Bələdiyyələrin xarici siyasət aləti kimi rolu və əhəmiyyəti

24.09.2021

Yerli özünüidarəetmə orqanlarının yaradılması ölkədə demokratik dövlətçiliyin inkişafı, iqtisadiyyatın və sosial rifahın yüksəldilməsi, dayanıqlı ictimai-siyasi mühitin formalaşdırılması baxımından əhəmiyyət daşıyır. Başqa ifadə ilə yerli özünüidarəetmə orqanlarının inkişafı ölkədə demokratiyanın inkişafının əsas şərtlərindən biri olub, vətəndaşların dövlət idarəetməsində daha geniş iştirakı üçün imkanların artırılması deməkdir. 


Azərbaycanda yerli özünüidarəetmə orqanı olaraq bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin fəaliyyəti ilkin olaraq 12 noyabr 1995 tarixində qəbul edilən Azərbaycan Respublikası Konstitusiyası ilə hüquqi-qanuni çərçivəyə salınmışdır. 1999-cu ilin dekabrında isə ilk bələdiyyə seçkiləri ilə bu institut formalaşmağa başlamışdır. 25 dekabr 2001-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunan Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası ölkəmizdə yerli özünüidarəetmə orqanlarının təsisi üçün baza prinsiplərini təqdim etmişdir. Bundan sonra günümüzədək bələdiyyələrə seçkilər, onların fəaliyyətinin təşkili, hüququ və vəzifələri, gəlir mənbələri vs. məsələləri nizamlayan qanunvericilik bazası daha da genişləndirilmiş, bir çox qanunlar (Bələdiyyələrin nümunəvi nizamnaməsi”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyələrin mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Yerli vergi və ödənişlər haqqında”, vs.) qəbul edilmiş, xüsusilə də Milli Məclisin tərkibində Yerli özünüidarəetmə və regional məsələlər üzrə daimi komissiya yaradılmışdır. 

Ölkəmizdəki bələdiyyələrin sayı 1999-cu ildə 2667, 2004-də 2731 idi. Lakin bu qədər çox saylı olması səbəbilə məhdud sayda əhalini, torpaq sahəsini vs. resursları əhatə etməsi, dolğun büdcə formalaşdıra, yerli problemləri həll edə bilməməsi, həmçinin dünya təcrübəsi nəzərə alınaraq bələdiyyələrin sayının məhdudlaşdırılması haqqında qərar qəbul edilmiş və beləliklə 2009-cu ildə keçirilən seçkilərdə 1716, 2014-cü ildə 1607, 2019-cu ildə isə 1606 bələdiyyə təsis olunmuşdur. Hazırda ölkəmizdə 1606 bələdiyyə fəaliyyət göstərməkdədir. 

Ölkəmizdə bələdiyyələrin səlahiyyətləri Konstitusiyanın 144-cü maddəsində əks olunmuşdur. Bu maddəyə görə bələdiyyələr sədrin və müavinlərin, daimi və digər komissiyaların təşkili, üzvlərinin səlahiyyətlərinin müəyyən edilməsi, nizamnamənin (reqlamentin) təsdiqi, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının, yerli iqtisadi inkişaf proqramlarının, yerli ekoloji proqramların qəbulu və icrası kimi əsas səlahiyyətlərə, həmçinin qanunverici və icra hakimiyyətləri tərəfindən verilən əlavə səlahiyyətlərə sahibdirlər. 146-cı maddə isə bələdiyyələrin öz səlahiyyətlərinin icrasında müstəqilliyini hüquqi baxımdan təmin edir. Təbii ki, bu müstəqil fəaliyyət Azərbaycan dövlətinin suverenliyinə xələl gətirməməli, həmçinin dövlət nəzarəti altında olmalıdır. Eyni zamanda bələdiyyələr öz fəaliyyətləri ilə bağlı Milli Məclis qarşısında hesabat verməlidirlər. Bütün bu hüquqi təminatların var olmasına baxmayaraq, real olaraq ölkəmizdəki bələdiyyələrin həm səlahiyyət dairələri, həm də səlahiyyət gücləri olduqca zəifdir. Məsələn, bələdiyyələr aid olduqları ərazidə ətraf mühitin mühafizəsindən məsuldurlar. Lakin bir çox ətraf mühit problemi var ki, bələdiyyələrin bu sahədə fəaliyyətsizliyi açıq-aydın görülə bilər. Həmçinin bələdiyyələrin bununla bağlı fəaliyyətsizliyi mövcud problemin səlahiyyətli qurumların diqqətinə çatdırılmasına əngəl olur. Halbuki vətəndaşların seçimi ilə vətəndaşlara xidmət üçün yaradılan bir qurum olaraq müvafiq bələdiyyə ilk növbədə məhz həmin bölgə insanlarının problemlərini işıqlandırmalı, həlli üçün çalışmalıdır. Bununla yanaşı, teatr, muzey və kitabxanalar, ticarət və sənaye kompleksləri, uşaqlara, yaşlılara və fiziki məhdudiyyətli insanlara sosial qayğı, məşğulluq və işsizlik sığortası kimi məsələlər bələdiyyələrin səlahiyyətinə verilmişsə də, onların bu sahədə fəaliyyətsizliyinə şahid oluruq. Xüsusilə burda bələdiyyələr və yerli icra hakimiyyəti orqanlarının səlahiyyət bölgüsünün dəqiq konturlarının müəyyən olunması faydalı ola bilərdi. 

