Dünya dəyərlərinin tədqiqi

21.10.2019

Dünya dəyərləri Ronald İnqlhart və Kristian Velzel tərəfindən təhlil olunmuş və onlar belə qənaətə gəlmişlər ki, dünyada mədəniyyətlərarası müxtəliflik iki əsas dixotomiya üzrə müəyyənləşə bilər:

  • Ənənəvi dəyərlər ("traditional values") və sekulyar-rasional dəyərlər ("secular-rational values");
  • Sağ qalmaq ("survival values") və  özünü ifadə etmək dəyəri ("self-expression values").

 

Qlobal mədəni xəritə cəmiyyətlərin bu iki ölçü üzrə harda yerləşməsini göstərir.

(Dünya Dəyərlərinin Tədqiqi – 6-cı dalğaya (2010-2014-cü illər) əsaslanan Mədəni xəritə)

 

Yuxarı yerdəyişmə ənənəvi dəyərlərdən sekulyar-rasional dəyərlərə, sağa doğru hərəkət isə sağqalma dəyərindən özünüifadə dəyərinə keçidi göstərir.

Ənənəvi dəyərlər dinin, övlad-valideyn əlaqələrinin, hakimiyyətə hörmət, ənənəvi ailə dəyərlərinin əhəmiyyətini göstərir. Bu dəyərləri rəhbər tutanlar eyni zamanda boşanma, abort, eftanaziya və intiharı inkar edirlər. Belə cəmiyyətlərə yüksək milli qürur və millətçi dünyagörüşü xasdır.

 

Sekulyar-rasional dəyərlər ənənəvi dəyərlərə əks mövqedədir. Belə cəmiyyətlər dinə, ənənəvi ailə dəyərlərinə və hakimiyyətə daha az dəyər verir. Boşanma, abort, eftanaziya, intiharı nisbətən daha qəbul edilən hesab edirlər (Halbuki, intihar mütləq olaraq adiləşən fenomen olmaya da bilər).

Sağqalma dəyəri iqtisadi və fiziki təhlükəsizliyə xüsusi önəm verir. O, nisbətən etnosentrik dünyagörüşü, etimad və tolerantlığın aşağı səviyyəsi ilə əlaqəlidir.

Özünü ifadə etmək dəyəri ətraf-mühitin müdafiəsi, əcnəbilərə, cinsi azlıqlara, gender bərabərliyinə  münasibətdə artan tolerantlıq, iqtisadi və siyasi qərarların qəbulunda iştirak etmək tələbinin artması ilə səciyyələnir.

Mədəniyyətlər necə dəyişir

Nisbətən sadə təhlilə görə, həyat standartlarının yüksəlməsi, inkişaf etməkdə olan sənaye cəmiyyətindən bilik əsaslı sənaye cəmiyyətinə keçid  ölkələrin sol aşağı küncdən sağ yuxarı küncə doğru diaqonal  hərəkətini  şərtləndirir.  

Lakin əhali arasında geniş yayılmış münasibətlər ölkədə hakim olan fəlsəfi, siyasi və dini ideyalardan olduqca asılıdır. Sekulyar-rasional dəyərlər və materializm Fransa inqilabı gedişində filosoflar və solçu siyasətçilər tərəfindən ifadə olunmuşdur və nəticədə xüsusilə sosial-demokratik və ya sosialist siyasət tarixinə malik, əhalinin böyük hissəsinin universitetlərdə fəlsəfə və elmə yiyələndiyi ölkələrdə geniş yayılmışdır. Liberal post-sənaye iqtisadiyyatlı ölkələrdə əhali sağ qalmanı və fikir azadlığını öz-özünə aydın bir dəyər kimi qəbul etdiyindən özünüifadə daha yüksək əhəmiyyət  qazanmış olur.

 

Demokratiyaya canatma

 

Azad seçim və müstəqillik arzusu insanlar üçün universaldır. Lakin insanlarda sağ qalmaq imkanının qeyri-müəyyən olması hissi artdıqca, azad seçim arzusu ən vacib əhəmiyyət kəsb etmir. Fiziki sağqalma qeyri-müəyyən olduqca, fiziki və iqtisadi təhlükəsizlik arzusu demokratiyadan daha böyük əhəmiyyətə malik olur. Təməl fizioloji və təhlükəsizlik tələbatları təmin olunduqda, özünü ifadə etmək bir dəyər olaraq güclənir. Dünya dəyərlərinin tədqiqi göstərir ki, cəmiyyətdə demokratik institutların yaranması və inkişaf etməsi üçün özünü ifadə etmə dəyərinin kütləvi olaraq əhəmiyyət daşıması olduqca vacibdir.

 

Gender dəyərləri

 

Dünya dəyərlərinin tədqiqinin nəticələri göstərir ki, gender bərabərliyinin dəstəklənməsi yalnız demokratikləşmənin nəticəsi deyil. Bu, daha geniş mədəni dəyişikliklərin bir hissəsidir, hansı ki, transformasiya edən sənaye cəmiyyətlərinin getdikcə daha demoktratikləşən institutlara tələbindən ibarətdir. Dünya əhalisi arasında kişilərin qadınlardan daha yaxşı siyasi liderliyinə inanan çoxluğun olmasına baxmayaraq, bu inam inkişaf etmiş sənaye cəmiyyətlərində, habelə daha aşağı rifaha malik cəmiyyətlərin gənc nəslində getdikcə zəifləyir.

 

Xoşbəxtlik və həyatdan məmnunluq

 

1981-2007-ci illər arasında  Dünya dəyərlərinin tədqiqinin nəticələri 52 ölkədən 45-də xoşbəxtlik səviyyəsinin artmasını göstərir. 1981-ci ildən etibarən bir sıra dünya ölkələrində baş vermiş iqtisadi yüksəliş, demokratizasiya, sosial tolerantlığın artması insanların azad seçim hüququna nə dərəcədə sahib olduqlarını hiss etməsinə, bu isə öz növbəsində dünyada xoşbəxtliyin daha yüksək səviyyəsinə səbəb olur. Dünya Dəyərlərinin Tədqiqinin  müxtəlif illərdə apardığı sorğular arasında xoşbəxtlik səviyyəsinin ən heyrət doğuran enməsi 1990-cı illərdə digər keçmiş kommunist ölkələrində olmuşdur.

 

Qloballaşma və təmərküzləşən dəyərlər

 

Son 30 ildə dünya ölkələrində  siyasi, iqtisadi və sosial sahələrdə köklü dəyişikliklər və sürətli texnoloji irəliləyişlər baş verdi. Çox zaman bu qloballaşma fenomeninə aid edilir. Kapital bazarları dünya səviyyəsində inteqrasiya olunur, filmlər və kitablar saniyələr ərzində dünyanı dövr edir. Yüz milyonlarla insan eyni saytları izləyir, eyni telekanallara baxır və eyni zarafatlar üzərində gülürlər. Bəzən buna dünyanın "Makdonaldizasiyası" da deyilir. Əslində "World Value Survey"in təhlilləri göstərir ki, kütlə dəyərləri ötən üç onillik ərzində elə də təmərküzləşməyib. Ailə, nigah, gender və cinsi oriyentasiyaya dair normalarda dəyişiklilər baş versə də, bütün inkişaf etmiş sənaye cəmiyyətləri eyni istiqamətdə təqribən eyni sürətlə hərəkət edirlər. Bu təmərküzləşmə deyil, paralel hərəkətə gətirib çıxarır. Bundan əlavə, iqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətlər daha sürətlə dəyişdiyi halda, iqtisadi cəhətdən süst olanları kiçik dəyişmələr nümayiş etdirir. Nəticədə aşağı gəlirli ölkələrlə yüksək gəlirli ölkələr arasında üstünlük təşkil edən dəyərlər arasında divergentlik artır.


Mənbə: http://www.worldvaluessurvey.org/WVSContents.jsp

Sosial Tədqiqatlar Mərkəzi

Sosial-İqtisadi Təhlil Departamenti