Yuxarıya
skip to main content

Britaniyalılar üç il sonra Brexit barədə nə düşünür?

07.02.2023

Böyük Britaniyanın rəsmi olaraq Avropa İttifaqından çıxmağından üç il keçir. Üç il sonra və son siyasi-iqtisadi qeyri-müəyyənlik fonunda ictimaiyyət ölkənin istiqaməti ilə bağlı bədbindir. Brexit ilə bağlı şübhələr də bunun bir hissəsidir.
“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin keçirdiyi yeni sorğunun nəticələrinə görə, britaniyalıların 45%-i Brexitin gözlədiklərindən pis getdiyini düşünür. Bu göstərici 2021-ci ilin iyun ayında 28% olub. Təxminən 10 nəfərdən biri (9%-i) prosesin gözləniləndən daha yaxşı getdiyini deyir, beşdə ikisi (39%-i) gözləntilərin qarşılandığını  düşünür.
Brexitin günlük həyata təsirləri ilə bağlı sual ətrafında da rəqəmlər bənzərdir. Britaniyalıların 45%-i Aİ-dən ayrılmağın vəziyyəti daha da pisləşdirdiyini düşünür, 37%-i heç bir fərq yaratmadığını, on nəfərdən biri isə həyatlarını yaxşılaşdırdığını söyləyir. Brexitin mənfi təsirlərinə gəldikdə isə respondentlərin 40%-i  hesab edir ki, Böyük Britaniya ilə Aİ arasında ticarətin önündə artan əngəllər ilk sırada yer alır. Bu göstərici 2020-ci ilin martından bəri 13% artıb. On nəfərdən üçü hərəkət azadlığının sona çatdığını, dörd nəfərdən biri isə Böyük Britaniya ilə Aİ arasında beynəlxalq əməkdaşlığın azaldığını qeyd edir.
Müsbət nəticələrlə bağlı suala isə hər beş nəfərdən biri Britaniyanın qanun və qaydaları üzərində nəzarət əldə etdiyini, Covid-19 pandemiyasına daha yaxşı cavab verə bildiyini (22%), Britaniyanın ümumilikdə  öz qərarlarını verə bilməsini (21%) vurğulayır. Bununla belə, hər dörd nəfərdən biri (24%) müsbət nəticə olmadığını söyləyir.
Üç il keçməsinə baxmayaraq, çox az adam danışıqların bitdiyinə inanır. Təxminən beş nəfərdən biri deyir ki, münasibətlər indi əsasən qərarlaşdırılıb və yaxın bir neçə il ərzində çətin ki dəyişəcək (18%). Təxminən on nəfərdən üçü gələcək münasibətlərin geniş konturlarının növbəti bir neçə il ərzində çox dəyişməyəcəyinə inansa da, düşünür ki, qərar vermək üçün vacib sahələr qalır (28%). Respondentlərin 36%-i qeyd edir ki, hələ yekunlaşdırılması gərəkən bir çox məsələ var ki, bu da önümüzdəki bir neçə il içərisində daha çox müzakirə mənasına gəlir.
Böyük əksəriyyət (84%) Aİ ilə sıx əlaqə saxlamağın vacib olduğunu düşünür, ancaq hər on nəfərdən biri (10%) bunun əksini deyir. Bunun baş verib-verməyəcəyi ilə bağlı fikirlər  bölünür, respondentlərin yarısından azı Böyük Britaniya və Aİ-nin yaxın münasibətdə olacağını deyir (47%) və oxşar nisbət bunun mümkün olmadığını söyləyir (41%).
Böyük Britaniyanın Aİ ilə münasibətləri üçün hansı iki və ya üç sahənin əsas prioritet olması barədə suala gəlincə, ilk növbədə malların, xidmətlərin alınması və satışının asanlaşdırılması üçün ticarət sazişinin təkmilləşdirilməsi göstərilir (37%). Sonrakı yerlərdə qeyri-qanuni immiqrasiyanın azaldılması üçün Aİ ilə işləməyə üstünlük verilməsi (29%), cinayətin və terrorizmin qarşısının alınması və aşkar edilməsində sıx əməkdaşlıq edilməsi (25%) gəlir.
Xatırladaq ki, Böyük Britaniya 2020-ci il fevralın 1-də Avropa İttifaqını tərk edib.

Şəfanə İbrahimova Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi