Cinayətlərinə rəğmən, Amerika niyə Avropada dominant olan “günah”dan yayınır və niyə öz yanlışlıqlarından bir feniks kimi yüksəlir? O, Avropanın tarixini xarakterizasiya edən “dəhşətli nifrət bakxanaliyaları”nı yaşamayıb. Onun tarixində nə bir Verden var, nə də ki bir Auşvitz. O işğal edilməyib, dağıdılmayıb və əsrlərlə deqradasiyaya məruz qalmayıb və Hiroşima, Naqasakiyə rəğmən, o özünü təşkil edən təməllərini toxunulmaz saxlayıb.
Fanatizm həddinə qədər amerikan “diniliy”i tez-tez immanent bir perspektivdə yaşadığı güman edilən aqnostik Avropaya qarşı qoyulur. Amerikanın inancı hər şeydən əvvəl Amerikaya inancdır. Bu, “Yeni Yerusəlim”in qurulduğunun, dünyanı xilas etmək üçün Tanrı tərəfindən seçilmişliyin qətiliyinə olan inancdır. Atlantikin digər tərəfində din ən başda plüraldır, yüzlərlə denominasiyalar var və onlar demokratiyanın müqəddəratını müşaiyət edirlər. Romanın köhnə qitənin böyük bir hissəsi üzərində icra etdiyi dini inhisar ilə müqayisə edilə biləcək heç nə yoxdur. Modern Avropa Kilsəyə qarşı, ABŞ isə kilsələr ilə birlikdə konstruksiya edilib. Respublikanı təşkil edən bütün millətlərdən təşkil edilən Amerikan Tanrısı eklektikdir, inananların uğurlar və rifahına diqqət göstərən xeyirxah bir varlıqdır.
Qədim və Yeni Dünya Maarifçiliyin müxtəlif konsepsiyalarının inkarnasiyasıdır; bir tərəfdə, skeptizm və yaşama sənəti, digər tərəfdə isə optimizm və dini hiss. Avropa beynəlxalq münasibətlərdə idealizmi dəyişiklik barəsində pessimizm ilə kombinasiya edərkən, Amerika insanlığın tragik vizyonunu (Şər Mehvəri) onun tərəqqi etməsinə dair müəyyənlik ilə kombinasiya edir. Bir tərəfdə irenizm (essensial attribut kimi ağıldan istifadə etməklə apologetik sistemləri birləşdirməyə cəhd edən Xristian teologiyası), digər tərəfdə isə realizm. Birinci mövqe hər zaman immobilizmə çevrilmək təhdidini ehtiva edərkən, ikinci mövqe adventurizmə - macərapərəstliyə - çevrilə bilir. Bir tərəfdə, canavarı quzuya çevirmək, digər tərəfdə isə şeylərin kompleksliliyini sadəcə “Big Stick” siyasətinə endirmək marağı.
Yalanlar, qətliamlar, deportasiyalar ilə doymuş Avropa öz düşmənlərini partnyorlara çevirəcək xoşbəxt virus utopiyasını arzulayır. “Biz onlara qarşı yaxşıyıq, onlar da bizə qarşı xeyirxah olacaqlar”. Digər tərəfdə isə, hətta təhdidi şişirtməklə Amerika düşmənini müəyyən etməyə qadirdir. Bu qırılma xətləri okeanın iki tərəfində ictimai fikri də bir-birindən parçalayır. Amerika Vyetnam müharibəsi və ya İraq müharibəsi zamanlarında olduğu kimi məruz qaldığı kəskin böhranlarda bir kollektiv katarsis vasitəsilə, öz yanlışlıqlarını ələ salmaqla, özünü öz iblisanə dühalarından xilas etməklə öz-özünü təmizləyir. Lakin heç vaxt Avropada bütün cəmiyyəti ağuşuna alan öz-özünü dəyərsizləşdirmə dalğalarını yaşamır. ABŞ-də günahkar vicdanı sektorlaşıb, müəyyən kampuslar, demokratlar, Demokratik Partiyanın sol qanadı ilə məhdudlaşır. Respublikaçılar isə öz ölkələrinin əzəmətini qeyd edir və öz detraktorları ilə mübarizə aparırlar.
Kapitalizm tərəfindən tam fəth edilməmə, pulun əzablı qəddarlığından, hesablama məntiqindən, petit burjua vulqarlığından yayınmış olma, ekksentrik adətlər, antiksayağı kübarlıq, cəlbedici kaleidoskop formalaşdıran qədim həmrəyliklərlə zəngin olma Avropanın cazibəsi və nemətidir. Avropanın ironiyası ondan ibarətdir ki, o, sosializm və Marksizmin qalası olmasına rəğmən, özünü merkantil və sosial şərtlərdə müəyyən edir. Qoca Qitənin gerçək spiritual atası İ.Kant və ya J.Mone deyil, “iqtisadi firavanlıq insan coşğularını əhliləşdirmənin və dünyanı sivilləşdirmənin ən səmərəli yoludur” ideyasını irəli sürən, hətta bunu inqilabi bir inanc kimi təqdim edən Adam Smit-dir.
