Partiyalar – Bizim dövlət şüurumuzu kimlər formalaşdırmalıdır? - (İkinci Yazı)

25.11.2019

İndi isə yazının ana sualına cavab tapmaq lazımdır: Şərqdən və Qərbdən baxarkən demokratiya və kapital necə görünür? Əslində bütün ictimai sitemin və siyasi landşaftın mənzərəsini, həm də dövlət şüurunu məhz bu baxış təyin edir.

 

Avropadan gözlənilən demokratiya investisiya demokratiyasıdır.

 

Demokratiya və kapital: qırmızı xətlərin təması

 

 “21-ci əsrdə Kapital” kitabının müəllifi Tomas Piketti müasir kapitalla bağlı elə bir qeyri-formal yanaşma ortaya qoyub ki, müzakirə etməyə yer qalmır. Piketinin əsas fikrincə, investisiya edilən kapitalın həcmi (fond bazarında, daşınmaz əmlak bazarında) gəlirdən daha sürətlə artır. Buradan belə bir nəticə çıxarmaq olar ki, investisiya etmək üçün sizin ilk öncə pulunuz olmalıdır (məvacibdən əlavə). Belə ki, məvacibdən gələn gəlir ilə siz heç vaxt doğuşdan varlı olan insanlara çata bilməzsiniz. Pikettinin düşüncəsinə görə, varlılarla digərlərinin nisbəti (1% / 99%) normadan kənar deyil, bu anormallıq kapitalizmin ayrılmaz xüsusiyyətidir.

 

Piketti Qərbdə kapitalın vəziyyətinə işarə ilə bildirir ki, müasir dövr ictimai bərabərsizliyi azaltmır, əksinə artırır. Müəllifin fikrincə, ənənəvi cəmiyyətlərdəki sosial ədalətsizliyin səbəbi təbəqələr arasındakı ziddiyyətlər idi. Sənayə inqilabı bu vəziyyəti daha da çətinləşdirdi. Bu isə böyük ehtimalla, daha səmərəli istehsal növlərinin (maşın, texnologiya və s.) üzə çıxması və ya daha ədalətli bölgü və demokratik cəmiyyət arzusunun reallaşmaması ilə bağlı idi.

 

O,  bütün dünyada bərabərsizliyin çox böyük olduğunu, bunun bəzən  eyni qitə, hətta eyni ölkə daxilində belə özünü aydın şəkildə göstərdiyini qeyd edir. Bu bərabərsizlik gəlir və istehsal bərabərsizliyi olmaqla, iki cürdür. Ancaq dünya miqyasında gəlir bərabərsizliyi istehsal bərabərsizliyindən xeyli yüksəkdir.

 

 

Müəllifin fikrincə, əbədi bərabərsizlik dairəsindən yayınmağa və yığım dinamikasına nəzarət etməyə imkan verən ideal həll sərmayədən qlobal miqyaslı və davamlı artan bir verginin alınmasıdır. Belə bir vasitə həmçinin, sərvətlər üzərində demokratiya və maliyyə şəffaflığı yaradacaq. Bu isə bankçılıq sisteminin və beynəlxalq kapital axınının effektiv formada nizamlanmasının əsas şərtidir. Sərmayə vergisi iqtisadi azadlığı və rəqabət gücünü qorumaqla yanaşı, ümumi mənfəətin xüsusi maraqlardan üstün olmasına kömək edə bilər. Bu ideal qurumun əvəzinə müvəqqəti həllər kimi təklif edilən beynəlxalq sistemlər belə bir fayda verə bilməz. Ancaq sərmayəni həqiqətən qlobal şəkildə vergiləndirmək şübhəsiz ki, utopiyadır. Yenə də region və ya qitə miqyasında, xüsusilə də Avropada və belə bir nizamlanmanın olmasını istəyən ölkələrdən başlayaraq, bu üsulu sınamaq olar.

