Kaxa Bendukidzeni xatırlayarkən...

13.02.2020

Gürcü dövlət xadimi, biznesmeni və xeyriyyəçisi Kaxa Bendukidze 1956-cı ilin aprelində Tbilisidə anadan olub. 1977-ci ildə Tbilisi Dövlət Universitetinin Biologiya fakültəsini bitirdikdən sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirib və bir

2004-cü il Qızılgül inqilabından sonra hakimiyyətə gələn M.Saakaşvilinin yeni kabinetində iqtisadiyyat naziri təyin olunan K.Bendukidze iqtisadiyyatı liberallaşdırmaq cəhdlərinin koordinasiya şurasının rəhbəri idi. Bazar iqtisadiyyatı, qeyri-tənzimləmə və özəlləşdirmənin alovlu dəstəkçisi olan K.Bendukidze bəyan edirdi ki, gürcü hökuməti şərəfindən başqa hər şeyi satmalıdır. Ona görə də də, K.Bendukidzenin tənqidçiləri onu ölkənin milli sərvətlərini, limanları, dəmiryollarını və qaz təchizatı şəbəkəsini satmaqda ittiham edirdilər. Lakin Gürcüstan məhz onun sayəsində, 2004-2007-ci illərdə dünyada ən sürətli islahatlar reallaşdıran ilk 10 ölkə arasında idi. Bu, Dünya Bankının “Doing Business” hesabatında da qeyd olunurdu. Gürcüstan həmin illərdə biznes şərtlərinin asanlaşdırılması üzrə Almaniya və Fransanı belə geridə qoyaraq 137-ci yerdən 11-ci yerə qədər yüksəldi. M.Saakaşvili dövründə başlayan libertarian reformların mehvəri olan Bendukidze ölkədə ən az restriktiv əmək məcəllələrinin formalaşdırılmasında, bütün dünyada ən aşağı gömrük tariflərinin, eləcə də sabit vergi dərəcələrinin təyin olunmasında həlledici rol oynadı. Onun radikal libertarian siyasətləri nəticəsində dövlətin bütün tənzimləyici agentlikləri ləğv edildi, mənfəət vergisi kəskin şəkildə azaldıldı, 800-ə yaxın dövlət lisenziyaları və icazələri də aradan qaldırıldı. O bildirirdi ki, hər bir dövlət icazəsi dövlətin rüşvət almaq üçün istifadə etdiyi korrupsiya alətidir. Gürcüstan Beynəlxalq Ticarət Palatasının sədri Fadi Asli, Bendukidzenin bütöv sistemi kökündən yox etdiyini söyləyirdi. Nəticədə, Gürcüstan dövlət büdcəsi üç dəfə artdı, ölkənin ÜDM həcmi hər il 10 faiz böyüyürdü. Lakin minlərlə iş yerlərinin itkisi bahasına aparılan islahatlar xalq arasında getdikcə neqativ münasibət doğurmağa başlamışdı. Ağılasığmaz özəlləşdirmənin yaratdığı ictimai diskomfortun hədəfi məhz Kaxa Bendukidze idi. Ona görə də, K.Bendukidzenin offisinə gedən yol onu “Yehuda” və “xəyanətkar” olmaqda, “bütün Gürcüstanı satmaqda” ittiham edən etirazçılar tərəfindən bloklanırdı. 2009-cu ildə bir televiziya “tolk-şousunda” ölkənin hətta çay yataqları və meşələrinin satılması ilə bağlı verilən sualı “axmaqca” adlandıran Bendukidze, meşələrin satılmadığını, sadəcə “icarəyə verdiliyini” bildirmişdi.

 

O, islahatlara başladığı zaman Gürcüstan USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) və digər maliyyə institutları və agentliklərindən asılı idi. Onlar Gürcüstan iqtisadiyyatında söz haqqına sahib olduqlarını düşünürdülər. Lakin Bendukidze onların heç bir rola və ya söz haqqına sahib olmadığını bildirərək USAİD nümayəndəsinə “rədd ol” demişdi. Liberallaşmanı Gürcüstanın yeganə xilası olaraq görən Bendukidze bu barədə heç bir fikir ayrılığına tolerans göstərmirdi. Vato Lejava qeyd edirdi ki, Bendukidze radikal addımların nə zaman atılmalı olduğunu yaxşı bilirdi, çünki bu genişmiqyaslı dəyişiklikləri həyata keçirməyə şərait yaradacaq imkanlar pəncərəsi sürətlə bağlana bilərdi. Onun əsas məqsədi Kommunizmin formalaşdırdığı mentallığı qırmaqdan ibarət idi.

 

2008-ci ilin yanvarında Gürcüstan hökumət kabinetində baş verən “reshuffle” (hökumət dəyişikliyi) prosesindən sonra o,  Dövlət İdarə İşləri şurasının rəhbəri təyin olunsa da, ona qarşı tənqidlərin sürətlə güclənməsi ilə 2009-cu ildə istefası tələb olundu. Lakin K.Bendukidze müxalifətə qoşulmamağı seçdi. Çünki o, gürcü müxalifətini “iqtisadiyyata heç bir marağı olmayan darbeyinlilər” adlandırırdı. Bundan sonra, siyasi karyerasını dayandıran K.Bendukidze böyük məbləğdə vəsait qoyaraq Gürcüstan Azad Universitetini yaratdı. O, bu universitetin gənc gürcüləri düşünməyə sövq edəcək bir platforma olacağına inanırdı. Bu gün də, onu Bendu adlandıran tələbələr “Free Uni” loqolu qara və uzun köynəklərində hər zaman K.Bendukidzeni xatırlayırlar. O həm də 2011-ci ildə ciddi baxımsızlıq şəraitində olan Kənd Təsərrüfatı Universitetini alaraq onun yenidən qurulmasına başladı. Həmin universitet bu gün ölkənin ən öncül ali məktəblərindən biri hesab olunur.

 

2012-ci il seçkilərində M.Saakaşvilinin rəhəbərlik etdiyi Vahid Milli Hərəkat partiyasının uduzmasından sonra hakimiyyətə gələn “Gürcü Arzusu” Koalisiyasının lideri də K.Bendukidze kimi öz sərvətini 90-cı illərdə Rusiyada qazanan Bidzina İvanişvili idi. O, seçki kampaniyası ərzində gürcülərə yeni fabrik və zavodlar, yüksək pensiyalar və yeni iş imkanları vəd edirdi. Gürcüstanın hər kəndinə 5 milyon lari investisiya qoyulacağı bəyan edilirdi. Lakin hakimiyyətə gəldikdən bir neçə ay sonra yeni koalisiya əvvəlki administrasiyaya məxsus yüksəkçinli bəzi məmurları həbs etdi, digərlərinə qarşı isə cinayət işi başlanıldı. ABŞ Dövlət Departamenti həmin zaman bu həbslərin siyasi motivli olduğunu bildirirdi. B.İvanişli eyni zamanda Kənd Təsərrüfati Universitetinin özəlləşdirilməsi ilə bağlı cinayət araşdırması başlatdı. Açıqca Bendukidzeyə və onun universitetə nəzarətinə qarşı çıxış edən B.İvanişli bildirirdi ki, məhz Bendukidzenin ideologiyası gürcü kəndlərini öldürdü və müflisləşdirdi. Ona görə də, Bendukidzedən kənd təsərrüfatının öyrənəcəyi heç nə yoxdur.

 

         

Siyasi müttəfiqlərinin həbsi və sıxışdırılmasından sonra K.Bendukidze ölkəni tərk etdi. 2014-cü il Maydan hadisələrindən sonra Ukraynada baş verən hakimiyyət dəyişikliyi ilə prezident seçilən Petro Poroşenko Bendukidzeni özünün iqtisadi məsləhətçisi olmasını istəmişdi. O, reallaşdırılmasını istədiyi dəyşikliklərin və reformların Ukraynanılar tərəfindən qəbul ediləcəyinə əmin olmasa da, bu təklif ilə razılaşdı. Çünki o Ukraynanı post-Sovet ölkələri arasında liberal islahatlar uğrunda mübarizədə ön cəbhə olaraq görürdü. Eyni zamanda o, ukraynanıları öz problemlərinə görə başqalarını təqsirləndirməməyə çağırırdı. 2014-cü ilin iyul ayında Kiyev İqtisadiyyat Universitetində tələbələrlə görüşü zamanı auditoriyaya “axmaqlıqda bütün dünya rekordlarını qırmısız, ona görə də, Ukrayna bu gün post-Sovet məkanında ən islahatsız və reqressiv iqtisadiyyatlardan biridir” deyə bildirmişdi. “Siz daha çoxunu vəd edən siyasi populistləri seçirsiz. Bu o deməkdir ki, siz ən pis siyasətçiləri hakimiyyətə gətirisiz. O, Ukraynada dövlət xərcləmələrini və dövlət sferasında çalışanların təqaüd xərclərini kəskin şəkildə azaltmağı, ölkə iqtisadiyyatında radikal şəkildə dövlət müdaxilələrinin aradan qaldırılmasını tələb edirdi. K.Bendukidzeyə görə, Ukraynanın bu qədər çox nazirliklərə və agentliklərə ehtiyacı yoxdur. “Funksiyası sadəcə Beynəlxalq Valyuta Fondundan pul almaq və o pulu rus qazı üçün verdiyi ödənişlərdə xərcləyən bir hökumətin bu qədər nazirlik və agentliklərə nə ehtiyacı var?”. Bütün bunlara rəğmən o, Ukraynaya xidmət etməklə Gürcüstanın maraqlarına xidmət etdiyinə inanırdı.

