Ümumiyyətlə nağıllarda bütün cəmiyyətləri maraqlandıran ortaq ünsürlər olsa da, nağıllar içindən çıxdıqları cəmiyyətin dəyər, tutum və davranışlarını əks etdirir. Bu səbəblə uşaqlarımızın əvvəlcə öz nağıllarımızı oxumasını, digər mədəniyyətlərə aid nağıll
Nağılların uşağın inkişafında çox əhəmiyyətli və qiymətli fəaliyyətləri vardır. Nağıl danışılarkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurularkən, digər tərəfdən də uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçər. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənər. Ümumiyyətlə qız uşaqları qız, oğlan uşaqları isə oğlan xarakterlərini cəmləşdirərək irəlidəki şəxsiyyətlərinin təməllərini atarlar. Təxminən 4-5 yaşına çatmış uşaqlar nağıllarda izah edilən bir çox hadisənin əslində doğru olmadığını bilirlər. Nağıllar hər zaman yaxşı olanların qalib gəldiyi, səbirli olanların mütləq məqsədlərinə çatdıqları, edilən yaxşılıqların qarşılıqsız qalmayacağı, zəkanın çox zaman bədən gücündən üstün olduğu, sevginin bir çox şeydən daha qiymətli olduğu, yoldaşlığın çox əhəmiyyətli olduğu, əl-ələ vermənin və birlik içində olmanın hər zaman daha çox uğurlar gətirdiyi, heç bir zaman ümidsizliyə qapılmamaq lazım olduğu və əlimizdən gələni etdiyimiz təqdirdə müvəffəqiyyətin bizi onsuz da tapacağı mesajlarını verirlər.
Nağıllara başlarkən deyilən və "Biri varmış Biri yoxmuş" deyə başlanılan cümlələrin məqsədi də uşaqlara bu mesajı verməkdir. Bununla yanaşı nağılı izah edən adamın da uşağa zaman-zaman fövqəladə hadisələrin yalnız nağıllarda olacağını söyləmələrində fayda vardır. “Biri vardı, biri yoxdu” möcüzəsi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçmiş, dildən- dilə, yaddaşdan-yaddaşa köçə-köçə milyon-milyon insan ömrünü yaşayaraq bu günümüzədək gəlib çatmışdır. Əbədi gözəlliyə qovuşmaq istəyindən doğulan, şirin-şəkər dillərdə yaşaya-yaşaya şirinləşən, yüz illəri adladıqca daha da cilalanan söz-fikir incilərimiz - nağıllar yenə də insanları öz işığına toplayır. Nağılların başladığı “Biri vardı, biri yoxdu” kəlamı bütün zamanlara aid hadisələr arasındakı uyğunluğun, vəhdətin ifadəsidir. Nağılvari təfəkkürün ölməzliyi də elə bundadır (1).
Həmin nağılvari təfəkkür ki, onda bir müdriklik də var; dünya daim dəyişir, lakin dövrlər arasında fərq olduğu kimi daxili bağlılıq da mövcuddur, bir əsr digərinə bənzəmədiyi kimi hər dövr də bəşər tarixinin bir parçasıdır.
Nağıl çox qədim dövlərdən başlayaraq ən böyük sənətkarların diqqətini özünə cəlb etmişdir. Janr xüsusiyyətlərinə, mövzu rəngarəngliyinə görə oxucuları, əsasən, uşaqları özünə cəlb edən nağılların kökü keçmişə dayanır. Tarixə nəzər salsaq görərik ki, elm aləminə bəlli olan nəzəriyyələr, məktəblər (Fin məktəbi, antropoloji nəzəriyyə, mifoloji məktəb, iqtibas nəzəriyyəsi) folklor, xüsusilə nağıl və onların süjetləri haqqında dəyərli və bu gün üçün də öz əhəmiyyətini itirməyən tədqiqatlar aparmış, maraqlı fikirlər söyləmişdir. Avropada almanlar, ingilislər, fransızlar, finlər və b. öz şifahi ədəbiyyatlarını - əsatir və nağıllarını, mərasim və əmək nəğmələrini geniş şəkildə toplayıb öyrəndiyi bir vaxtda bizim ağız ədəbiyyatımız hələ yazıya alınıb toplanmamışdı. Milli ağız ədəbiyyatının yaranması, janrlaşma prosesi nə qədər qədimlərə gedib çıxsa da onu öyrənən elmin meydana gəlməsi əsasən XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan ağız ədəbiyyatının yazıya alınmasının birinci mərhələsi 1830-1900-cü illər arasını əhatə edir. Bütünlükdə XIX əsr mətbuatını nəzərdən keçirsək, bəlkə də ən çox toplanıb nəşr edilən nümunələrin nağıllardan ibarət olduğunu görərik.
Epik növün ən geniş yayılmış janrı olan nağılların tarixi onları yaratmış olan insan cəmiyyəti qədər qədimdir. Bunlar el yaradıcılığının bir növü kimi uzun zamanlar bilgi və bədii həyəcanın mənbəyi olmuş, bir sıra həyatı bağları, təbiətlə, ayrı-ayrı şəxslər və kütlələrlə olan əlaqəni sürətləndirmiş, ibtidai insan isə bunların hamısını öz yaradıcılığı ilə bəzəmiş, şəxsləndirmiş, nəsildən-nəslə söyləyərək əbədiləşdirməyə çalışmışdır.
Nağıl xalq içərisində daha çox sevilən janr olduğu üçün toplayıcılar da ilk növbədə nağıla müraciət etmiş və şifahi dildən bir çox nağılı yazıya alıb çap etdirmişlər. Hələlik bizə məlum olduğuna görə, Azərbaycan nağılı 1825-ci ildə ilk dəfə rus dilində çap edilmişdir. Bu “Деревянная красавица” adlanır. Bundan sonrakı illərdə Azərbaycan nağıllarının ən çox nəşr edildiyi mənbə SMOMPK (Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza”) məcmuəsidir. Xatırladaq ki, üçcildlik məcmuənin birinci və ikinci cildləri “SMOMPK: Azərbaycan folkloru materialları” adı ilə 2018-ci ildə nəşr edilib. Toplunun sonuncu cildi isə tərcümə olunaraq çapa hazırlanıb. Hər üç cild xronoloji prinsip əsasında tərtib edilib. Bununla da topludakı bütün Azərbaycan folklor örnəkləri nəşr edilmiş olacaq.
Qeyd edək ki, XIX əsrin 20-ci illərində Qafqaz çar Rusiyası tərəfindən imperiyanın tərkibinə qatıldıqdan sonra bölgənin inzibati və mədəni mərkəzinə çevrilmiş Tiflisdə fəaliyyət göstərən çar general-qubernatorluğu yeni torpaqları və burada yaşayan xalqları yaxından tanımaq və daha uğurla idarə etmək məqsədilə humanitar, kulturoloji istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirməyə başladı. Əsas məqsəd burada yaşayan yerli xalq və millətlərin tarixini, dilini, həyat tərzini, mentalitetini, psixologiyasını, folklor və etnoqrafiyasını öyrənmək idi. Çar general qubernatorluğunun Tiflisdə fəaliyyətə başlaması ilə əlaqədar Azərbaycan folklor nümunələri ilk olaraq rus dilində müxtəlif qəzet və jurnallarda nəşr edilməyə başladı.
