Milliliyin təməli: milli simvolizm

21.01.2020

Milli simvollar milli identikliklər üzərində mühüm təsir gücünə malikdir. Milli simvolların əhəmiyyəti millətin əzəməti, tarixi və siyasi mühitindən asılı olaraq fərqliləşə bilər. Simvollar asanlıqla identifikasiya olunmaqla çox mühüm istiqamətləndirmə, t

Milli simvollar və mərasimnlər dinamik bir dünyada dayanıqlılıq və səbatlılıq təmin edən “sekulyar” dinin ən mühüm hissəsini formalaşdırır. Onlar təmsil etdikləri cəmiyyət və topluluq üzərində dərin təsiretmə gücünə sahib olmaqla yanaşı, “kim olduğumuzun” kollektiv şüurunun əsasını təşkil edir. Psixologiya sahəsində modern tədqiqatlar onu göstərir ki, yalnız simvolların strukturu, onlardan istifadə və onların nümayişi doğru başa düşüldüyü zaman simvolların təsiri doğru dərk edilə bilir. Bir ölkəyə bağlılıq bəşəriyyətin sosial psixologiyasında dərin köklərə malikdir. David Butz bildirir ki, tayfalara, qəbilələrə, dövlətlərə bağlılıqda əks olunan milli bağlılığın primitiv formaları milliyətçiliyin ilkin formalarının qeydə alınmasından min illərlə əvvəl mövcud olub. Bir millətə bağlılığın ən essensial hissəsi onun simvollarının ümumi dərkindən ibarətdir. D.Butz əlavə edir ki, milli simvollar ümumilikdə “milliyət” konseptini təmsil etmir, o həmin milliyətlə assosiasiya olunan bilik, dəyərlər, tarix və yaddaşı özündə ehtiva edir. Bununla bərabər, milli simvollar bir milliyət haqqında güclü emosional bağlılıqları təmsil etmək potensialını da özündə ehtiva edir. O həmçinin qeyd edir ki, bir millətin simvollarının müdafiəsizliyi insanların davranış və fəaliyyətlərinə dərindən təsir etmək gücündədir. Milli simvollar müxtəlif formalarda da ola bilər. Onlara min illərin süzgəcindən keçib gələn tarixi-mədəni abidələr, oxunulan və ya təntənə ilə söylənilən mahnılar, dalğalandırılan bayraqlar daxildir.

 

Rutgers universitetinin sosioloqu Karen Serulo qeyd edir ki, milli simvollar vətəndaşlar arasında ümumi bağlar və gücləndirci qayələr yaratmaqla ictimai diqqəti istiqamətləndirmək və onu motivasiya etmək, habelə vətəndaşları bütövləşdirmək məqsədlərini yerinə yetirir. K.Serulo əlavə edir ki, simvollar dövlətin tarix və mədəniyyətinə, eləcə də milli liderlərin ehtiyaclarına əsasən tədricən dəyişikliyə məruz qala bilir. O əlavə edir ki, milli himnlər musiqi formalarındakı fərqliliklərə, millətin siyasi mühitinə və ölkənin həmin zaman beynəlxalq arenada oynadığı rola əsasən bəstələnir.

           

Lakin modernist nəzəriyyəçilərə görə, simvollar miflər və əfsanələrə məxsus olduğu üçün marjinal əhəmiyyət kəsb edir. Maykl Billinq “Bayağı Millətçilik” adlı kitabında iddia edir ki, milli identikliyə təsir edən milli simvollar idman müsabiqələri, paradlarda nümayiş edilən və dalğalanan bayraqların daha fövqündə bir fenomendir. Onun fikrincə, milli simvolizm və identikliyin “bayağı” nümunələri hökumət binaları və məktəblərdən asılan bayraqlarda da görülə bilər. Maykl Billinq və Maykl Skeyə görə, məhz gündəlik dil və praktikalar vasitəsilə identikliklər sarsılmaz etimad qazanır. Dolayısı ilə, simvolların gündəlik nümayişləri ilə birləşmiş xüsusi hadisələrdə milli simvolizmin uzunmüddətli təsiri vətəndaşları milli günlərinə dərindən bağlayan bir mühit formalaşdırmaq gücündədir. Lakin milliyət fenomeninin gündəlik sferaya assimilyasiyası onun gücünün atrofiyasına səbəb ola bilər.

           

Cənubi Afrika nümunəsində onu görə bilərik ki, milli simvolizm dəyərsizləşdirilməməlidir. Separasiya, aparteid, siyasi müqavimət və zorakılıq tarixini nəzər aldıqda qaradərili və ağdərililərin Cənubi Afrika xalqı olaraq bir dövlət və hökumətdə birləşmələri birgəlik prosesini aktuallaşdıran mühüm addım idi. Ona görə də, bu prosesi dərinləşdirmək üçün “Həqiqət və Yenidən Barışma” komissiyaları yaradılmışdı. Dolayısı ilə, bayraq kimi milli simvollar və milli himn vasitəsilə milliyətin yeni anlamının formalaşması bölünmüş cəmiyyətlər arasında ümumi identikliyi gücləndirməklə çox mühüm rola malikdir.

           

Eyfel qülləsi Fransanın simvolu olaraq qəbul edilməsə də, o, tədricən Fransanın dünya qarşısında ən tanınmış simvoluna çevrildi. Halbuki, tikildiyi zaman onun gözəbatan çirkin bir şey olduğu söylənilirdi. Ən çox etiraz edənlər arasında böyük fransız ədibi Gi de Mopassan da var idi. Birinci Dünya Müharibəsi ərzində ondan teleqüllə olaraq istifadə edilə bildi. Hətta bu qüllə fransızlara Almaniyadan gələn siqnalı tutmaqla şübhəli casus Mata Harinin kimliyini ifşa etməyə icazə vermişdi. Bundan sonra, Eyfell fransız intellekti və tərəqqisinin simvolu olaraq qəbul edildi. Eyfel qülləsinə olan milli qürur o həddə idi ki, Nasistlər 1940-cı ildə Fransanı işğal etdikləri zaman fransızlar kabelləri qırmaqla Hitlerin qüllənin liftindən istifadə etməsinin qarşısını almışdılar. Hətta bugün də, heç bir edifis Eyfel və Paris qədər bir-birilə assosiasiya edilmir.

           

Böyük Çin Səddi də ehtiva etdiyi dövlətin birliyinin simvoludur. Bu səddin tikildiyi Çinq sülaləsi dövrü eyni zamanda Çinin ilk dəfə birləşdirildiyi zaman idi. XVIII Maarifçiliyindən etibarən o Çinin ali simvoluna çevrildi. Fransız filosofu Volter də Böyük Çin Səddinə Çin sivilizasiyasının əzəməti olaraq yanaşırdı. Bəzən isə Böyük Çin Səddi ölkəni modernizasiya etmək istəyərən Çin liderləri tərəfindən tənqid edilir. Tu Vei-minq vurğulayır ki, tarixi davamlılığın bir simvolu olaraq Böyük Çin Səddi qapalı Çin mühafizəkarlığının manifestidir. Qısacası, Böyük Çin Səddinin simvolizmi hələ də Çin xalqı və siyasətçiləri üçün çox önəmli bir məsələdir.

           

2001-ci il 11 sentyabr hadisələrindən sonra Amerikalılar ABŞ bayrağını terroristlərə qarşı birlik rəmzi kimi istifadə etdikləri halda, Orta Şərqin küçələrində bu bayraq Amerikan hegemoniyasına qarşı nümayişlərdə yandırılırdı. Buna görə də, Konqress üzvləri bir neçə Amerika bayrağının yandırılmasının qadağan edən konstitusional düzəliş ilə çıxış ediblər. Bununla da, ABŞ-ın milli simvolu ölkə daxilində birlik, ölkə xaricində isə nizamsızlıq və etiraz simvolu halına gəldi. Rənglərinə gəldikdə isə, bu bayraqda qırmızı cəsurluğu və igidliyi, ağ rəng saflığı və məsumluğu, göy rəng isə ədalət və dayanıqlılığı simvolizə edir.

