Amnistiyanın siyasi, tarixi, sosioloji əhəmiyyəti və Azərbaycanda verilən amnistiyalar

07.12.2021

Amnistiya qədim zamanlardan bəri dövlətlər tərəfindən üsyançı qruplaşmaları ram etmək, reformlar həyata keçirmək və münaqişənin qarşı tərəfi ilə sülhə nail olmaq məqsədilə istifadə olunan siyasi bir alət olmuşdur. Son illərdə beynəlxalq hüquq bu alətin istifadəsinin zərərçəkmişlərin haqqlarını pozduğu və zorakılığın daha da güclənməsinə səbəb olduğu iddia edilir. Lakin bu yanaşma siyasi debatlarda mübahisəyə səbəb olur və amnistiya verilməsi sabitlik, sülh və əmin-amanlığın təminatının məcburi qarşılığı kimi dəyərləndirilir. Bu araşdırmada amnistiya anlayışı, amnistiyanın siyasi tarixi, onun sosioloji əhəmiyyəti və Azərbaycanda indiyədək verilən amnistiyalar təqdim olunmaqdadır. Xüsusilə II Qarabağ müharibəsindən sonra Azərbaycanda həbsdə olan erməni cinayətkarlarının əfv olunmalı olub-olmadığını müəyyənləşdirmək üçün beynəlxalq təcrübə prizmasından bu mövzunun araşdırılmasının əhəmiyyətli olduğunu qeyd etmək olar.

Amnistiya anlayışı

Amnistiya, yəni əfv cinayət qədər təbii və cəza qədər qədim bir akt olmaqla yanaşı, hüququn ən mübahisəli mövzularından birini təşkil edir. Əfvin təməlində humanizm və mərhəmət duyğusu dayansa da, verilmə səbəbləri müxtəlif ola bilər; hər hansı ictimai bir sevinci paylaşmaq məqsədilə cinayətkarların əfv edilməsi, cinayət əməli törədən vətəndaşların dövlətin tələb etdiyi hərəkəti icra etməsi şərtilə (müvafiq şərt qarşılığında) əfv edilməsi, və ən önəmlisi ictimai və siyasi olaraq yaşanan ağır böhranlardan sonra sülhün və sabitliyin təmini məqsədilə dövlət həyatında təmiz bir səhifə açılmasını təmin etmək üçün verilən siyasi əfvlər. Bundan əlavə amnistiyaların prezident seçkiləri dövrünün ənənəvi siyasi aləti olduğunu da qeyd etmək olar.

Əfvlər doğurduğu nəticə etibarilə iki yerə ayrılır: ümumi amnistiya və xüsusi əfv. Bu ayrım Kontinental Avropada mövcud olan Roman-German hüquq sisteminin bir parçasıdır (Azərbaycan hüquq sistemi də bura daxildir). Anqlo-Sakson hüquq sistemində isə belə bir ayrım tətbiq olunmur. Bu cür təsnifat əfv edilən şəxslərin sayına görə deyil, müvafiq cinayətlərin hüquqi olaraq yaratdığı nəticəyə əsaslanır. Belə ki, əgər əfv ictimai (hər hansı əhali və insan qrupu ilə bağlı) bir davanın  heç açılmamasına, açılmışsa ortadan qaldırılmasına, hökm verilmişsə cəzanın bütün nəticələri ilə birlikdə ləğv olunmasına səbəb olursa bu, ümumi əfv; əgər (adları konkret olaraq müəyyən olunmuş bir və ya bir qrup şəxslə bağlı) artıq dəqiqləşmiş hər hansı bir cəza hökmünü ortadan qaldırır, yaxud yüngülləşdirir və ya dəyişdirirsə bu, xüsusi əfvdir.

Amnistiya cinayətlərin bağışlanmasını deyil, unudulmasını nəzərdə tutur. Bu, heç bir zaman həmin cinayətlərə haqq verildiyi anlamına gəlmir. Lakin Şərqi Avropanın anti-kommunist dissidentlərindən, həmçinin amnistiya tətbiqinin tərəfdarlarından olan Adam Michnikin məşhur “Amnistiya, amneziya yox” sloqanında deyildiyi kimi, amnistiya verməklə yaşananları birdəfəlik unutmaq da olmaz.

