Türkiyədən görünənlər/ BAXIŞ

17.10.2023

İstanbul şəhərinə 7 günlük işgüzar səfərdə çox yaxşı təəssüratlar qazandım. O qədər işgüzar və mənəvi, ruhi, psixoloji cəhətdən üstün bir səfər oldu ki, səfərin müddətini 2 gün də artırıb 9 gün qalmalı oldum.

İstanbul ruhu

Mənə görə, tədqiqatçılıq təkcə elmi-intellektual bir inkişaf deyil, o, həm də sosial-ruhi fenomenləri özündə əxz etdirir. Sevdiyim sosioloqlardan Padersonun qeydlərində yazılırdı ki, sosial tədqiqatlar həm də duymağı bacaranda effektiv olur. Duymaq anlayışı isə burada bioloji eşitməyi yox, irrasional tərəfləri də ehtiva etməyi əks etdirir.

“Şəhərlərin də ruhu var həqiqətən”. Metafizik ruh deyil, yaradıcı və işgüzar ruhdan gedir söhbət.

Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin bir neçə vacib vacib, strateji beyin mərkəzlərinin əlaqələrini dərinləşdirmək və beynəlxalq əməkdaşlığı həm fərdi, həm də çalışdığım yer kontekstində gücləndirmək məqsədi ilə müşahidələr apardım. Türkiyədə ideologiyalaşma artıq səngiyib. Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin Azərbaycan cəmiyyətində yaratdığı milli birlik və dövlət ruhu son 15 ildə xüsusən Türkiyədə də güclənib.

Türkiyənin istər elmi, istər də media sahəsindəki araşdırmaçıları fərqli siyasi və ideoloji baxışlara baxmayaraq dövlətin bütövlüyü məsələsində əsla kompromis göstərmirlər. Türkiyənin beynəlxalq siyasi aktor olmaığı onun bütün sahələrinin qlobal dəyərdə kəmiyyət və keyfiyyət artımını da yaradıb. Terrora, çevrilişlərə qarşı daim mübariz olan Türkiyə cəmiyyəti Atatürk ruhuna sadiqdir, orada danışdığım ən sağçı və islam mühafizəkarları belə etiraf edirdi ki, Atatürkün qurduğu cümhurriyətdə cənab Ərdoğanın siyasi həmlələri Türkiyəni təkcə dünyəvi qüvvətə deyil, hərtərəfli təsir gücü olan mərkəzə çevirib.

Türkiyənin kültür,elm, ədəbiyyat, media, tədqiqat sahələri bu baxımdan tam rəngarəng olsa da, əzici çoxluq cümhuriyyət dəyərlərinə sahib çıxır, dövlətin milli mənafelərini imperialist şəbəkələrə qarşı inamla müdafiə edir. İstanbulda elmi-tədqiqat institutları və araşdırma mərkəzləri böyük əzmlə dayanmadan çalışırlar.

Tədqiqatçı yanaşmaları

Türkiyə tədqiqatçıları ilə müzakirələrimizdə bir daha mənim üçün aydın oldu ki, araşdırma və tədqiqat mərkəzlərinin hazırladığı hesabatların nəticələri fərdi və özünəxas, müxtəliflik və fərqlilik labüd məğz olsa da, vətən, millət və dövlıət mövzularında bir həmrəylik mövcuddur. Əlavə qeyd etməyi yersiz hesab etsəm də, vurğulayım ki, istər Azərbaycana yanaşmada, istərsə də bir çox mövzularda Türkiyə cəmiyyətinin vahid və sarsılmaz bir fikir həmrəyliyi mövcuddur.

Türkiyə tədqiqatçılarının linqvistik zəkalarına ayrıca heyran qaldım. Yaxşı tədqiqat işi bir çox mənbələrlə işləmək vərdişlərindən ortaya çıxır. O baxımdan tədqiqat işi ilə məşğul olanların mütləq əksəriyyəti dil bilgilərini daim zənginləşdirirlər. Təhsilə yanaşmada da Azərbaycanla oxşarlıqlar hədsiz çox idi. Səfərdən öncə iki ölkə həmrəyliyinin müxtəlif aspektlərinə daha çox fokuslansam da, real müşahidələrim göstərdi ki, Türkiyədə təhsilini artırmaq istəyən insanların rəsmi və praktiki artımı ortadadır. Türkiyə təhsil sahəsində bir xeyli nailiyyətlər qazanıb, burada tədqiqat institutlarının çoxşaxıliliyi vacib nüansdır. Media üçün görürnən tərəflər sorğu və tədqiqat mərkəzlərinin siyasi-iqtisadi tərəflərini daha çox qabartsa da kültür, təhsil, İKT və bir çox sahələr üzrə daha geniş işlər aparılır.

