XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış - III hissə

06.05.2021

Dövlət müstəqilliyimizin bərpasına qədər əsas cavabdeh orqan kimi Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən təmin olunan tarix və mədəniyyət abidələrinin qorunması işi, Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 354 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi”nin yaradılmasından sonra bu idarəyə həvalə olundu.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin məsələləri haqqında” 11 sentyabr 1992-cil il tarixli 500 nömrəli qərarından belə məlum olur ki, Komitə Mədəniyyət Nazirliyinin Tarix və Mədəniyyət abidələrinin mühafizəsi, bərpası və istifadəsi üzrə Baş idarəsi, Bakı şəhər İcra Hakimiyyətinin Şəhərsalma, Memarlıq və Arxeologiya Abidələrinin Bərpası üzrə “Bərpaçı” Baş idarəsi, Memarlıq və Şəhərsalma Baş idarəsinin Xüsusi elmi-layihə Bürosü bazasında yaradılmışdır və komitənin mərkəzi aparatında sədr və sədrin üç müavini vəzifəsi olmaqla işçilərin say həddi 55 ştat vahidi olmuşdur.

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində ( regional idarələri nəzərə alınmadan) rəis və iki rəis müavini olmaqla 36 ştat vahidi mövcuddur. Dövlət Xidmətində olduğu kimi o dövrdə də Komitəyə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin olunan rəis rəhbərlik etmişdir. 

Komitə yaradılarkən Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanındakı tarix və mədəniyyət abidələrinin bərpası və təmiri tresti, Bakı şəhər İcra Hakimiyyəti aparatının yanındakı tarix və mədəniyyət abidələrinin bərpası və təmiri üzrə “Bərpaçı” elmi-istehsalat idarəsi maddi-texniki vasitələri və istehsalat bazaları ilə birlikdə Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə verilmişdir. Nəzərdə tutulmuşdu ki, Bakı şəhər Baş memarlıq və şəhərsalma idarəsi nəzdində Elmi-layihə bürosu və Mədəniyyət Nazirliyinin “Azərbərpa” tresti yanında Xüsusi elmi-bərpa  layihə emalatxanası bazasında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sistemində Tarix və Mədəniyyət Abidələrinin bərpası və istifadə edilməsi üzrə elmi-tədqiqat layihə institutu yaradılsın.

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 1992-cil il tarixli 500 nömrəli qərarı ilə təsdiqlənmiş Komitənin Əsasnaməsinin üçüncü bəndində göstərilirdiki ki, Azərbaycan Respublikası ərazisində yerləşən dövlət tərəfindən qeydə alınan və yeni aşkar edilən bütün tarix və mədəniyyət abidələri Komitənin balansına keçir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi müvafiq sahə üzrə idarəetmənin təkmilləşdirilməsi məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2000-ci il tarixli 270 nömrəli  Fərmanı ilə ləğv edilərək funksiyaları yenidən Mədəniyyət Nazirliyinə qaytarıldı. Həmçinin, qeyd olunan fərmana əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin əmlakı və onun tabeliyində olan təşkilatlar ( o cümlədən “Abidələrin bərpası elmi tədqiqat layihə İnstitutu”, 2006-cı ildən “Azərbərpa” ETLİ) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi. 

 Azərbaycana birinci rəhbərliyi (1969-1982) dövründə olduğu kimi müstəqillik dövrümüzdə də Ulu Öndər Heydər Əliyevin mədəni irsimizə yüksək diqqəti, qayğısı və müdrik qərarları sayəsində abidələrimizin qorunması işində müsbətə doğru irəliləyiş baş verdi və əlaqəli sahə üzrə hüquqi bazanın zənginləşdirilməsi istiqamətində zəruri addımlar atıldı.

Dövlət müstəqilliyimizin bərpasından sonrakı mərhələdə məhz ümumilli liderin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin inkişafı yeni mərhələyə qədəm qoydu, bu dövrdə sovet hakimiyyəti illərində müəyyən siyasi-ideoloji səbəblərdən diqqətdən kənarda qalan məsələlərə xüsusi diqqət göstərildi, milli irsin qorunub saxlanması və inkişafı ilə yanaşı, dünyaya tanıdılması sahəsində də çox böyük nailiyyətlər əldə olundu.

Beləki, Onun müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə (1993-2003) respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri yenidən təftiş edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülən mədəni irs nümunələrinin yeni siyahısı təsdiqlənmiş, bərpaya ehtiyac olan bir çox abidələr (N.Gəncəvi məqbərəsi, Filarmoniya binası, Möminə Xatun türbəsi, H.Cavidin məqbərəsi, Şəki xan Sarayı, Bibi Heybət məscidi və s.) təmir-bərpa olunmuş, xüsusi əhəmiyyət kəsb edən tarixi ərazilər qoruq ( Çıraqqala tarixi qoruğu, Şabran şəhəri Tarix-Mədəniyyət Qoruğu) elan edilmiş və hələ Azərbaycana birinci rəhbərliyi dönəmində-1977-ci ildə tarix-memarlıq qoruğuna çevrilmiş İçərişəhər YUNESKO-nun "Dünya İrs Siyahısı”na daxil edilmişdir və s.

Təbii ki, mərhum Prezidentimizin mədəni irsimizin və milli mənəvi dəyərlərimizin qorunması sahəsindəki xidmətlərini bir məqalə ilə əhatə etmək qeyri-mümkündür. Buna görə Onun çoxsaylı xidmətlərindən iki faktı qeyd edəcəm:

 1990-cı illərdə cavabdeh orqanlar tərəfindən dövlət əhəmiyyətli qoruq kimi qorunub saxlanılması işində bir sıra ciddi nöqsanlara yol verildiyindən İçərişəhər “Təhlükədə olan Ümümdünya İrs Siyahısı”na daxil edilmişdi.  Belə bir vaxtda İçərişəhəri qoruyub saxlamaq məqsədi ilə Ulu Öndər H. Əliyev tərəfindən  "Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" 2003-cü il 17 fevral tarixli 1145 nömrəli Sərəncam imzalandıqdan sonra orada tikinti işləri dayandırıldı və şəhərin tarixi simasının qorunması istiqamətində lazımi tədbirlər həyata keçirilməyə başlandı.

Ümumilli liderin layiqli davamçısı İlham Əliyevin 10 fevral 2005-ci il tarixli 629 nömrəli Sərəncamına əsasən İçərişəhərin idarə edilməsini təkmilləşdirmək məqsədi ilə özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradıldı, 2009-cu ildə isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən İçərişəhərin “Baş Plan”ı hazırlandı. Məhz müvafiq istiqamətdə görülən ardıcıl və məqsədyönlü işlər nəticəsində 2009-cu ildə Dünya İrs Komitəsinin 33-cü sessiyasında İçərişəhərin Təhlükədə olan Ümumdünya İrsi Siyahısından vaxtından əvvəl çıxarılmasına nail olundu [63] .

Onu da vurğulayaq ki, hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs kimi fəaliyyət göstərir və o “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsasında yaradılmışdır.

Ümumilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan mədəni irsininin qorunması sahəsində həyata keçirdiyi çoxsaylı işlərdən biri də, Gəncə “İmamzadə”sinin qorunması ilə bağlıdır. Hazırda ölkə əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunan “İmamzadə” türbəsi 1970-ci illərdə ateizm təbliğatına mane olduğundan sökülmə təhlükəsi ilə üzləşmişdi. Mərhum Prezidentimiz Heydər Əliyevə bu barədə məlumat veriləndən sonra onun müdaxiləsi abidəni məhv olmaqdan xilas etmiş və Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olmuşdu [54].

Müstəqillik illərində “İmamzadə” türbəsi dini ziyatərtgahının qorunub saxlanması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün  Sərəncam imzalamış, müvafiq işlərin gedişi ilə yerində tanış olmaq üçün bir neçə dəfə əraziyə gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən zəngin mədəni irsimizin qorunması, eyni zamanda da dünyada tanıdılması istiqamətində çöx böyük işlər görülür.

Aparılan düzgün siyasət nəticəsində "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, o cümlədən “Şirvanşahlar sarayı” kompleksi və “Qız qalası” abidələrindən sonra, 2007-ci ildə "Qobustan" dövlət tarixi-bədii qoruğu, 2019-cu ildə isə Şəki şəhərinin tarixi hissəsi “Şəki xan sarayı” ilə birlikdə YUNESKO-nun (eng. Unesco, BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu) Ümümdünya İrs Siyahısına daxil edilmişdir.

Hazırda digər abidələrimizin də Ümümdünya İrs Siyahısına daxil edilməsi istiqamətində müvafiq işlər (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vasitəsilə) davam etdirilir.

Ölkəmiz son dövrlərdə İSESKO (eng. İCESCO, İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan təşkilat) ilə əməkdaşlığı inkişaf etdirmiş, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri “İslam Mədəniyyətinin Paytaxtı” seçilmişdir.

 Rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş tarixi Şuşa şəhərimizin 2022-ci ildə İSESKO tərəfindən islam mədəniyyətinin paytaxtı elan ediləcəyi bildirilmiş, Azərbaycan Respublikasının Prezidenti isə Şuşa şəhərini artıq “Azərbaycanın mədəniyyət paytaxtı” elan etmişdir.

Azərbaycan Respublikası Prezidentinin tarix və mədəniyyət abidələrinin qorunub saxlanmasına və və gələcək nəsillərə çatdırılmasına verdiyi önəm onun imzaladığı onlarla mühüm Fərman və Sərəncamlarda bir daha öz əksini tapmış və mədəni irsimizi prioritet sahələrdən birinə çevirmişdir.

Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və göstərişi ilə bir çox abidələrdə (Kukla Tetarının binası, H.Əliyev sarayı, Gənc Tamaşaçılar Teatrının binası, Nizami Kinoteatrının binası, Atəşgah məbədi, Musiqili Komediya Teatrının binası, Milli İncəsənət Muzeyinin binası,  Rus Dram Teatrının binası, R.Behbudov adına Mahnı Teatrının binası, Salyan Cümə məscidi, Şəkidə "Aşağı Karvansaray", "Şəkixanovların evi", Gəncədə İmamzadə Kompleksi, Şah Abbas və Uğurlu xan Karvansarayı, Allah–Allah türbəsi, Sınıq körpü, Çıraqqala və s.) təmir-bərpa işləri həyata keçirilmişdir.

Azərbaycan mədəni irsinin qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti YUNESKO və ISESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında  Heydər Əliyev fondu ( 2004-cü ildə təsis edilmişdir) tərəfindən də çox böyük işlərə imza atılmışdır.

Cavad xanın məzarı üstündə məqbərənin ucaldılması, Pir Həsən türbəsinin (ziyarətgahı) əsaslı təmir-bərpası və ətrafının abadlaşdırılması, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpası, “Cotari” Alban-udi kilsəsinin və Müqəddəs Məryəm Ana Alban kilsəsinin, Şamaxı Cümə məscidinin, Bakıda Möhsün Səlim Məscidinin, İmam Hüseyn məscidinin əsaslı təmir-bərpası, Buzovna cümə məscidinin, Binədə İmam Rza məscidinin, Mərdəkan Heydər Cümə məscidinin yenidənqurulması və s. işləri, o cümlədən ölkə rəhbərliyinin müvafiq tapşırıqları işğaldan azad edilmiş ərazilərimizdə yerləşən abidələrimizin də bərpasına başlanması Fond tərəfindən Azərbaycan mədəni irsinin qorunması adına görülən çoxsaylı işlərdən yalnız bir neçəsidir.

Yuxarıda qeyd etdik ki, Azərbaycan Respublikasının Prezidenti ölkə ərazisində yerləşən mədəni irsimizin qorunması işinin təmin olunması ilə bağlı onlarla fərman və sərəncam imzalamışdır. Onlardan biri də qədim tarixə malik  Azərbaycanda daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsində kompleks işlərin və əldə olunmuş nailiyyətlərin davamlılığını təmin etmək, o cümlədən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli, 195 nömrəli Sərəncamı ilə təsdiqənmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”dır.

Daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması və sahəyə aid digər işlərin yerinə yetirilməsi Dövlət Proqramının əsas məqsəd və vəzifələrindəndir.

Bundan başqa, son illərdə respublikası ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra qoruqlar -Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu (2007), "Atəşgah məbədi" dövlət tarix-memarlıq qoruğu (2007), "Keşikçidağ" dövlət tarix-mədəniyyət qoruğu və "Xınalıq" dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu (hər iki qoruq 2007), Quba şəhərində «Soyqırımı memorial kompleksi»  (2009), Qədim Şəmkir şəhəri Dövlət Tarix Memarlıq Qoruğu və Orta əsr Ağsu şəhəri Dövlət Tarix Memarlıq Qoruğu (hər iki qoruq 2019) yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli, 1498 nömrəli Sərəncamı ilə əvvəlki illərdə yaradılmış və ayrı-ayrılıqda fəaliyyət göstərmiş “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmiş, eyni zamanda “Nizami Gəncəvi məqbərəsi” kompleksi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə daxil edilmişdir.

Hazırda Respublikamızda mövcüd olan tarixi qoruqlar müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərirlər.

Bir məsələni də xüsusi vurğulayaq ki, əgər Sovet hakimiyyəti illərində tarixi baxımdan xüsusi əhəmiyyət kəsb edən ərazilər Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə qoruq elan edilirdisə və müstəqilliyimizin ilk illərində bu səlahiyyət Azərbaycan Respublikasının Nazirlər Kabinetində idisə             (məsələn Nardaran Tarix-Mədəniyyət Qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli, 26 nömrəli qərarı ilə yaradılmışdır), sonrakı mərhələdə belə ərazilərin qoruq elan edilməsi səlahiyyəti (“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 22-ci maddəsi) Azərbaycan Respublikasının Prezidentinə verilmişdir.

Abidələrə gəlincə  isə qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2001-ci ildə təsdiqlənmiş siyahı üzrə 6308 abidə müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, İçərişəhər Qoruq İdarəsinin və  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nəzarətindədir.

MÖlkə ərazisində yerləşən və dövlət mühafizəsinə götürülən abidələrin son siyahısı 2001-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənərkən sovet hakimiyyəti illərində ayrı-ayrı vaxtlarda (1957, 1968, 1981 və 1988) təsdiqlənmiş siyahılar əsas götürülərək ümümiləşdirmə aparılmış, habelə əvvəlki siyahılar üzrə qeydiyyata götürülməyən abidələr də son siyahıya daxil edilmişdir.

Hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzarətində olan abidələrin qorunması işi tabeçiliyində olan “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin (əvvəl Nazirliyin “Mədəni irs” şöbəsi vasitəsilə)  vasitəsilə təmin edilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli, 409 nömrəli Fərmanı ilə yaradılmışdır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılmasından cəmi beş il sonra Azərbaycan Respublikası Prezidentinin tarixi mirasımızın qorunması sahəsinə yüksək diqqətinin növbəti təzahürü olan 22 oktyabr 2019-cu il tarixli 844 nömrəli Fərmanı imzalanmış və bununla da Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 5 regional idarəsi ( Bakı, Şabran, Qəbələ, Gəncə və Salyan) yaradılmışdır [58].

 Qeyd edək ki, Dövlət Xidməti, Mədəniyyəti Nazirliyinin nəzarətində olan dövlət mühafizəsinə götürülmüş  daşınmaz tarix və mədəniyyət obyektlərinin qorunması, abidələrdən istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Abidələrin qorunması, bərpası, əhəmiyyət dərəcələrinin təyin edilməsi və onlardan istifadə olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının rolu isə bundan ibarətdir ki, o, abidələrin aşkar olunması, tədqiqi işini, arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında nəzarətində abidələr olan orqanların razılığı əsasında mühafizəsini təşkil etməli, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparmalı, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak etməli, zəruri hallarda maddi-mədəniyyət konservasiya və bərpa işləri görməli, abidələrin təbliğini təşkil etməli, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər hazırlamalı, elmi-praktiki məsləhətlər verməli, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imzalamalı və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir. Abidələr üzərində aparılacaq işlərin layihələri  təsdiqlənməzdən öncə AMEA rəyi nəzərə alınmalıdır.

Qeyd olunan bu və digər məsələlər Akademiyanın müvafiq institutları – Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət İnstitutları vasitəsilə təmin edilir.

Memarlıq abidələrimizin qorunmasında  respublika memarlarının könüllü peşəkar yaradıcılıq birliyi olan “Azərbaycan Memarlar İttifaqı” da yaxından iştirak edir.

 İttifaqın Nizamnaməsində “Tarixi memarlıq mühitinin və təbii mühitin mühafizəsinə, memarlıq abidələrindən qayğı ilə istifadə olunmasına kömək etmək” onun əsas vəziflərindən biri kimi təsbit olunmuşdur.

Muasir dövrümüzdə abidələrin qorunması və bərpası üzrə kadr hazırlığına xüsusi diqqət edilir.

Hazırda orta ixtisas təhsil müəssisələrimizdə “muzey işi və abidələrin qorunması”, ali təhsil müəssisələrimizdə bakalavriat səviyyəsində “muzey, arxiv işi və abidələrin qorunması”, magistratura səviyyəsində “arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi” və “memarlıq abidələrinin bərpası və yenidən qurulması”, doktorantura səviyyəsində isə “memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir [66;67;68] .

  Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində 2 aprel 2001-ci ildən dövlət büdcəsindən maliyyələşdirilən  «Abidələrin mühafizəsi və bərpası» elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir ki,  burada mütəxəssislər tərəfindən ayrı-ayrı memarlıq abidələrinin qorunub saxlanılmasına dair tövsiyyələrin hazırlanması, onların eskiz, bərpa və konservasiya layihələrinin tərtib olunması və qədim şəhərlərin tarixi mühitinin tədqiqi, tarixi abidələrin və Azərbaycan memarlığı haqqında şəkilli kataloqların, Azərbaycanın tarixi memarlığı haqqında dərsliklərin tərtibatı, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən tərtib edilmiş, memarlıq abidələri siyahısına daxil olan, memarlıq abidələrinin memarlıq əhəmiyyəti nöqteyi-nəzərindən araşdırması, abidələrin indiki vəziyyətinin yoxlanılması kimi işlər yerinə yetirilir [64].