 

             

Dürkheym dini həyatın əbədi formalarını sekulyarlaşmış mərasimlərin də xarakteristikası olaraq qeyd edir. Öz birliyini və şəxsiyyətini yaradan kollektiv ideyalar və kollektiv hissləri yenidən təsdiq etmək ehtiyacını hiss etməyən heç bir cəmiyyət var ola bilməz. Bu ancaq fərdlərin bir-birilə birləşdiyi və ümumi hisslərini vahid bir şəkildə ifadə edə bildiyi görüşlərdə, toplanışlarda və ya yığıncaqlarda mümkündür. “Əbədilik” praktikalar və rituallar sisteminə, eləcə də dünyanı izah edən ideyalara istinadən interpretasiya edilə bilər. Sosial həyatın totemlər, qızıl əsrlər, bayraqlar, qəhrəmanlar, ikonalar, abidələr, müharibə memorialları formasında simvolların depoziti olduğu hər zaman qəbul edilib. Simvolizm təbiəti etibarilə referensial, subyektiv və hüdud yaradıcıdır. Millət bir müqədəs assosiasiya, bir düşüncə və inanc birliyi olaraq da dərk edilib. Milli simvollar mifik müqəddəsliyi millilik ilə birləşdirdiyi üçün modern totemlər kimi təsvir edilir. Real anlamda milli simvollar millətin nüvəsini təşkil edir. Bu anlamda, Dürkheym Misirdən Eksodusu qeyd edən Yəhudi dini mərasimləri, Milad bayramını qeyd edən Xristianlar və mühüm tarixi-siyasi hadisələrin xatırlanması arasındakı fərqliləşməni təhlil etməyə cəhd göstərir. Ona görə, əgər forma və funksiyadan bəhs edilirsə, dini və ya sekulyar bayramları (ya da anma mərasimləri) arasında heç bir fərqlilik yoxdur. Hər bir cəmiyyət öz əxlaqi yenidənqurma prosesində simvolik və seremonial fəaliyyətlərdən istifadə edir. Siyasi simvolizm üzərindəki əksər tədqiqatlar da Dürkheymin yanaşmalarına əsaslanır.

           

Dürkheym öz yanaşmalarında mərasimləri əxlaqi dəyərlərin simvolları olaraq qeyd edir. Ona görə, bu dimensiyalar və mərasimlər cəmiyyətin dolğun interpretasiyalarını təmsil etməklə yanaşı, hakimiyyət iddiasına da yardım edir. Mərasimlərdə iştirak edən insanlarda müqəddəs və dini bayramlarda, milli günlərdə bir yerə toplaşıldığı üçün sosial lokasiya hissi yenidən güclənir. Milli günlər vahid bir təcrübəni təmsil etməklə yanaşı, millətlərin formalaşmasında təməl sütunlar rolunu oynayır. Dürkheym qeyd edir ki, kollektiv identiklik sadəcə fərdlərin aqqreqatı tərəfindən bir yerə gətirlən bir identiklik deyil. O, ictimai rituallar tərəfindən dəstəklənən və əks etdirilən “publicus et communis” bir fenomendir.

           

Simvolların mənası isə kollektiv təbiətə bir zərər vurmadan “subyektiv” xarakter daşıyır. Onlar insanların ümumi olaraq düşünəcəkləri və ifadə edəcəkləri fenomenlər olaraq mövcuddur. Simvollar sosial dəyərləri elə bir formada ifadə edir ki, ümumi forma və birliyə bağlı assosiasiyalar fərdi inanclar ilə uzlaşılmaqla qorunur. Ona görə də, sosio-etno-kultural birlik sadəcə inteqrativ – birləşdirici mexanizm olaraq deyil, dominant formaya malik kommunallıq kimi başa düşülə bilər. Kommunal simvolların interpretasiyalarının mübahisəsiz qəbul edildiyi və ya ixtiyari olduğunu söyləmək doğru deyil. Onlar olduqca diskordant ənənələr, ideologiya, hakimiyyət, inanclar, mədəniyyət və sosial ekspressiyalar tərəfindən formalaşdırılır. 

