“Nizami Gəncəvi İli”: postmüharibə dövrünün siyasi-mədəni çağırışı

26.01.2021

Bu il dünyanın dərkində böyük xidmətləri olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi tamam olur. Nizami Gəncəvi bəşəriyyətin bədii-fəlsəfi fikir tarixində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biridir. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sahibidir. Nizami Gəncəvi təkcə türk-islam dünyasının deyil, həm də bütün dünyanın mədəniyyət sütunlarından biridir. Onu yalnız şair adlandırmaq doğru deyildir. O həm öz dövrünün, həm də bizim dövrümüzün böyük fikir adamıdır. Nizaminin əsərləri milli şüurumuzun tərkib hissəsidir.

 

Dahi şairin doqquz əsr əvvəldən XXI əsr insanına ötürdüyü informasiya enerjisi tükənməzdir. Nizaminin təfəkkür və kamillik zirvəsi o zaman kəşf olunacaqdır ki, dünyada ağıl və kamal hər şeydən üstün olacaq, hər şeyə qalib gələcəkdir. Hələlik, bəşəriyyət yarandığı gündən bəri bu xoş arzu və amallar uğrunda qanlı-qadalı, enişli-yoxuşlu yollarda nəsilləri bir-birinə calaya-calaya yol gedir:

 

Dövrə bax ki, qocalıb zülümdən, şərdən bəşər,

Azğınlığın əlindən qaçır bəşərdən-bəşər (“Sirlər xəzinəsi” )

 

Nizami Gəncəvi şəxsiyyətinin fəlsəfi çaları təkcə onun “İskəndərnamə”dəki yunan filosoflarına istinadən açdığı metafizik bəhsləri və “Sirlər xəsinəsi”ndəki irfani düşüncələri ilə məhdudlaşmır. O, əsl həqiqətdə həm də orta əsrlərin müsəlman filosofu kimi ictimai-siyasi mövzuların dərin qatlarına enən siyasi fəlsəfənin əsas ideya sahiblərindən biri hesab olunur. Burada “siyasi” ifadəsi təkcə “hakimiyyət”ə və dövlətçiliyə aid olan məsələlərə deyil, bütünlüklə ictimai xarakter daşıyan problemlərə şamil olur. Bundan başqa,  Qərb və Şərq fikir və fəlsəfə tarixində “Ədalət” (Justice) ən təməl mövzulardan biri, bəlkə də, birincisidir. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən başladığı savaş da haqqın, ədalətin bərpası uğrunda idi. Müzəffər Ali Baş Komandan  İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 44 günlük müharibədə qazandığı zəfərlə tarixi ədaləti bərpa etdi.

 

“Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli  Sərəncamı bu kontekstdən yanaşanda tarixi, siyasi, elmi-fəlsəfi məna palitrası baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sərəncamla 44 günlük Vətən müharibəsinin Qalib Sərkərdəsi və Xalq-Dövlət-Ordu birliyinin müəllifi olan cənab Prezident İlham Əliyev hərbi qalibiyyətimizin davamını siyasi, iqtisadi, diplomatik, tarixi, elmi-ədəbi müstəvidə də qazanmaq niyyətində olduğumuzu bütün dünyaya əminliklə elan etdi.

 

 

Prezident İlham Əliyev öz çıxışlarında iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elitanın ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış etməsinin zəruriliyini daim vurğulayır. Milli inkişaf strategiyasını düzgün müəyyənləşdirən dövlət başçısı ölkənin xüsusilə postmüharibə dövründə gələcək tərəqqisi prosesində elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın rolunu yüksək dəyərləndirdiyi üçün bu istiqamətdə növbəti addımını atdı. Başqa sözlə, ölkənin siyasi rəhbərliyi eyni zamanda Azərbaycanı öz zəngin irsimizə əsaslanaraq  bir elm, təhsil, mədəniyyət və ədəbiyyat ölkəsi kimi də görmək istəyir. Prezidentin həm 2021-ci ilin “Nizami Gəncəvi İli”, Şuşa şəhərini Azərbaycanın, bütövlükdə bölgənin mədəniyyət paytaxtı elan etməsi,  həm də “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı bu məramdan qaynaqlanır.

