Yuxarıya
skip to main content

Qafqaz Albaniyasının tarixi varisinə “gürcü zərbəsi”

24.09.2019

 

İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin birbaşa Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq ərazimizdə yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi, bu da azmış kimi Azərbaycan sərhədçiləri ilə qarşıdurmaya gedərək onların silahlarını əlindən alması böyük rezonans doğurdu. Baş verən olaya kəskin reaksiya verən Azərbaycan dövlət rəsmiləri və ekspertləri Keşikçidağ olayının birbaşa Azərbaycan-Gürcüstan strateji əməkdaşlığının pozulmasına hesablandığını açıq mətnlə vurğuladılar. Düzdür, Azərbaycan sərhədçilərinin təmkini və soyuqqanlığı sayəsində təxribatçıların planları alt-üst oldu. Ancaq Qafqazda yeni savaşın tətiyini məhz tarix və mədəniyyətimizi özünün daş yaddaşına həkk edən Keşikçidağdan çəkməyin kimlərə, nə üçün lazım olması hər kəsin maraq dairəsini “işğal” edib.

 

Azərbaycan - Gürcüstan sərhədlərinin delimitasiyasının getdiyi bir ərəfədə baş verənlərin sırf Gürcüstanın daxili siyasi proseslərindən və qonşudakı iqtidar-müxalifət qovğasından uzaqlara getdiyi şübhə doğurmur. İstər xaricdə, istərsə də daxildə müharibəni bilərəkdən körükləyənləri Keşikçidağdan müşahidə etmək elə də çətin deyildi. Bu tezislərin işığında “Sərhədin bir tərəfində “gürcü”, digər tərəfində atəş açmadığı üçün qınaq “gülləsinə” tuş gələn əsgərin soyuqqanlığının bizi hansı müharibədən qoruduğu” sualının təhlilinə ehtiyac var. 

 

Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarət olan Keşikçidağ (David Qareci) monastr kompleksi iki hissəyə bölünür. Böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Hazırda Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası prosesi getdiyindən monastrın yerləşdiyi ərazini azərbaycanlı sərhədçilər mühafizə edirlər. Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin 1996-cı ildə müstəqilliyi əldə olunduqdan sonra dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində sərhədin 480 km-lik (64%) delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik (36%) hissə üzrə isə ekspertlər səviyyəsində iş davam etdirilir. Monastr da həmin mübahisəli ərazidə yerləşir. Son təxribat isə 2019-cu ilin mayında Gürcüstan Prezidenti Salome Zurabaşvilinin Azərbaycan-Gürcüstan sərhədindəki mübahisəli əraziyə getməsindən sonra yaşandı.

 

Ümumiyyətlə, hər nə qədər gürcü tarixçiləri arasında mübahisə mövzusu olsa da, Keşikçidağ və ya Qaraca məbədi Gürcüstanla sərhədimizdə yerləşən qədim alban məbədidir. Məbəd XI-XII əsrə qədər alban kilsəsi kimi fəaliyyət göstərib və siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib. Tarixçi alimlər də tədqiqatlarında məbədin gürcülər tərəfindən yalnız IV Qurucu Davidin (1089-1125) dövründə ziyarət edildiyini, Tamaranın hakimiyyəti (1184-1207) dönəmində isə gürcü kilsəsinin təsiri altına düşdüyünü sübuta yetiriblər. Hətta bu barədə gürcü ekspert Lord Kipianidzenin etiraflarına istinad da nəzərdən qaçmır. Azərbaycan alimləri alban monastrının məhz Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçdiyini qeyd edirlər. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər və Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmirdilər. Sayca az olan xristian albanların dağlara çəkilməsi nəticəsində də məbəd həmin dövrdə tərk edilmişdi. Tədqiqatlar göstərir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. Hətta Şah Abbasın hakimiyyəti dönəmində mübahisəli monastırın yerləşdiyi ərazinin Səfəvilər dövlətinə məxsus olduğu tarixi mənbələrdə yer alıb. Monqol işğalı dövründə digər xristian məbədləri kimi “David Qareci” monastırı da xalq müqavimətinin mərkəzi hesab edilirdi. Elə məhz bu amilə görə “David Qareci” bu gün gürcülər üçün müqəddəs ərazi sayılır. Prezident İlham Əliyev 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəni əhatə edən mağaralar kompleksini Azərbaycanın “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edərək bununla bölgənin Azərbaycan tarixinin ayrılmaz parçası olduğunu bir daha təsdiqləyib. 

 

Adolf Berje və Dmitri Kobyakovun 1866-cı ildə nəşr edilən “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” (QAKA) adlanan sənədlər toplusunun I cildində Kürün sağ sahilində yaşayan Babakər adlı türk başçının Azərbaycan-Gürcüstan sərhəd zolağında ucalan Keşikçidağda ilk kilsəni inşa etdirməsindən bəhs edilir. Babək, Babəkər adının azərbaycanlılara aid olduğu bütün tarixi mənbələrdə öz əksini tapıb. 

 

Qafqazın ilk rusdilli “Tiflisskiye vedomosti” qəzetinin 1832-ci ildə nəşr edilən 2-ci sayında Qordayev soyadlı bir müəllif Gürcüstanda Kürün sağ tərəfində yaşayan tatarların Babakər adlı rəisindən söz açıb. Bu gün Borçalıda Babakər adlı dağın olması isə əsla təsadüf sayıla bilməz. Bu mənada hazırda gürcülərin sözügedən məsələdə daha çox canfəşanlıq göstərməsinin arxasında siyasi maraqların dayandığına şübhə yeri qalmır. Əks təqdirdə milliyyətçilik amilinə söykənib bu məsələdə zaman-zaman problemlərə yol açmazdılar. Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” monastır kompleksi ətrafında son zamanlar yaşananlar özlüyündə abidənin tarixi statusunun müəyyənləşməsi məsələsinin vacibliyini gündəmə gətirir. Gürcü ekspertlər problemin həllində çıxış yolunu ümumi tarix və mədəniyyət qoruğunun yaradılmasında görürlər. Tarix də göstərir ki, siyasi maraqlar reallıqların önünə keçməyə başlayanda münaqişələr qaçılmaz olur. Xüsusilə bu reallıq işğal reallığıdırsa, o zaman üçüncü qüvvələr peyda olur və prosesi öz məqsədləri naminə başqa məcraya yönəltməyə çalışırlar. Baxın, ərazisi işğal olunan Gürcüstanın xüsusilə indiki həssas dönəmdə Azərbaycanla birgə Avropa bazarlarına çıxışını təmin edən layihələri risk altında qoyması nə qədər mümkünsüzdürsə, 2003 və 2008-ci illərdə qonşusunu iki böhrandan xilas edərək bu günə qədər ona dəstəyini davam etdirən Azərbaycanın Qərbə açılan qapısı olan Gürcüstanla tərəfdaşlığını itirmək istəməsi də bir o qədər qeyri-realdır.

 

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin “təəssüfdoğurucu insident” ifadəsini işlətməsi problemin dərinləşməsində rəsmi Tiflisin də maraqlı olmadığını göstərmiş oldu. Bundan başqa, Gürcüstan parlamentinin keçmiş sədri David Usupaşvilinin Keşikçidağ ətrafında yaradılan süni gərginliklə bağlı situasiyanın liman məsələsi ilə iç-içə inkişaf etdiyinə dair bəyanatı Tiflisin sözün əsl mənasında üçüncü qüvvələrin planlarını yaxından izlədiyini birmənalı şəkildə ortaya qoydu. Əslində, sabiq sədr bu həyəcan təbilində haqsız deyildi.

