Beynəlxalq qurumlara münasibət

Aİ-nin Şərq Qonşuluğu layihəsi çərçivəsində Cənubi Qafqazın üç respublikasında, müxtəlif regionlar üzrə, gender bərabərliyi və yaş kateqoriyalarını əhatə edərək təsadüfi seçmə metodu əsasında 1000 nəfər respondent ilə üz-üzə sorğu keçirilib və cari ilin may ayında hesabat olaraq yayımlanıb.

 

Hesabata əsasən Azərbaycanda hər iki respondentdən birinin Avropa İttifaqı ilə bağlı təsəvvürü müsbətdir. Hər üç respondentdən biri Avropa İttifaqı ilə bağlı neytral mövqedədir. Respondentlərin 8%-nin isə Avropa İttifaqı ilə bağlı təsəvvürü mənfidir.


Respondentlərin mövqeyində onların təhsil səviyyəsi və ölkə üzrə coğrafi paylanmasından irəli gələn qeyri-bərabər məlumatlılıq səviyyəsi rol oynayır. Belə ki, əsasən şəhər sakinlərinin və ali təhsilli kateqoriyanın Avropa İttifaqı ilə bağlı məlumatı var. Şəhər sakinlərinin sadəcə 6%-i Avropa İttifaqı haqqında “heç vaxt eşitməmişəm” fikrini qeyd edərkən, bu göstərici şəhərlərdən kənarda yerləşən kiçik yaşayış məntəqələrində 19%-ə çatır. Həmçinin sorğu keçirilən hər dörd respondentdən biri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini “yaxşı” qiymətləndirir.

 

Sorğunun nəticələrinə əsasən respondentlərin beynəlxalq qurumlar arasında Avropa İttifaqına olan inamı ən yüksək həddədir. Lakin hər üç ölkə üzrə bu inam səviyyəsində ötən illə müqayisədə azalma müşahidə olunur.

 

Azərbaycanda keçirilən sorğuya əsasən respondentlərin Birləşmiş Millətlər Təşkilatına inamı 25%, NATO-ya 20%, Avrasiya İqtisadi Birliyinə 25%-dir.

 

Digər beynəlxalq qurumlarla müqayisədə yüksək inam qazanmasına baxmayaraq, hər iki respondentdən biri (təxminən 50%) Avropa İttifaqının cəmiyyətdə ənənəvi dəyərlərin qorunmasını təşviq etmədiyini yaxud bu barədə cavab verməkdə qərarsız olduğunu bildirir. “Avropa İttifaqı cəmiyyətdə ənənəvi dəyərlərin qorunmasını təşviq edir” fikri ilə respondentlərin 50% razılaşır. Bu göstəricilərdə ötən illə müqayisədə ciddi bir fərq qeydə alınmır.

 

Avropa İttifaqı ilə bağlı aldığı məlumatlar arasında respondentlərin 39%-i bu coğrafiyanın həyat tərzi ilə, 35%-i sosial-siyasi xəbərlərlə, 33%-i iqtisadi xəbərlərlə maraqlanır. Məlumat mənbəyi olaraq respondentlərin 65%-i Avropa İttifaqı ilə bağlı məlumatları televiziyadan, 59%-i internetdən, cəmi 19%-i sosial mediadan alır. Nəzərə alsaq ki, respondentlərin cəmi 46%-nin Avropa İttifaqı ilə bağlı təsəvvürü müsbətdir, o halda burada əsas məlumat mənbəyi olaraq televiziyaların mövqeyi müəyyənləşdirici rol oynayır.

 


Keçirilən sorğu zamanı respondentlərin ölkənin mövcud vəziyyəti ilə bağlı mövqeyi də öyrənilib. Belə ki, sorğunun nəticələrinə əsasən respondentlərin böyük əksəriyyəti hökumətə, parlamentə və yerli icra hakimiyyəti strukturlarına inamının yüksək olduğunu vurğulayır. Həmçinin bu strukturlara olan inam, etimad göstəricilərində ötən ilki göstəricilərlə müqayisədə ciddi fərq müşahidə olunmur.

 

Ölkə üçün qeyd olunan 13 vacib komponent (dəyər) arasından respondentlərin 52%-i sülhün, təhlükəsizliyin və əmin-amanlığın əhəmiyyətli olduğunu seçir. Respondentlərin 48%-nin isə seçimi dürüstlük və şəffaflıqdır. Hər dörd respondentdən biri, yəni 26% fikir azadlığına, 24% respondent insan haqlarına, 23% iqtisadi rifaha, 23% bərabərlik və sosial ədalətliliyə önəm verdiyini qeyd edir.

 

Eləcə də respondentlərin 73%-i ölkədə azlıqların hüquqlarının, 68%-i gender bərabərliyinin, 68%-i hüququn üstünlüyünün qorunduğunu qeyd edir. Eynilə 68% əhali insan hüquq və azadlıqlarına hörmət edildiyini vurğulayır. 65% respondent isə media azadlığının təmin olunduğunu qeyd edir.

 


Ümumilikdə respondentlərin böyük əksəriyyəti öz gələcəyi və ölkənin gələcəyi ilə bağlı nikbin təsəvvürə malikdir. Belə ki, respondentlərin 67%-i həm öz gələcəyini, həm də ölkənin gələcəyini müsbət qiymətləndirir.


 

İstifadə olunan mənbə

https://www.euneighbours.eu/sites/default/files/publications/2019-07/EUNEIGHBOURS%20east_AS2019report_AZERBAIJAN.pdf

 

Sosial Tədqiqatlar Mərkəzi

Sosial-İqtisadi Təhlil Departamenti

 

 

PAYLAŞ
Rəylər

Siz artıq bu sorğuda iştrak etmisiniz

status-done

Oxşar sorğular