 

Vaxtilə Ümummilli lider  Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki,  yubileylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir. Ümummilli liderin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumalıdır: "Xalq gərək daim  öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın". Bu səbəbdən dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq  anadan olmasının 880 illiyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

 

Xüsusilə II Qarabağ müharibəsindən sonra Azərbaycan kimliyinin, ruhunun yüksək həddə təzahürü, Xalq-Dövlət-Ordu birliyinin formalaşması Azərbaycan elminin, mədəniyyətinin və ədəbiyyatının qarşısında yeni çağırışlar və axtarışlar qoyur. Tarixi isrimizə, ədəbi-mədəni sərvətimizə - bir sözlə, öz kökümüzə, Nizami irsinə müraciət də bu məramdan qaynaqlanır. Ədəbi irsimizə müraciət ilk növbədə gənc nəslin azərbaycançılıq məfkurəsini dərindən dərk edərək milli ruhda yetişməsi baxımından aktuallıq kəsb edir. Milli ruhlu, kreativ düşüncəli gəncliyin yetişməsi isə qloballaşmanın sərhəd tanımadığı, yabançı mədəniyyətlərin milli-mənəvi dəyərlər sisteminə təhdid kimi çıxış etdiyi bir zamanda ümumi müqavimətin təşkili baxımından vacibdir. 

 

Bütün bunlarla yanaşı, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini zəruri edən bir sıra məqamlar da var:

  • Nizaminin 880 illik yubileyinin məhz belə bir vaxtda qeyd olunması, təsadüfü deyil. Belə ki, Nizaminin bəşəri dəyərlərə malik humanist idealları bir ordu kimi əzəmətlə səslənir və bu haqq-ədalət, bərabərlik çağırışı xalqımızın tarixinə, mədəniyyətinə, torpağına, böyük sənət abidələrinə göz dikən düşmənlərimizə (məsələn, ermənilərə və s.) bir ismarıcdır. Şeyx Nizaminin poetik düşüncəsi, söz ordusu bu gün Qarabağın müdafiəsində bizimlə birlikdə dayanmışdır.
  • Bu sərəncam Azərbaycanın böyük mütəfəkkiri Nizami irsinə bu gün də sahiblənməyə, dahi mütəfəkkiri fars şairi və onun zəngin irsini fars ədəbiyyatı nümunəsi kimi təqdim etməyə, mənimsəməyə çalışanlara bir ismarıcdır. Qeyd edək ki, Nizami fars ədəbiyyatının deyil, Azərbaycan farsdilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biridir. O, fars deyil, türk oğlu türkdür. Sadəcə o dövrün şeir-poeziya dili olan fars dilində yazıb-yaratmış, Azərbaycan poeziyasının nadir incilərini – “Xəmsə”sini bizə irs qoymuşdur.

 

Nizaminin şeir üslubu fars dilində “səbki-Azərbaycani” adlanır. Yəni farsdilli şeirdə məhz Azərbaycan üslubudur. Məhz azərbaycanlı şairlər həmin dövrdə o üslubda yazırdı və bu üslub klassik fars şairlərinin üslubundan xeyli dərəcədə fərqlənirdi.

 

Bu fikirlə tam razıyıq ki, Nizami ona görə farsca yazıb ki, orta əsrlərdə Aralıq dənizindən ta Hindistanadək (Mərkəzi Asiya da daxil olmaqla) bütün regionun şeir dili fars dili idi: “Zəbani farsi xeyli şirin”. Yəni fars dili məhz şeirə daha yatımlı gəldiyinə görə, farsca yazmaq bir növ ənənə idi.  Təkcə Nizami deyil, həmin dövrün əksər şairləri, məsələn, Cəlaləddin Rumi də farsca yazıb-yaradıblar. Hətta XVIII əsrdə elə şairlər olub ki, onlar da öz şeirlərini farsca yazıblar. Əşrəf Marağai, Əbdibəy Şirazi, Saib Təbrizi kimi görkəmli şairlər də öz şeirlərini farsca qələmə alırdılar. Hətta Saib Təbrizi Hindistanda farsdilli şeirin ən görkəmli nümayəndəsi hesab olunurdu. Yaxud böyük hind şairi Əmir Xosrov Dəhləvi Nizamiyə nəzirə olaraq, fars dilində “Xəmsə” yaradıb. Belə olan təqdirdə, Nizamini fars şairi adlandırmaq həqiqəti əks etdirmir.

 

Nizami fars şairi olsaydı, Makedoniyalı İsgəndəri ideal hökmdar kimi təqdim etməzdi. İran ədəbi-ictimai fikrində bu, mümkün deyil. Çünki Makedoniyalı İsgəndər farslar üçün tarixi düşməndir. Türk xalqlarında, xalq ədəbiyyatımızda Makedoniyalı İsgəndər müsbət obraz kimi işıqlandırılır.

 

Nizami Gəncəvinin guya Qaxın Qum, İran alimlərinin iddiasına görə isə İranın Qum şəhərində anadan olması barədə fikirlərin də heç bir elmi əsası yoxdur. Nizamini fars şairi kimi qələmə verənlər Hacı Lütf Əli bəyin “Ataşkadah” bioqrafik əsərinə və ümumiyyətlə, fars dilində yazılmış tədqiqat əsərlərinə istinad edirlər. Akademik Y.E.Bertels Nizami Gəncəvinin bütün əsərlərini, xüsusilə “İsgəndərnamə”ni ciddi şəkildə tədqiq edib və sübut etdi ki, Hacı Lütf Əli bəyin iddia etdiyi “Qum şəhərindənəm” sətirləri Nizaminin həmin əsərinin digər əlyazmalarında, o cümlədən erkən köçürülən versiyalarında yoxdur, yəni bu sətirlər şairin “İsgəndərnamə” əsərinə ideoloji motivlərdən irəli gələrək təəssübkeş İran mirzələri tərəfindən əlavə olunub və açıq-aşkar saxtalaşdırmadır.

 

Y.E.Bertels öz tədqiqat əsərində yazır: “Nizaminin ən qədim əlyazmalarında, 763-cü (1360-cı il) il tarixli hicriyə aid Parisdəki Milli Kitabxanda olan əlyazmalarında da bu sətir yoxdur”.

 

Beləliklə, Y.Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi və 1940-cı ildən sonra artıq Nizaminin azərbaycanlı olması bütün sovet alimləri tərəfindən qəbul olundu.

 

Qərb tədqiqatçılarından Hammer, Baxer, Rutter, Erdman, Atkinson, Duda, Vilson, Blend kimi şərqşünaslar onu türk adlandırıblar. 

 

Y.Bertels Nizaminin nə üçün fars dilində yazmasının səbəblərini də açıqlamağa çalışıb. Məsələn, akademik qeyd edir ki: "Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi “Leyli və Məcnun” əsərini türk dilində yazmaq istəyib. "Leyli və Məcnun”u türk dilində deyil, fars dilində yazmasını əmr verən Axsitanın hərəkətləri onu çox qəzəbləndirir, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq verir. Amma öz etirazını əsərdə belə şərh edib: "Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam”.

 

Vaxtilə Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "farspərəstlər və ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər". "Dağ kimi ucalmışdı bir zaman Türk dövləti deyən” Nizami necə ərəb, yaxud farsa xidmət edə bilərdi? O, "Xosrov və Şirin” əsərində yazır:

 

Türklüyüm bu Həbəşdə heç getmir.

Dadlı dovğaya xalq meyl etmir.

 

Burada da "Farslığım” və ya "Kürdlüyüm” deyil,  "Türklüyüm” deyir. Hələ XV əsrdə Dövlətşah Səmərqəndi “Təzkirətül-şüəra” kitabında Nizaminin türkcə divanı barədə məlumat verib.

 

Nizami (Gəncəvi) öz övladını “türkzadə” (türk oğlu) adlandırır "Xosrov və Şirin" əsərinin sonunda yazır:

Əgər şod torkəm əz xərgəh nəhani,

Xodayə, torkzadəmva to dani.

(Əgər türküm çadırdan gizlinə çəkildisə də,

Xudaya, türk balasını sən özün qoru.)

 

Nəhayət, onu da qeyd edək ki, keçən əsrin 20-ci illərində İrana səfər etmiş akademik Marrın yazdığına görə, İran alimləri farsca yazdığına görə onu İran-fars şairi hesab etsələr də, “Əz asare-Nizami buye-türk miyayəd” (“Nizaminin əsərlərindən türk iyi gəlir”) deyərək, şairin yaradıcılığını ruhən (candan-könüldən) qəbul edə bilmirlər.

 

Akademik Y.Bertelsdən başqa akademik Y.Kraçkovski, akademik A.E.Krımski, Azərbaycan alimləri H.Araslı, C.Heyət, R.Əliyev və başqaları “İsgəndərnamə” əsərinin orjinallarını tədqiq edərək dahi şairin Azərbaycanın Gəncə şəhərində anadan olmasını və öz vətənində yaşayıb, yazıb-yaratdığını sübut ediblər. 