Media və dərgiçilik ruhu

Türkiyə səfərimdıə qəzetlərə və dərgilərə saatlarımı ayırdım. Qəzetlərlə bağlı siyasiləşmə meyilləri daha aydın hiss edilirdi. Hətta oxucular arasında kiçik həcmli bir blitz sorğu da apardım.

Hədsiz siyasiləşmə məsələsi dünya mediasında indi ciddi müzakirə olunan məsıələdir, amma bu, problematikadırmı? Klassik nəzəriyyəçilərdən fərqli olaraq modern KİV araşdırmaçıları medianın tərəfsiz olmamalı olduğunu da ciddi müdafiə edirlər.

Amma qəzetçilik sahəsində davam edən pozitiv ənənə var. Rəngarəng, növbənöv, sayısız dərgilər... Siyasi, fəlsəfi, elmi, bədii, pop-kültürə xas hər sosial çevrəyə xitab edən jurnallar o qədər xoş təsir bağışıadı ki. Hətta ikinci əl kitabların çox ucuz qiymətə satıldığı “sahafçılar”da belə növbənov dərgilər kitabların yanını bəzəyirdi. Yeri gəlmişkən İstanbul ruhundan danışarkən ikinci əl kitab və dərgi pasajındakı “filosof” satıcıların hər birinin də özünün ayrıca tədqiqatçı baxışları vardı sanki. Kosmosa, elmə, uşaqlara, qadınlara aid sayısız dərgi var idi. Açıq deməliyəm ki, Türkiyədə dərgilər heç bir halda sosial mediaya ucuzmur. “Tik-Tok gəncliyi” adlı veb nəsil əlbəttə daha çox gözə dəyirdi, amma dərgilərin sayısı, dizaynı, nəfis tərtibatları, hər bir səhifələrin özünəxas karikatura və qrafikaları ilə bir dərgidən ala biləcəyin intellektual və mənəvi zövqü ən yüksək səviyyədə yaşayırsan.

Dərgi sərgisi və Əli Bəy Hüseynzadə

İstanbul səfərim təsadüfən Sirkeci Dəmiryol Vağzalında keçirilən beynəlxalq dərgi sərgisinə rast gəldi. Sərgidə Azərbaycandan “Füyuzat” və “İşıq” jurnalı, Türkiyədə yaşayan dostlarımız (media simaları və araşdırmaçılar da) iştirak edirdi. Sərgidə hətta mənim günlərdir kitab və dərgi mağazalarında araşdırdığım dərgilərdən daha fərqli və geniş çeşitli çap materialları vardı. İnanların sərgiyə marağı da yüksək səviyyədə idi. Araşdırmaçı Dilqəm Əhmədin təklifi ilə “Füyuzat” dərgisinin baş redkatoru Mübariz Yunus və Türkiyədə media tədqiqatları aparan Kazım Kazımovla Kapalıçarşıda Əli Bəy Hüseynzadənin iki il yaşadığı evdə olduq. Tədqiqatçılar üçün ciddi qaynaq olacaq dəyərli materiallar var idi. Əli bəyin özünün çəkdiyi 4 rəsm əsəri, “Hophopnamə” və “Molla Nəsrəddin” jurnallarının orijinal versiyaları və ev sahibi Gəncə əsilli Kənan bəyin canlı tarix duruşu ilə bizə anlatdığı xatirələr əvəzolunmaz idi. Ev düşünün ki, hər bir divarı, hər bir əşyası tarix, tədqiqat, dəyər qoxusun!  Araşdırmaçılarımız həmin evi və Əli bəyin o dövrünü xüsusi araşdımalıdır, çünki Azərbaycanda bu barədə təəsüratlar azdır.

Türkiyə sənətin qalasıdır

Türk dünyasının siyasi və kültürəl ortaqlığı baxımdan ortada ciddi iradə var. Özəlliklə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti R.T.Ərdoğanın bu kontekstdə ortaya qoyduğu səmimi iradə və onun nəticələri göz önündədir. İstanbul oktyabrın sərin ortalarında milyonlarla turistə ev sahibliyi edirdi. Sadə insanların öz kültürünü, dəyərlərini necə həvəslə təbliğ ediyini də müşahidə edirdim. Azərbaycan haqqında, Qarabağla bağlı informasiyalar da geniş təbliğ edilirdi.

Oktyabr ayı Türkiyə Cümhuriyyətinin quruluş ayıdır. Bu ayın həssasiyyəti bütün tədqiqatlarda, yazılarda, araşdırmalarda aydın hiss edilirdi.

İstanbul öz tarixi, elmi, çoxçeşidli dəyəri ilə Türk Dünyasının sərvətidir.

 

Tural İsmayılov

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır