Avropalıların 74 faizi Aİ-nin Ukraynaya dəstəyini müsbət qiymətləndirir – Sorğu
Avropa İttifaqına üzv dövlətlərin vətəndaşlarının böyük əksəriyyəti blokun Ukraynaya davamlı dəstəyini müsbət qiymətləndirir, “Eurobarometer”-in cümə axşamı yayımlanan son sorğusu bunu deməyə əsas verib. Respondentlərdən ittifaqın Ukraynaya dəstək mövqeyini təsdiq edib-etmədikləri ilə bağlı ünvanlanan suallara 74 faiz şəxs “bəli” deyib.
Respondentlərin 73 faizi üzv ölkələrin Ukraynaya hərbi dəstəyini sürətləndirməyi düşünməsi ilə yanaşı, Aİ-nin Ukraynaya maliyyə, hərbi və humanitar yardımı, eləcə də Rusiyaya qarşı sanksiyaları ilə razılaşdıqlarını da bildirib. Tədqiqat üzv ölkələr arasında böyük uyğunsuzluqlar olduğunu da göstərir. Aİ-nin Ukraynaya dəstəyi Şimal ölkələri, Hollandiya, İrlandiya və Portuqaliyada daha populyardır və əhalinin 90 faizindən çoxu bunu bəyənir. Spektrin digər ucunda, Yunanıstan, Slovakiya, Bolqarıstan və Kiprdə respondentlərin yarısından azı Aİ-nin Ukraynaya qarşı hərəkətlərini bəyəndiklərini bildirib.
Oktyabrın 12-dən noyabrın 7-dək keçirilən sorğunun bir hissəsi olaraq bütün üzv ölkələrdən 26 000-dən çox insanla müsahibə aparılıb. İnsanların əksəriyyəti müharibənin gündəlik həyatlarına təsirindən xəbərdar olmasına baxmayaraq, Aİ-nin hərəkətlərini dəstəkləyir, rəyi soruşulanların demək olar ki üçdə ikisi isə Ukraynadakı müharibə səbəbindən həyatlarının bundan sonra daha da dəyişəcəyinə inanır. Bu, yoxsulluq və sosial təcrid, iqlim dəyişikliyi və müharibənin digər ölkələrə potensial sıçrayışından əvvəl, hazırda avropalıların əsas narahatçılığı olan qitədə yaşayış xərclərinin artması ilə bağlı artan narahatlıqlarda əks olunur. Demək olar ki, respondentlərin yarısı (46 faiz) onların həyat standartlarına pandemiya və ardınca Ukraynadakı müharibənin mənfi təsir göstərdiyini və bunun enerji qiymətlərində artım yaratdığını söyləyib.
Mənbə : Politico
Paşa Bayramov
STM-in aparıcı məsləhətçisi