 

  • Bu sərəncam şairin 850 illik yubileyi şərəfinə 1991-ci ili  "Nizami ili" elan etmiş, lakin son addımları ilə özünü “hər hansısa bir ölkənin filialı” kimi aparmaqla beynəlxalq statusunu şübhə altına alan  UNESCO-ya da bir ismarıcdır. Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman bu məsələyə toxunaraq qeyd edib: “...UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var. Biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Naşı siyasətçilər, populistlər, bizim bölgəmizdən xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə yetirən, ya da ona çalışan bəzi dırnaqarası siyasətçilər bizə hansısa irad tuta bilərlər. Bu iradların əsası varmı? Yoxdur. Mənim sözümü sübut edən bizim bax, bir neçə cildlik işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə... Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.
  • Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. 2021-ci ilin Nizami ili elan olunması və şairin 880 illiyinin keçirilməsi gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi öyrənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz... Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”. Məhz bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi tarixi bir hadisədir. Bu gün hər bir Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə yaşamalı, vətənin hər bir çağırışına hər an hazır olmalıdır. Milli-mənəvi dəyərlərə malik olmayan ordu döyüşdə heç vaxt qələbə çala bilməz. Odur ki, hər bir əsgər və zabitin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onun mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirəcəyimiz tədbirlərin də mühüm rolu olacaq.
  • Bu sərəncam dünyaya, o cümlədən qonşu ölkələrə Azərbaycanın qədim tarixə, zəngin elmi-fəlsəfi və ədəbi irsə - yüksək intellektual potensiala malik  ölkə olmasını bir daha göstərir. Müxtəlif ədəbi layihələr həyata keçirməklə Azərbaycan ədəbiyyatının qüdrətini dünyaya bir daha nümayiş etdirmiş olacağıq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbova “Airthings Masters” şahmat turnirində qələbə qazanması münasibətilə təbrik məktubunda bu cümləni işlətmişdi: "Sənin bu uğurun, eyni zamanda, xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir".

 

Bu sərəncam artıq hərbi sahədə qazandığımız uğurların elmi-intellektual, siyasi, diplomatik müstəvidə davam etdirilməsinin zəruriliyini diktə edir. Nizaminin qeyd etdiyi kimi: “Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”.

 

Nizami əsərlərində o dövrün elmi yenilikləri də tərənnüm edilir. Azərbaycan o dövrün elmi yeniliklərindən bu günə kimi uzun bir yol qət edib. Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 06 yanvar 2021-ci il tarixli Fərmanı da bunu bir daha təsdiq edir. Qeyd dək ki, 2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib. Bir il sonra Forumun 50 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində ötən il imzalanmış memorandumun davamı kimi niyyət protokolu imzalanıb. Həmin sənədə əsasən Forumun ölkəmizdə regional mərkəzi yaradılır. Qeyd edək ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi IV sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir. Bu, Azərbaycanın hər zaman yeniliklərə açıq, tərəqqi edən bir xalq olduğunu göstərir.

 

Onu da əlavə edək ki, Prezident sərəncamında qeyd olunduğu kimi, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.

 

Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

 

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təsis edilmişdir. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir.

 

Mərkəzin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunaraq Nizami Gəncəvinin əsərlərində əksini tapan ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya tanıdılmasıdır. Mərkəzin baş ofisi Bakı şəhərində yerləşməsinə baxmayaraq fəaliyyəti müxtəlif ölkələri əhatə edir. 

 

Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 16 may  tarixli 964-IVQD nömrəli Qanunu təsdiq edilmişdir. Həmin Qanunla “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”  haqqında Əsasnamə təsdiq edilmiş və təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilmişdir.

 

Bundan başqa, Bakıda Nizaminin adını daşıyan  metrostansiya fəaliyyət göstərir. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun Nizami Gəncəvi qəzəlinə bəstələdiyi “Sənsiz” romansı səslənir. 1976-cı il dekabrın 31-də açılışı olan Nizami metrostansiyası daxilindəki mozaikaların yaradılması və işlənməsi rəssam Mikayıl Abdullayevə məxsusdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib və Bakı metropoliteninin ən gözəl stansiyalarından biridir.

 

...Beləliklə, dahi Nizaminin elm, poeziya qatarı Azərbaycan mədəniyyətini 880 il sonra da dünyaya daşıya biləcək gücdə, sürətdə və əzəmətdədir.

 

Nizami Gəncəvi ilimiz uğurlu olsun!

Aqşin Məmmədov

Bakı Dövlət Universitetində bakalavr və magistratura, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura  təhsili alıb. Filologiya üzrə fəlsəfə doktorudur. Milli-ideoloji məsələlər, etnik və dini azlıqlar, təhsil, elm və dil siyasəti və s. istiqamətlərdə tədqiqatlar aparır.