           

Cəmiyyətin simvolları onun davranışının determinantlarıdır. Dürkheym simvollar və ritualların inteqrativ xarakterinə vurğu etdiyi halda, Antoni Kohen bir sosial qrup daxilində kommunallığın ortaya çıxması ilə xarakterizə olunan topluluğun simvolik konstruksiyasından bəhs edir. A.Kohenə görə, bir sosial qrupu və ya topluluğu müəyyən edən, eləcə də identikliyin kommunal duyğusunu təmsil edən onun hüdudlarının təbiətidir. A.Kohenə əsaslanaraq onu söyləyə bilərik ki, simvollar statik mahiyyət kəsb etmirlər. Onlar ideologiya, ənənələr, inanclar və topluluğun mədəniyyəti ilə uyğunluq içərisində formalaşır.

 

Sərhədlərin və ya hüdudların yaradılmasının transaksiyonal prosesi digərlərindən differensiasiya məsələsinə çevrilir. Hüdudların yaradıldığı mərasimlər təbiəti etibarilə çoxistinadlı olmaqla topluluğun üzvlərinə müxtəlif formalarda aşkar olur. Beləliklə onlar öz sosial qrupları daxilindəki münasibətləri digər qruplara və ətraf dünyaya nəql edirlər. Simvolların konstruksiyası müxtəliflik reallığını millət və üzvlük anlayışlarının dərkinə yardım edən kommunallıq təzahürünə transformasiya etməyə zəmin yaradır. Bununla da, hüdudların eyni anda oppizisional (ziddliyə aid olan) və relasional (relasional - münasibətlərə aid olan) olduğunu, etno-siyasi birliyin isə bu hüdudları ifadə edən simvola çevrildiyini söyləyə bilərik. Dil, mədəniyyət, incəsənət, musiqi, coğrafiya, etniklik və din ilə bağlı olan etno-siyasi simvollar mifik strukturların, habelə digər qruplar ilə münasibətdə üzvlüyü sistemləşdirən “mifomotorların” yaradılmasına səbəb olur. Dini simvollar etnik sərhədlərin mühafizəsində xüsusən önəmli rola malikdir. Çünki sosial qruplar özlərini sadəcə xarakteristikalarına istinadən deyil, əcnəbilərə münasibət və qrupdaxili identifikasiya vasitəsilə də müəyyən edir. Anlamların müxtəlifliyi həddən çox əhatələyici olduğu, geo-sosial hüdudlar təməldən sarsıldığı zaman etno-siyasi birliklər manipulyasiya və aldadıcı simvollardan asılı olmağa başlayır. Hüdudlar sosioloji olaraq çat xəttlərini, etnik çoxluq tərəfindən təlqin edilən sosial fərqliləşmələr sistemini təşkil edir. İsveçin Qotenburq Universitetinin Sosiologiya departamentinin professoru Qabriella Elgenius qeyd edir ki, simvolların formalaşdırdığı “parlaq hüdudlardan” fərqli olaraq “bulanıq hüdudlar” sosial mənsubiyyət və üzvlük haqqında ziddiyyət ilə assosiasiya edilir. Milli bayraqlar və milli günlər bu hüdudların parlaqlığında xüsusi rola malikdir. Konfliktlər, münaqişələr və müharibələr bu hüdudların meydana çıxması prosesində böyük əhəmiyyət daşıyır.

 