Təhsil ocaqlarımızda öyrədilən biliklərin gücləndirilməsində, onlara praktik vərdişlərin aşılanması işində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyindəki qurum “Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutu” da yaxından iştirak edir və  sahə üzrə gənc mütəxəsslərin yetişməsində xüsusi rol oynayır.

Müstəqilliyimizin bərpasından sonra əlaqəli sahə üzrə qanunvericilik bazasının zənginləşdirilməsi istiqamətində də mühüm addımlar atılmışdır.

1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasının 77-ci maddəsində tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit edilmişdir.

1998-ci ildə qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda bu məsələ daha geniş öz əksini tapmış və qeyd olunmuşdur ki, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan  orqanlara yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.

“Şəhərsalma və tikinti” Məcəlləsinin 12-ci maddəsinə əsasən Şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində tarixi landşaftın və mədəni irs obyektlərinin olduğu ərazilərin, xüsusi mühafizə olunan təbiət ərazilərinin və ya obyektlərin mühafizəsi təmin edilməlidir.

Müvafiq sahə üzrə qanunvericilik bazasının araşdırılması göstərir ki, son illərdə abidələrin qorunması ilə bağli xeyli normativ hüquqi aktlar qəbul edilib.

2015-2017-ci illərdə Daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının qorunması və onlardan istifadə sahəsində hüquqi aktlar üzrə Nazirlər Kabineti tərəfindən  aşağıda adları qeyd olunan sənədlər təsdiqlənmişdir:

  • “Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata  keçirilməsi Qaydası”
  • “ Mədəni  sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”
  • “Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi  tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”
  • “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”
  • “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”
  • “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və  istifadəsi  Qaydası”
  • “Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi Qaydası”
  • “Sualtı mədəni irs nümunələrindən istifadə Qaydası”
  •  

 “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Mədəniyyət  haqqında” Azərbaycan  Respublikası Qanunları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyən əsas normativ-hüquqi aktlardır və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər müvafiq olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

Fikrimizcə əlaqəli sahə üzrə normativ-hüquqi bazanın bir qədər də zənginləşdirilməsinə, qanun pozuntusuna görə isə cəza tədbirlərinin daha da sərtləşdirilməsinə ehtiyac var. Abidələrin mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı xüsusi qaydalar olmadığından bu məsələ ilə bağlı normativ sənədin qəbuluna da ehtiyac var.

Həmçinin abidələrin mövcud siyahılarının təhlili zamanı bəlli olmuşdur ki, siyahı üzrə bəzi abidələr faktiki mövcud deyil, bəziləri isə müxtəlif adlarla iki dəfə qeydə alınıb. Bəzən bilməyərəkdən arxeoloji ərazilərdə müxtəlif tikinti və əkin işlərinin aparılması hallarına da rast gəlinir.

Əvvəlki illərdə ( 1968, 1981, 1988, 2001) aparılmış siyahıyaalmalar zamanı əksər  abidələrin şifahi məlumat əsasında qeydə alınması, əsasən arxeoloji ərazilərin dəqiq yerinin göstərilməməsi, onların yerləşdiyi ərazilər barədə məlumatların ümumiləşdirilmiş şəkildə verilməsi belə problemlərin ortaya çıxmasının əsas səbəbidir.

 Bundan başqa, bəzi hallarda qanunvericiliyə zidd olaraq, müvafiq dövlət orqanlarının razılığı olmadan ayrı-ayrı yerli icra strukturlarının məmurları, yaxud iş adamlarının göstərişi ilə abidələrdə qeyri-professional səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılır ki, bu da nəticədə abidələrə ziyan vurur.

 Həllini tapmalı məsələlərdən biri də rayonların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinə gedən yollar və onların ətraf ərazilərinin abadlaşdırılması, yeni yol nişanlarının qurulması və turizm servisləri ilə bağlı müəyyən infrastrukturun yaradılmasıdır.

Abidələrin balans mənsubiyyətinin müəyyən edilməsi də çox vacibdir. Çünki, abidələrin balans mənsubiyyətinin müəyyən olunmaması və ya hər hansı təşkilatın balansında qeydə alınmaması onların istifadəsində, saxlanılmasında və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mühafizəsində bir sıra çətinliklər yarada bilər. Bu və digər vəzifələrin icrası ilə yanaşı, fikirmizcə artıq Azərbaycandan kənarda yerləşən Azərbaycana aid mədəni irs nümunələrinin qorunması sahəsində də müvafiq addımlar atılmasının zamanı çatmışdır. Bunun üçün ilk növbədə xüsusi siyahı tərtib olunmalıdır. Qeyd olunan məsələnin siyasi tərəfləri olduğundan xüsusi dövlət proqramı tərtib olunmaqla aidiyyəti orqanlarla birlikdə Azərbaycandan kənarda yerləşən mədəni irs nümunələrimizin qorunması işinin təmin olunmasını, o cümlədən dəyən zərərin müəyyənləşdirilməsini mümkün hesab edirik.