Amerikalı sosioloq Ceremi Rifkin qeyd edir ki, yeni Avropa arzusu sərvət toplama deyil, daha çox insan ruhunun elevasiyası üzərində fokuslanır. Avropanın Varlıq torpağına çevrildiyi, Amerika və Asiyanın isə maddi hərislik və sonsuz akkumulyasiya məmləkətləri olduğu bildiririlir. Qərbi Avropa ABŞ-nin hələ də saxladığı önəmli bir xüsusu – zənginləşmək arzusu və azadlıq idealı, özəl maraqlar və kollektiv dəyərlər arasındakı incə balansı – itirib. Şimali Amerika ən aqressiv kapitalizm və ən tətminedilməz hərisliyi Avropanın unutduğu patriotizmdən başlayaraq spiritual və siyasi olaraq balanslaşdırıcı motivlər ilə birləşdirir. Ən azından qərb hissəsində, Qoca Qitənin əxlaqi kollapsı bir-birinə impetyus verən peşmançılıq və komfortdan, total istehlakçını pərçimləməyə xidmət edən “günahkar mövqeyi”ndən ibarətdir.
Avropa var olmaq və sahib olmaq arasındakı gərgin balansı qorumaq iqtidarında deyil. Lakin Amerika, hələ də mistik bir ölkə, Renanın qeyd etdiyi kimi “spiritual prinsip” olaraq qalır. Amerika hələ də sakrallıq domenində hərəkət edərkən, Avropa maddi güc əldə etmənin, yaşam standartının, tirivial özəl xoşbəxtliyin sekulyar dünyasında yaşayır. Avropa öz identikliyinin, hüdudlarının, funksiyasının arasıkəsilməz sorğu-sual edilməsidir. Amerika özünü təsdiq, Avropa isə sorğu-sual edir. Birisi, “Mən istəyirəm”, digəri isə “Mən kiməm?” deyir. Avropa Modernizmin bütün utopiyalarının xəzinəsinə çevrilib. O yeni oyun qaydaları icad etməyə, dünyanın de-Vesternizasiyasına töhfə verməyə, kultural həyata yüksəliş verən yoxsulluğu yenidən kəşf etməyə, insanlığın yüksəlişini təşviq etməyə, ruhun krallığını təsis etməyə məcbur edilir. Avropa özünü dünyanın girovu etməyə, ədalətsizliyə son qoymağa, Şimal və Cənub arasındakı uçurumu aradan qaldırmağa vadar edilir. Bu böyük dizaynlar ritorikası, həll olunmaz eniqmanın lirisizminin bədəli bir siyasi subyekt olarq Avropanın öz konstitusiyasını fəda etməsidir.
2005-ci ilin fevralında ABŞ-nin dövlət katibi Kondoliza Rays İraq böhranından sonra ABŞ və Fransa arasındakı münasibətlərdə yaranan soyuqluğu aradan qaldırmaq və konsolidasiya etmək üçün Parisə gəldi. “Institut d’études politiques”də çıxışı zamanı demokratiyaların azadlığı yaymaq və tiraniyları devirmək missiyasına işarə edərək: “Biz bilirik ki, dünyanı olduğu kimi ələ almalıyıq, lakin dünyanı olduğu kimi qəbul etməməliyik”. Bu fikirlərdən dərin təəccüb hissi keçirən fransız mətbuatı və publisistləri K.Raysın sözlərinə nəzarət edə bilmədiyini və ifrata vardığını yazırdılar. Bu qəribə bir amneziya idi. Rays frasızlara 1789-cu il inqilabını unutmuş olduqları mesajını çatdırırdı.
Biz Amerika genişləndiyi, Avropa isə kiçildiyi üçün Vaşinqtondan inciyirik. Avropa nəyin bahasına olur-olsun sülhə çalışır, hətta pis bir sülhə, ədalətsizliyi, keyfi idarəetməni, terroru sanksiyalaşdıran, fatal nəticələrlə dolu nifrət doğuran sülhə. Avropa hamı üçün azadlığı postulatlaşdırır, lakin onun yalnız Avropada dominant olmasından məmnundur. Avropanın bir tarixi var, Amerika isə gələcəyə doğru bir eskatoloji tendensiya tərəfindən yönəldilən tarixdir. Buna görə də, o, Qərbdə istisnai bir situasiyada həlledici akt göstərməyə qadir olan yeganə “Böyük millət”dir. Amerika yanlışlar (bəzən kriminal yanlışlar) etməklə başlayır, sonra onları “korreksiya edir”. Avropa isə yanlışlığa yol vermir, çünki o heç nəyə cəhd etmir. Avropada prudensiya (ehtiyatlılıq, tədbirlilik) Antik filosofların müdafiə etdiyi kimi bir sənət, qeyri-müəyyən situasiyada özünü idarə etmək forması deyil artıq, siyasi aksiyanın nəhayi məqsədidir.