Xüsusilə silahlı münaqişələrlə bağlı verilən amnistiya qanunlarının məqsədi sülh quruculuğu prosesini sürətləndirmək, normal münasibətlərin qurula biləcəyinə işarə etmək hesab olunur. Keçid dövrü ədaləti bərpa aləti olaraq görülən müvafiq amnistiya münaqişə tərəfləri arasında inamın bərpasına və münaqişənin təkrar qızışmasının qarşısının alınmasına xidmət edir. Müharibə cinayətləri istisna olmaqla amnistiyanın münaqişənin qarşı tərəfinə, xüsusilə beynəlxalq olmayan silahlı münaqişələrin tərəfi olan qeyri-dövlət silahlı qruplaşmalarına münasibətdə tətbiq olunması beynəlxalq humanitar hüququn əsas alətlərindən biri hesab olunur. BMT TŞ, BMT Baş Assambleyası, BMT İnsan Haqları Komissiyası (1996/71 və 1996/73 saylı qətnamələr), NATO və Avropa İttifaqı kimi qurumlar münaqişədə iştirak edənlərin bir qisminə (müharibə cinayətləri törətməyənlərə) müvafiq amnistiyaların tətbiq olunmasını dəstəkləyir. Bundan başqa 1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyalarına 1977-ci ildə əlavə olunan II Əlavə Protokolun 6(5)-ci maddəsində də münaqişənin və zorakılıq dövrünün başa çatması ilə münaqişə tərəflərinin həmin münaqişədə iştirak edənlərə amnistiya tətbiq etməsi məsləhət görülür. Lakin müvafiq norma beynəlxalq olmayan silahlı münaqişələr üçün nəzərdə tutulub, beynəlxalq silahlı münaqişələri əhatə etmir. Belə ki, beynəlxalq silahlı münaqişələr zamanı məhbus (əsir) statusu özlüyündə həmin insanların qorunmasını təmin edir. Təbii olaraq, həmin insanların ekstradisiyası, geri-təhvil verilməsi məsələsinin necə tənzim olunması, ümumiyyətlə müharibə cinayətlərinə görə amnistiya tətbiqi məsələsi də beynəlxalq hüquq gündəliyinə daxildir. Ümumiyyətlə dövlətlər yalnız öz daxili hüquqları, imzaladıqları və tərəf olduqları beynəlxalq sazişlərə bağlıdırlar və amnistiya tamamilə dövlətlərin daxili hüquqlarına aid olub, digər dövlətlər üçün müvafiq beynəlxalq bağlılıq yaratmır. Yalnız iki və ya daha çox dövlət arasında müvafiq sülh sazişi çərçivəsində razılaşdırılan amnistiya həmin dövlətlər üçün hüquqi bağlılıq yarada bilər. Odur ki, dövlətlər sülh sazişi çərçivəsində qarşılıqlı şəkildə cinayətkarları bağışlaya və təhvil verə bilərlər. Lakin ne bis in idem psinsipi müvafiq hüquqi öhdəliyi yalnız sazişi imzalayan tərəflər üçün yaradır. Bəzən elə hallar da olur ki, məsələn, ABŞ, beynəlxalq cinayət törədən vətəndaşlarının qanuni qaydada cəzalandırılmasının qarşısını almaq məqsədilə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qərarının icrasını bir illik donduran BMT TŞ qətnamələrini çıxartma ənənəsini beynəlxalq hüquqa gətirmişdir. Beləliklə bu nümunə, müharibə cinayətlərinə görə cəzalandırma mexanizminə dövlətin müdaxiləsi presedentini yaratmaqdadır.

Bəzi hallarda amnistiya ədaləti təmin etmək üçün olmasa da, sülhü təmin etmək üçün ən ağıllı vasitə ola bilir. Bu qəbildən Latın Amerikası və Cənubi Afrikadakı münaqişələrlə bağlı yaradılan İnam və Barışıq Komissiyalarını göstərmək olar.

