Keyfiyyət tədqiqatlarında fenomenoloji metod
Əvvəlcə, Fenomen nədir sualına cavab verək: Hərfi mənada “özünü göstərən obyekt”, “üzə çıxan obyekt” sözləri ilə eyni mənanı bildirməkdədir. Başqa sözlə, fenomen özünü və xarici dünyanı özünəməxsus şəkildə duyğu üzvləri vasitəsilə qavrayan şəxsin subyektiv yaşantıları, təcrübələridir. Fenomenologiyanın məqsədi insan təcrübəsini anlamaqdır, bu məqsədlə, fenomenologiya 21-ci əsrin başlanğıcında yaranan təcrübəni mənalandırmağa cəhd edən fəlsəfi cərəyanla elmi və fəlsəfi ədəbiyyatlara daxil olub. Fenomenologiya sadəcə özəllikli və dərin qavrayışa sahib olmadığımız faktlara istiqamətlənir. Hadisələr, təcrübələr, qavrayışlar və ya vəziyyətlər kimi fərqli şəkildə qabağımıza çıxan bu faktlara gündəlik həyatımızda fərqli formalarda rast gələ bilərik. Bu yanaşma bir neçə fərziyyəyə əsaslanır:
1. Məna və bilmək sosial konstruksiyalardır, həmişə natamam və inkişafdadır.
2. Tədqiqatçı öyrənilən təcrübənin bir hissəsidir və onun dəyərləri tədqiqatda rol oynayır.
3. Qeyri-obyektivlik, tərəfkeşlik bütün tədqiqatlara xasdır və başlanğıcda ifadə edilməlidir.
4. İştirakçılar/respondentlər və tədqiqatçılar biliklərini bölüşməklə bərabər, həm də tərəfdaşdır.
5. Ümumi ifadə formaları (məsələn, sözlər və ya incəsənət) vacibdir.
6. Mənalar hər kəs tərəfindən paylaşılmaya bilər.
Bundan başqa, elmi ədəbiyyatlarda fenomenologiyanın iki növünun olduğu göstərilir:
- Hermenevtik ( mənalandırıcı) fenomenologiya (Van Manen)
Bu yanaşmanın üç əsas xüsusiyyəti var:
- İştirakçı yaşanmış təcrübələri açıqlayır və fikirləri şərh edir.
- Tədqiqatçı yaşanmış təcrübələr açıqlayır və şərh verir.
- Tədqiqatçı özünün ciddi bir şəkildə marağını çəkən bir fenomenə yönəlir. Nümunə: c.1. Eyni zamanda işləyən və doktorluq dissertasiyası yazan kiçik körpəsi olan qadın doktorantın tezis yazma təcrübəsi necədir? (Fenomen körpə və iş həyatı ilə tezis yazmaqdır). c.2. Köçürən tələbənin cəzasından sonra özünü bağışlama vəziyyəti necədir? (Fenomen özünü bağışlamaqdır). c.3. Yeniyetmə zorakılığına məruz qalan şagird zorakılıq anlayışını necə başa düşür? (Fenomen zorakılıqdır).
- Transendental (psixoloji), mücərrəd təcrübi fenomenologiya (Moustakas)
- Tədqiqatçı yaşanmış təcrübələri şərh etməkdən daha ziyadə, açıqlamağa çalışır.
- Tədqiqatçılar araşdırılan fenomenə yeni bir baxış bucağı gətirmək üçün mümkün olduğunda təcrübələrini bir kənara buraxırlar: Mötərizəyə alma üsul ilə.
İndisə, fenomenoloji araşdırma müddətinin pillələrinə nəzər salaq:
Şəkil 1.
Təsvir edilən bu mərhələləri biraz detallı izah edək:
- Tədqiqat problemi müəyyən edilərkən, ilk növbədə, ədəbiyyatdakı boşluq və ya həll edilməli olan problemə diqqət yetirilir. Fenomenoloji araşdırmada tədqiqatçı ilk növbədə onun probleminin fenomenoloji yanaşmaya uyğun olub olmadığını müəyyən etməlidir. Fenomenoloji tədqiqat bir insanın müəyyən bir təcrübəyə sahib olmasının nə olduğu ilə maraqlanmaqla başlamalıdır. Bu maraq tədqiqata rəhbərlik edəcək və tədqiqatçıya diqqət yetirməyə kömək edəcək. Daha sonra, tədqiqatın əlaqəli olduğu bir fenomen müəyyən edilir.
- Araşdırma cümləsi- tədqiqatın əsas məqsədini və yol xəritəsini təqdim edir. Buna görə də, məqsəd cümləsi diqqətlə qurulmalı, aydın və yığcam bir dillə yazılmalıdır. Tədqiqatçı Cresvelə görə, fenomenologiya kimi xüsusi bir yanaşma ilə keyfiyyət tədqiqatlarında yaxşı bir giriş və məqsəd ifadəsi yazmaq üçün nəzərə alınmalı olan əsas terminlər və elementlər var. Bunlar; Birincisi, tədqiqatda, məlumatların yaradılmasında, təhlilində və hesabatın yazılmasında istifadə ediləcək xüsusi keyfiyyət yanaşması müəyyən edilir. Bu izahatlar verilərkən, xüsusilə fenomenoloji tədqiqatlar üçün məqsəd cümləyə “təsvir etmə”, “yüklənmiş məna”, “təcrübələr” və “mahiyyət” kimi ən diqqət çəkən və ən çox işlənən terminlər daxil edilir. İkincisi, tədqiqatda üzə çıxarılan və öyrənilən “mərkəzi fenomen” müəyyən edilir. Tədqiqatın əvvəlində sözügedən tərifi aydın şəkildə vermək çətin olsa da, ümumi tərif daxil edilməlidir.
- Tədqiqat dizaynı- yaradıcılıq üçün bir fürsətdir. Bu, tədqiqat sualı vasitəsilə maraq vəziyyətindən tədqiqat məqsədlərini təmin edəcək strategiyaya necə keçməyi başa düşməyi nəzərdə tutur. Tədqiqat konteksti çox vacibdir. Məlumat yaratmaq və təhlil etmək üçün tələb olunan bacarıqların müxtəlifliyini və bu bacarıqları inkişaf etdirmək üçün mövcud olan hər hansı dəstəyi nəzərə almaq da faydalıdır. Nümunə:
“Fenomenoloji tədqiqatlarda oxucuya təcrübənin əsaslı, dəyişməz təbiəti haqqında dəqiq anlayış vermək üçün yaşanmış təcrübələrin şüurunun strukturu tədqiq edilir. Fenomenoloji yanaşmanın istifadəsini əhatə edən xroniki xəstəliklə bağlı əvvəlki tədqiqatlar pasyentlər üçün xəstəliyin dəyişənlər siyahısına və ya nəzəriyyəyə asanlıqla çevrilməyən yaşanmış bir təcrübə olduğu fikrini dəstəkləyir. Bu anlayışla, sorğu qaydası olaraq, biz fenomenologiyanı seçdik”
- Anlayış çərçivəsi və nəzəri baza tədqiqatçıya izahatlar və təhlillər təqdim edir. İstifadə olunan terminlərin təfərrüatlarına, mənasının aydınlaşdırılmasına, problemin ölçülərinin müəyyən edilməsinə və bu ölçülər arasında əlaqənin müəyyənləşdirilməsinə, həmçinin təhlil mərhələsində istifadə olunacaq mövzuların seçilməsinə kömək edir. Burada mühüm məsələ ondan ibarətdir ki, konseptual məlumatlar “tədqiqat prosesi”ndə yenilənə və yazıla bilər ki, bu da keyfiyyət tədqiqatının dairəvilik prinsipi (pilləli və yenilənən inkişaf) çərçivəsində idarə oluna bilər. Bu cür dəyişkənlik tədqiqat prosesində tədqiqatçını gücləndirən və rahatlaşdıran bir vəziyyəti göstərir.
- İştirakçıların müəyyənləşdirilməsi: Keyfiyyət tədqiqatlarında tədqiqat qrupunun ölçüsü tədqiq ediləcək mövzunun xarakteri, tədqiqatın dizaynı və əhatə dairəsi, məlumatların növü nəzərə alınmaqla müəyyən edilir. Öyrənilən mövzu aydın,dəqiqdirsə və müsahibələrdə məlumat asanlıqla əldə edilirsə, daha az iştirakçı tələb olunur; Əgər mövzu maraqlıdırsa, başa düşülməsi çətindirsə və iştirakçılar mövzu haqqında danışmaqda tərəddüd edirsə, daha çox iştirakçıya ehtiyac var. Çünki məqsəd təyin olunan mövzunun diqqət mərkəzində təcrübə qazanmaqdır.Tədqiqatçı Cresvelə görə, fenomenoloji tədqiqatlarda iştirakçı seçim strategiyaları çox dar diapazondadır. Fenomenologiya üçün xüsusilə uyğun strategiya iştirakçıların məqsədyönlü seçilməsidir. İştirakçılar, tədqiqatçının bir iştirakçıdan tədqiqatı digər iştirakçılara tövsiyə etməsini xahiş edərək nümunəni genişləndirmək metodundan istifadə etdiyi qartopu seçmə üsulundan və “meyar əsaslı” seçmə üsulundan istifadə edilə bilər.
- Məlumat toplama müddəti: Fenomenoloji tədqiqatlarda fenomeni aşkar etmək üçün müsahibələr, müşahidələr, fokus qrup müsahibələri və sənədlərin nəzərdən keçirilməsindən istifadə edilə bilər. Bununla belə, ən çox istifadə edilən məlumat toplama texnikası müsahibədir. Tədqiqatçılar Smit, Flovers, and Larkin (2009) bildirirlər ki, müsahibənin əvvəlində ən vacib şey iştirakçı ilə yaxın münasibət qurmaqdır. İştirakçılar tədqiqatçı ilə rahat olmalı, nə istədiklərini bilməli və tədqiqatçıya etibar etməlidirlər. Onlar həmçinin qeyd edirlər ki, tədqiqatçı bu əlaqəni qura bilməsə, iştirakçılardan doğru məlumat əldə etmək ehtimalı aşağıdır. Nəticə etibarilə, müsahibə prosesi zamanı tədqiqatçı iştirakçıların necə sərbəst olacaqlarını nəzərə alaraq və öz təcrübələri haqqında danışmağa vadar etməyi də bacarmalıdır. Bir sözlə, tədqiqatçı ilə iştirakçı arasında empatik və güvənli münasibət qurulmalıdır.
