idarə etməsi halları azalır. Yalnız birbaşa təsiri olan digər göstərici  alkoqol qəbul etmə tezliyidir. Təbii olaraq  spirtli içki içmə tezliyi artdıqça sərxoş vəziyyətdə avtomobil idarə etmə də artır.

 

Mənəvi normanın təsirinə baxdıqda görürük ki, içkinin təsiri altında avtomobili idarəetmə insanda mənəvi günahkarlıq hissi yaradırsa, həmin insan bu davranışdan qaçacaq. Bundan əlavə, modelə əsasən mənəvi normanın formalaşmasına təsir edən bəzi göstəriciləri deyə bilirik. Belə ki, valideynlərin və dostlarının içkili avtomobil idarə etməyə ciddi etiraz edəcəyini, dostları arasında içkili avtomobil idarə edənlərin saylarının az olmasını düşünən insanda sərxoş vəziyyətdə avtomobil idarə etmə mənəvi günahkarlıq hissi yaradır. Mənəvi normaya təsir edən deskriptiv normanın sərxoş vəziyyətdə avtomobil idarə etməyə bir başa təsiri də var. Dostları arasında spirtli içkinin təsiri altında avtomobil idarə edənlərin sayının az olmasını düşünənlər daha az bu davranışı edirlər.

Modeldə dolayısı təsiri olan sonuncu göstərici polis tərəfindən saxlanılaraq nəfəs testi keçirilməsinin fərz olunan ehtimalıdır. Bu göstərici araşdırma zamanı  ölçülən hər iki subyektiv normaya təsir edir. Polis tərəfindən nəfəs testi üçün saxlanılma ehtimalının çox olmasını düşünən insan hesab edir ki valideynləri və dostları içkili şəkildə avtomobil idarə etməyə ciddi etiraz edərlər.

 
Ümumi alınan nəticələrə nəzər yetirsək deyə bilərik ki, Planlaşdırılmış Davranış Nəzəriyyə alınan nəticələrdə öz təsdiqini tapmamışdır. Nəzəriyyədə yer alan davranışa münasibətin və qavranılan davranış nəzarətinin alkoqollu içki təsiri altında avtomobil idarə etməyə tərisiri olmamışdır. Bir tək subyektiv normaların təsiri aşkar olunmuşdur, burada da onların bir başa təsiri olmadan, mənəvi normalara təsir etdiyi öz təksini tapmışdır. Bunun səbələrindən biri o bilər ki, nəzəriyyədə təklif olunan göstəricilərin hər birinin ölçülməsi üçün 5-6 sualdan istifadə olunması məsləhət görülür [11]. Ola bilsin ki, sorğu zamanı istifadə olunan sualların az olmasında nəzəriyyədə təklif olunan amillərin ölçülməsi dəqiq yerinə yetirilə bilinməmişdir. Digər bir məqam odur ki, nəzəriyəyə əsasən davranışa münasibət, sosial normalar və qavranılan davranış nəzarəti davranış həyata keçirmə niyyətinə təsir edirlər, və bundan sonra həmin niyyət davranış yaranmasına təsir edir. Bizim araşdırma da isə biz davranış niyyətinə ölçməmişik. Bu fərziyyələrin yoxlanması üçün əlavə tədqiqatların keçirilməsi labüddür. 

Nəzəriyyədə gözlənilən nəticələr alınmasa belə, qurulmuş modelə əsasən hansı hallarda avtomobili sərxoş halda idarə etmə azalmasını deyə bilirik. Bunlar insanın ali təhsilinin yuxarı olması, ümumiyyətlə spirtli içki az qəbul etmək, içkili vəziyyətdə avtomobil idarə etmənin mənəvi günahkarlıq hissi yaratması, dostlarının arasında spirtli içki təsirində avtomobil idarə edənlərin sayının az olmasını düşünmək, dostları və valideynlərinin sözü gedən davranışa ciddi etiraz edəcəyini düşünmək, polis tərəfindən nəfəs testi üçün saxlanılma ehtimalının çox olmasını zənn etmək.

 

     

 

Təsir edən amillərin bəzilərinin faktiki vəziyyətlə bağlı deyil, insanın necə düşünməsi və dərk etməsi ilə əlaqəli olması imkan yaradır ki, bir qədər asanlıqla davranışa təsir edək. Misal üçün, polis tərəfindən nəfəs teslərinin sayını artırmaq ola bilsin ki, daha çox resurs tələb edir nəinki insanların düşüncəsindəki nəfəs testi ehtimalı. İnsanların bu ehtimalın hansı səviyyədə olması haqqında fikirlərini dəyişdirmək KİV vasitəsi ilə  asanlıqla reallaşdırıla bilər. Bunun üçün polis tərəfindən keçirilən  belə reydləri daha çox işıqlandırmaq lazımdır. Bunu edərkən bir qədər diqqətli olunmalı məqam reydlər zamanı içkili vəziyyətdə saxlanılan sürücülərin sayıdır. İçkili vəziyyətdə saxlanılan sürücülərin sayının çox olduğunu insanlar KİV vasitəsilə gördükdə onlarda belə fikir yarana bilər ki, içkili vəziyyətdə avtomobil idarə etmə bizim cəmiyyət üçün normadır, bu addımı atan insanların sayı çoxdur, beləliklə insanda deskriptiv normaya təsir etmiş olacağıq. Qurulmuş modelə də əsasən deskriptiv norma (dostları arasında avtomobil idarə edənlərin nə dərəcədə çox olması haqqında ola fikir) içki vəziyyətdə avtomobil idarə etməyə təsir edən amillərdəndir. Digər təsir oluna biləcək məqam subyektiv normalardır, yəni cəmiyyətin daha dəqiq desək insanın özünə yaxın hiss etdiyi insanların sərxoş vəziyyətdə avtomobil idarə etməyə necə münasibət bildirmələridir. Burada yenə KİV vasitəsi ilə əhali tərəfindən rəğbət qazanmış simalırın alkoqollu içki təsiri altında avtomobil idarə edənlərə etiraz bildirməsi haqqında video çarxlar və digər materiallar hazırlamaq olar.