Amnistiyaların siyasi tarixi

Amnistiya tarixən bütün dünyada geniş tətbiq olunur və bu tətbiqin müxtəlif formaları dünyanın əksər dövlətlərinin milli qanunvericiklərində öz əksini tapır. Tarixdə cəza hüququ mətnləri olaraq tanınan Manu, Hammurappi, Çingiz xan, Assur və Hitit qanunlarında əfv hökmlərinə, indiki kimi aydın olmasa da, yer verilmişdir. Ümumi amnistiya xarakteri daşıyan qanun ilk dəfə e.ə. 403/404-cü ildə Afinada qəbul edilmişdir. Afinalı general Trasibul bu tarixdə Afinadan otuz nəfər tiranı sürgün etmiş, bundan sonra isə vətəndaşların əvvəlki siyasi fəaliyyətlərinə görə cinayət məsuliyyətə cəlb olunmasını qadağan edən qanun qəbul edilmişdi. “Keçmişdə yaşananları unutma” adını alan qanun köhnə siyasi mübarizələrin xatirələrini silmək məqsədi daşıyır və qanuni olaraq keçmişin unudulmasını əmr edirdi. Afinada hərbi vəzifəsini ataraq savaşdan qaçdığına görə vətəndaşlıq haqqını itirənlər də yalnız amnistiya vasitəsilə əfv oluna bilərdi. Qədim yunan filosofu Platon düşməndən intiqam almanın ən yaxşı yolunun onun əfv olunması olduğunu qeyd edirdi. Roma hüququnda isə əfv aktı “Indulgetia Principis” adı ilə tanınırdı. Romada ümumi amnistiya adətən hər hansı bayram günləri, xüsusi günlərlə əlaqədar, xüsusilə böyük qələbələrdən sonra Senatın qərarı ilə verilirdi. Belə ki, yunan hüququnda əfv xalqa aid idisə, Roma hüququnda bu aktın icrası senat və prinsə verilmiş, daha sonra əfv digər bütün Avropa hüquq sistemlərinə keçmişdir. Fransada meydana gələn məşhur Vandee adlı vətəndaş müharibəsi zamanı iqtidara qarşı çıxanların cəzaları daha sonra elan edilən ümumi amnistiya ilə ləğv olunmuşdur. Bənzər şəkildə ABŞ Prezidenti Endryu Consonun 1865-ci ildə bütün keçmiş Konfederasiyaçıları (1861-1865-ci illərin vətəndaş müharibəsinin bəzi liderləri istisna olmaqla) Vətənə sədaqət andı içmək şərtilə əfv etməsi göstərilə bilər. Yaxud Osmanlı İmperatorluğunda padşahın taxta çıxması, doğum və digər xüsusi günlər münasibətilə müxtəlif vaxtlarda verilən amnistiyalar misal göstərilə bilər. Daha sonra “Məşrutiyət İnqilabı” adını alan 1908-ci il hadisələri zamanı xalqın ayaqlanmasından narahat olan hökümət, İstanbuldakı və digər bəzi bölgələrdəki siyasi məhbuslar və sürgündəkilər üçün ümumi amnistiya elan etmişdi. Balkan müharibələri zamanı da hökümətə qarşı çıxan yerli əhali, yerli məmur, yerli polis (jandarma) gücləri daxil, əfv olunmuşdu. Müharibə başa çatdıqdan sonra isə, 15 iyun 1915-ci il tarixində sadəcə siyasi məhbusları deyil, həmçinin adi cinayətkarların bağışlanılmasını da özündə ehtiva edən ümumi amnistiya elan edilmişdir.

Amnistiya həm də özünə tərəfdar toplamaqla, qarşı tərəfi özünə çəkmək məqsədilə də verilə bilər. Məsələn, I Dünya Müharibəsi zamanı Osmanlı Dövləti (İstanbul höküməti) Antanta dövlətləri tərəfindən məğlub edilərək Mudros Sülh Sazişini imzalamağa məcbur edildikdən sonra, Türkiyə xarici güclər tərəfindən parçalanmağa başlamışdı. Buna qarşı Atatürkün liderliyi altında Anadoluda başlanan Milli Mübarizə Hərəkatına lazımi əsgər ehtiyatını təmin etmək və tərəfdar toplamaq üçün müxtəlif amnistiya qanunları verilmişdi (135 (14 iyul 1921 Darülhərbdə faydası toxunan məhbusların əfvinə dair), 158 (20 oktyabr 1921 Şeyx Əşrəf məsələsində əlaqədar olanların əfvinə dair), 162 (izinsiz əqdi nikah və izdivacdan dolayı məhkum olanların əfvinə dair), 168 (5 dekabr 1921 ümumi əfvə dair), 170 (19 dekabr 1921 Vətənə xəyanət günahkarlarından bir qisminin əfvinə dair), 179 (7 yanvar 1922 ümumi əfv), 318 (31 mart 1923 əsirlərin əfvi) nömrəli qanunlar). Bunlardan xüsusilə 170 və 318 nömrəli qanunlar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Türkiyənin xarici qüvvələrə qarşı Milli Mübarizə Hərəkatının davam etdiyi müddətdə bu hərəkata qarşı çıxan daxili düşmənlər Vətənə Xəyanət Qanunu vasitəsilə zərərsizləşdirilmiş, üsyanları yatırılmışdır. Lakin daha sonra üsyançıların sadəcə İstanbuldakı padşah hakimiyyətinin təhriki altında müvafiq üsyanlara qatıldıqları, əslində sadəcə cahil olduqları, Milli Mübarizəni qalibiyyətlə tamamlamaq üçün insanları uzaqlaşdırmaq deyil, əksinə qazanmaq lazım olduğu iddia edilərək 19 dekabr 1921 tarixində qəbul olunan 170 nömrəli qanunla ümumi bir amnistiya tətbiq olunmuşdur. Amnistiyanın sərhədlərinə dair belə bir dialoq mövcuddur: TBMM-nin Mersindən olan deputatı Selahattin bəy “Kəndləri basanlar, adam öldürənlər, kəndləri soyanlar, kənddəki insanları üsyana sürükləyənlər də mütəşəbbisdir. Onlar da əfv olunacaqlarmı?” deyə soruşmuş, Canik deputatı Nafiz bəy isə cavab vermişdir ki, “Mütəşəbbis və muharriklər, təşəbbüs və təhrik fəaliyyətləri həyata keçirmişsə bunlar amnistiyadan kənar qalacaqlar”. Yəni, Vətənə xəyanət edənlərin hamısı bağışlanmamışdır. Əfv edilməyənlər əsl cinayətkarlar, cinayətlərin təşəbbüskarları və təhrik ediciləri idi. Vətəndən uzaq, xarici bir dövlətlə ilhaq üçün çalışanlar, cəsusluq edənlər, dövlətin maddi və mənəvi gücünü yıxmağa çalışanlar da həmçinin əfvdən kənar qalmışdı. 31 mart 1923 tarixində qəbul olunan 318 nömrəli qanun isə 1923-cü ildə Lozan Konfransında Türkiyə və Yunanıstan hökümətləri arasında imzalanan anlaşmadan sonra hərbi və sivil əsirlərin bağışlanılmasına dair idi. Bənzər əfv qanunları Türkiyə Cumhuriyyətinin elan olunmasından sonra da qəbul edilmişdir.

Ümumiyyətlə münaqişə sonrası dövrdə insanların cəmiyyətə təkrar inteqrasiyasının təmin olunması baxımından amnistiyalar böyük əhəmiyyət daşıyır və bu çərçivədə ən mübahisəli amnistiyaların keçmiş Nazi üzvlərinin əfvi ilə bağlı olduğunu qeyd edə bilərik. Konrad Adenauer hökümətinin ilk günlərindən etibarən gündəmə gətirilən ümumi amnistiya çərçivəsində “131-ci maddə” olaraq bilinən qanun maddəsi isə bunun kulminasiya nöqtəsini təşkil etməkdədir. Belə ki, 1933-1945-ci illərdə Üçüncü Reyxə, o cümlədən Hitlerə və ya nasizmə xidmət etmiş dövlət qulluqçularının, hərbçilər, professorlar və hakimlər, vs. əksəriyyəti 1951-ci ildə əfv olunmuş və əvvəlki iş yerlərinə geri dönmə haqqı əldə etmişdilər. 1954-cü ildə qəbul olunan ikinci amnistiya qanunu isə biraz daha irəli gedərək xüsusilə ağır müharibə cinayətləri törətmiş nasistlərin əfvini nəzərdə tutmuşdur. Bu amnistiya Nuremberq məhkəməsi qərarı ilə üzərinə müxtəlif sanksiyalar tətbiq olunan şəxslərin əfvini ehtiva edirdi. Bu qanundan faydalanan əsasən cinayətkar olmayan nasistlər olsa da, ümumilikdə Nazi keçmişinin araşdırılmasının lazım olmadığını təlqin və tərənnüm etməsi baxımından böyük siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Adenauer 1953-cü il seçkilərində təkrar qazanaraq kansler seçilmişdi (1949-1963-cü illərdə hakimiyyətdə olmuşdur).

Bəzi ölkələrdə amnistiya tez-tez tətbiq olunur və geniş qrupları əhatə edir, lakin Latın Amerikası (LA) dövlətlərində adətən nadir hallarda və “siyasi” cinayətlərlə bağlı verilir. Ümumiyyətlə Latın Amerikası dövlətlərinin bir çoxunda hərbi çevrilişlər vasitəsilə hərbi diktaturalar qurulmuş, onların hakimiyyəti dövründə müxtəlif insan haqları pozuntuları baş vermişdir. Demokratiyaya keçid dövrlərində əvvəlki dövrlərin cinayətlərinə dair müxtəlif amnistiyalar tətbiq olunmuşdur (Argentina, Çili və Peru nümunələri). Məsələn, Çilidə 11 sentyabr 1973-cü il tarixindən (Pinoçet tərəfindən hərbi çevriliş) 10 mart 1978-ci il tarixinə qədər olan dövrdə həyata keçirilən bütün cinayətlərin əfvi haqqında 18 aprel 1978-ci il tarixli No.2.191 saylı qanunu göstərə bilərik. Bənzər şəkildə Argentinada 1976-1983-cü illər arasında mövcud olan hərbi xunta rejimi tərəfindən insan haqqlarının pozulması faktlarının araşdırılmasını və cəzalandırılması prosesini dayandıran 1986 və 1987-ci illərin Punto Final və Obediencia Debida aktları göstərilə bilər. Həmçinin 1989-cu ildə 1002/89 nömrəli dekret ilə Argentina Prezidentinin 30 yüksək çinli xunta liderini əfv etməsi də bu qəbildəndir. Peruda isə Prezident Fujimori özünün və digərlərinin 1990-cı illərin əvvəllərində solçularla partizan savaşında törətdikləri insan haqqları pozuntularına görə icra olunan cinayət işinin əleyhinə 14 iyun 1995-ci il tarixində (26.479 saylı qanunla) amnistiya çıxarmışdır. Lakin bu amnistiyalar heç də hər zaman beynəlxalq hüquq normaları ilə səsləşmir. Məsələn, Inter-American İnsan Hüquqları Məhkəməsi  bir sıra LA ölkəsindəki müvafiq amnistiya qanunlarını qanunsuz elan edən məhkəmə işlərini icra etmişdir. Bu qəbildən 2001-ci ildə Barrios Altos v. Peru işi, həmçinin 2006-cı ildə La Cantuta v. Peru, yaxud Almonacid v. Çili işi üzrə müvafiq məhkəmə qərarları göstərilə bilər. Məsələn, 1991-1992-ci illərdə o dövrdə Prezident olan Fujimorinin əmri ilə “La Colina” yarım-hərbi qruplaşması tərəfindən solçulara qarşı həyata keçirilən qətliamların cəzalandırılmasını durdurmaq üçün 1995-ci ildə çıxarılan amnistiya qanunu Inter-American Məhkəməsi tərəfindən qeyri-leqal elan edilmiş və zərərçəkmişlərin və onların ailə üzvlərinin haqqını pozduğunu qeyd etmişdir. Burda hansı məhkəmənin qərarının daha ali olması məsələsi ortaya çıxır ki, beynəlxalq hüquq normalarına görə beynəlxalq məhkəmənin qərarı milli məhkəmə qərarı üzərində üstünlük təşkil edir. Məsələn, Peru Barrios Altos işində müvafiq beynəlxalq məhkəmə qərarını yerinə yetirmiş və daha öncə çıxarılan amnistiya qərarını gücdən düşmüş elan etmişdir. Belə ki, Peru Konstitusiya Məhkəməsinə görə, Inter-American Məhkəməsinin qərarları yerli Peru məhkəmələri, hətta Konstitusiya Məhkəməsi qərarları üzərində üstün və bağlayıcı təsirə malikdir. Bundan sonra Peru məhkəmələri müxtəlif dövrlərdə müvafiq 1995-ci il amnistiyalarının məhdudlaşdırılması üçün addımlar atmışlar. Bu qəbildən ən sərt addım isə 2009-cu ildə keçmiş Prezident Fujimorinin Barrios Altos və La Cantuta qətliamlarına görə 25 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında müvafiq yerli məhkəmə qərarını göstərmək olar. Lakin göründüyü kimi bunlar siyasi proseslərin nəticəsində baş vermişdir. Belə ki, beynəlxalq məhkəmənin qərarı yalnız Fujimoriyə müxalif güclər iqtidara gəldikdən sonra hüquqi gücə sahib olmuş və icra olunmuşdur. Məsələn Çilidə ümumiyyətlə müvafiq beynəlxalq məhkəmənin qərarları ciddiyə alınmamışdır. Hətta Çili höküməti tərəfindən irəli sürülən, bəzi cinayətlərin amnistiyadan kənar qalmasını təklif edən qanun layihəsi Konqres tərəfindən 2010-cu ildə dondurulmuşdur. Lakin bununla yanaşı Çili Ali Məhkəməsinin qərarına əsasən 1978-ci ilin amnistiyaları, xüsusilə müharibə cinayətləri vəya insanlıq əleyhinə cinayətlərə dair amnistiyalar icra olunmamışdır. Həmçinin Argentina da 1980-ci illərdə çıxarılan amnistiya qanunu həmin dövrdə “milli barışığın təmin olunması və demokratik sistemin inkişafı” üçün labüd hesab olunsa da, 2003-cü ildə Konqress tərəfindən ləğv edilmiş, 2005-ci ildə isə Konqresin qərarı Ali Məhkəmə tərəfindən də təsdiq edilmişdir.

BMT (2009) tərəfindən yayımlanan Rule-of-Law Tools for Post-Conflict States: Amnesties (Münaqişə sonrası dövlətlər üçün qayda-qanunu bərpa etmək üçün vasitələr: amnistiyalar) adlı çalışma beynəlxalq hüquqla və BMT siyasəti ilə zidd təşkil edə biləcək amnistiyaların düzəldilməsi üçün ideyalar toplusu hesab edilə bilər. BMT ümumilikdə və xüsusilə sülh quruculuğu çərçivəsində belə, müharibə cinayətləri və sərt insan haqları pozuntularına görə amnistiyanın verilməsinə qarşı çıxır. BMT-nin keçmiş Baş Katibi Ban Ki-moon, 2007-ci ilin sentyabrında Sudana səfəri zamanı səsləndirmişdir ki: “Ədalət sülhü təsis etmək və davamlılığını təmin etmək üçün önəmlidir. Lakin cəzasızlıq mədəniyyətini formalaşdırmaq və keçmişdə törədilmiş müharibə cinayətlərinin izini itirmək sülh prosesini məhvə aparar”. Bunun bariz nümunəsi 1999 Lome sülh sazişidir. Belə ki, bu saziş ilə amnistiya alanlar daha sonra təkrar müharibə cinayətləri törədərək Siera Leondakı münaqişəni daha da qabartmış və yeni müharibə cinayətlərinə alət olmuşlar. Bunun tərsinə olaraq bəzi münaqişələrdə sülh sazişi amnistiya olmadan da əldə oluna bilmişdir. Məsələn, keçmiş Yuqoslaviya Prezidenti Slobodan Miloşeviç Kosovodakı münaqişəni bitirmək üçün danışıqlar apardığı bir müddətdə Beynəlxalq Cinayət Tribunalı tərəfindən haqqında çıxarılan mühakiməni qəbul etmiş, lakin bu, bir çoxlarının qorxusuna baxmayaraq, bu, sülh prosesini dayandıra bilməmişdir.

