Millət/Milliyyət anlayışlarının siyasi/kultural kontekstdə müzakirəsi

22.01.2021

Burada qısa təhlil və müzakirəyə açılan məsələ aşağıdakı bir neçə sualdan irəli gəlir: Millət və milliyyət fenomenlərini pre-modern birgəyaşayış formalarının (icma, topluluq, camaat kimi) modern çağdaki siyasi – mədəni bölgüsü və təşkilatlanma formasına m

Millət anlayışına izahlı lüğətə əsasən etimoloji kökü və geniş istifadəsi baxımından iki mənada müraciət oluna bilər: dini (ümmət, dindaş kimi) və siyasi (dünyəvi). Biz burada millət anlayışına nation-un qarşılığı kimi siyasi mənada (yəni, dövlətə aid vətəndaşların cəmi – demos, xalq); milliyyətə isə milli mənsubiyyət əsaslı, etnik aidiyyət mənasında yer veririk. Buradan yola çıxaraq qeyd etmək olar ki, millət və ya xalq kimi siyasi birliyin müdafiəsi millətçilik kimi ifadə oluna bilərkən, milli mənsubiyyətə olan vurğuların milliyətçilik anlayışı altında qruplaşdırılması daha məqsədəuyğun hesab olunur.

 

Hər iki ifadə modern siyasətə məxsus anlayış və dəyərlərinin ayrılmaz hissəsidir. Millət və milliyət(çilik) anlayışları üzərinə geniş elmi ədəbiyyat bunların biri-birindən fərqliləşən məzmununu modern çağda, xüsusilə də Fransa İnqilabı ilə qazandığını qeyd edir. Lakin bununla belə hər iki anlayış vahid tarixi-etimoloji kök etibarilə orta əsrlərə qədər uzanır. Hər iki anlayışın etimoloji kökünün bağlı olduğu tək ifadə, yəni “natio” (və ya nation) orta əsr yaxud ondan əvvəlki dövrlərdə müxtəlif lakin bir-birinə yaxın mənalarda işlənib. Latınca “natio” sözündən gələn “nation” bir insanın doğulduğu yer, yəni bir torpağa bağlılıq mənasında işlənib. Yaxud eyni zamanda qan bağından irəli gələn bir qrupa yaxud bir zümrəyə və ya qəbiləyə aidlik kimi istifadə olunub. Eyni zamanda xatırladaq ki, orta əsr universitetlərində fərqli dillərdə danışan tələbə birliklərini ifadə etmək üçün də “nation” sözündən istifadə olunurdu.

 

Ümumiləşdirərək demək olar ki, pre-modern dövrdə millət və milliyyət kimi iki ayrı məna kateqoriyalarından söhbət getmir. Bu anlayışın iki istiqamət üzrə fərqliləşməsinə sonradan, yəni modern çağda rast gəlinir. Belə ki, “nation”-un millətə (xalqa) istinad edən formada geniş bir məzmun qazanması modern çağa təsadüf edir. Schnapper’in qeyd etdiyi kimi, azad və bərabər vətəndaşlar birliyi olaraq millət fikri, düşüncəsi İngiltərədə kəşf edilib. Bu fikir daha sonra Fransa və Amerika inqilabları ilə ümumi və legitim siyasi təşkilatlanma formasında özünü büruzə edib. Milliyətçilik isə növbəti illərdə, xüsusən də Napoleon müharibələri ilə Avropa ölkələrinə sürətli yayıldı.

 

Schnapperin millət anlayışını modern dövrlə məhdudlaşdıran yanaşmasına qarşı, Lacoste millət anlayışının modern və pre-modern mənaları arasında bir davamlılıq və bənzərlik olduğunu hesab edir. Onun bu barədə qeydlərinə görə, Fransa İnqilabından sonra yayılan milli birlik fikri (millət, xalq statusu) Fransa millətinin formalaşmasının yaxud təkamülünün mərhələlərindən sadəcə biri idi, yəni millət anlayışının “doğum şəhadətnaməsi” deyildi. Millətin varlığı inqilabdan yüz illər əvvələ gedib çıxırdı. Lacostein bu yanaşması modern çağa aid siyasi bir termin olaraq millət (xalq) anlayışını pre-modern birgəyaşayış formalarından, yəni icma, topluluq və camaatlardan konkret xətlərlə ayırmır. Halbuki bu istiqamətdəki geniş elmi ədəbiyyata görə modern çağda millət kimi ifadəsini tapan “natio” anlayışı orta əsrdə topluluq, icma yaxud camaat kimi etnik, dil və torpağa aidlik vəziyyətini ifadə etməklə, nisbətən daha dar məzmuna malik olub. Buna görə pre-modern birgəyaşayış formalarından bəhs edərkən millət, cəmiyyət anlayışından istifadə etmək sosioloji baxımdan məqbul sayılarkən, siyasi mənada qeyri-mümkün hesab olunur. Belə ki, bu dövr üçün millət, milliyət yaxud cəmiyyət anlayışlarından siyasi kateqoriyalar kimi bəhs etmək əslində reallığı əks etdirə bilməz. Bunların bir-biri ilə uzlaşan yaxud fərqliləşən formalarda istifadəsindən ancaq modern dövrdən etibarən söhbət gedə bilər.