Simvolik məzmunun manipulyasiyası vasitəsilə bulanıq hüdudların gücləndirilməsindən bəri simvollar və mərasimlər millətçi rejimlərin kütlələri mobilizasiya etmələrində alətlərə çevrilir. Siyasi elitaların “millət quruculuğu” kontekstində müxtəlif yerlərdə və müxtəlif zamanlarda aktiv olduğu şübhə doğurmayan reallıqdır. Lakin onların cəhdlərinin həmişə həyata keçdiyi doğru deyildir. Bundan əlavə, simvollar (bayraq) və mərasimlər (milli günlər) belə hakimiyyətlərə üsyan edən etirazçıların əlində əks-instrumentlərə çevrilə də bilir. İnstrumentalist sosiologiyanın nümayəndəsi olan Erik Hobsbaum qeyd edir ki, siyasi elitalar ənənələr kəşf etməklə müvafiq keçmişlə bağlılıq yaratmağa və rejimlərinə haqlılıq qazandırmağa cəhd edirlər. Simvolik və ritualist təbiətli təkrarlanan praktikaların yaradılması dəyərləri və normaları daha da gücləndirməyə yardım edir. Milli loyallıqların yeni formaları ortaya çıxdıqca, yeni ənənələr icad edildikcə və onlar yeni institutlara inteqrasiya edildikcə sürətli sosial transformasiyalar baş verir. Ənənələrin icad edilməsi ilə keçmişə daimi olaraq nəzarət edilə, eləcə də seremonial məkanların formasiyası sosial düzənin qorunmasına yardım edə bilər. 1870-1914-cü illər arasında Fransanın Üçüncü Respublikası və İkinci Alman Reyxi dövründə yeni ictimai mərasimlərin yaradılması onların tarixi-siyasi legitimliyini gücləndirmədə çox mühüm funksiyanı icra edirdi. Lakin bu perspektivlər milli simvolizmin bütün dimensiyalarını izah etmək gücündə deyil. Milli bayramlar və bayraqlar sadəcə elitalar tərəfindən deyil, müəyyən səbəblər üçün yaradılır.

 

Simvollar və mərasimlər millət quruculuğunda əhəmiyyətli bir amildir, çünki onlar keçmişi indi ilə çulğalaşdırmaqla gələcəyin hansı istiqamətdə yönləndirilə biləcəyini müəyyən edir. Bu kontekstdə, keçmiş digər millətlərə qarşı istifadə edilən hüdudların yaradılmasında güclü bir resursdur. Tarixi hadisələrin bayramları və anma mərasimləri insanların ümumi mənsubluq hissinin xatırlanması baxımından emosionallıq xarakterinə sahib ola bilər. Əksər sosioloqlar milli identikliklərin formasiyası və qorunmasında “qızıl əsrlərə” istinadən tarixi landşaftların əhəmiyyətini vurğulayır. Simvollar, memuarlar, miflər və ənənələr millətlərin nüvəsini təşkil edir. Milli müqəddərat anlayışı etno-siyasi birliklərin qurucu mifləri ilə əlaqəlidir. Mifologiyalar və qızıl əsrlərə istinadlar millətləri məğrur qəhrəmanlıq mifləri ilə əlaqələndirir. Milli dirçəliş, özünüdərk və təşəkkül, habelə milli qürub və yenidən oyanış etno-siyasi birlikləri keçmiş, indi və gələcək istiqamətləri, eləcə də istinadları ilə təmin etdiyi üçün mərkəzi əhəmiyyətə sahibdir. Mifologiyalar milli bayramların formativ xarakterində həlledici olsa da, zamanın süzgəcindən keçməkdə uğur qazanan milli bayramlar gerçək mahiyyətlərindən məhrum olduqda belə müqəddəslik statusunu qoruya bilir. Bayram kimi qeyd edilən günlər və anım mərasimləri müstəsna xarakterə malikdir. Zamanın axınında sağ qalmaq üçün hüdudlar ilə bağlı məsələnin transformasiyası da həyati əhəmiyyət daşıyır. Millətlərin yaradılmasında tarixin əhəmiyyəti milli yaxud etnik olaraq parçalanmış ərazilər daxilində onların simvollarının (və ya miflərinin) interpretasiyalarının potensial olaraq bölücü təbiətinə istinadən nəzərə alınmalıdır. Avropada milli simvolizm qitə dövlətlərinin mövcudluğunu uzaq və şərəfli bir keçmişə aid etsə də, bu gün dominant olan post-tarixi və anti-millətçi narrativ tarixi istinadlardan bütövlükdə qaçmağı təlqin edir.