Siyasi Həllər Araşdırmalar Proqramı (The Political Settlements Research Programme) 1990-2016-cı illər arasında dünyada yaşanan münaqişələr (daxili və beynəlxalq) və bu çərçivədə (ya münaqişə dövrü, ya sülh danışıqları dövrü, yaxud da post-münaqişə dövründə) qəbul olunan 289 amnistiya[1] aktını araşdıraraq vahid məlumat bazasında toplamışdır. Bu amnistiyalar araşdırmanın sonundakı əlavədə göstərilmişdir. Müvafiq məlumat bazasının araşdırılmasından belə qənaətə gəlmək olar ki, zəif hökümətlər tərəfindən, sadəcə hakimiyyəti qorumaq məqsədilə verilən amnistiyalar əks effekt verərək, müvafiq hakimiyyətlərin daha da zəif görünməsinə, bəzi nümunələrdə hətta dövlətin parçalanmasına gətirib çıxarmışdır. Əksinə, münaqişənin güclü və qalibi tərəfindən verilən amnistiyalar isə müvafiq tərəfin daha da güclü olduğuna dəlalət etməkdədir. Həmçinin daxili münaqişələrlə çalxalanan bir çox dövlətlərdə münaqişənin qarşı tərəfinin üzvlərinin silahı yerə qoyması və təslim olması şərtilə müvafiq amnistiyalar tətbiq olunmuşdur. Bundan başqa münaqişənin başa çatmasından sonra, yaxud hakimiyyətə yeni gələn hökümətin müvafiq olaraq amnistiya tətbiq etdiyini görə bilərik. Hətta ən qəddar qanunları və fəaliyyətləri ilə siyasi tarixin yaddaşında qalan taliblər (1996-2001-ci illərdə birinci hökümətləri) məğlub edilərək devrildikdən və Əfqanıstanda keçid höküməti qurulduqdan az sonra, keçid hökümətinin başçısı Hamid Karzai (2004-cü ildə Əfqanıstan Prezidenti seçilmişdir) tərəfindən 2003-cü ildə qəbul edilən müvafiq sərəncam ilə əfv edilmişlər. Karzai höküməti Qərb tərəfindən dəstəkləndiyi üçün həmin dövrdə bu mütərəqqi bir addım sayıla bilərdi. Lakin məsələn Çad nümunəsinə baxıldığında görə bilərik ki, ölkədə çox sayda amnistiya aktları qəbul olunub, vətəndaş müharibəsinin qarşı tərəfi əfv olunmağa çalışılıbsa da, müvafiq aktlar davam edən müharibəni bitirməyib, barışığı təmin etməyib və 1960-cı ildə Fransa koloniya idarəsindən azad olub müstəqillik qazandığı gündən bəri davam edən vətəndaş müharibəsi günümüzədək davam etməkdə və Çadın müxtəlif dini və siyasi cərəyanlara aid vətəndaşları arasında qarşıdurmalar davam etməkdədir.

Amnistiyanın sosioloji əhəmiyyəti

Hüquqi olaraq hər hansı cinayət əməlinə görə bir və ya bir qrup şəxsi bağışlamaq, onları müvafiq olaraq cəzalandırmaqdan imtina etmək, və ya cəzalarını yüngülləşdirmək üçün istifadə olunan amnistiyanın legitimliyi və sosioloji əhəmiyyəti ən qədim zamanlardan bəri dərin mübahisələrə səbəb olmuşdur. 

Siyasi qarşıdurmaların səbəb olduğu münaqişələrdən sonra tərəflərdən biri zəfər qazanarsa keçmiş davaları unutmağı (onun nəticələrini daima xatırlamaq şərtilə) onun seçə biləcəyi ən yaxşı davranış tərzi olardı. Bunun hüquqi yolu amnistiya verməkdir. Ancaq siyasi ehtiraslara alət olan amnistiya haqqında eyni şeyi demək olmaz. Belə ki, amnistiya ictimai sabitliyin qorunmasına xidmət etdiyi təqdirdə legitim hesab edilir. Buna baxmayaraq amnistiyanın hökümətlərin qarşılaşmaqdan qorxduğu çətinliklərin öhdəsindən daha rahatlıqla gəlmək üçün periodik olaraq istifadə etdiyi bir vasitə halına gətirilməsi doğru deyil. Bu davranış hökümətin zəif olduğu və nədənsə çəkindiyi anlamına gələ bilər. Odur ki, hökümətlər sadəcə özlərini zəif hiss etdikləri anlarda bu vasitədən istəfadə etməkdən çəkinməlidirlər. Əksinə, ümumi amnistiya rejimin gücünün göstərici olmalıdır. Amnistiya təklif edən və ya bunu qəbul edən güclü bir rejim özündən əmin olduğunu göstərmiş olacaq və beləliklə xalqda da etimad doğuracaqdır. Amnistiyanın keçmişdə yaşanan bütün münaqişələri və mübarizələri unutdura bilməsi üçün şərtlərin dəyişmiş olması lazımdır. Bu cür tam dəyişikliyin olmadığı halda çıxarılan amnistiya qərarı qırılması an məsələsi olan “barışığa” bənzədilə bilər. Odur ki, siyasi böhranlar zamanı ümumi bir amnistiya verməklə məsələnin həll edilə biləcəyi ilə bağlı yanlış nəticəyə gəlməmək lazımdır.