 

 

Christophe Jaffrelota görə modern millət anlayışı hər nə qədər XVI. əsrdə ortaya çıxmış olsa da, bu sahədəki konseptual müzakirələr XIX. əsrdə formalaşdı. Həmçinin bunu da qeyd etmək yerinə düşər ki, XX əsrin sonlarından etibarən bu istiqamətdə yeni nəzəriyyələr gündəmə gəlsə də (B. Anderson, Hobsbawm, Gellner və digərlərinin timsalında) həmin dövrə qədər alman mütəfəkkirlərinin yanaşmaları dominant rola malik olub.

 

Bu istiqamətdə yayılan fikirlərdən yola çıxaraq qoyulan suallar ətrafında, bu iki anlayış (millət və milliyət) arasında məcburi, qarşılıqlı müəyyənləşdirici əlaqənin olmadığı hipotezi irəli sürülə bilər. Belə ki, millət “xəyali” siyasi cəmiyyət formasıdır, bir fenomendir; halbuki milliyetçilik kultural məzmunludur, ideoloji mahiyyətə malikdir. Başqa sözlə, millət pre-modern topluluqların, icmaların modern çağla birlikdə siyasi strukturlaşmasını, milliyətçilik ona bağlı ideoloji zəmini ifadə etməkdədir. Dumont’un qeyd etdiyi kimi, millət fərdlərin cəmindən formalaşan bir siyasi qrup kimi özünü göstərir. Bu qrup alt qrupların daşıdığı fərqli dəyərlərin standartlaşdırılmış, “üstün” bir mədəniyyət səviyyəsində birləşdirilməsini nəzərdə tutur. Ən güclü alt qrup burada hər nə qədər təsirli olsa da, tam müəyyənləşdirici deyil. Halbuki milliyət bir kultural camaatın milli birlik duyğusu kimi yaxud onun təbii nəticəsi olaraq ortaya çıxır. Yəni, millət siyasi sistemi, cəmiyyətin siyasi təşkilanma formasını ifadə edərkən, milliyətçilik bu sistemə hissi-emosional bağlılığı, həmrəyliyi, onun kultural və ideoloji inşasını ehtiva edir. Bu baxımdan modern millət fikrinin dövlət və cəmiyyət arasında məsafəli mövqeyinə qarşı, milliyətçilik bu məsafəni aşmağı, dövlət-cəmiyyət dixotomiyasını aradan qaldırmağa hədəflənir.

 

Hazırda bir sıra inkişaf etmiş liberal ölkələrdə millət fikrinin sehrini itirmiş müqəddəsliyi ilə müqayisədə milliyətçiliyin yüksələn cazibə qüvvəsi müəyyən mənada müqəddəs olana daha yaxınlıqla bağlı çağırışlarının gücünü itirməməsindən irəli gəlir. Bəzən müəyyən dövlət maraqları yaxud vətənpərvərlik çərçivəsində istinad olunsa da milliyyətçilik, bu mövzulardan çox yuxarı səviyyədə, ideallarla (məsələn etnik üstünlük, tarixi müstəsnalıq, ilahi təqdirat yaxud seçilmişlik və digərləri) bağlıdır. Milliyətçi siyasi hakimiyyətin legitimliyi və qalıcılığı tarixi nümunələrdən göründüyü kimi kənar, “düşmən” faktora qarşı kultural homogenliyin qorunmasından, yeri gəldikdə tarixin təhrifi və propaqanda vasitələrinin güclü işləyişindən irəli gəlir. “Mutləq xeyir” tərəfdə yer almağın verdiyi ayırd edicilik, yaxud müqəddəsliyə yaxın üstün duyğular bu uğurda “mütləq şər”ə qarşı əbədi bir mübarizənin, müharibənin əsasını qoyur. Etnik, dini yaxud digər zəmində qoyulan sərhədlər “biz” və “onlar” arasında qaçınılmaz ayrı seçkilik yaratdığı üçün milliyətçilik həqiqi mədəni yüksəlişdən çox ideoloji reallığı inşa edir.