 

Modern millətlərdə kommunallıq anlayışı eyni simvollardan istifadə və eyni bayramlar və ya anma mərasimlərində iştirak ilə yaradılır. Ümumi iştirak ilə oxşarlıq təzahürünə transformasiya edilən fərqli reallıqlar sosial uyğunluğun yaradılmasında tək faktor deyil. Modern sosiologiyanın quruclarından biri olan Georq Zimmel, hüdudları daha xarakteristik hala gətirən sosiallaşma forması olaraq zahiri təhdidlər, müharibə və münaqişələrin roluna diqqət çəkir. Uyğunluq konfliktin qeyri-mövcudluğuna və ya total sükunətə istinad etmir. XIX əsr Norveçində milli bayram günü daxili parçalanma dövründə demokratikləşmə prosesinin bir parçası oldu. Britaniyada da Birinci Dünya Müharibəsi illərində sosial-siyasi birlik çağırışları ortaya çıxır və milli maraqlar uğrunda digər Avropa dövlətləri ilə münaqişə bir milli bağ yaradırdı.

           

Milli simvollar və ya bayramlar milli quruculuğun təhlilində, eləcə də bir etno-siyasi qrupa üzvlük fərqindəliyinin oyadılmasında əlverişli alətlər olsa bilsə də, onlardan bəziləri mübahisəli olaraq qalır. Fransa inqilabı və onun festivallarının araşdırılması göstərir ki, inqilabçıların festival ilini düzənləməklə Fransa cəmiyyətini yenidən strukturlaşdırmaq cəhdləri tamamilə uğursuz oldu. Lakin Bastilya gününün ildə bir dəfə keçirilən festivalları 1880-ci ildə milli bayrama çevrildi. Çünki məhz həmin zaman Bastilya Günü inqilabın zorakılığı ehtiva edən assosiasiyalarından qoparılmışdı. Lakin Almaniyada Birləşmə Günündə təntənə və ya mərasimin olmaması milli günlərin özlərinə məxsus tarixi kontekstdə dəyərləndirilməli olduğunu sübut edir.  Bəzi bayramlar isə nəyin qeyd edilməli olduğu haqqında heç bir konsensus yaratmır. Rusiyada, keçmiş milli gün, Sovet İttifaqının dağılmasından sonra Böyük Oktyabr Sosialist İnqilabı günü Anlaşma və Yenidən Barışma Günü olaraq qəbul edilirdi. Lakin 2014-cü ildən etibarən bu tarix ideoloji uyğunsuzluğuna görə “Rusiya Günü” olaraq qəbul edilməyə başlandı.

           

Milli simvolların və bayramların millət quruculuğu prosesində qəbul ediliyini və yeni sosio-siyasi şərtlərdə yenidən qəbul edildiyini müəyyən etmək mümkündür. Lakin biz milli bayramların və festivalların hər bir kəs üçün eyni mahiyyəti kəsb etdiyini söyləyə bilmərik. Küçələr boyu hərəkət edən millətçilər “burada birlikdə olmaq” hissinə sahib ola bilərlər amma onların təcrübələri mütləq şəkildə çoxaspektli olacaq. Milli günlər və bayramlar ilə assosiasiya edilən proseduraları müşahidə etməklə biz onların çağırışları və birləşdirici fokuslarındakı uğur haqqında danışa bilərik. Onların tələb etdiyi və qanunla tənzimlənən sayğı milli simvolların millətlərin məqsədlərini müqəddəsləşdirmə tərzini işıqlandırmaqla yanaşı, milli ibadətin komponentlərini təşkil edir. Bastilya Günündə üçrəngli bayrağın yandırılmasını və Xatırlama Günündə iki dəqiqəlik sükutu pozmanı özündə ehtiva edən etirazlar desakralizasiya aktları olaraq qəbul edilir. Simvolların müxtəlif formaları konfliktləri alovlandırmağa qadirdir, çünki onlar mübahisəli və bölücü ola bilir.

           

Hələ 2005-ci ildə World Value Survey və İnternational Social Survey Project tərəfindən aparılan araşdırma dövlətlər arasında millilik və milliliyi əks etdirən simvollardan qürur duyma göstəricilərini ortaya qoyur. Sorğuya əsasən, 96 faiz ilə Polşa, 94 faiz ilə Macarıstan, 98 faiz ilə İrlanadiya, 90 faiz Norveç və Sloveniya, 95 faiz ilə isə İspaniya qeyd edilən perspektivdən ilk yerlərə sahibdir. Buradan o qənaətə gələ bilərik ki, millət məsələsi artan fraqmentasiya və heterogenliyə rəğmən xüsusi önəmə malikdir. Bütün Avropa boyu sosial identikliklərin əhəmiyyəti belə sıralanır: ailə, məşğuliyyət, gender,  millət, yaş, region, sinif, etniklik, din və siyasi partiya. Qeyd edilən rəqəmlər millət ilə bağlı olan simvolların da əhəmiyyətindəki kəskin yüksəlməni izah edir.

           

Konstruktivist sosioloji düşüncəyə görə, etnik və milli identikliklər konstruksiyalardır. Onlar nə təyin edilir, nə də ki təbii olaraq verilir. Bu identikliklər ilkin olaraq digərləri ilə interaksiyada ifadə olunur. Millətlərin modern fenomenlər olduğu qeyd edilsə də, mifologiyalar onların hər zaman mövcud olduğunu vurğulayır.

           

Simvollar və ya kultural ikonalar bir xalqın yaxud millətin tarixində, eləcə də onun bu günü və gələcəyinin keçmişdən ayrılmamasında xüsusi əhəmiyyətə malikdir. Minilliklərin və əsrlərin süzgəcindən süzülüb gələn bu simvolların xatırlanılması bir millətin milliliyinin qorunmasında, onun mədəniyyətinin hüdudlarının müəyyən edilməsində birbaşa və həlledici rol oynayır. Bununla bərabər, milli simvollar – mədəni ikonalar millətləri və ya xalqları bir-birindən fərqləndirən ən mühüm faktordur. Bu simvolizasiya özünü folklorda, abidələr və onların strukturlarında, ədəbiyyat və qədim incəsənətdə, tarix şəxsiyyətlər və əfsanələrdə, musiqidə, dində, sənayedə, idmanda, teatrda, ordu və müharibə sənətində, heyvanlarda özünü göstərir. Məsələn, Matryoşka kuklası Rusiyanın bütün dünyada ən tanınmış simvoludur. Ruslar bu kuklanın ənənəvi rus cəmiyyətinin dəyərlərini əks etdiyini düşünürlər. Bu dəyərlərə böyüklərə hörmət, geniş ailənin bölünməzliyi, məhsuldarlıq və rifah, eləcə də həqiqət və mahiyyət axtarışı daxildir. Digər mühüm rus simvolu tozağacıdır. Rusiya ərazisində ən dominant ağac olan tozağacı qadın enerjisi, məhsuldarlığı və saflığını təmsil edən qədim Slavyan Tanrıçaları Lada və Lelya ilə assosiasiya edilir. Bu ağac Sergey Yesenin də daxil olmaqla əksər rus şairləri və yazarlarının ilham mənbəyi olub. Troyka XVII-XIX əsrlər ərzində ata arabalarında istifadə edilən qoşqu metodu kimi tanınır. Troykanın hərəkəti zamanı ortadakı at sürətlə yürüyərkən, onunla bərabər hərəkət edən digər iki at başlarını sağ və sol tərəflərə çevirirlər. Bu, Troyka atlarının davamlılığı, gec yorulması və daha sürətli olmalarına səbəb olur. Saatda 30 mil sürətlə hərəkət edən troyka dövrünün ən sürətli minik vasitələrindən biri idi. Samovar, isti su qaynatmaq üçün istadə edilən böyük su konteyneridir. O, rus çayiçmə mədəniyyətinin ikonik simvoludur. Ənənəvi ruslar isti samovar ətrafına toplanır, söhbət edir və dincəlirdilər. İstifadə edilmədiyi zaman belə, isti qalan samovar, qaynadılmış suyun ən tez əlçatılan mənbəyi hesab edilir. İlk samovar 1778-ci ildə ortaya çıxıb. Həmin ildə Lisitsin qardaşları Tulada samovar zavodunun əsasını qoyublar.

