Azərbaycanda işsizlik və həyat məmnuniyyəti: ən yüksək həssas qrupların müəyyənləşdirilməsi

Vətəndaşların rifah səviyyəsinin və həyat məmnuniyyətinin yüksəldilməsi iqtisadi siyasətin əsas hədəflərindən biridir. Aparılan tədqiqatlar göstərir ki, iqtisadi siyasətin uğurluluğu qiymətləndirilərkən işsizlik faizi və adambaşına düşən istehsal həcmi ilə yanaşı əhalinin rifah səviyyəsi də əsas götürülməlidir. Bu konteksdə, işsiz insanlar xüsusi həssas qrup kimi nəzərə alınmalıdır. İşsizliyin həyat məmnuniyyətinə təsiri elmi ədəbiyyatda hətta ailə üzvlərini itirməyin travmasına bərabər götürülür. Bu təsir özünü həm maddi (gəlirin itirilməsi), həm də qeyri-maddi (sosial əlaqələrin itirilməsi, özünü dəyərsiz hiss etmə, özünə inamın azalması, və s.) formasında göstərir və hətta işsizliyin həyat məmnuniyyəti üzərində qeyri-maddi təsirlərinin maddi təsirlərdən daha yüksək olduğu elmi ədəbiyyatda öz əksini tapır. 

 
Əvvəlki tədqiqatlar işsizliyin həyat məmnuniyyətinə mənfi təsirinin işdən çıxmadan öncə (işini itirmə qorxusu səbəbəiylə) başladığını, işsizlik müddətdə daha da artaraq tədricən artdığını göstərir. Yenidən iş tapdıqda belə insanlarda işsizliyin həyat məmnuniyyətinə mənfi təsiri “işini yenidən itirmə qorxusu” formasında davam edir və bu qorxu hətta 3-4 il davam edə bilir. İşsizlik faizinin məşğul əhalinin rifahına da mənfi təsiri olduğu elmi tədqiqatlarda əks olunur. Dövlət məşğulluq siyasəti vasitəsiylə işsizlərin həyat səviyyəsinin yaxşılaşdırılması və mümkün işsizlikdən qaynaqlanan zərərli davranışların (oğurluq, cinayət, intihar, və s.) qarşısının alınması üçün müxtəlif alətlərdən istifadə edir, müavinətlərlə dəyən maddi zərəri qismən kompensasiya etməyə çalışır. Bununla belə ayrılan resursların məhdudluğu nəzərə alınaraq məşğulluq siyasətində ən həssas qrupların müəyyən olunması zəruridir. Müstəqil təşkilat olan ASERC tərəfindən keçirilən anonim sosial sorğu nəticələri həssas qrupların müəyyən olunması üçün informasiya bazası rolunu oynaya bilər.
 
Təşkilat tərəfindən indiyə qədər üç kütləvi sorğu keçirilmişdir:
 
Sosial Sorğu -1 (3308 iştirakçı, o cümlədən 353 işsiz, keçirilmə müddəti 01.03.2018-01.06.2018),
 
Sosial Sorğu -2 (2208 iştirakçı, o cümlədən 172 işsiz, keçirilmə müddəti 01.10.2018-01.01.2019),
 
Sosial Sorğu -3 (1884 iştirakçı, o cümlədən 164 işsiz, keçirilmə müddəti 01.03.2019-01.06.2019).
 
Sorğularda Pavot və Diener tərəfindən inkişaf etdirilən medologiya əsasında iştirakçıların həyatdan məmnunluq səviyyəsi ölçülmüşdür. Statistik və empirik təhlillər sorğularda iştirak edən cəmi 689 işsiz qrup əsasında aparılmışdır. 
 
1-ci şəkil işsizlərin ümumilikdə həyatdan məmnunluq səviyyəsi üzrə paylanmanı özündə əks etdirir. Göründüyü kimi, işsizlərin 30%-i yüksək dərəcədə olmaqla ümumilikdə 75%-i həyatdan qeyri-məmnundur. Bu isə kifayət qədər yüksək göstəricidir və nəzərə alınmalıdır.
 
 
1-ci şəkildə təqdim olunan informasiya olduqca ümumi xarakter daşıyır. Bu baxımdan da, işsizlər arasında ən həssas qrupların müəyyən olunması üçün daha spesikif təhlillərin aparılmasına ehtiyac var. Buna görə də işsizlərin həyatdan məmnunluq səviyyəsinin cinsi mənsubiyyətə və müxtəlif yaş qruplarına görə təhlili müvafiq olaraq şəkil 2 və 3-cü şəkillərdə verilmişdir. Təhlil nəticələri işsizlər arasında qeyri-məmnunluğun qadınlarla müqayisədə kişilərdə daha çox olduğunu göstərir. Daha dəqiq desək, qeyri-məmnunluq faizi kişilərdə 81% (o cümlədən, 36%-i yüksək dərəcədə qeyri məmnun), qadınlarda isə 69% -dir (o cümlədən, 23%-i yüksək dərəcədə qeyri məmnun). Azərbaycan cəmiyyətində kişilərin ailənin “çorək qazanan”ı hesab olunduğu nəzərə alsaq nəticələrin etibarlılığı öz təsdiqini tapır.
 
 
 
Aparılan ilkin təhlillər işsizlər arasında yaş qrupları üzrə həyatdan məmnunluq səviyyəsinin fərqli paylandığını müəyyən edir. Ən həssas yaş qrupu 30-39 yaş aralığında olanlardır. Qeyri məmnunluq faizi belədir: 17-24 yaş qrupunda 71% (o cümlədən, 23% yüksək dərəcədə qeyri-məmnunluq), 25-29 yaş qrupunda 77% (o cümlədən, 32% yüksək dərəcədə qeyri-məmnunluq), 30-34 yaş qrupunda 86% (o cümlədən, 38% yüksək dərəcədə qeyri-məmnunluq), 35-39 yaş qrupunda 81% (o cümlədən, 48% yüksək dərəcədə qeyri-məmnunluq), 40-44 yaş qrupunda 74% (o cümlədən, 39% yüksək dərəcədə qeyri-məmnunluq), 45 və daha çox yaşlı işsizlərdə isə 72% (o cümlədən, 25% yüksək dərəcədə qeyri-məmnunluq).
 
 
İşsizlərin həyan məmnunluğunda digər önəmli faktor isə işsizlik müddətidir. 4-cü şəkildə işsizliyin fərqli dövrlərində həyat məmnuniyyəti indeksinin (5-35 arasında qiymət alır) orta dəyəri həm bütün qrup, həm də cinsi mənsubiyyətə görə qruplaşdırılaraq təhlili verilir. Göründüyü kimi, işsizlik müddəti artdıqca həyatdan məmnunluq səviyyəsində azalma müşahidə edilir. Azalma tendensiyası kişilərdə xüsusilə daha çoxdur. Qadınlarda isə işsizliyin ilk 3 ayı boyunca optimist düşüncədən qaynaqlanan məmnuniyyət artışı sonradan kəskin pessimizimlə əvəzlənir. İşsizliyə öyrəşmə, yəni adaptasiya mərhələsinin başlaması isə ən azı 3 il vaxt alır. Buna görə də uzun müddət işsiz qalan şəxslərə xüsusi diqqət ayrılmalıdır.
 

Empirik qiymətləndirmə nəticələri (texniki xarakter daşıdığı üçün burada təqdim edilməyib) təsviri analiz nəticələrinin doğruluğunu bir daha təsdiq edir. Nəticələr kişi işsizlərdə həyatdan qeyri-məmnunluğun qadınlardan orta hesabla 22-24% daha çox olduğunu göstərir. Empirik nəticələrdə önə çıxan daha bir əhəmiyyətli nüans orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyən şəxslərin işsizliyə digərlərindən əhəmiyyətli dərəcədə daha çox həssas olmasıdır. Azərbaycanda orta təhsilin məcburi olduğu nəzərə alsaq aşağı təhsilli insanların işsizliyə daha həssas olduğunu empirik nəticələr də təsdiq edir. Qiymətləndirmə nəticələri dul / boşanmış insanların işsizliyə qarşı ciddi dərəcədə daha yüksək həssaslığını göstərir. Dul / boşanmış işsizlərin həyatdan qeyri-məmnunluğu digərlərindən orta hesabla 43-46% daha çoxdur. Bu isə olduqca böyük fərqdir və nəzərə alınması zəruridir. Ümumilikdə isə, empirik nəticələrə əsasən işsizliyə qarşı adaptasiya ancaq 4-5 il sonra başlayır. Keçirilən üç sorğuda işsizlərin qeyri məmnunluq səviyyəsində artım da diqqətdən qaçmamalıdır. Nəticələrə əsasən, birinci sorğuda iştirak edən işsizlərlə müqayisədə 3-cü sorğuda iştirak edən işsizlərin qeyri-məmnunluğu 17-18% daha çoxdur.

 

Empirik nəticələrə əsasən sadə riyazi hesablamalar aparmaqla Azərbaycanda uzun müddətli (4-5 il) işsizliyə qarşı həssas qrupları yüksək həssaslıqdan aşağıya doğru belə sıralamaq olar:

 

(1) orta məktəb məzunu dul / boşanmış kişi,

 

(2) daha yuxarı təhsil səviyyəsinə sahib olan dul / boşanmış kişi,

 

(3) orta məktəb məzunu dul / boşanmış qadın,

 

(4) daha yuxarı təhsil səviyyəsinə sahib olan dul / boşanmış qadın,

 

(5) orta məktəb məzunu evli və ya subay kişilər,

 

(6) orta məktəb məzunu evli və ya subay qadınlar, və s.

 

İşsizlik müddəti azaldıqca həssaslıq da nisbətən zəifləyir.

 

Qeyd olunan nəticələr Azərbaycanda məşğulluq orqanlarının daha səmərəli fəaliyyəti üçün faydalıdır. Məşğulluq orqanlarına müraciət edən vətəndaşlara xidmət zamanı “həssaslıq meyarı” əsasında dəyərləndirmənin aparılması, ilk növbədə ən riskli qruplara aid işsizlərin nəzərə alınması təklif olunur.

 

PAYLAŞ
Rəylər
Sual 2/2
Həyatınızdan nə dərəcədə məmnunsunuz?

Oxşar sorğular

Azərbaycan əhalisinin odlu silahlara və müvafiq qanunvericiliyə münasibəti

Azərbaycan əhalisinin odlu silahlara və müvafiq qanunvericiliyə münasibəti

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları İnqilab Şahbazov və Zaur Əfəndiyevin müəllifi olduğu &… ƏTRAFLI

SORĞUYA QATIL