 

Bu kimi fərqlərdən yola çıxaraq qeyd etmək olar ki, milliyətçiliyi millət anlayışına və onun sahib olduğu liberal dəyərlərə zidd mövqedə yerləşdirmək mümkündür. Lakin bununla belə bu iki anlayış arasındakı əlaqə tam açıq deyil. Milləti maddi və mənəvi olaraq bütünləşmiş, sərhədləri müəyyən, bir dövlətə və onun qanunlarına bağlı sakinlərin kultural, zehni və əxlaqi birliyi kimi görənlər də var (məsələn, Marcel Mauss) var, digər tərəfdən milliyətçiliyi bir millətin formalaşmasının ilk mərhələsi hesab edənlər (məsələn, Ernest Renan) və bu mənada demokratik inqilabları milliyətçi inqilablar kimi izah etməyə çalışan yanaşmalar da var. Delannoi’e görə bütün milliyətçiliklər millətin varlığına bağlıdır. Lakin milliyəti “tanımaq” milləti “tanımaqdan” daha asandır. Ona görə, dinin nə olduğu haqqında məlumatımızın Tanrı ilə bağlı məlumatımızdan daha çox olması kimi, milliyətçiliyin ümumi xüsusiyyətləri haqqında millətin ümumbəşəri formasından daha çox məlumatlıyıq. Lakin milliyyətin varlığını millətin varlığı ilə şərtləndirən bu yanaşma tarixin müxtəlif dövrlərində qarşıya çıxan və milli quruluşun ümumbəşəri dəyərlərini kin, nifrət və hiddətlə əvəz edən ultra milliyətçilikləri izah etmək baxımından kifayət qədər əsaslara malik deyil.

 

Lecanın milliyətçiliklə bağlı iki ayırdedici yanaşması bu anlayışlar arasındakı qarışıqlıqları müəyyən qədər aradan qaldırıcı xüsusiyyətləri baxımından əsas istinad nöqtələrindən biri qəbul oluna bilər. Lecaya görə, (1) milli dövlətə mənsubluq, yəni milli birlik ideologiyası kontekstində milliyətçilik kənarlaşdırıcı deyil, daxiledici və əhatəedici rola malikdir. Bu halda milliyətçilik millət, milli dövlət düşüncəsi içərisində özünü göstərdiyi üçün bunlar arasında qarşılıqlı müəyyənləşdirici münasibətlərin olduğu istisna edilmir. (2) Digər bir halda, yəni milliyətçilik bir millətin, milli dövlətin inşası prosesində deyil, mövcud bir kultural elit təbəqə adına hakimiyyət mübarizəsi şəklində özünü göstərəndə kənarlaşdırıcı və qapalı xarakterli olur. Bu halda bir millətin, dövlətin inşası prosesindən söhbət getmir, tam əksinə kökləri keçmişə bağlı etnik, dil, kultural və digər zəminlərdə bir topluluq, icma, camaat kimi təşkilatlanma forması ortaya çıxır. Bir sözlə, millət və milliyət arasındakı münasibət tarixi şərtlərə, ictimai vəziyyətə uyğun dəyişməklə yanaşı bir-biri arasında məcburi asılılıq əlaqələri yoxdur. Milliyətçilik bəzən bir millətin, yaxud dövlətin formalaşmasında dominant kultura kimi özünü göstərməkdə, bəzən isə millət fikri milliyətçi duyğular əsasında formalaşmaqdadır. Yəni bir millətin mütləq milliyyətçilik əsasında varlıq qazanması kimi bir zərurətdən söhbət gedə bilməz. Məsələn, bir ölkənin milli-etnik mənsubiyyətini daşımadan, müəyyən şərtləri ödəməklə vətəndaşlıq statusu alan xarici bir şəxs millətin (xalqın) bir üzvü halına gələ bilməkdədir.

 

Son olaraq, bu iki anlayış arasındakı əlaqələr İngiltərə yaxud Almaniya və Fransa kimi ölkələrin özünəməxsus tarixi təcrübələrindən irəli gələrək fərqliləşir. Yuxarıdakı fikirləri ümumiləşdirsək, bu istiqamətdəki bir yanaşma millətin demos-dan digəri ethnos-dan formalaşdığını iddia edir. Fransız mütəfəkkirlərinin milləti keçmiş inqilab təcrübəsindən irəli gələrək fərdi bağlılıqlara söykənən ümumbəşəri formalaşma kimi qəbul etməklərinə qarşı, Alman mütəfəkkirlər bu sahədə milli dil yaxud etnik aidlik məsələsini qabardır və müəyyən edici faktor hesab edirlər. Avropa təcrübəsindən yola çıxaraq demək olar ki, bir çox ölkədə millətin formalaşması məhz etnik, dil, kultural aidlik kimi bağlarla qurulmazkən, sosiumda bu bağların müəyyənləşdirici olduğu bəzi ölkələrdə isə millət hələ də “kəşf edilməyi” gözləyir.

Elnur Çıraqov

İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.