 

Yəni sadə şəkildə izah etsək ortaya belə bir nəticə çıxır:

 

Qlobal sərmayə mövcuddur və o bir qrup məlum olmayan, təyinatı müəyyənləşdirilməmiş dairənin əlindədir. Onun imkanları istifadə xarakterini süni keyfiyyətə (yaxud keyfiyyətsizliyə) qədər endirir. Bu, hələ Avropada belədir və faktiki qlobal maliyyənin dünyanın idarə edilməsindəki nəzarətsizlik ruhu, ümumi məsuliyyətin olmaması Yer kürəsinin insan xəritəsini siyasi sistem daxil, davranışlarına qədər təsir edir.

 

Nəhayət, son dövrün ən məşhur termini “Sərmayə demokratiyası” meydana çıxır.

 

O baxımdan kapital Qərbdə:

 

  • Cəmləşib;
  • Formalaşıb;
  • İdarə edir;
  • Bir qrupa aiddir;
  • Dövlətdən daha üstquruma təsir edir;
  • Müzakirə obyektidir;
  • Amma nəzarətsizdir;

 

Şərqdə:

 

  • Hakimiyyətləri dəyişdirir;
  • Qrupları maliyyələşdirir;
  • Böyük mənada kapital dövləti idarə edir, sərmayə demokratiyası gətirir;
  • Dar mənada qeyri-qanuni şəkildə (əsasən) əldə edilmiş maddi sərvəti ifadə edir;
  • Azad deyil
  • Müəyyən müddətdən sonra digər elementlər tərəfindən qəsb edilir;

Yuxarıdakı bölgü təkcə partiyaların ideologiyasına təsir etmir, eyni zamanda fəaliyyətinin də istiqamətini müəyyən edir və harda nə cür olacağını, ya da olmasını şərtləndirir, amma...

 

Sağ populizm təkcə Şərq demokratiyasının təntənəsi deyil, elə Qərbdə də artan sağçılıq, azalan mərkəzçiliyi təpikləyir və beyin olaraq onlar da sanki Şərq mentallığına yüklənirlər. Baxın, Fransa da le-bonçular, ABŞ-da Tramp(çılıq), Almaniyada neofaşizm, bütün Şərqi Avropada artıq sağ sütunun da gücü ortaya çıxmaqdadır.

Problemin özəyi budur, liberalizm donunu dəyişdirirərək, siyasi partiyaların maliyyəçilərinin də düşüncəsinə təsir edir.

 

Sonluq üçün bir neçə söz:

 

Dünya siyasətinin aktorlarını dar mənada təmsilçiləri dəyişməkdədir. İnanılmaz iqtisadi və texnoloji  inkişaf sayəsində bütün inkişaf etmiş ölkələrin əhalisinin bir qismi işsizliklə üz-üzə qalıb. Bu işsiz kütlə artıqca siyasi platforma demokratik, liberal,  ən əsası sabit qala bilməz.

 

Bu halda nə baş verəcək?

 

Sayı milyardalara çatan işsizlər ordusu, əməkçi miqrant toplum qısa müddətdən sonra ya yer dəyişəcək, ya da yerində tələblərini sıralayacaq  və nəticədə siyasi elektoratın rəngi və məzmunu dəyişəcək. O halda indidən tələblərin sərt, barışmaz, radikal fona istiqamətlənəcəyi şübhəsizdir. Kütlədən gələn bu maraqlara cavab verən siyasi partiyanın isə təsisi olduqca sadə  reseptə söykənir.

Nəhayət, siyasi partiyalar, coğafi cəhətindən asılı olmayaraq, gələcəyə doğru düzgün istiqamətdə irəliləmir, çünki tendensiyalar artıq göstərir ki, dünya yeni nəhəng qarşıdurmaya tərəf irəliləyir, qlobal sülh təhlükə altındadır və kütləvi siyasi görüşün üzərindəki çətir artıq mahiyyətin inikasına mane olmur.


(Birinci yazı)

 

Əziz Əlibəyli

Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb. Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.