- Məlumatın analizi və təqdimatı: Fenomenoloji məlumatların təhlilinin ümumi mərhələləri bunlardır: məlumatların hazırlanması (mötərizəyə,transkriptə ayırma), verilənlərin fenomenoloji azadılması (bir formaya gətirmək və fenomenoloji reduksiya), yaradıcı variasiya (xəyali çeşidləmə) və təcrübənin mahiyyətinin açılması (məna və mahiyyətlərin sintezi) şəklindədir. Fenomenoloji təhlil tədqiqatçının subyektivliyini mötərizəyə verməklə başlayır ki, bu da tədqiqat boyu qərəzliyi aydınlaşdırmaq deməkdir. Bu proses Epoke (Mötərizədə) kimi müəyyən edilir və tədqiqatçılar tərəfindən fenomenin hərtərəfli təsviri ilə başlayır. Mötərizə tədqiqatçının fenomenlə bağlı şəxsi təcrübələrini, keçmiş assosiasiyalarını, anlayışlarını və fenomen haqqında qərəzlərini bir kənara qoymasıdır.
- Etimadlılıq (credibility), güvənirlik( reliability) və etik məsələlərin nəzərə alınması- Bu mərhələdə qeydlərin aparılması əsaslılıq və etibarlılıq yaratmaq üçün bir yanaşmadır. Bununla belə, düzgün məlumata (etimadlılıq) çatmaq üçün lazımi ehtiyat tədbirlərinin görülməsi və tədqiqat prosesinin və məlumatların aydın və təfərrüatlı şəkildə müəyyən edilməsi, yəni başqa bir tədqiqatçının onu qiymətləndirməsinə imkan yaratmaq (etibarlılıq) keyfiyyət tədqiqatçısının cavab verməli olduğu vacib gözləntilərdir.
Tədqiqatçılar Brantlinqer, Jimenez, Klinqner, Pugaç, Riçardson və Cresvell-ə görə, keyfiyyətli tədqiqatın etimadlılığı və güvənirliliyi üçün aşağıdakı gözləntilər və meyarları qeyd etmişdilər:
-
- Trianqulyasiya (məlumatlar, nəzəriyyə, metod qarşılıqlı istifadəsi);
- Mənfi və ya qeyri-ardıcıl nümunələr/müsbət və ya mənfi nümunələr daxil etmək;
- Tədqiqatçının reflekslivliyi və ya rolunu aydın şəkildə izah etməsi;
- İştirakçıların yoxlanılması müsahibə transkripsiyalarının və ya müşahidə sahəsində qeydlərinin düzgünlüyünün (və ya qeyri-dəqiqliyinin) yoxlanılması və təsdiqlənməsi;
- Birgə təhlil və şərhlərin özünəməxsus vəya qərəzli olmadığından əmin olmaq üçün tədqiqatın və ya razılaşdırılmış nəticələrin dizaynına birdən çox təqdiqatçını cəlb etmək;
- Kənar müşahidəçilər;
- Məlumat mənbələrindən birbaşa sitatlar gətirmək;
- Uzunmüddətli sahədə qarşılıqlı əlaqə/iştirakçıları müşahidə etmək, etibarlı və yoxlanıla bilən nəticələr üçün sahədə sərf olunan kifayət qədər vaxtı sənədləşdirmək;
- Ətraflı məlumatların yaradılması;
- Məlumatların ətraflı təsviri;
- Məlumatların gizli saxlanması;
- Tədqiqatçının hesabatı şəffaf, ədalətli və sistemli olmalıdır.
Nəticə
Bu araşdırmada keyfiyyət tədqiqat metodlarından biri olan fenomenoloji tədqiqatın əhatə dairəsi, növləri və tədqiqat prosesi haqqında nəzəri bələdçilik aparılmışdır. Bir qavrayış və ya fenomen haqqında fərdlərin təcrübələrini aşkar etmək üçün fenomenoloji tədqiqat aparılmaqdadır. Fenomenoloji yanaşmada digər mühüm məqam ondan ibarətdir ki, bütün Keyfiyyət əsaslı tədqiqatlarda olduğu kimi tədqiqatçının etik qaydalara əməl etməsi gözlənilməkdədir. İştirakçıların şəxsi məlumatlarının məxfi saxlanılması və onların məxfiliyinə hörmət edilməsi, tədqiqatda ad və soyad kimi şəxsi məlumatlardan istifadə edilməməsi, onun əvəzinə kod adlarından istifadə edilməsi diqqət ediləcək ən vacib məsələlərdəndir.
Elnur Süleymanzadə
Sosial Tədqiqatlar Mərkəzi