 

 

Çünki Azərbaycanla münasibətlər pozulacağı təqdirdə təkcə Anakliya yox, həm də Poti limanının bağlanması birbaşa bölgədə müharibə arzulayanların işinə yarayacaqdı. Belə olan halda sual yaranır ki, bəs, onda nifaq toxumunu səpmək istəyən üçüncü qüvvələr kimdir? Qafqaz Albaniyasının tarixi varisinə - Azərbaycana “gürcü zərbəsi”ni hazırlayanların birbaşa regiondan elə də uzaqda olmayan üçüncü qüvvələrin mənafeyinə xidmət etdiyini müəyyənləşdirmək üçün tarixə istinad etməkdə fayda var. Baxın, 1988-ci ildə Topxana meşəsini zəbt edən ermənilər, bundan cəmi 19 il sonra 2008-ci ildə abxazların və osetinlərin tərkibində Gürcüstana qarşı döyüşdülər. Səbəbi isə çox sadə idi: ərazi iddiaları və erməni siyasi maraqları. Halbuki siyasi maraqlar müstəqil və öz sözünü deməyi bacaran dövlətlərə xas bir keyfiyyətdir. Ermənilər isə hər zaman siyasi maraqlarını mövcud olmayan dövlətçilikləri naminə işə salıblar. Tarix bu gün də təkrarlanır. Çünki Keşikçidağda yalnız Azərbaycan və Gürcüstanın sərhədləri deyil, ərazidən çox qısa bir məsafədə üçüncü dövlətin, daha doğrusu, Qafqazda ikinci Topxana savaşını arzulayan qüvvənin - Ermənistanın da sərhədi yerləşir. Bu isə özlüyündə bəzi qaranlıq məqamlara sərhəddən kənarda deyil, elə məhz sərhədin özündə işıq salmağa imkan verir. Tarix boyu başqalarının ərazisi hesabına özlərinə dövlət quran, mədəniyyət, abidə, incəsənət oğurluğuna adət etmiş ermənilər tarixi önəmi ilə yanaşı, Keşikçidağın həm də Azərbaycan-Gürcüstan əlaqələrinin milli rəmzi olduğunu olmayan tarixlərinə həkk ediblər. Əslində, hər şey qəliz olduğu qədər də sadədədir: Qafqaz Albaniyasının tarixi varisinə - Azərbaycana “gürcü zərbəsi”ni reallaşdırmaq, daha sonra “Azərbaycan əsgərləri xristian möminləri güllələdi” şüarı ilə regionda yeni xristian-müsəlman savaşının əsasını qoymaq. İki qonşu ölkə sərhədində hadisələrin gedişatı zamanı nəzərdən qaçmayan bəzi faktlar da bunun əksini inkar etmir:

 

- Ermənistan mediasının, xüsusilə də “aravot”, “yerkramas” və digər şovinist nəşrlərinin Keşikçidağ mövzusuna heç vaxt olmadığı qədər “rəğbətlə” yer ayırması, prosesin süni şəkildə şişirdilməsi və buna bənzər digər cəhdlər diqqətdən yayına bilməzdi. Çünki Azərbaycan-Gürcüstan dostluğu, nəinki Azərbaycanın, eləcə də Gürcüstanın güclü olması indiki dönəmdə İrəvana heç cür sərf etmir. Çinlə Avropanın qədim ticarət yolunun Azərbaycan və Gürcüstan üzərindən keçməsi, habelə regionumuzun Avropanın enerji təminatında ciddi rol oynaması müəyyən güc mərkəzlərinin mənafelərinə ziddir. 

 

- Qəribədir, Gürcüstanda, milliyyətçi “Vətənpərvərlər Alyansı” partiyasını çıxmaqla digər əsas siyasi partiyalar məbədin mənsubiyyəti ilə bağlı siyasi müzakirələrə qoşulmadılar. Antiqərb mövqeyi ilə seçilən partiyanın 2017-ci ilin fevralında uydurma “erməni soyqırımının” tanınmasını nəzərdə tutan qanun layihəsini parlamentin gündəliyinə çıxarması hələ də unudulmayıb. Ən maraqlısı isə 2016-cı ildə Media İnkişafı Fondunun nifrət dili və onun qaynaqlarına dair hesabatında ksenofobiya və irqçilik üzrə monitorinq nəticələrinə liderlik edən partiyaya məxsus olan “Obyektiv” TV-nin insidentin yaranmasında maraqlı tərəf kimi çıxış etməsi idi. Azərbaycan və Türkiyəyə qarşı kəskin siyasəti ilə yadda qalan “Vətənpərvərlər Alyansı”nın vətənşüvənliyi ilə yanaşı, proseslərin bu cür gedişatı 14 iyul insidentində Gürcüstandakı erməni lobbisinin aktiv fəaliyyətinə şübhə yeri qoymur. 

 

- Keşikçidağ insidenti baş verən ərəfədə ermənilərin Cavaxetiyadakı aktivliyi də nəzərdən qaçmadı. Gürcüstanın Cavaxetiya əyalətində yaşayan ermənilər 27 ildir ki, Ermənistanın tərkibinə daxil olmaq üçün muxtariyyət tələb edirlər. 2008-ci il müharibəsində bölgədəki erməni seperatçılarının Gürcüstana qarşı düşmən mövqeyi özünün ən pik nöqtəsinə çatdı. Son zamanlar Ermənistan mediası və Cavaxetiyadakı erməniyönümlü birliklər istənilən hadisəni Gürcüstanda dövlət ideyası uğrunda öz mənafelərinə uyğun dəyişməkdən çəkinmirlər. 

 

- Bu arada, sərhəddəki təxribat zamanı azərbaycanlılara qarşı kəskin bəyanatları ilə tanınan, adı kütləvi zorakılıq işlərində hallanan, nəhayət, Azərbaycan xalqını “çoban”, “gəlmə” adlandıran, sabiq gürcü müdafiə naziri İrakli Okuruaşvilinin sərsəm bəyanatı bölgədə ciddi müharibə hazırlığına dair arqumentləri daha da gücləndirir. Odioz siyasətçinin problem gürcülərin xeyrinə həll olunmayacağı təqdirdə Bakını 500 min azərbaycanlını 1 gündə Qırmızı körpüdə qarşılayacağı ilə hədələməsi açıq-aşkar erməni təəssübkeşliyinə xidmət edirdi. Gürcüstanın görkəmli tarixçisi Quram Marxulia bu sensasion bəyanatına görə Okuruaşvilini sərt tənqid edərək ona Oskanyan deyə xitab etməyi tələb etmişdi. O, açıq şəkildə çəkinmədən hər şeyin Pankisi dərəsindən başladığını və 14 iyul təxribatını düşmən ermənilərin törətdiyini vurğulayır. Yeri gəlmişkən, “Kavkaz Plyus” nəşrinin erməni xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən Aleksandr Lapşinin Keşikçidağ ətrafındakı (Bax: A.Lapşin “Azərbaycan Gürcüstandan sərhəd zonasındakı (Gürcüstan) pravoslav monastrını “qopardı” ) çirkin təxribat-təbliğat kampaniyasına həsr olunmuş təhlilində 14 iyul insidentində erməni izinə açıq şəkildə vurğu edilir.

 

- Bundan başqa, Gürcüstan Patriarxlığının bəyanatı da proseslərin təhlili baxımından diqqət tələb edir. Bakı və Tiflis bir ağızdan sərhəd olayını iki ölkə münasibətlərinə qarşı yönəlmiş təxribat adlandırsa da, Gürcüstan Patriarxlığı baş verənləri qəsd adlandıraraq çox fərqli və haqlı bir baxış sərgilədi. Bu ilginc reaksiya məsələnin görünməyən tərəfini gün üzünə çıxarır. Heç kəsə sirr deyil ki, Azərbaycan-Gürcüstan münasibətlərinin yüksələn xətlə inkişafı bölgədə bütün layihələrdən kənarda qalan Ermənistanı daim məyus edib. Demək, Keşikçidağ təxribatı tarixi dostluqları ilə Qafqazda sabitlik simvolu olan Azərbaycanın varlığına qarşı bir qəsd idi. Belə bir qəsd isə regionda Ermənistandan başqa hansısa üçüncü bir dövlətin mənafeyinə xidmət edə bilməzdi. Azərbaycanın regionda və dünyada yürütdüyü siyasəti, qurduğu qonşuluq və beynəlxalq əlaqələri nümunə göstərmək üçün hər hansı fakta ehtiyac yoxdur, çünki hər şey göz qabağındadır. Bölgədə öz mövcudluğu naminə daim münaqişəyə can atan yeganə dövlətin məhz Ermənistan olduğu isə hər kəsə bəllidir.

