Ali təhsilin varsa, iş tapacaqsan - təhsil səviyyəsi və məşğulluq arasındakı əlaqə

Şəxsin təhsil səviyyəsi və məşğulluğu arasındakı əlaqə sosioloq və iqtisadçılar üçün hər zaman maraq kəsb edib. Bu dəyişənlər arasındakı əlaqə bütün tədqiqatlarda eyni olmasa da, geniş yayılmış tendensiya bundan ibarətdir ki, təhsilli insanların təhsilsizlərə nisbətdə işlə məşğul olmaq ehtimalı daha yüksəkdir. 2009-cu ildə ABŞ-da aparılmış bir tədqiqatın nəticələrinə görə, ali təhsilli respondentlər təhsilsiz, yaxud orta məktəb təhsilinə malik respondentlərə nisbətdə 6 dəfəyə yaxın daha çox aylıq qazanc əldə edirlər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatına əsasən isə, təhsil səviyyəsi və məşğulluq arasındakı fərq xüsusilə məktəbi bitirmiş və bitirməyənlər arasında nəzərə çarpır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin hər birində bir qayda olaraq ali təhsilə malik olmaq məşğuliyyət tapmaq imkanını əhəmiyyətli dərəcədə artırır.

 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları Mərkəz tərəfindən aparılmış sorğunun (1557 respondent) demoqrafik göstəricilərinin təhlilini apararaq müəyyən etmişdir ki, seçmə məcmusunun tərkibindəki respondentlərin məşğuliyyət, sahə və istiqamətləri aşağıdakı kimidir. Göründüyü kimi, dövlət sektorunda çalışanların payı özəl sektorda çalışanların payından 4 dəfəyə yaxın daha böyükdür. Dövlət sektorundakı 520 nəfərin 78,8%-i dövlət orqanlarında (nazirlik, komitə, komissiya, xidmət, agentlik, icra hakimiyyəti, bələdiyyə), 5.4%-i dövlət büdcəsindən maliyyələşən müəssisələrdə (ASC, QSC, Fondlar) və 1.5%-i isə dövlətə tabe olan kommersiya qurumlarında (məsələn, SOCAR) çalışırlar. Özəl sektorda çalışan 156 respondentin 3-də bir hissəsi (33.3%) ticarətlə məşğul olur. Evdar qadınlar və işləməyən əhalinin sayı isə müvafiq olaraq 340 və 211 nəfərdir (%). Maraqlıdır ki, ''iş imkanı olarsa, işləmək istəyərsinizmi?'' sualının ünvanlandığı 464 nəfərin 88-i ''xeyr'' cavabını verib.

 

 

Nəticələrin Pirson korelyasiyası texnikası ilə təhlili göstərir ki, şəxsin təhsil səviyyəsi və məşğulluğu arasında statistik əhəmiyyətli əlaqə mövcuddur - daha yüksək təhsil səviyyəsinə malik olmaq şəxsin iş əldə etmək imkanını əhəmiyyətli dərəcədə artırır - 162.795 (10) p<0.01. Yuxarıdakı cədvəldən də göründüyü kimi, istər ali, istərsə də, peşə ixtisas təhsili olanların daha böyük hissəsi dövlət sektorunda fəaliyyət göstərir. Ev təsərrüfatı ilə məşğul olan respondentlərin cəmi 2%-i ali təhsilə malikdirsə, orta təhsillilərin 11%-i məhz bu məşğuliyyətin sahibidir. Lakin peşə ixtisas təhsili olanların daha çox çalışdığı ikinci sahə kimi fərdi əmək fəaliyyəti önə çıxırsa, ali təhsili respondentlərdə özəl sahə ikinci mövqedə dayanır. Maraqlıdır ki, seçmə tərkibindəki orta təhsillilərin məşğuliyyət bölgüsündə evdar qadınlar 32%-lik paya malikdir. Həmçinin, üç təhsil kateqoriyası üzrə ''işləmirəm'' statusuna malik ən böyük respondent kütləsi də məhz orta təhsilli əhali kateqoriyasında müşahidə edilir.

 

 

Respondentlərin gender mənsubiyyəti, təhsil səviyyəsi və məşğuliyyəti arasındakı əlaqələrin təhlili də maraqlı nəticələr göstərir. Belə ki, dövlət sektorunda fəaliyyət göstərən qadın respondentlərin müvafiq olaraq 71%-i və 62%-i ali təhsilli və peşə ixtisas təhsillidirsə, evdar qadınlar arasında 65% orta təhsillilər var. Kişilərə nəzər yetirsək görərik ki, ali təhsillilərin 59%-ı və 22%-i müvafiq olaraq dövlət sektorunda və özəl sektordadır. İşləməyən kişilərin təhsil üzrə bölgüsündə isə orta təhsillilər (26%) daha böyük üstünlük təşkil etsə də, ali təhsillilərə də rast gəlinir (10%).

 

Sonda diqqətə çatdıraq ki, məqalənin nəticələrinə əsasən, təhsil almağın iş tapmağa birbaşa səbəb olduğunu demək, ən azından metodoloji cəhətdən yanlış olardı. Şəxsin iş tapmasında bir sıra digər amillər də rol oynayır. Məhz buna görə də, bu tədqiqatın nəticələri əsasında təhsil səviyyəsi ilə məşğuliyyət arasında korelyasiyanın olduğunu söyləyə bilərik.

 


 

İstinadlar

 

Huffpost (2017) The Connection Between Education, Income Inequality, and Unemployment. https://www.huffpost.com/entry/the-connection-between-ed_b_1066401

OECD (2012), Education at a Glance 2012: Highlights, OECD Publishing. http://dx.doi.org/10.1787/eag_highlights-2012-en

PAYLAŞ
Rəylər

Siz artıq bu sorğuda iştrak etmisiniz

status-done

Oxşar sorğular

Miqrasiya və ailənin maddi vəziyyəti

Miqrasiya və ailənin maddi vəziyyəti

Miqrasiya nəinki miqrantın, həm də onun ailə üzvlərinin həyatına mühüm təsir edən hadisədir. Bir ne&cced… ƏTRAFLI

SORĞUYA QATIL