Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Fabriki MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalq müraciəti zamanı çox önəmli məqamlara toxunub.
Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Hal-hazrda dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Koronavirus pandemiyasının qarşının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşır.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyatı dövlət qurumları və təşkilatlar qısa müddətdə, operativ şəkildə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olunub. Tibbi maska istehsal edən müəssisəyə İqtisadiyyat nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Bundan əlavə, müəssisənin yaradılmasının investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün istifadə olunan qutular da Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilən müasir avadanlıq qısa müddət ərzində quraşdırılıb. Qeyd olunan müəssisəsinin yaradılması ilə yeni iş yerləri açılıb. Müəssisəsinin istehsal günü 1-ci mərhələdə gündəlik 120 min tibbi maska, 2-ci mərhələdə isə 200-250 min tibbi maska olacaqdır.
Ölkəmizdə tibbi maska istehsalı koronavirusla mübarizəyə mühüm töhfədir. Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Bu zərurətin yaranması bütün dünyada geniş yayılmış koronavirus COVİD 19 pandemiyası ilə əlaqədardır. Lakin bu müəssisənin istehsalatı sayəsində gələcəkdə də ölkəmiz tibbi maskaya olan asılılıqdan azad ediləcək.
Xüsusi qeyd etmək lazımdır ki, tibbi maska istehsalı Azərbaycanın bu sahədə olan asılılığını aradan qaldırırdı. Eyni zamanda, ölkəmizdə qısa müddət ərzində dezinfeksiya vasitələrinin istehsalı da təşkil edildi.
Bir sıra hallarda bəzi möhtəkirlər bu məsələdə də gəlir əldə etmək ilə bağlı müxtəlif planlar qururdular. Ölkəmizdə yerli istehsalın yaranması ilə apteklərdə və digər ticarət yerlərində süni qiymət artımının qarşısı alınacaq. Müşahidələrimiz göstərir ki, bəzi apteklərdə tibbi maska yalnız müəyyən saatlarda satılır, daha sonra isə qıtlıq yaranırdı. Bu baxımdan, ölkəmizdə tibbi maska istehsalının başlanması çox əlamətdar hadisədir. İdxaldan asılılığın aradan qaldırılması və cəmi iki həftə ərzində yeni, müasir, yerli istehsal müəssisəsinin açılması Azərbaycan dövlətinin bu virus ilə mübarizədə vətəndaşları üçün bütün imkanları səfərbər etdiyini nümayiş etdirdi. Tibbi maska müəssisəsinin işə başlaması ilə daxili tələbat əhəmiyyətli dərəcədə ödəniləcək. Müvafiq dövlət qurumları tibbi maska ilə satışı ilə bağlı çox ciddi nəzarət mexanizmi tətbiq etməlidir. Prezident İlham Əliyev öz çıxışında bildirmişdir ki, əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki şəraitdə, pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcəkdir.
Ölkəmizin potensialı və maliyyə imkanları imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun. Azərbaycanda yaradılmış bütün istehsalat və infrastruktur layihələri uğurla icra olunur. Vətəndaşlarımızın sağlamlığı bu gün ölkəmizdə bir nömrəli prioritet hesab olunur, eyni zamanda xalqımızın mili birliyi, həmrəyliyi və bu məsələdə məsuliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov