Demokratiyanı necə inkişaf etdirmək olar?
Demokratiyadan narazılıq yüksək həddədir və bir çox yerlərdə də artır. Bəs insanlar öz ölkələrində demokratiyanın necəsə inkişaf etdirilə biləcəyini düşünürlər?
Pew Araşdırma Mərkəzi 24 ölkədə 30.000-dən çox insandan yaşadıqları yerdə demokratiyanın daha yaxşı işləməsinə nəyin kömək edə biləcəyini soruşub.
Əsas ehtiyacların qarşılanması
Bəziləri üçün belə bir fikir var ki, yaxşı demokratiya onların ehtiyaclarının ödənilməsinə əsaslanır. Bu fikir daha çox sorğu keçirilən orta gəlirli ölkələrdə geniş yayılır. Məsələn, İndoneziyada bir qadın “demokratiyanın daha yaxşı işləməsini təmin etmək üçün iqtisadi şəraitin yaxşılaşdırılmasının” vacibliyini vurğulayıb. Digərləri isə işi, inflyasiyanın idarə olunmasını, yoxsulların qayğısına qalmağı, yaşayış üçün əlverişli maaşları, həmkarlar ittifaqı islahatlarını və s. qabardırlar.
İnfrastruktur da diqqət mərkəzindədir. Nigeriyada bir nəfər qeyd edib ki, təhsil, yollar, xəstəxanalar, su əlçatan olduqda demokratiyanın yaxşılaşacağını söyləyə bilər. Cənubi Afrikada aylarla davam edən elektrik enerjisinin kəsilməsi zamanı bir qadın bildirib ki, hökümət xidmət göstərilməsi ilə millətə dəstək olmalıdır: “Biz kasıblar heç bir fayda görmürük. Elektrik problem həll olunmalıdır”.
Hindistanda kənd təsərrüfatı siyasətinə diqqət çəkilir. Kənd təsərrüfatına üstünlük verilməsi, toxum qiymətlərinin aşağı salınması, fermerlərin kreditlərinin azaldılması kimi xüsusi siyasət dəyişikliklərinin həyata keçirilməsi qeyd olunur.
Bəziləri dövlətin cinayəti azaltmasını, təhlükəsizliyi, xüsusilə, qadınların təhlükəsizliyinin gücləndirməsinin vacibliyini vurğulayırlar. Meksikada bir qadın hökümətə onların ehtiyac duyduğu şeylərə daha çox diqqət yetirməyi – zorakılıq, zorlama və pis rəftara məruz qalan qadınları dəstəkləməyi təklif edib.
Sistemin təkmilləşdirilməsi
Əksər respondentlər üçün demokratiyanın yaxşılaşdırılması siyasətçilərin təkmilləşdirilməsi, vətəndaş davranışının dəyişdirilməsi və qanunların ədalətli icrasının təmin edilməsi ilə bağlıdır. Avstraliyalı bir qadın idarəetmədə daha gənc siyasətçilərə, işçi sinfindən olanlara, imkanı daha az olanların necə yaşadığını anlayanlara üstünlük verməyə çağırıb. Keniyalı bir qadın isə liderlər keniyalılara qulaq assalar, ölkənin rifahını öz rifahlarından üstün tutsalar, demokratiyanın inkişaf edə biləcəyini qeyd edib.
Bəziləri vətəndaşların özlərini necə dəyişə biləcəyini vurğulayırlar. Buraya xeyirxahlıq, birlik və hörmət üçün ümumi çağırışlar, xüsusi sosial münaqişələrə (məsələn, dindarlarla dünyəvi insanlar arasında) son qoyulması çağırışları daxildir.
Digərləri insanların daha çox iş görməli olduqlarını bildirirlər: yüksək faizlə səs verməyi, özlərini xüsusilə, vətəndaşlıq mövzusunda maarifləndirməyi, hətta əsas məqamlarda etiraz etməyi vacib sayırlar.
Respondentlərin bir qrupu mövcud qanunların və hüququn daha ədalətli icrasına diqqət çəkirlər. Məsələn, bir sıra insanlar liderləri geniş şəkildə kontitusiyaya əməl etməyə çağırırlar, digərləri cinayətdə ittiham olunan liderlərin vəzifəyə namizədliyinə icazə verilməməsini vurğulayırlar.
Kər kəslə bərabər rəftar həm ümumilikdə, həm də irqi, dini, etnik qruplar baxımdan bəzi ölkələrdə dominant mövzudur. Bir fransız qadın demokratiyanı təkmilləşdirmək üçün kişilər və qadınlar arasında daha çox bərabərlik, immiqrantların daha yaxşı inteqrasiyası, yoxsulluğun, uşaq və heyvan istismarının aradan qaldırılmasını təklif edib.
Sistemin yenidən gözdən keçirilməsi
Bəziləri hesab edir ki, demokratiyanı inkişaf etdirmək üçün fundamental dəyişikliklərə ehtiyac var. Digərləri isə müəyyən qurumların (məsələn, qanunverici orqanın) ölçüsünü dəyişdirmək, hakimiyyət qolları və ya səviyyələri arasında səlahiyyətləri balanslaşdırmaq və ya daha sərt müddət məhdudiyyətləri tətbiq etmək ehtiyacına diqqət yetirirlər.
Məhkəmə sistemində islahatların aparılması - istər Polşada Konstitusiya Məhkəməsində hakimlərin dəyişdirilməsi, istər İspaniyada hakimlərin təyin edilməsi üsulunun dəyişdirilməsi, istərsə də ABŞ Ali Məhkəməsinə müddət məhdudiyyətlərinin əlavə edilməsi də prioritet məsələdir. Məhkəmə islahatlarına etiraz dalğası zamanı ( 7 oktyabrdan öncə) sorğunun aparıldığı İsraildə məhkəmənin müstəqilliyinin qorunması ilə yanaşı, demokratiyaya ziyan olduğu üçün Ali Ədalət Məhkəməsinin zəiflədilməsi ən çox təklif olunan demokratik təkmilləşdirmələr olub.
Daha çox seçkilərin keçirilməsi üçün çağırışlar da var – xüsusilə, referendum və ya səsvermə təşəbbüsləri. Bəzi insanlar İsveçdə bir qadının söylədiyi kimi, spesifik məsələlərlə bağlı – nüvə enerjisi, seksuallıq, NATO və Aİ ilə bağlı daha çox referendum keçirməyə çağırırlar. Digərləri isə birbaşa demokratiya – vətəndaşlara ölkənin tutduğu mühüm siyasi istiqamətlərinə səs verməyə icazə verilməsini qeyd edirlər.
Şəfanə İbrahimova
BDU-nun jurnalistika fakültəsini həm bakalavr, həm də magistr pilləsi üzrə bitirib. Müxtəlif media orqanlarında jurnalist kimi çalışıb. Hazırda Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edir.