1881-ci ildən başlayaraq Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən rus dilində “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” (SMOMPK) - (“Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT) məcmuəsinin nəşri Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqı üçün əlamətdar hadisə oldu. Toplu tezliklə özünün diyarşünaslıq, kulturoloji materiallarının çoxşaxəliliyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilməyə başladı. Nəşr edilən materialların mövzu genişliyi toplunun əsasən üç şöbədən ibarət olan daxili quruluşuna da təsir göstərdi. Belə ki, diyarşünaslıq, kulturoloji aspektlərdə yazılmış məqalələr, əsasən, onun birinci şöbəsinin, etnoqrafik və folklor materialları isə ikinci və üçüncü şöbələrinin mövzularını təşkil edirdi. 1881-1929-cu illər arasında nəşr edilən toplunun 46 buraxılışı (cildi) işıq üzü görüb. Onun 44 cildi Tiflisdə (1881-1915-ci illər), son iki buraxılışları isə 1926-cı və 1929-cu illərdə Mahaçqalada nəşr edilib. SMOMPK-un bir çox buraxılışlarında Azərbaycan şifahi xalq ədəbiyyatının əfsanə, rəvayət, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, nağıllar və s. janrlarına aid örnəklər də təqdim edilib. Bu, milli kimliyi təsdiqləyən amillərdən birinin və ən vacibinin məhz şifahi xalq ədəbiyyatı olduğunu dərindən dərk edən və buna görə də bu örnəklərin unudulmaması, itib-batmaması, qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini bilən ziyalılarımızın fədakar əməyi sayəsində mümkün olub. Azərbaycan folklor örnəklərini toplayıb yazıya alan və rus dilinə tərcümə edən Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunları Firudin bəy Köçərli, Mahmud bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə və başqaları milli folklor nümunələrimizin adları bizə məlum olan ilk toplayıcıları kimi tarixə düşüblər.
Bundan başqa, toplunun buraxılışlarında Azərbaycanın müxtəlif bölgələrində yaşayan udinlər, talışlar, ingiloylar, avarlar, saxurlar kimi azsaylı xalqların folklorundan müxtəlif örnəklər də dərc edilib. Məcmuənin 3-cü buraxılışında “Məlik Məmməd və Məlik Cümşüd”, “Şah Rüstəm”, “Şah İsmayıl”, “Şah Qənbər”, 7-ci buraxılışında A.Kalaşevin rusca təqdimindən Azərbaycan nağılları - “Ovçu Pirim”, “Ağıllı şahzadə”, “Məlikməmməd” və s. nəşr olunmuşdur. Nağılların toplanıb nəşr edilməsi XX əsrdə də davam edirdi. Bu sahədə də Y.V.Çəmənzəminli, H.Əliza- də, H.Araslı, M.Təhmasib, Ə.Axundov, N.Seyidov kimi tədqiqatçıların işləri diqqətə layiqdir. 1926 - 27-ci illərdə gərgin işləyən, folklorçu H.Əlizadə Azərbaycan nağıllarını toplamaqla ciddi məşğul olur. O, Azərbaycanın qərb zonasına səfərlərində “Şah oğlu Şah Abbas”, “Kötükçü Abbas”, “Tülküdən qorxan Əhməd”, “Ovçu oğlu Uluxan”, “Ayğır Həsən” kimi nağılları toplamışdır. H.Əlizadənin 1929-cu ildə çap olunmuş “Azərbaycan el ədəbiyyatı, Nağıllar”, 1937-ci ildə “Dastanlar və nağıllar” kitabları onun gərgin əməyinin nəticəsidir (2).
30-cu illərdə kiçik və orta yaşlı uşaqların da nağıla olan ehtiyacı nəzərə alınaraq “Keçəlin məhkəməsi”, “Süleyman və qarışqa”, “Al toxmağım, vur toxmağım” nağılları dərc olundu. 30-cu illərin ikinci yarısında Azərbaycanın gənc folklorşünası M.H.Təhmasib Azərbay- can rayonlarına gedərək xeyli xalq yaradıcılığı nümunələrini toplamışdır. Onların içərisində nağıllar çoxluq təşkil edir. Gənc folklorşünas topladığı nağılların bir hissəsini 1941-ci ildə “Azərbaycan nağılları” kitabında dərc etdirir. “Azərbaycan nağılları” kitabındakı 30 nağılın 18-ni M.H.Təhmasib, ikisini - “Qazanın işi”, “Keçəlin nağılı”nı B.Hüseynov, yerdə qalanını isə tərtibçi Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsinin arxivindən götürülmüşdür.