 

- Baxın, təxribatla iç-içə bağlı daha bir proses yenə media üzərindən aparılır. Keşikçidağ olayından az əvvəl ABŞ Konqresinin mülki təyyarələri vurmaq imkanına malik olan silahların satışı ilə bağlı Azərbaycana qadağa qoymasına dair qərarı, daha sonra isə Xocalı aeroportunun açılması ilə bağlı erməni mediasında xəbərlər yayılmağa başladı. Bu, açıq-aşkar Azərbaycanı Keşikçidağdan Qarabağla hədələmək cəhdləri idi. Bakının Qarabağ mübarizəsini məhz Keşikçidağdan boğmaq və bununla da Azərbaycanın əzəli torpaqlarına ömürlük yiyələnmək istəyi burada da özünü aydın büruzə verir. 

 

- Keşikçidağda baş verən proseslərlə paralel yaşananlar isə sərhəd “əməliyyatı”nın mahiyyətini daha dərindən anlamağa imkan verir. Olaydan cəmi bir gün sonra Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü olacaqdı. Görünür, üçtərəfli əməkdaşlıq və keçirilən hərbi təlimlər düşmənin rahatlığını əməlli-başlı pozub. Burada ikinci bir faktor isə Paşinyanın heç bir ilkin şərt irəli sürmədən Ermənistanla münasibətlərin bərpasına dair heç cür Türkiyənin razılığını ala bilməməsi ilə bağlıdır. Görünür, rədd cavabı aldıqdan sonra Ankaradan əlini əməlli-başlı üzən İrəvan blokadadan yeganə çıxış yolunu artıq Gürcüstan üzərindən xəyal etməyə başlayıb. 

 

- Təbii ki, Keşikçidağ məbədi ətrafında süni gərginlik vasitəsilə Qafqazda planlanan müharibənin hədəfləri bununla bitmir. Çünki Cənubi Qafqazda beynəlxalq iqtisadi layihələr regionun sabitlik adası sayılan Azərbaycanın iştirakı ilə reallaşır, Gürcüstan vasitəsilə isə Avropaya daşınır. Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis- Qars dəmir yolu kimi layihələr bunun bariz nümunəsidir. Rəsmi məlumatlara görə, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 88 milyon ABŞ dolları həcmindədir. Belə olan halda qonşuda Bakı-Tiflis əlaqələrindən narahat olan məlum qüvvələrin son hərəkətlənmələrini əslində normal qarşılamaq olar. 

 

- Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Xankəndi şəhərində “ümumerməni oyunları” adlı naməlum tədbirdə Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bildirib. Keşikçidağ olayının üzərindən çox keçmədən “demokratiya çarçısının” “miatsum - birləşmə” şüarına müraciət etməsi açıq şəkildə bütün regionda ixtilafa çağırışa xidmət edir. Əslində, Paşinyanın məlum şovinist çıxışı Azərbaycan sərhədində uğursuzluğa düçar olan erməni məyusluğunun açıq ifadəsi idi. Axı, istənilən münaqişədə qələbə çalan heç bir xalq zəfərini zəiflər qarşısında nümayiş etdirmir. Bu yalnız məğlub və zəif tərəflərə xas olan keyfiyyətdir. Bu arada, Türkiyə, İran və Gürcüstan “tədbirə” idmançı göndərmədi. Ankara və Tiflisin bu addımı bir növ İrəvana xəbərdarlıq sayıla bilərdi.

 

Sərhəddə atəş açmayan əsgərin soyuqqanlığı bizi hansı müharibədən qorudu?

 

Bütövlükdə, prosesə nəzər saldıqda baş verənlərin həqiqətən də kənardan idarə olunduğunu anlamaq elə də çətin deyil. Çünki sərhədin delimitasiyası yönündə gedən müzakirələrin istiqamətini dəyişərək məsələnin həllinə əngəl törətməklə birbaşa Azərbaycan - Gürcüstan münasibətlərinin pozulması hədəflənirdi. Buna görə də yaradılan süni gərginliyin erməni barmağı ilə idarə olunduğu aydın sezilir. Bu tezislərə bir sıra dövlət rəsmilərinin nəzərindən baxmaqda da fayda var. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlamasında qeyd edib ki, baş verən hadisələrdə böyük güclərin məqsədləri Cənubi Qafqazda yeni münaqişə ocağını alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Prezident köməkçisinin məhz bu açıqlaması orta statistik Azərbaycan vətəndaşında baş verənlərin hansı qüvvələrin mənafeyinə xidmət etdiyinə və təxribata uymağın regionda doğuracağı nəticələrə dair aydın təsəvvür yaradır. Əli Həsənovun məqaləsində məsələyə tarixi kontekstdən baxışı və xatırlatmaları isə Azərbaycan və Gürcüstanı, ən çox isə ikincini hədəfə alanların əsl niyyətlərinə işıq salır. Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov isə bildirib ki, bu kimi təxribat və insidentlər iki ölkə arasında tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu isə özlüyündə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığından narahat olan qüvvələrin kimliyinə dair aydın təsəvvür yaradır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də açıq şəkildə baş vermiş insidentin Azərbaycan və gürcü xalqları arasında nifaqın yaranmasını arzulayan ermənipərəst ünsürlərin təxribatçı fəaliyyətinin nəticəsi olduğunu istisna etməyib. Bu mənada, Keşikçidağ hadisəsi az qala ermənilərin 30 ilə yaxındır ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində sərgilədiyi davranışların məramından uzağa getmir. Yəni məsələnin həlli istiqamətində danışıqlar prosesi bir qədər irəliləyən kimi düşmən masadakı aktivliyini dondurub, dərhal cəbhədə hərəkətə keçir. Belə olan halda Bakı və Tiflis arasında sərhəd mübahisəsinə həll edilməyən problem donu geyindirmək Gürcüstan ictimaiyyətini və xristian icmalarını Azərbaycana qarşı savaşa qaldırmaq deyil, bəs, nədir?! Bu, düz 30 il sonra Azərbaycanı “Topxana” meşəsindən hədəfə alanların uzunmüddətli planlarının davamı idi. Bu mənada Azərbaycan əsgərinin təmkinli davranışı regionda böyük bir geosiyasi müharibənin qarşısını aldı. Əminliklə demək olar ki, bu müharibə millətçi gürcüləri Keşikçidağ üzərindən Azərbaycana qarşı qaldıranların ölkəmizə ikinci Topxana təcavüzünə meydan tanıyacaqdı. Azərbaycanı inanc qalası Keşikçidağdan hədəfə almaq təsadüfən planlaşdırıla bilməzdi. Təbii ki, çoxillik planın hədəfi bundan da uzaqlara gedir. Məqsəd 30 ildir işğal edilən əraziləri uğrunda inadkarcasına savaşan Azərbaycanı bu dəfə inanc qalasından vurmaq idi. Əsas məsələ də elə buradan başlayır. Əgər Azərbaycan əsgəri çoxlarının da arzuladığı kimi anlıq səbrinə hakim olmayıb, tətiyə bassaydı, dərhal Gürcüstandakı soydaşlarımıza qarşı hücumlar olacaqdı. Bunun ardınca hücumlara məruz qalan azərbaycanlıları da dərhal gürcülərin üzərinə qaldırmaqla və aqressiv gürcülərdən ibarət kütləni intiqam almaq üçün qızışdırmaqla və ən sonda Türkiyəni prosesə də cəlb etməklə müharibə meydanını milli münaqişə zəminindən dövlətlərarası qarşıdurmaya qədər genişləndirəcəkdilər.

 

Belə olan halda situasiyadan faydalanan erməniyönümlü qüvvələr torpaqlarımızın 20 faizinin işğalının başlanğıcını qoyan Topxana savaşından fərqli olaraq bu dəfə azərbaycanlıları gürcülərlə qarşı-qarşıya qoyacaqdılar. Analoji senari üzrə Borçalıdan azərbaycanlıların kütləvi köçünə start veriləcəkdi. Bundan sonra Qafqazın sabitlik mərkəzində vəziyyətin hansı xoşagəlməz məcralara, kataklizmlərə yönəldiləcəyini təsəvvür etmək elə də çətin deyil. Böyük güclər siyasi ambisiyalarını heç vaxt xalqların rifahına qurban vermirlər. Bu fonda proseslərə Gürcüstan-Rusiya kontekstindən baxış da çox mühüm bir nəticəyə gəlməyə əsas verir.

 

 

Böyük ehtimalla, Azərbaycanla Gürcüstan arasındakı gərginlik Moskvanın Tiflisə ikinci hücumuna kartblanş verəcəkdi. Təsadüfi deyil ki, son illər siyasi təhlilçilər arasında Rusiyanın Yaxın Şərqdən sonra yenidən Cənubi Qafqazda aktivləşə biləcəyinə dair polemikalar səngimək bilmir. Görünür, hədəf təkcə Bakı-Tiflis əlaqələri deyildi, əsl hədəf, bəlkə də, Azərbaycan üzərindən ikinci rus-gürcü savaşına meydan açmaq idi. Təbii ki, Tiflis-Moskva əlaqələrinin bərpasının gecikməsi də proseslərin gedişatına təsirsiz ötüşmür. Azərbaycanlı ekspertlər nahaq yerə yaranan situasiyanın sifarişçilərinin Azərbaycan üçün Gürcüstandan “ikinci cəbhə” açmağı hədəflədiyini vurğulamır, hətta 14 iyul insidentinin bölgənin Avropaya inteqrasiyası yolunun bağlanılmasına hesablandığını istisna etmirlər. 

 

Əgər Azərbaycan əsgəri üzərinə hücum çəkən silahsız gürcüyə atəş açsaydı, pusquda duranlar xristian-müsəlman qarşıdurması adı altında dünyanı Azərbaycana qarşı savaşa səsləyəcəkdilər. Prosesdə gürcü millətçilərin fəallığı və səslənən antimüsəlman şüarları da elə bölgədə xristian-müsəlman savaşının təməlinin qoyulmasında atılmış ilk addım sayıla bilərdi. Etnik münaqişələrin dövlətlərarası müharibədən daha təhlükəli olduğuna tarix də şahidlik edib. Necə ki, illər öncə xalqımızın Topxana harayı yalnız meşələrimizin ekoloji soyqırımına qarşı deyil, Dağlıq Qarabağ ətrafında düşmənlərin oynadığı oyuna bir etiraz idi. Eləcə də bu gün şərtlər hər nə qədər fərqli olsa da, Azərbaycan əsgərinin təmkini yalnız Keşikçidağda qurulan təxribatlara deyil, iki dost, qonşu ölkə üzərində oynanılan böyük oyuna və nəhayət, Gürcüstan-Azərbaycan dostluğuna açılan atəşə bir etiraz idi. 18-20 yaşlı bir əsgərin, bəlkə də, bir çavuşun təmkini nəinki Keşikçidağı ikinci Topxana meşəsinə çevrilməkdən xilas etdi, eləcə də bölgədə yeni xaosun qarşısını aldı. Amma bu dəfə topları işə salmadan, qan tökülmədən! 

 

 

Topxanadan sonrakı azərbaycanlıdan fərqli olaraq alban kilsəsi həndəvərindəki silahlı qüvvələrimiz mənəvi-siyasi kimliyimizi necə nümayiş etdirir? 

 

Əsgərimizin hüquqi statusu müəyyən edilməmiş bir ərazidə qonşu ölkənin mülki vətəndaşına atəş açmaması Azərbaycanın hərbi gücünün, siyasi, ictimai hazırlığının yüksək səviyyəsindən xəbər verirdi. Əsl qəhrəmanlıq heç də silaha sarılmaqda deyil. Əsl qəhərmanlıq əsgərimizin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə aparılan danışıqlardakı mövqeyini qorumaqla böyük qüvvələrin dövlətçiliyimizi hədəfə alan məkrli oyununu pozmasında idi. Bunun ölkəmizin Keşikçidağla bağlı mübarizəsini yeni müstəviyə daşıyacağına şübhə yoxdur. Vaxtilə azərbaycanlıların, xüsusilə Şuşanın özünümüdafiə simvolu olan Topxanadan fərqli olaraq, Keşikçidağ sərhədçilərimizin inanc yerinə, bütöv Azərbaycanın simvoluna çevriləcək. Azərbaycan əsgəri bununla bütün dünyaya sülhpərvər siyasətimizi sübut etməklə qalmadı, bölgədə sabitliyə daim kölgə salmağa çalışan qüvvələrin əsl niyyətini işfa edərək xalqımızın təxribatlara uymadığını və bundan sonra da uymayacağını nümayiş etdirdi. Sərhəddə atəş açmayan Azərbaycan əsgərinin təmkininin gücü əslində xalqımızı düz 30 il əvvəl Topxananın ermənilərə verilməsi ilə başlayan prosesin növbəti ən dəhşətli mərhələsindən - Keşikçdağın Gürcüstana güzəşt edilməsi ilə yeni Azərbaycan ərazilərinin işğalına hazırlıq məqsədi güdən müharibənin alovunda yanmaqdan qorudu! Azərbaycana Lələ Təpə qalibiyyətini yaşadan sərhədçilərimiz bir daha sübut etdilər ki, onlar dövlətmizə qarşı istənilən təhlükəni silaha sarılmadan da dəf etməyə hazırdırlar! Həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti rəsmi Bakıya istər regional, istərsə də beynəlxalq səviyyədə istənilən problemi dialoq yolu ilə həll etməyə imkan verir. Məhz buna görə də Azərbaycan az qala 2015-ci ildə Türkiyə ilə Rusiya arasında qarşıdurmaya səbəb olacaq təyyarə insidentinə bərabər tutulan Keşikçidağ oyunundan müdrikcəsinə çıxmağı bacardı. Rəsmi Bakı Azərbaycan-Dağıstan sərhədinin delimitasiyası prosesindən də hərbi-siyasi qüdrəti sayəsində bu cür uğurla çıxmağı bacarmışdı. Əgər Topxana Qarabağ müharibəsinin başlanğıcı idisə, Keşikçidağ daha güclü Azərbaycan-Gürcüstan ittifaqının başlanğıcıdır. Təmas xəttində daim gərginlik yaradıb atəşkəsi pozan, sonra isə bunu danışıqlar prosesinə daşıyaraq status-kvonu qorumağa çalışan Ermənistan, yəqin, bundan sonra hərbi və siyasi cəhətdən hansı güclə savaşdığının fərqinə varacaq. 

 

Milli kimlik xalqa məxsus dəyərlər sisteminin əlamətlərini özündə ehtiva edən başlıca amildir. Azərbaycan Keşikçidağ prosesində sərgilədiyi tarixi mövqeyi ilə milli kimliyimizin qorunmasına fakt kimi tarixən dostluq və qardaşlıq siyasətinə verdiyi önəmi nümunə göstərdi. Topxanadan sonrakı azərbaycanlıdan fərqli olaraq alban kilsəsi həndəvərindəki silahlı qüvvələrimizin davranışı insanlarımızın milli birlik, özünüdərk, həmrəylik, vətənpərvərlik idealları ətrafında daha sıx birləşməsinin vacibliyini aydın şəkildə ifadə edir. Qəhrəmanlıq tarixindən gələn bu ənənə bu gün də hər bir Azərbaycan vətəndaşının üzərinə böyük mənəvi məsuliyyət qoyur. Bu həm də Azərbaycan milli ideologiyasının günümüzdə sosial sifariş kimi meydana çıxmasından irəli gəlir. 

 

Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi məzunudur. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.