Yuxarıya
skip to main content

Uşaqların aktivlik səviyyəsi necə dəyişib?

13.12.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi idmana və fiziki aktivliklərə dəstək olan “Sport England”in adından 2021-2022-ci il ərzində Birləşmiş Krallıq məktəblərində oxuyan şagirdlər arasında sorğu keçirib. Bu cür sorğu artıq 5 ildir ki, reallaşdırılır. Sorğu anketləri 1-ci, 2-ci sinif şagirdlərinin özləri, həm də valideynləri arasında, 3-11-ci sinif şagirdlərinin isə özləri və hər sinifdən bir müəllim tərfindən doldurulur.
Sorğu çərçivəsində 2021-2022-ci tədris ili ərzində 1500-dən çox məktəbdən 120000-dən artıq şagird və valideynin cavabları alınıb.
Hesabat şagirdlərin ümumi olaraq və fərqli demoqrafik qruplara görə nə qədər idman və fiziki aktivliklə məşğul olduqları, müxtəlif yaş qrupları arasında hansı fəaliyyətlərin daha çox yayıldığı haqqında məlumatları əhatə edir. Uşaqların və gənclərin idmana və fiziki aktivliklərə münasibəti, aktivlik səviyyəsi və rifah arasında əlaqə araşdırılır. Hesabat həmçinin idmana və fiziki fəaliyyətə dəstək olmaq üçün könüllülüyün yayılmasını və könüllülərin demoqrafik profilinin bütün əhalidən nə ilə fərqləndiyini əhatə edir. Eyni zamanda rifah, fərdi və ictimai inkişafla idmanda iştirak, fiziki fəaliyyət və könüllülük arasında əlaqə araşdırılır. Sorğuda həmçinin üzgüçülük bacarığı və üzgüçülük dərslərinə girişlə bağlı nəticələr də əhatə olunub. Nəticələr əvvəlki tədris illərinin göstəriciləri ilə müqayisə edilib.
Sorğunun nəticələrinə görə, uşaqların və gənclərin aktivlik səviyyələri ümumilikdə pandemiyadan əvvəlki səviyyəyə qayıdıb, onların 47%-i gündə orta hesabla 60 dəqiqə və ya daha çox idman və fiziki fəaliyyətlə məşğul olmaq barədə Baş Tibb Mütəxəssisinin göstərişlərinə əməl edir. Ümumilikdə, aktivlik səviyyəsi 2,6% artıb ki, bu da əvvəlki tədris ili ilə müqayisədə 219 000 daha aktiv uşağın olduğunu ifadə edir.
Aktivlik səviyyələri indi pandemiyadan əvvəlki son tam il - 2018-2019-cu tədris ilinə uyğundur. Həm dərsdənkənar, həm də dərs saatlarında aktivləşənlərin sayında artım var. Dərs saatlarında aktivlik 2,2 % artıb ki, bu da 190 000-ə qədər şagirdin hər gün orta hesabla 30 dəqiqə və ya daha çox idman və fiziki fəaliyyətlə məşğul olması deməkdir. Bu nəticələr məktəblərin Covid-19-dan sonra idman və fiziki aktivlikləri təhlükəsiz və müsbət yolla geri qaytarmaq üçün çalışdığını göstərir.
Pandemiya dövründə aktivlikləri ən çox təsir görmüş oğlanlar  daha çox müsbətə doğru irəliləyiblər. Oğlanların 50-%-i  hazırda gündə 60 dəqiqəyə qədər idman və ya fiziki fəaliyyətlə məşğul olurlar. Qızlarda bu göstərici 45%-dir.
Qızların da artan aktivlik səviyyələrini göstərən rəqəmlər var. Sorğunun başladığı 2017-ci illə müqayisədə 100 000 daha çox qız müntəzəm olaraq futbol oynayır.
Orta yaş qrupundakı qız məktəblilər hazırda  2017-2018 tədris ilindən bəri sorğunun keçirildiyi istənilən vaxtdan daha aktivdirlər.
Gündə 30 dəqiqədən az fiziki fəaliyyət göstərən az hərəkətli uşaqların sayı 143 000 nəfər (2,3%) azalıb.
Kasıb ailələrdən gələnlərin aktiv olma ehimalı varlı ailələrdən olanlara nisbətən aşağıdır. Nəticələr göstərir ki, uşaq və gənclərin çoxu öz psixi sağlamlıqlarına kömək etmək üçün aktivləşir və seçdikləri fəaliyyətlərin çoxu komanda idmanları, rəqs və ya fitness də daxil olmaqla qrup şəraitində keçirilir.
Sorğunun nəticələri onu da vurğulayır ki, daha yüksək aktivlik səviyyəsinə malik olanların rifah səviyyəsi yüksəkdir. Aktiv uşaqlar və gənclər az aktiv olanlara nisbətən daha çox xoşbəxt olurlar və onların tez-tez və ya həmişə tənha hiss etmə ehtimalları aşağıdır.

 

Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi
Şəfanə İbrahimova