           

Poroşenko hökumətinə rəsmi olaraq qoşulmasının elan ediləcəyi düşünülən tarixdən bir neçə gün əvvəl Londonda, “İntercontinenetal” adlı bir hoteldə dünyasını dəyişən K.Bendukidze haqqında öz facebook səhifəsində P.Poroşenko bu sözləri qeyd edirdi: “Kaxa Bendukidzenin dostlarına, qohumlarına, eləcə də həyatlarında böyük dəyişikliyin mühərriki olmuş və olaraq qalacaq milyonlarla insana başsağlığı diləklərimi ifadə edirəm”. O, dünyasını dəyişməzdən bir həftə əvvəl İsveçrənin Zürih şəhərində ürəyindən əməliyyat olunmuşdu.

           

Kaxa Bendukidzenin Azərbaycanla bağlı düşüncələrinin də diqqət çəkilməsi mühüm məqam olduğunu düşünürəm. 2006-cı ildə verdiyi müsahibəsi zamanı K.Bendukidze bildirirdi ki, Azərbaycan və Gürcüstanın birgə mükəmməl inkişaf perspektivləri mövcuddur. Keçən il (2005) Azərbaycan inkişaf sürətinə görə, dünya rekordunu qırdı. Ona görə də, Azərbaycan Gürcüstan üçün çox mühüm bir partnyordur. Əgər mənə Gürcüstanın yalnız beş ölkədə səfirlik açmaq imkanı olduğu söylənilsə, bu ölkələrdən biri mütləq Azərbaycan olardı. Bendukidze onu da əlavə edib ki, əvvəllər Qazax neft kapitalı ölkədə çox aqressiv idi. Bizim bu gün Azərbaycan üçün eyni imkanları yaratmağımız mütləqdir. Bunun üçün Azərbaycanın özünün də Gürcüstana investisiyalar qoyulması məsələsində daha iddialı olması zəruridir. Azərbaycan və Gürcüstan arasında ümumi gömrük zonasının yaradılmasının əhəmiyyətindən də danışan K.Bendukidzeyə görə, bunun üçün hər iki ölkənin fiskal idarəetməsi və əlavə dəyər vergiləri eyni olmalıdır. Biz Gürcüstan olaraq ölkə tarixində ən aşağı gömrük tariflərinə nail olmuşuq. Vahid gömrük məkanı üçün Azərbaycan da eyni tarifləri qəbul etməlidir. Belə bir məkanın yaradılması hər iki ölkə üçün çox effektiv olardı. Məsələn, Poti limanına çatdırılan mallar heç bir gömrük problemi olmadan asanlıqla Bakıya nəql edilə bilərdi. 

           

Ölümündən sonra K.Bendukidzenin mirasına sahiblik hüququ onun qızı Anastasia Qonçarovaya verildi. London məhkəməsi DNT nümunələrinə əsasən bu qərarı qəbul etmişdi. Gürcü oliqarxının nə qədər sərvətə malik olduğuna gəldikdə isə, Rusiyalı ekspertlərə görə, K.Bendukidze Rusiyanı tərk edərək Gürcüstana getdiyi zaman onun sərvəti 64 milyon dollar təşkil edirdi. O, Basic İnvestments və LLC-in partnyoru, CJSC İndustrial Projects-in səhmdarı idi. O, 2005-ci ildə lizinq əsasları ilə Diqomi Eksperimental Kənd Təsərrüfatı ərazisinə sahib oldu. Qruqoleti kəndində o dəyərləri 1 milyon 15 min dollar və 1 milyon 500 min dollar olan iki böyük əraziyə sahib idi. Qara dəniz sahilində istirahət bölgəsi hesab edilən Şekvetilidə də 962.500 dollar dəyərində bir meşəlik əraziyə malik idi. Rusiyadakı iki evinin qiyməti 230 min və 580 min dollar olduğu bildirilir. Onun gürcü, rus və digər xarici banklarda sahib olduğu əmanətlər də nəzərəçarpacaq məbləğlərdən ibarətdir. Onun TBC bank hesablarında 2 milyon 500 min dollar və 802 720 avro, HSBH bank hesabında isə 307 576 dollar və 371 474 avroya sahib olduğu bildirilir.

           

Ziddiyyətli iqtisadi baxışlarına və dəfələrlə kəskin tənqid edilməsinə rəğmən Kaxa Bendukidze sadəcə Gürcüstan üçün deyil, bütün post-sovet məkanı üçün çox önəmli dövlət xadimi və iqtisadi reformist olaraq qalır. Gürcüstan onun ideyalarından müəyyən qədər uzaqlaşsa da, ölkəni dünya gündəminin mərkəzinə yerləşdirən radikal və kardinal reformlar məhz onun adı ilə bağlıdır.