Y.V.Çəmənzəmin Azərbaycan nağılları haqqında silsilə məqalələrin müəllifidir. “Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi” (1926), “Nağıllarımızı necə toplamalı” (1928), “Nağıl- larımız barəsində bir neçə söz” (1928) əsərlərində nağıllarımızın mənşəyi, onlarda ifadə edilən fəlsəfi ruh, etnoqrafik cəhətlər geniş tədqiq və təhlil edilmişdir.
Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılmasında xüsusi xidmətləri olan H.Zeynallının irsində ən önəmli əsərlərindən biri də “Azərbaycan nağılları” toplusudur. Nağıllarımızın böyük bir qismini əhatə edən bu toplama-tərtib işi 1936-ci ildə çapa hazırlanmış, lakin müəllifin həbsindən sonra bir sıra əsərləri ilə yanaşı Azərbaycan Elmlər Akademiyasının xüsusi fonduna göndərilmişdir. Bu sahədə mühim əməyi olan H.Zeynallının toplayıb tərtib etdiyi nağıllarda milli kolorit üstünlük təşkil etmiş, onların dilində əsasən, iki istiqamət özünü göstərmişdir. Belə ki, örnəklərin bir qismi sırf dialektlə, əksəriyyəti isə xalq danışıq dilində təqdim olunmuşdur. H. Zeynallı tərtib işində nağılları məzmun və ideyalara görə (sehrli nağıllar, məişət nağılları, heyvanlar haqqında nağıllar, tarixi nağıllar və s.) təsnif etmədən düzsədə ondan fərqli olaraq Y.V.Çəmənzəminli, H.Araslı, M.H.Təhmasib, Ə.Qarabağlı, A.Nəbiyev nağılları müxtəlif cür təsnif etmişlər. İndiki dövrdə nağıllarımızı təxminən belə qruplaşdırmaq olar:
Heyvanlar haqqında nağıllar: Bəşər cəmiyyəti mövcud olan gündən insanlar həmişə heyvanlarla təmasda olmuş, bəzən onların hücumuna məruz qalmış, bəzən isə onları ovlayaraq özləri üçün istifadə etmişlər;Cəmiyyət inkişaf edib dəyişdikcə insanlarla heyvanlar arasında olan münasibətlərdə dəyişilmiş və bunun məntiqi nəticəsi olaraq bütün bunlar cürbəcür nağıllarda öz əksini tap- mışdır. Xalq ədəbiyyatımızda ilan, öküz, inək totemi haqqında nağıllar daha çox üstünlük təşkil edir. Bir sıra nağıllarımız da vardır ki, orada heyvanlar insanlara kömək edən, onlara həyat, bolluq verən qüvvələr kimi iştirak edir. Məsələn, “Müqəddəs balıq”, “Axmaq kişi”, “Armudanla tülkü”, “Əliyarla dovşan”, “Çil madyan” və s;
Sehrli nağıllar: Nağıllar içərisində ən geniş yayılmış qruplardan biri də sehrli nağıllardır. Bu qrup nağıllarda qəhrəmanlar sehr, cadu, əfsunların köməyi ilə düşmən üzərində qələbə çalır. Sehrli nağıllarda tez-tez iştirak edən qüvvə kimi “div” daha çox diqqəti çəkir. Daha fantastik olan div haqqında nağıllar xüsusi bir mövqe tuturlar. Div və ya dev nağılları Azərbaycan elləri içərisində çox yayılmış nağıllardandır. Divlər bir, üç, yeddi başlı olarmış. Bunların canı şüşədə olur, özündən xaricdə saxlanılır, bu qabı əldə edib qıran adam divə qalib gələrmiş. Bu divlərin ən dəhşətlisi “ağ div” imiş. Divlər bədheybət, eybəcər, kobud görünüşə malikdirlər. Onlar qəddar, amansız, kobud olduqları qədər də qorxaq və bacarıqsızdırlar. Məsələn, “Haxnəzər” nağılı buna misal ola bilər. “Məlikməmməd”, “Şəms və Qəmər”, “Keçəl Məmməd” sehrli nağıllar qrupundandır; (3).
Tarixi nağıllar: Digər bir qrup təşkil edən tarixi nağıllar hökmdarlar, padşahlar, xalq qəhrəmanları, sənətkar haqqında yaradılır. Tarixi şəxsiyyətlərdən olan Makedoniyalı İsgəndər və Şah Abbas haqqında nağıllara tez-tez rast gəlirik. Bir qrup nağıllarda Şah Abbas ədalətli - “Baftaçı Şah Abbas”, “Şah Abbasın doğulması”,- digər bir qrup nağıllarda isə zülmkar, qəddar, işğalçı - “Daşdəmirin nağılı”, “Üç bacı”, “Saleh və Valeh” - kimi təsvir olunur;
Məişət nağılları: Nağılların böyük bir qismini məişət nağılları təşkil edir. Xalqın həyatı, yaşayış tərzi, dünyabaxışı, müxtəlif siniflərə münasibəti və s. ən çox və aydın şəkildə bu nağıllarda öz ək- sini tapmışdır. Bu tip nağılların əsas qəhrəmanları geniş xalq kütlələrinin nümayəndələrindən (keçəl, muzdur, çoban, nökər, ilxıçı və s.) ibarət olur. Bunlara misal olaraq “Yeddi qardaş bir bacı”, “Yetim İbrahim”, “Ağ atlı oğlan”, “İlyasın nağılı”, “Hacının köpəyi” və s. Hansı tipə aidliyindən asılı olmayaraq nağıllar bir qayda olaraq müqəddimə ilə başlayır, Realist nağılların əksəriyyəti müqəddiməsiz olur; “Biri var idi, biri yox idi”, “Günlərin bir günündə, Məmməd nəsir tinində, göy imamın belində” və s. Bunlardan başqa nağıllarda sonluq - final da verilir. Bunlar içərisində ən geniş yayılmışı “Göydən üç alma düşdü, biri mənim, biri nağıla qulaq asanların, biri də bacadan baxanların” (4).
Xalq ədəbiyyatının zəngin xəzinəsi içərisində nağıllar nadir bir inci kimi parıldayır. Dərin xəyallardan, böyük insan arzularından yaranmış olan gözəl romantikalı bu əsərlərdə insan səadətinə mane olan bütün qara qüvvələrə qalib gəlmək arzusu öz əksini tapmışdır. Xeyrin şərə, işığın zülmətə, yaxşının yamana zəfər çalması və b. şəkillərdə təzahür edən nikbinlik, xoşbəxt gələcəyə inam xalq nağıllarının başlıca ideya-fəlsəfi keyfiyyətlərindəndir. Nağıl elə bir janrdır ki, öz mövzu və ideyası etibarilə istər böyüklərdə, istərsə də uşaqlarda aşıladığı hisslərlə hər zaman estetik zövqün, çox zaman da tərbiyənin ayrılmaz hissəsi olmuşdur.
Əlbəttə, nağıllardakı həyatın böyük tərbiyəvi əhəmiyyəti unudulmamalıdır. “Bəxtiyar” və “Keçəl Məhəmməd” nağıllarında sinfi antaqonizm o dərəcəyə çatır ki, mübarizə edən iki qüvvədən birisi məhv olur. Cabbar Mövlamqulu oğlu da öz keçəli vasitəsilə padşahı bütün sarayilə, saraydakıların ailələrilə və hətta padşahın casusu olan dəlləklə birlikdə hamısını tonqalda yandırır. Yoxsul kəndli mülkədarlarla mübarizə edərkən daha canavar, tamahkar bir düşmənə rast gəlir. Bu düşmən, əvvəldə bəzirgan, sonra isə tacir tipidir. Bu tip qızılı əldə etmək üçün cinayətlər törədir. Hər gün onu dağa çıxarır, oradan sabahdan axşama qədər cavahirat endirir, günün axırında isə bu cavan avamlığı nəticəsində qurban gedir. Yoxsul kəndli tacirlərin bu kimi can ağrıdıcı, qəddar əlaqələrini təsvir edirkən, bu yeni sinfin daha çox qana susayan olduğunu və öz halının yaxşılaşmasını əldən verməmək üçün hər bir cinayətə hazır olduğunu anlayır.
“Nardan xanım” nağılındakı meymun obrazı istismar olunan kəndli təbəqələrin varlılara qarşı münasibətini ifadə edir. Burada məsələ çox kəskin qoyulmuşdur: sinfi düşmən məhv olmadıqca köməksiz Azərbaycan qadınına həyat yoxdur. Azərbaycan nağıllarında istər dünya ağalarına, istərsə axirət ağalarına – müsəlman ruhanilərinə qarşı amansız bir mübarizə aparılır. Məişət nağıllarına din və etiqadla aparılan mübarizə daha çox xarakterikdir. Burada molla və qazıların bütün yalanları, ehtirasları, tamahkarlıqları, bir sözlə, bütün alçaqlıqlarını örtən pərdə yırtılıb göz qabağına qoyulmuşdur. Ailə və qadın məsələsi Azərbaycan nağıllarında bundan da kəskin qoyulmuşdur. Bunlarla bərabər nağıllarda köçəri həyatındakı qadınlar da göstərilmişdir.
Bu qəbilə həyatı keçirən ailələrdəki qadınlar Mirzə Fətəlinin idealizə etdiyi və bununla bərabər onların bütün nöqsanlarını açıb göstərdiyi əxlaqca yüksək dərrakəli, ailə və təsərrüfatın yiyəsi olan qadınlardır. Nağıllarda təsvir edilən qadınlar çox zaman apardıqları mübarizədə ərlərinə dayaq olur və döyüş meydanında öz məsləhətlərilə, ruhlandırıcı tədbirlərilə qalibiyyətə nail olurlar. Bu cür qadınlar ər evinə satılmayır. Adəti üzrə istədiyi, bəyəndiyi oğlanı seçir, tanıyır və özünə həyat yoldaşı qəbul edir. Bu zaman bəzən qızla atanın ixtilafı düşür, ata bütün ailənin sahibi olması hüququndan istifadə edir (5).
Hansı qrupa daxil olmasından asılı olmayaraq əsasən uşaqlar üzərində nağılların tərbiyəvi cəhəti daha güclüdür. Nağıllarda tənbəlliyin, qorxaqlığın, sədaqətsizliyin, yalanın, zülmün, riyakarlığın pislənməsi, tənqid olunması, dostluğun, doğruluğun, düzgünlüyün, etibar və in- amın, mərdlik və cəsarətin müsbət keyfiyyətlər kimi göstərilməsi bütün oxucularda əsasən uşaqlarda onların gələcək inkişafında, cəmiyyətdə özünə layiqli yer tutmasında hər zaman yaşıl işıq funksiyasını yerinə yetirir.
Hal-hazırda sıx işləmək səbəbiylə ana-atalar uşaqlarına nağıl oxumaq üçün vaxt tapa bilməmələrini hər zaman dilə gətirirlər. Ayrıca cizgi filmlərinin və serialların həyatımıza girməsiylə birlikdə uşaqlar nağıl oxumaq yerinə bu tip proqramlara baxmağa üstünlük verir. Üstəlik uşaqların bəzən özlərinə aid kino və proqramlara baxması, ya şiddət ehtiva edən və doğru mesajlar verməyən çizgi filmləri izləmələri hələ şəxsiyyətlərinin yeni inkişaf etməkdə olan bu uşaqların səhv yönləndirilmə problemini gündəmə gətirməkdədir.
İstifadə edilmiş ədəbiyyat;
1. Azərbaycan nağılları 5 cilddə, I cild. “Şərq-Qərb”, 2005. 360 səh.
2. Azərbaycan nağılları 5 cilddə, IV cild. “Şərq-Qərb”, 2005. 36 səh.
3. Əfəndiyev Paşa “Azərbaycan şifahi xalq ədəbiyyatı” Bakı-2008. 535 səh.
4. Əfəndiyev Paşa “Azərbaycan folklorşünaslığı” (1920-ci ilə qədər) Bakı-1994. 155səh.
5 http://www.nagillar.az/info/azerbaycan_nagillari_haqqinda.html