Əminik ki, bu və digər məsələlərin öhdəsindən layiqincə gəlinəcək və tarixi mirasımız, mədəni irsimizin gələcək nəsillərə qoruyub saxlamaq vəzifəsi uğurla təmin olunacaqdır.

 

İstifadə olunmuş mənbələrin siyahısı:

 

  1. Azərbaycan Xalq Maarif Komissarlığı nəzdindəki Azərbaycan Arxeoloji Komitəsinin Nizamnaməsi //Azərbaycan Arxeoloji Komitəsinin xəbərləri.- 1925.- bur.1.- S.21-24.
  2. Azərbaycan dövri qədiminin öyrənilməsi [Mətn] : metodoloji məsələlərinə dair /İ. İ. Meşşaninov ; [Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu, Tarix-Etnoqrafiya Şöbəsi] Bakı: AETİ, 1930. 20 s
  3. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). Bakı. "Elm". 2008. 568 səh. + 48 səh. illüstrasiya.
  4. Azərbaycan SSR qanunları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanları və Azərbaycan SSR Hökuməti qərarlarının xronoloji külliyyatı [Mətn] /Azərb. SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası ; [red. M. A. Həsənov] II cild 1936-1945. Bakı: [s. n.], 1961. 393 səh
  5. Azərbaycanın maddi mədəniyyəti [Mətn] /Azərb. SSR EA, Azərb. Tarixi Muzeyi ; [red. S. M. Qazıyev] Bakı: AzSSR EA, 1949. 157, [1] s.
  6. Abidələr danışır [Mətn] /Ə. V. Salamzadə ; [red. Ş. Ağayeva] Bakı: Uşaqgəncnəşr, 1952. 87, [5] s.: şək.,
  7. Azərbaycanın mədəniyyət abidələri haqqında [Mətn] /[ tərt. ed. H. Abdullayev, red. Q. Əhmədov] ; Azərb. SSR Mədəniyyət Nazirliyi Resp. Mədəni-maarif işləri metodkabinəsi, Bakı: [s. n.], 1954. 17, [1] s.
  8. Azərbaycan memarlıq abidələrinin bərpası [Mətn] : xüsusi elmi bərpa-istehsalat e'malatxanasının onilliyinə dair, 1952-1962-ci illər /Ə. A. Seyidov, V. Y. Qarnik ; Muzeylər və Abidələrin Mühafizəsi Şöbəsi.  Bakı: Azərnəşr, 1963. 45 s
  9. Azərbaycan SSR Qanunları. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanları və Azərbaycan SSR Hökuməti qərarlarının xronoloji külliyyatı (1946-1952); 6 cilddə, III c., Bakı:1963, 618 səh.
  10. Azərbaycan SRR Qanunları və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fərmanları Məcmuəsi, 1938-1963-cü illər., Azərbaycan SSR Ali Sovetinin Nəşri. Bakı 1963, 558 səh.
  11. Azərbaycanın memarlıq abidələri [Mətn] /Ə. V. Salamzadə ; [red. M. Nəcəfov]. Bakı: Azərnəşr, 1958. 91, [1] s.: ill.
  12. Azərbaycan arxeologiyası oçerkləri [Mətn] /T. Bünyadov ; [red. İ. Nərimanov, M. Müştaq]. Bakı: Azərnəşr, 1960. 236s.
  13. Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 səh
  14. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, İki cilddə, I cild. Bakı 2004, 440 s
  15. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 - iyun 1941). Bakı. "Elm". 2008. 568 səh. + 48 səh. illüstrasiya. S 379
  16. Bakı keçmişdə, indi və gələcəkdə [Mətn] /M. Katibli ; [red. H. Tağızadə] ; Azərb. SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyət. Bakı: 1961. 69, [3] s.: fotoşək., şək.,
  17. Bayramov A. Muzey sərvətlərinin ekspozisiyada mühafizəsi // «Mədəni-maarif», 1986, №4,, s.18-25
  18. Kərimov B.Azərbaycanda tarix-diyarşünaslıq muzeylərinin təşəkkülü və inkişafı tarixi. Bakı, 2008, «Ziya- Nurlan», 182 səh.
  19. Kərimov B. Azərbaycanda tarix-diyarşünaslıq muzeylərinin yaranması tarixindən / Azərbaycan Tarixi Muzeyi80, Bakı: “Elm”, 2001, səh. 34-39
  20.  Mustafayev A. Azərbaycanın maddi mədəniyyət tarixi. Bakı: «Bakı Universiteti» nəşriyyatı. 2009, 420 səh.
  21. Maddi-mədəniyyət abidələrinin əhəmiyyəti və mühafizəsi [Mətn] /C. Ə. Xəlilov ; [red. M. Müştaq]. Bakı: Azərnəşr, 1961. 56, [3] s.: şək.,
  22. Muzeylərə və abidələri mühafizə etməyə aid rəhbər materiallar / Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Respublika Mədəni-maarif işləri metod kabinəsi. Bakı, 1955, 77 səh,
  23. Q.C Əliyev., Ə.M Tağıyev., M.İ. Bayramov “Mədəniyyətşünaslığın əsasları. Bakı, 1999