Ümumiyyətlə isə amnistiya tətbiqinə qarşı çıxan da yetəri qədər ciddi mövqelər vardır. Məsələn, Bekkaria, Bentam vd. məşhur hüquqşünaslar cinayətkarların bağışlanması vəya əfv olunmasını neqativ hal olaraq qiymətləndirmişlər. Amnistiyaya qarşı bir çox dövlətlərdə mövcud olan kritik yanaşmaya görə cinayət məcəlləsinin və cəzaçəkmə institutunun gedərək təkmilləşdirilməsi müvafiq olaraq amnistiya institutunu lazımsız edir. Həmçinin bir çox dövlətlərdə, məsələn Fransada monarxiya epoxası zamanı amnistiya tətbiqi o qədər geniş yayılmışdı ki, bu, cinayətlərə görə məsuliyyəti azaltmış və faktiki olaraq cinayətkarların cəzasız qalacağı düşüncəsini formalaşdırmışdı. Məsələn, ABŞ-ın keçmiş parlament üzvü Tom Tancredo amnistiya verilməsi ilə bağlı fikrini belə ifadə etmişdir: “Amnistiya çox bərbad siyasətdir, bu çox bərbad siyasi kursdur. Ona görə bərbaddır ki, siz insanları qanunları pozduğuna görə mükafatlandırırsınız”. Belə ki, əfv etməklə əfv olunanların təkrar cəmiyyətə inteqrasiya olunacağı və cəmiyyətə faydalı insana çevriləcəkləri ümid edilir, lakin bəzən bunun əksi də müşahidə oluna bilir.

Azərbaycanda qəbul olunan amnistiya aktları və əfv sərəncamları

18 oktyabr 1991-ci il tarixindən, yəni Azərbaycanın müstəqillik qazandığı gündən etibarən daxili siyasətdə humanizm prinsiplərinə yer verildiyini, bunun bariz nümunəsi olaraq mütəmadi şəkildə tətbiq olunan amnistiya və əfv sərəncamlarını göstərmək olar. Azərbaycan qanunvericiliyində artıq qeyd olunduğu kimi amnistiya və əfvetmə bir-birindən fərqlənir. Cinayət Məcəlləsinin 81-ci, Konstitusiyanın isə 95(19)-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 63 səs çoxluğu ilə qəbul edilir. Cinayət Məcəlləsinin 82-ci, Konstitusiyanın isə 109(22)-cu maddəsi isə əfvetməni tənzimləyir və bu maddələrə görə əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilən sərəncamla həyata keçirilir.

Müstəqilliyimizi qazandıqdan sonra verilən ilk amnistiya qərarları olaraq 6 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi münasibətilə amnistiya verilməsi haqqında” müvafiq amnistiya qərarı[2], həmçinin “Azərbaycan Demokratik Respublikasının 74 illiyi münasibətilə amnistiya verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi qaydası barədə” Azərbaycan Respublikası Milli Məclisinin 15 iyul 1992-ci il tarixli qərarı göstərilə bilər.[3] Heydər Əliyev hakimiyyətə gəldikdən sonra amnistiya ənənəsini təkrar canlandırmış və onun hakimiyyəti illərində, xüsusilə parlament təsis olunduqdan sonra, 1995-2003-cü illərdə Azərbaycanda 77 mindən çox məhkumu əhatə edən 7 amnistiya aktı və 32 əfv sərəncamı verilmişdir.[4] Ümumilikdə müstəqillik dövründə 12 amnistiya aktı və 66 əfv sərəncamı icra olunmuşdur.[5] 44 günlük Vətən müharibəsindən sonra verilən zəfər amnistiyası sayca 12-ci amnistiyadır.[6],[7]

5 noyabr 2021-ci il tarixində qəbul olunan “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi Azərbaycan tarixində verilmiş ən geniş tərkibli amnistiya olub, ümumilikdə 16 mindən çox şəxsə şamil olunaraq 4 ay ərzində müvafiq kateqoriyalar üzrə məhbusların azadlığa buraxılması və cəmiyyətə təkrar inteqrasiya etməsini nəzərdə tutur.[8]

Nəticə

Cəmiyyətdə mövcud düzəni, sabitliyi və təhlükəsizliyi qorumaq və təmin etmək hüquqa və mövcud düzənə qarşı çıxanları cəzalandırmaqla və bu cəzanı təmin edəcək hüquqi bazanı yaratmaqla mümkündür. Lakin cəzalandırma metodunun hədəfə dəyib-dəymədiyi, lazımi nəticələr verib-vermədiyi daima müzakirə və mübahisə olunur. Hüquqi doktrinaya və ümumi qəbul edilmiş baxışa görə, cəza qanunlarının məqsədi cinayət törədənlərin əzab çəkməsini təmin etmək deyil, onları islah edib təkrar cəmiyyətə qazandıra bilməkdir. Bu baxımdan həm cəza, həm də cəzanın nəticələrinin ortadan götürülməsini özündə ehtiva edən amnistiya eyni məqsədə xidmət edir. Amnistiya və əfvetmə cəzadan azad etmə, yəni azadlıq və sərbəst fəaliyyət meyarı olub, həm də özündə ciddi siyasi təbliğat məzmununu ehtiva edir, dövlətin beynəlxalq siyasi nüfuzunun formalaşdırılmasında mühim faktor rolunu oynayır. Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan hüquq sisteminin ənənəvi proseduru halına gətirilən amnistiya və əfvetmə institutu Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdə və müvafiq insitutun çevik və işlək mexanizmlər əsasında fəaliyyəti təmin edilməkdədir. Bu fəaliyyət cəmiyyətin əksqütblü qüvvələri arasında etimad mühitinin formalaşdırılmasına xidmət edir və eyni zamanda onun ədalətli şəxsiyyət obrazını şərtləndirir. İndiyədək Azərbaycanda müstəqilliyimizin bərpası, Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının ildönümləri, müxtəlif bayramlar və özəl günlər şərəfinə çox sayda amnistiya aktları və əfv sərəncamları qəbul olunmuşdur. Bunlardan ən əlamətdarı Zəfər günü şərəfinə qəbul edilən amnistiya aktı hesab oluna bilər. Bundan da önəmli bir məsələ qarşıda Azərbaycanı gözləyən, bütün region və dünya dövlətlərinin ümid bəslədiyi Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonrakı proseslərdir ki, bu çərçivədə də müəyyən amnistiya haqqında düşünülə bilər.

Əlavə 1. 1990-2016-cı illər arasında dünyada yaşanan münaqişələr və bu çərçivədə qəbul olunan amnistiya qanunları

Ölkə

Tarix

Qəbul edən

Mövzu

Əfqanıstan

14 yanvar 1991

Prezident Nəcibullah

Silahlı qüvvələrin ölkəni tərk edən keçmiş üzvlərinin (fərarilərin) əfvi (terror törədənlər, kütləvi qorxu və cinayətlərə səbəb olanlar istisna)

Əfqanıstan

16 aprel 1991

Prezident Nəcibullah

20 mart 1991 tarixindən öncə ölkəni müxtəlif səbəblərlə tərk edənlərin geri dönmə haqqı və cinayət məsuliyyətinə cəlb olunmama vədi

Əfqanıstan

20 fevral 1992

Prezident Nəcibullah

Öz hərbi vəzifəsini yerinə yetirməyərək fərarilik edən ordu mənsublarının əfvi

Əfqanıstan

25 aprel 1992

Əfqan Mücahidlər Şurası

Kommunistləri dəstəkləyən Kabul rejiminin bütün tərəfdarlarının əfvi

Əfqanıstan

20 iyul 1993

Prezident Borhanoddin Rabbani

Fərari ordu mənsublarının əfvi

Əfqanıstan

20 may 1997

Taliban lideri Molla Mohammad Omar

Könüllü şəkildə mübarizəsini dayandıran və təslim olan bütün müxalif qrupların silahlı mənsublarının əfvi

Əfqanıstan

26 iyun 1997

Ali Məhkəmənin Baş Hakimi Alhaj Abdul Satar Sanaie

Keçmişdə hərbi-siyasi fəaliyyəti olan və ölkəyə geri dönən vətəndaşların əvvəlki fəaliyyətlərinə görə təqib olunmasının dayandırılması və cinayət məsuliyyətindən azad edilməsi

Əfqanıstan

30 aprel 2003

Əfqanıstanın keçid hökümətinin başçısı Hamid Karzai

Talibanın məğlub olduqdan sonra ölkəni tərk etmiş üzvlərinin əfvi

Əfqanıstan

Şəhla Cəlilzadə

Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsi alıb. Müvafiq ixtisas üzrə elmi araşdırmaların və məqalələrin müəllifidir. Əsas tədqiqat sahələri konfliktologiya, Qarabağ münaqişəsi, sülh quruculuğu prosesləridir.