Yuxarıya
skip to main content

Qayğı sosiologiyası

24.09.2019
 

Sosiologiya elmi qayğını niyə öyrənir?

Çoxları elə düşünür ki, qayğı adi bir məişət sözüdür. Qayğı bəzən müsbət, bəzən isə mənfi mənada anlaşılır. “Qayğı çəkmək”, “qayğılanmaq”, “qayğılarım çoxdur” deyilir. Lakin eyni zamanda qayğının bir elmi anlayış kimi sosiologiyada qırx ildən çox yaşı var.

Qayğının həyatda vacibliyi insan varlığının zərifliyindən irəli gəlir. Dünyanı fəth  edən, kosmosa yol açan insanın mahiyyətində elə bir zəriflik var ki, onu ara-sıra başqalarının diqqət və qayğısından asılı edir. Bu, xüsusilə həyatın müəyyən dönəmlərində belədir. Məsələn, yeni doğulmuş körpə tamamilə köməksiz və gücsüzdür. Sağ qalmaq üçün onun diqqətcil və sevən bir şəxsin qayğısına ehtiyacı vardır. 
 
Böyüdükcə qayğıya olan tələbat azalır. İnsan müstəqil olur, özü öz qeydinə qalır. Hətta bəlli bir zaman gəldikdə qayğıya ehtiyacı olmaq sanki gücsüzlük əlaməti kimi qavranılır. Yeniyetmələr, müstəqillik arzusu güclü olan insanlar bəzən qayğı münasibətlərinə qarşı üsyan edir, “özüm bacararam”  deyir. Amma ara-sıra qayğı tələbatı yenə də güclənir, insan üçün həyati əhəmiyyət kəsb edir. Çünki gec-tez hər bir insanın fiziki və ya mənəvi zəiflik anları olur. Bəzən bu, anlar deyil, həftələr, aylar və illər də ola bilər. Yaşlandıqca isə insanın zərif təbiəti daha qabarıq olaraq üzə çıxır. Tez yorulma, xroniki xəstəliklər bəlli bir məqamda insanın öz qayğısına qalmasına imkan vermir. Bu məqamda da onun körpəlikdə olduğu kimi diqqətcil və sevən bir kəsin qayğısına ehtiyacı yaranır. 
 
Belə çıxır ki, qayğı insana həyatı boyu zəruri olan münasibət formasıdır. Eyni zamanda bir çox insanın daimi olaraq yerinə yetirdiyi xüsusi əməkdir. Qayğı həm də dəyərdir.  İnsanın ləyaqətli həyatının şərtidir. Məhz başqalardan qayğı gördükdə insan həqiqətən dəyərli olduğunu və sevildiyini hiss edir.  Eyni zamanda o  özü heç zaman heç kimin qayğısına qalmayıbsa, onun bir insan kimi duyub - dərk etmədiyi bir çox həqiqət var - insanı əsl insan edən ekzistensial  həqiqətlər.
 
Bu baxımdan müasir qayğı tədqiqatçısı, siyasi elmlər üzrə professor  Coan Tronto kapitalist Qərb cəmiyyətlərində heç kimdən asılı olmayan insan tipinin ideal şəxsiyyət kimi qələmə verilməsini tənqid edir. Çünki belə yanaşma insanların bir-birindən nə dərəcədə asılı olmasını nəzərə almır. Öz həyatını başqalarının rifahı naminə yaşayan minlərlə insanın zəhməti çox zaman kölgədə qalır. Bu isə qayğını və qayğı əməyini dəyərsizləşdirir. Ona görə də tədqiqatçılar bunun əksinə olaraq,  qayğıkeş, özünü başqalarına sərf etməyi bacaran insanın ideal kimi təbliğini daha ədalətli hesab edir. 
 
Qayğı təminatçılarının fasiləsiz gündəlik əməyini və çətinliklərini görünən etmək, eyni zamanda qayğıya tələbatın təbii və qaçılmaz olduğunu göstərmək, hətta asılı vəziyyətdə olan insanın belə seçmək hüququnun olmasını vurğulamaq qayğı tədqiqatçılarının rəhbər tutduqları  ən mühüm ideyalardır. Bütün bunlar isə  ədalətli cəmiyyətin qurulmasının şərtidir. 
 

Qayğı və ailə

 
Qayğı bir çox hallarda insanlar arasında yaxın münasibətlərlə əlaqələndirilir. Məhz yaxınlıq, bağlılığın əlaməti kimi insanlar bir-birindən qayğıkeşlik gözləyirlər. Bu münasibətlər də, adətən, ailə institutu çərçivəsində daha geniş şəkildə gerçəkləşir. Bu baxımdan insanlar mədəniyyətləri, cəmiyyətləri və onlara xas ailə modellərini qiymətləndirərkən aydın ifadə etməsələr də, qayğı münasibətlərinə önəm verirlər. Məsələn, bizim insanda belə bir təsəvvür var ki, başqa cəmiyyətlərdə, xüsusilə inkişaf etmiş Qərb cəmiyyətlərində ailə üzvləri arasında soyuqluq, etinasızlıq hökm sürür. Hətta belə bir  fikir var ki, guya həddi-büluğa çatdıqdan sonra ailədə nəsillərarası əlaqələr, qarşılıqlı dəstək tamamilə kəsilir, pensiya yaşına çatdıqda isə az qala hər kəsin qocalar evinə getmək üçün çanta-çamadanı hazır olur. Yəni “bizə yad ailə dəyərləri” ifadəsi həm də yad kimi görünən cəmiyyətlərdə ailədaxili bağların zəif olması, yaşlı və cavan nəslin bir-birindən qopması, qayğı münasibətlərinin zəifləməsi kimi təsəvvürlərdən bəhrələnir. 
 
Əlbəttə, müxtəlif cəmiyyətlərin emosional mədəniyyəti və münasibətlərdə adekvat hesab olunan qayğıkeşlik səviyyəsi fərqlidir. Lakin ailə modellərinin, münasibət üslublarının diapazonu nə qədər geniş olsa da, sabit olan insanın qayğıya olan tələbatıdır. Ən əsası, bu qayğını məhz müəyyən münasibətlərin çərçivəsində görməyə üstünlük verməsidir.
 
Məsələn, dörd ölkədə "Generations and Gender Survey" çərçivəsində yaşlılara qayğı sahəsində tədqiqat sorğusunun qarşısındakı məqsədlərdən biri rəyi soruşulanların fikrincə, bu məsuliyyətin ailə və cəmiyyət arasında necə bölüşdürülməsinin daha münasib olması ilə bağlı idi. Göründüyü kimi, demək olar ki, heç bir ölkədən olan iştirakçılar ailənin məsuliyyətini inkar etmir. Hətta sosial xidmətlər sahəsində öncül Skandinaviya ölkələrindən olan norveçli iştirakçılar da məsuliyyəti tamamilə ailədənkənar xidmətlərin üzərinə qoymur. Fransa və Bolqarıstanın nəticələri əhalinin daha balanslaşdırılmış məsuliyyət modelinə üstünlük verməsini göstərir.  
 
Sosial siyasəti inkişaf etdirərkən bu istiqamətdə tədqiqatların aparılması həm də dövlət və cəmiyyət tərəfindən qayğı, ailə, nəsillərarası münasibətlər məsələsinin senzitiv mövzu kimi tanınmasını göstərir.

 

 

Humay Axundzadə
Bakı Dövlət Universitetində psixologiya, Sankt Peterburq Avropa Universitetində sosiologiya ixtisasına yiyələnmişdir. Tədqiqat maraqları gender sosiologiyası, qayğı sosiologiyası, ailə institutu, postsovet transformasiyaları, sosial tədqiqatlarda keyfiyyət metodlarını əhatə edir.