 

       Rus dilində

 

  1. Известия Азербайджанского комитета охраны памятников старины, искусства и природы. Азкомстарис. Баку: 1927.- 270 с
  2. Краткий путеводитель [Текст]: наиболле известным памятникам древности и природы в  Азербайджана /Сост. В.М. Сысоев; АЗКОМСТАРИС Баку , 1930.47 с.
  3. Памятники Азербайджанской культуры [Текст] : Бакинский Дворец Ширваншахов /В. Н. Левиатов ; ред. Е. А. Пахомов ; Академия Наук СССР-Азербайджанский Филиал, Институт Истории. Баку: АзФАН, 1944. 52 c
  4. Сессия посвященная итогам археологических работ 1963 г.: тезисы докладов и сообщений /Академии Наук Азербайджанской ССР Институт Истории, Bakı: [s.n.], 1964. 36, [4] s
  5. Хронологическое собрание законов Азербайджанской ССР, Указов Президиума Верховного Совета и постановлений Азербайджанской ССР / Том I, 1920-1935 гг.Баку, 1959, 260 с, s.229

     Dövri mətbuat, məcmuələr:

  1. Azərbaycanın qədim tarixi: Abidələr haqqında //Qızıl qələm.- 1924.- №1.- S.11-16; №3.- S.13-15; №4.-  S.21-23
  2. Azərbaycanın qədim abidələri //Qızıl qələm.- 1924.- №3.- S.15-18.
  3. Klimov, A. Qədim abidələr /A.Klimov //Kommunist.- 1938.- 17 oktyabr.
  4. Hüseynov, Y. Tarixi abidələri diqqətlə qorumalı /Y.Hüseynov // Kommunist.- 1941.- 17 iyun
  5. Əliyev, M. Azərbaycanda qədim və orta əsrlərdə geoloji biliklərin və mədəni irsin tarixindən /M.Əliyev, M.Kaşqay //AzSSR EA-nın Xəbərləri.- 1955.- №7.- S.27-41. nov //Kommunist.- 1957.- 9 yanvar.
  6. Rzayev, N. Mədəniyyət abidələrinə diqqəti artırmalı /N.Rzayev //Ədəbiyyat və incəsənət.- 1957.- 12 may.- S.4.
  7. Aslanov, Q. Mədəniyyət abidələri öyrənilir /Q.Aslanov //Mədəni-maarif işi.- 1968.- №3-4.- S.48-51.
  8. Əliyev, M. İnqilabdan əvvəl Azərbaycan memarlığının öyrənilməsi tarixindən /M. Əliyev //AzSSR EA-nın Məruzələri.- 1971.- C.27.- №1.- S.76-80.
  9. Respublika ərazisində mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında Azərbaycan SSR Ali Sovetinin Qərarı //Kommunist.- 1973.- 13 iyul.- S.1; Ədəbiyyat və incəsənət.- 1973.- 14 iyul.- S.5-12.
  10. Qiyasi, C. Abidələri ellikcə qoruyaq /C.Qiyasi // Ə dəbiyyat və incəsənət.- 1973.- 13 oktyabr.- S.15.
  11. Mustafayev, A. Abidələr tədqiq olunur: [respublikamızda aparılan arxeoloji qazıntılar haqqında] /A.Mustafayev //Kommunist.- 1974.- 8 dekabr
  12. Haqverdiyev, T. Abidələr bərpa olunmalıdır /T.Haqverdiyev //Ədəbiyyat və incəsənət.- 1976.- 17 iyul.- S.6
  13. “Tarix və mədəniyyət abidəlrinin mühafizəsi onlarda istifadə haqqında” SSRİ Qanunu //Kommunist qazeti. 1976, 31 oktyabr,
  14. Mahmudov, R. “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında”: [AzSSR Ali Soveti Mədəniyyət Komis-siyasının sədri, deputat R.İ.Mahmudovun məruzəsi] /R.Mahmudov //Kommunist.- 1978.- 25 iyul.
  15. Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında”: Azərbaycan SSR qanununun qüvvəyə minməsi qaydaları barəsində Azərbaycan SSR Ali Sovetinin qərarının qəbul edilməsi haqqında //Kommunist.- 1978.- 28 iyul
  16. “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu: [1978-ci il iyulun 21-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin səkkizinci sessiyasında qəbul edilmişdir].- Bakı, 1978.- 35 s.
  17. Mədəni irsi qorumalı //Kommunist.- 1987.- 16 may.
  18. Məmmədov, X. Bizə varis demək olarmı? /X.Məmmədov, O.Hacıyev //Kommunist.- 1988.- 8 yanvar.
  19. Salamova, A. Memarlıq abidələrinin bərpası və onun bəzi problemləri /A.Salamova //Ə dəbiyyat və incəsənət.- 1981.- 20 fevral.- S.7.
  20. Azərbaycan KP MK-da və Azərbaycan SSR Nazirlər Sovetində: Azərbaycan KP MK və Azərbaycan Respublika Nazirlər Soveti Azərbaycan SSR-də şəhərsalma, arxitektura və arxeoloji abidələrin mühafizəsini, bərpasını və onlardan istifadə olunmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında məsələ müzakirə etmişdir //Kommunist.- 1981.- 4 oktyabr.
  21. Hüseynov, R. Abidələr bərpa olunur: [Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Elmi Bərpa İstehsal İdarəsinin fəaliyyəti haqqında] /R.Hüseynov //Kommunist.- 1984.- 28 oktyabr
  22. Cəbiyev, Q. Abidələr, dağıntılar, qaydalar: [abidələrin bərpası və mühafizəsi haqqında] /Q.Cəbiyev //Azərbaycan gəncləri.- 1984.- 30 oktyabr.
  23. Mədəni irsi qorumalı: [tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydası] //Kommunist.-1987.- 16 may.
  24. Dövlət başçısı tarixi-memarlıq abidələrinin qorunmasını tələb edir //Azad Azərbaycan.- 2006.- 23 avqust.- S.1
  25. Kamil İBRAHİMOV, Mədəni dəyərlərə sadiqlik örnəyi // Azərbaycan.- 2018.-14 dekabr.- S.1; 6.