Avropa Amerikadan nifrət edir, çünki Amerika önəmlidir. Avropalılar nə bir təhdid, nə də bir üstünlük olduğu üçün Avropanı üstün tuturlar. Post-milli və post-tarixi fazaya daxil olduğunu düşünən köhnə qitə üçün ABŞ-nin törətdiyi əsas cinayət tarixdə baş bəlası olmaq, avropalıların böyük səylə özlərini qopardığı qanlı dramaturgiyaya batmaqdır. Amerikalıların hərbi çılğınlığı avropalıları təhlükə altında qoyur: bundan əlavə, İslamizm bir amerikan icadı, Yanki qurucularından qaçan bir Frankenştayn deyilmi?
NATO Avopada ciddi hərbi təhddir. Ukraynada baş verən proseslər NATO olmadan Moskvanın düşmənçiliyinə rəğmən mümkün olmayacaqdı. Bu “strayk fors” olmadan Avropa Birliyinin qonşularını demokratik kübarlıq ilə “firavanlıq və ədalət” dairəsinə daxil edərək demokratiyanı propaqasiya etmə iqtidarının uğur qazanma şansı çox az olardı.
Avropalılar artıq müharibəni sevmirlər, onlar müharibə etmək vəzifəsini özgələrinə tərk ediblər. “Big Brother”i xüsusunda avropalılar borclu (debtor) kompleksindən əzab çəkirlər. Ən azından Qərbi Avropada o tam aydındır ki, Amerikanın köməyi olmasaydı 1917-də, xüsusən də 1944-də Sovet ordusu tərəfindən xəritədən silinər və ya permanent şəkildə koloniyalaşdırılardı.
Köhnə qitənin vətəndaşları düşünürlər ki, artıq bir-birini öldürməyə son verməklə, “bir də heç vaxt müharibəyə getməmək” şüarını qaldırmaqla onlar zəruri olan hər şeyi ediblər. Lakin onlar kiçik bir detalı nəzərdən qaçırırlar. Etimadlı hərbi-siyasi alətlərdən məhrum olduğu üçün Avropa hələ də özünümüdafiə məsələsində Yanki “Big Brother”dən asılıdır. Digər bir ifadə ilə, operetta silahlarına deyil, etibarlı bir şerifə ehtiyac duyulur. Qəribə qeyri-konsistentlik odur ki, avropalılar ABŞ-yə lənət oxumağı dayandırmır, amma özlərini onun protektoratlığından azad etmək üçün də heç nə etmirlər. Avropalılar Amerikanı nə qədər çox şiddətlə pisləyirsə də, ondan o qədər çox asılıdırlar. Valideynlərinə üsyan edən, lakin əsla onları tərk etməyən uşaq kimi.
Niyə avropalılar gücsüz olduqları ilə razılaşırlar? Niyə onlar müstəqil akt göstərmə qabiliyyətini “ən pis müttəfiqləri” (Brukner) – Amerikanın ayaqları altında əzilməsinə izn verirlər? Çünki avropalılar əsgəri arxaik bir fiqur olaraq görür, ona çox nadir hallarda dözümlü yanaşırlar. Əsgər artıq təvazökar ambisiyaları və kübar metodları ilə bir fizik, xilasedici, tibb bacısı və ya diplomat ilə əvəz olunub. Demokratiyaların atavizmi həmişə azadlıq qarşısında rifahı üstün tutmağı, özlərini “həyatın kiçik komfortları” (Tokvil) ilə məhdudlaşdırmağı tələb edib. Lakin avropalılar hələ də zorakılığa inanırlarsa, öz quldurlarının düzənsizliyindən və kənardan barbarların infiltrasiyasından qorxurlarsa – məhz buna görə də, polis, casus, gizli agent müəyyən prestije sahibdir – silahlı konfliktin inkarı birbaşa fərdiyyətçiliyin inkişafı və milliyətçiliyin qürubu ilə bağlıdır. Çağdaş avropalı hökumətlər və baş qərargahların nəzarət edə bilmədiyi bir kollektiv təlatümdə ölümündən məhrum olmaq istəmir. Ölkəsi üçün ölmək, bir ideologiya, fərdi mövcudiyyətindən daha ali bir prinsip üçün ölmək artıq düşünülməzdir. Soyuq Müharibə ərzində alman pasifistlərinin hayqırışı belə idi: “Better Red than Dead” – “bir ölü olmaqdansa qırmızı olmaq yaxşıdır”. Fransız yazarı Jan Jono-nun 1937-ci ildə söylədiyi, “ölü bir fransız olmaqdansa, yaşayan bir alman olardım” – kimi düşüncələr bu gün Avropada hamının bölüşdüyü kredodur. Hərbi səfərbərliyi ləğv edən və peşəkar əsgərlərdən ibarət ordu yaradan ABŞ-də Avropaya nəzərən böyük həmrəylik məqamlarına, patriotizm çalarlarına rast gəlinsə də, onun da dünyaya mesajı avropanınkı kimi həyat və özünüreallaşdırma sevgisidir.