           

2014-cü ildə Avstraliyanın Pyu Tədqiqat Mərkəzi (Pew Research Centre) tərəfindən aparılan araşdırmaya görə, dünyanın 64 dövlətinin milli bayrağında dini simvollar mövcuddur. Onların 48 faizində Xristian, 33 faizində isə İslam dininə məxsus simvollar yer alır. Buddist və ya Hindu simvolları isə cəmi beş dövlətin milli bayrağında özünü göstərir. Əfqanıstan, Danimarka, İran və Belçika kimi dövlətlərin milli simvolları arasında “Şir” xüsusi əhəmiyyətə malikdir. Milli simvollar baxımından Avstriya, Almaniya, Misir və İraqı ümumiləşdirən faktor “Berqut”dur. Bundan başqa İsraili “David Ulduzu” (Magen David), Yaponiyanı “Qırmızı Günəş Dairəsi” və Krisantemum, İrlandiyanı “Arfa”, ABŞ-ı “Qara Qartal”, Çini “Əjdaha” və Tiananmen qapısı ilə üzərində Beş Ulduzu təsvir edən Qırmızı Dairə, İndoneziyanı “Qaruda” adlı mifik quş, Fransanı “bir qartalbaşı və bir şirbaşı ilə qalxanı əks etdirən gerb” simvolizə edir. “Pələng” Banqladeş, Malayziya, Myanma, Cənubi Koreya və Vyetnamın, dünyada ikinci ən böyük quşu olan Emu quşu  Avstraliyanın, “Kivi quşu” isə Yeni Zellandiyanın, “Ərəb səhra antilopu” (Arabia Oryx) isə Qətər, İordaniya, Oman və BƏƏ-nin simvoludur. Milli simvolları yemək menysunun əsasını təşkil edən azsaylı xalqlar da mövcuddur. Botsvanalılar milli simvolları olan zebra əti, Fildişi Sahillilər üçün fil əti, qütb ayıları isə Qrenlandiyalıların menyusunda xüsusi önəmə malikdir. Perulular da tomat souslu çörək ilə birlikdə milli simvolları olan lama ətini yeməyi çox sevirlər.

           

Bir millətin tarixi, mifləri və ideallarının nəqlində bayraq ilə yanaşı gerb də xüsusi əhəmiyyətə malikdir. Bunlar millətə emosional bağlılığı təmin etməklə yanaşı, milli identikliyi kristallaşdırır və ailədən kənarda başqa bir fenomenə bağlılığın yaranmasına yardım edir. Bəzi insanların bir milli simvola sayğı göstərilmədiyi zaman təhqir edilmiş hiss etmələrini müşahidə etmək normaldır.

            

  Hər bir yeni nəsil millətin nə olduğunu və milliliyini yenidən kəşf və təxəyyül edir. Bu, heç də asan bir proses olmasa da, zəruridir. Müasir dövrdə milli simvollar, habelə kultural ikonalar üzərində debat və onların yenidən kəşfi imperativ xarakterə sahibdir. Bir milli simvola sayğı göstərməyin ən yaxşı yolu simvolların “millilik” anlayışının mahiyyətini yenidən dəyərləndirməyə bizi sövq edən məqamları doğru dərk etməkdir. Himnin oxuması zamanı doğru duruş ilə bərabər, onun bizi “biz” edənin nə olması üzərində dərin düşüncə və refleksiyaya sövq etməsi xüsusi önəm kəsb edir.

           

“Qlobal vətəndaşlıq” çağırışlarının ortaya çıxdığı, texno-iqtisadiyyatın ağılasığmaz sürətlə inkişaf etdiyi əsrimizdə digər tərəfdən də, milli simvolları dəyərsizləşdirmə məqsədləri özünü göstərir. Lakin milli simvolların fərdlərin sosiallaşması prosesində ən güclü alətlər olduğu unudulmamalıdır. İnsan mənsubiyyət hisslərini arzulayan bio-sosial varlıq olduğu üçün millət identikliyin essensial bazisidir.

Sübhan Padarsoy

Bakı Dövlət Universitetinin tarix fakültəsi məzunu, modernizm sosiologiyası üzrə tədqiqatçı, "Modernizm əsri və insan", "Entropik dünya" kitablarının müəllifidir.