 

İnternet resursları:

54. İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində yaradılan şəraitlə tanış olub \ https://president.az/articles/17804

55. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu\ http://www.e-qanun.az/framework/25303

56. “Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı\ http://www.e-qanun.az/alpidata/framework/data/30/f_30401.htm

57. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/alpidata/framework/data/28/c_f_28902.htm

51. “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/2847

58. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı \ http://www.e-qanun.az/framework/43473

59. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında” \ Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı \ http://www.e-qanun.az/framework/44581

60. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının tarixindən: Aslan bəy Kriçinski və Xüsusi Komissiyanın fəaliyyəti haqqında \ http://milliarxiv.gov.az/az/azerbaycan-xalq-cumhuriyyeti-qurucularinin-tarixinden-aslan-bey-kricinski-ve-xususi-komissiyanin-fealiyyeti-haqqinda

61.   http://whc.unesco.org/en/statesparties/az/

62.   http://mct.gov.az/az/umumi-xeberler/10378

63.   https://icherisheher.gov.az/az/78-iceri-shere-xos-gelmisiniz

64.   https://www.azmiu.edu.az/pages/142

65. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu http://www.e-qanun.az/framework/3526

66.   Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların)    TƏSNİFATI / http://www.e-qanun.az/framework/41438

67.  Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) TƏSNİFATI  / http://www.e-qanun.az/framework/21781

68.  Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların   TƏSNİFATI / http://www.e-qanun.az/framework/23253

 

 

Dissertasiyalar :

69.  Ağamalıyeva, Y. Azərbaycan şəhərlərində tarixi abidələrin qorunma problmləri (Naxçıvan, Gəncə, Şəki, Ordubad və Ş uşa şə hərlərinin timsalında): memarlıq nam. alim. dər. al. üçün təq. ed. dis.-nın avtoreferatı: 18.00.01 /Yeganə A ğamalıyeva; Azərbaycan Memarlıq və İnşaat Unti.- Bakı, 2005.- 26 s.

70. Kərimli T. Azərbaycanda bərpa-konservasiya işlərinin tarixi və perspektivləri : memarlıq üzrə fəlsəfə d-ru e. dər. al. üçün təq. ed. Dissertasiya : 6401.01 /T. N. Kərimli ; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Memarlıq və İnşaat Un-ti. Bakı: 2017, 182 s.

71.  İbrahimova İ. Azərbaycanda arxeologiya elminin təşəkkülü: (tarixi-arxeoloji tədqiqat): tarix e. n. al. dər. a. üçün təq. ol. dis.: 07.00.06. /İlhamə İbrahimova; AMEA, Arxeologiya və Etnoqrafiya İn-tu.- Bakı, 2006.- 153 s.