Bələdiyyələrinin rolunun gücləndirilməsi, öhdəliklərinin və məsuliyyətinin artırılması yerli problemləri yerində və vaxtında həll etməyə daha böyük imkanlar yarada bilərdi. Bu işdə yerli özünüidarəetmə orqanlarına beynəlxalq sazişlər imzalamağa şərait yaradan beynəlxalq təcrübə nümunə alına bilər. Məsələn, 2013-cü ildə Kaliforniya (ABŞ) və Kvebek (Kanada) ştatları arasında imzalanmış anlaşma qlobal məsələyə (xüsusilə ekoloji) lokal müdaxilə olaraq dəyərləndirilə bilər. Belə ki, bu iki ştat buraxılan karbon qazının atmosferi çirkləndirməsinə qarşı birgə fəaliyyətlə bağlı anlaşma imzalamış, daha sonra (2015-ci ildə) bu birliyə Almaniyanın Baden-Vürttemberq əyaləti də qoşulmuşdur. Buna bənzər daha bir inisiativ Rio 2012 iqlim dəyişikliyi ilə bağlı konfransdan dərhal sonra, o dövrdə Nyu Yorkun meri olan Mike Bloomberg tərəfindən gəlmiş, “40 şəhərin merlərinin birliyi” təsis olunmuşdur. Bu birlik sadəcə iqlim məsələlərini deyil, həm də iqtisadi imkanları, yatırımların müvafiq bölgələrə cəlb olunmasını özündə ehtiva edirdi. Belə ki, hər bir bölgə rəhbəri (mayor) öz bölgəsinə daha çox investisiya cəlb olunmasına çalışır. Bu isə təbii olaraq bölgənin iqtisadi inkişafına, əhalinin sosial-iqtisadi şəraitinin və ümumi rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Beləliklə, ümummilli mənafeyə xidmət etmək şərtilə yerli özünüidarəetmə orqanlarının müstəqil fəaliyyətinin təmin olunması bir çox müsbət nəticələrə gətirib çıxara bilər. Bu sadəcə iqlim dəyişikliyi, yaxud sosial-iqtisadi məsələlərin həllini əhatə etməyib, həm də dövlətin xarici siyasətinin bir sıra əhəmiyyətli istiqamətlərini də özündə ehtiva edə bilər. Məsələn, erməni lobbisinin dəstəyinə arxalanan ermənilər digər ölkələrin yerli özünüidarəetmə orqanlarından öz maraqları çərçivəsində istədiklərini (xüsusilə “Dağlıq Qarabağ Respublikası”nın tanıdılması və “qardaşlaşmış şəhər” statuslarının əldə olunması) ala bilmələri bunun bariz nümunəsini təşkil edir. Yerli dəstək daha sonra ümummilli orqanlarda (məsələn parlamentdə) dəstəyə qədər yüksələ bilir. Odur ki, bu imkanlardan faydalana və milli maraqlarımızı bu şəkildə də təlqin edərək daha ciddi uğurlar qazana bilərik. Bu işdə xüsusilə “qardaşlaşmış şəhərlər” (sister cities) rolu ciddi dəyərləndirilə bilər. Azərbaycanın bir çox şəhərlərinin digər ölkələrdə “qardaşlaşdığı” şəhərlər mövcuddur.


Nəticə etibarilə yerli özünüidarəetmə orqanlarının dövlətin xarici siyasətində və ümumiyyətlə beynəlxalq siyasətdəki rolunun güclənməsi xüsusilə son dövrlərin tendensiyası olub, Avropa İttifaqında gedərək daha çox tətbiq halını almaqdadır. 

 

Şəhla Cəlilzadə