Yuxarıya
skip to main content

Hibrid iş modelinə necə yanaşılır?

21.12.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin “Hibrid Tədqiqat və Anti-Böhran Hesabatı” çərçivəsində Türkiyədə hibrid iş modeli ilə bağlı münasibətlər və davranışlar incələnib. Pandemiya ilə başlayan uzaqdan – evdən iş modeli üçün işin, vəzifənin uyğunluğu önəmli bir cəhətdir. Türkiyədə işləyən insanların 34%-i işlərinin uzaqdan çalışmağa uyğun olduğunu bildirirlər. Onların yarısı bu gün tamamilə və ya həftənin müəyyən günləri uzaqdan işləyirlər.
Hazırda evdən – uzaqdan çalışan hər 10 nəfərdən 3-ü bu ay boyunca da belə işləməyə davam edəcəyini düşünür. 6 ay və ya daha uzun bir müddət bu cür işləməyə davam edəcəyini düşünənlərin göstəricisi sadəcə 23 %-dir.
Bundan sonrakı iş düzəni kimi çalışanların 13%-i hər gün işə getmək və ofisdə çalışmaq istəyir. Çoxluğun istəyi isə uzaqdan işləməyə bir müddət davam etməkdir.
Dünyada da işləyənlərin çoxu hibrid iş modelinə üstünlük verirlər. 2020-ci ilin aprelindən 2021-ci ilin dekabr ayına qədər aparılmış tədqiqatın nəticələrinə görə işə, ofisə getmək istəyənlərin göstəricisi 8%-dir.
Bəs idarəçilər necə düşünürlər? Onların tamamilə evdən işləmək istəyi aşağıdır. İdarəçilərin çoxu bunun yerinə hibrid işə üstünlük verirlər. Orta səviyyəli idarəçilərin 74%-i, üst səviyəlilərin isə 81%-i hibrid iş modelinin tərəfdarıdır.
Uzaqdan iş modelinin əsas üstünlükləri pul və zaman qazancı kimi dəyərləndirilir (85%). Digər önəmli bir fayda isə iş-həyat balansının daha yaxşı təşkili hesab olunur (67%).
“Ipsos Türkiyə”nin baş direktoru Sidar Gedik bildirir ki, qismən və ya tamamilə ofis xaricindən işləmək qavramı pandemiyadan öncə də çox müzakirə edilirdi. Əlbəttə ki, sistem bu şəkildə işləməyə uyğun sahələr üçün keçərli idi: “Pandemiya bu müzakirəyə bir müddət son verdi deyə bilərik. Sağlamlığı onə çəkərək hər kəs bir müddət evdən işlədi. Pandemiyanın təsiri azaldıqca isə bəzi şirkətlər, sektorlar qismən və ya tamamilə ofisdən işləməyə qayıtdılar. Belə bir məqamda hibrid iş modeli gündəmə gəldi”.
Araşdırma göstərir ki, Türkiyədə işləyənlərin üçdə ikisi üçün uzaqdan  çalışmaq işin xarakterinə görə mümkün deyil. Bu cür işləməyə uyğun olanlar isə qismən və ya tamamilə uzaqdan işləməyə davam edirlər. Ancaq belə işləməyin 6 aydan çox davam edəcəyini düşünənlər azlıq təşkil edir. Necə davam ediləcəyini isə zaman göstərəcək.  Türkiyədə həm tamamilə evdən çalışmaq istəyənlər, həm də bütünlüklə ofisdən işləmək istəyənlər digər ölkələrlə müqayisədə yüksəkdir.  Başqa ölkələrlə müqayisədə tamamilə evdən işləmək istəyənlər  2 dəfə, tamamilə ofisdən işləmək istəyənlər isə 1.5 dəfə çoxdur.
Digər ölkələrdə isə hibrid iş modelinə üstünlük verənlər daha çoxdur. Türkiyədə bu göstərici 45% digər ölkələrdə isə 68 %-dir. Bu seçim arxasında əsas motivasiya isə pula və zamana qənaət, iş-şəxsi həyat balansının daha yaxşı qurulmasıdır.
Ölkədə  hazırda çalışanların 87%-i tamamilə və ya qismən ofis xaricində işləməyin

tərəfdarıdır. Bu göstərici digər ölkələrdə aparılan araşdırmalarda daha yüksəkdir (92%).
Dünyada idarəçilərin tamamilə evdən işi seçmə nisbəti gənc işçilərlə müqayisədə üç qat aşağıdır. İş həyatlarının əvvəlində olanların 28%-i bundan sonra sadəcə evdən işləmək istədiklərini bildirsə də, üst səviyyəli idarəçilər arasında bu göstərici 10%-ə düşür. İstər üst, istərsə də orta səviyyəli idarəçilər hibrid iş modelini effektli iş birliyi təmin etmək üçün ən uyğun alternativ kimi görürlər. Onların bu cür düşünməsində gənc işçilərini başqa şirkətlərə itirmə təlaşının da rolu olduğu hesab edilir.

Gənc işçilər üçün isə iş birliyi baxımdan evdən və ya hibrid işlə tamamilə ofisə qayıtmaq arasında elə də fərq yoxdur. Onlar uzaqdan işləyərək də ofisdə olduğu kimi bir-birlərinə dəstək ola biləcəklərini düşünürlər.
Hibrid iş modeli ilə mövcud kadrların işi həyata keçirə biləcəyi ortaya çıxdı. Bununla belə, gələcək nəslin bu cür çalışmaqla müəyyən bir bacarıq səviyyəsinə çatması üçün nə qədər vaxt lazım olacağı sual işarəsi altındadır. Bu keçid dövründə səriştələrin əldə edilməsinin daha uzun zaman aldığı müşahidə edilir.
Qeyd edək ki, “Hibrid Tədqiqat və Anti-Böhran Hesabatı” 2022-ci ilin yanvar- aprel ayları ərzində 95 ölkədə “Ipsos” onlayn panel sistemi vasitəsilə 542 423 işçi arasında həyata keçirilib.

 

Şəfanə İbrahimova
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi