Azərbaycan təhsil müəssisələri pandemiya dövründə

“COVİD-19” pandemiyasının ən çox təsir etdiyi sahələrdən biri təhsil sektorudur. Yanvar ayından dünyanın əksər ölkələrinə doğru yayılmağa başlayan virus bir sıra təhsil müəssisələrində- uşaq bağçaları, ibtidai və orta məktəblər, kollec və universitetlərdə dərslərin dayanmasına səbəb olub. Burada söhbət təqribən 177 ölkə üzrə 1,6 milyard təhsil alan uşaq və gəncin ənənəvi tədrisdən kənarda qalmasından söhbət gedir.  

 

UNESCO dövlətlərə uşaqların və gənclərin təhsildən kənarda qalmasına alternativ olaraq distant təhsilə, müəllimlər və şagirdlər arasında virtual, onlayn dərslərin keçirilməsinə dair öz tövsiyyələrini verdi. Məktəblərin bağlanmasının əsas nədənlərindən biri virusun yayılma sürətini aşağı salmaq və dövlətlərin səhiyyə sistemlərini prosesə hazırlamaqdır. Yeri gəlmişkən bildirək ki, hələ 1918-1920-ci illərdə “İspan qripi” yayılarkən təhsil ocaqlarının virusu yayan riskli ocaqlar olduğu müşahidə edilib. O zaman- 1918-1919-ci ildə ABŞ-ın 43 şəhərində 4 həftəlik məktəblərin bağlanması “İspan qripi”nin yayılması və ölüm hallarının azalması faktlarını azaltmışdı. Aparılan araşdırmalara görə virusun daha çox yayıldığı ərazilərdə məktəblərin bağlanması 1957-58-ci illərdə Asiya qripinin yayılmasının 90 faiz, 2004-2008-ci ildə “Quş qripi”nin yayılmasının isə 50 faiz qarşını alıb.

 

“COVİD-19” pandemiyası son yarım əsrdə mövcud olmuş yoluxmalardan sürətli yayılmasına görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə insanlar hələ ki uzun müddət  koronavirusla bərabər yaşamalı olacaq.  İnsanlar buna alışmalı və yeni sosial vərdişlərİ özündə aşılamalıdır.

 

Təhsil sektorunun uzunmüddət qapalı qalması özündə bir çox sosial, psixoloji və texniki problemlər yaradır. Aztəminatlı ailələrdə uşaqların təhsil alma keyifiyyəti bir qədər də aşağı düşə bilər. Çünki belə ailələrdə uşaqlarına distant təhsillə təmin etmək üçün texnoloji avadanlıqlar çatmır. Bu baxımdan Dünya Bankının qiymətləndirməsinə görə, distant təhsil insanlara ənənəvi məktəbdə ala biləcəyi təhsilin keyfiyyətini əvəz edə bilmir.  Hər bir uşaq və gəncin keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılması başlıca məqamlardan biridir. Lakin COVİD-19 pandemiyası dövründə aztəminatlı ailələrdə bərabər təhsildən yararlanma imkanı zəif olur. Bu baxımdan bir sıra ölkələr may ayından başlayaraq tədricən təhsil ocaqlarının qapılarını açmağa başlayıb. Lakin bununla paralel distant təhsilin də tətbiqi genişləndirilir. 

 

Bundan sonra əsas sual doğuran məsələ odur ki, pandemiya uzun müddət davam edəcəyi təqdirdə məktəbəqədər, orta və ali təhsil müəssisələrində hansı tədbirlər görülməlidir.

 

ÜST-nin şərtlərinə görə sosial məsafə gözlənilməli, tibbi maskadan, digər qoruyucu vasitələrdən istifadə edilməli, bütün təhsil ocaqlarında ciddi dezinfeksiya işləri aparılmalı, əllər tez-tez yuyulmalı, sinifdə uşaqların sayı azaldılmalıdır. ÜST mütəxəssisləri tədrisin yenidən açılmasına tədricən keçid edilməsini məsləhət görürlər.

 

Təhsil müəssisələrini açan bir sıra ölkələrdə bu şərtlər necə əməl olunur?

 

Danimarka

 

Avropa ölkələri arasında məktəblərdə ibtidai sinifləri açan ilk ölkə Danimarka oldu. Bunun ikinci dalğaya səbəb olacağını bildirirdilər. Bu baxımdan valideynlər uşaqlarını məktəbə buraxmaqda ehtiyat edirlər. Lakin problemi aşmaq üçün hər bir təhsil müəssisəsi və valideynlər birgə məktəblərin yenidən açılış planlarını hazırlayıblar.

 

Yeni qaydalara əsasən, sinif otaqlarında hər parta ən azı iki metr məsafədədir. Hər sinifdə 10 uşağa icazə verilir. Buna görə, siniflər bir neçə qrupa bölünür. Uşaqlardan nahar fasiləsi və oyun vaxtı birlikdə olmaları tələb olunur və yeməkxanaların qəbulu dayanıb.

 

Sinif otaqları əlverişsiz olan məktəblərdə ibtidai siniflər üçün dərsləri açıq havada və ya geniş idman zallarında təşkil edilir.

 

Danimarkanın bütün məktəblərinin binalarının xaricində əl yumaq üçün sanitar qovşaqlar quraşdırılıb. Şagirdlərin ən azı saatda bir dəfə əllərini yuması məcburidir.

 

Fransa

 

Fransa da mayın 12-dən etibarən məktəbəqədər və ibtidai təhsil ocaqları 1.5 milyon şagird üçün qapılarını açmağa başladı. Bu qərar məcburi sayılsa da, bəzi məktəblərin seçim etmək şansı da tanınır. Hansı məktəblər qoyulan qaydalara tam cavab vermədiyi təqdirdə qapılarını açıb-açmaması bağlı məcburi göstəriş yoxdur. Bu səbəbdən tədris ilinin sonuna qədər distant təhsil ənənəvi təhsillə paralel saxlanılacaq.

 

Paytaxt Parisdə məktəbəqədər və ibtidai təhsil müəssisələrində 5,6 və 10 yaşlı uşaqlara üstünlük verilir. Rəsmi açıqlamalara görə, şagirdlərin paytaxtda cəmi 15 faizi məktəbə geri dönə biləcək. Digər şəhərlərdə uşaqların təxminən yarısına məktəbəqədər və ibtidai siniflərdə normal xidmət edə biləcəklərini düşünürlər.

 

Yeni qaydalara görə, bütün sinif otaqlarında dezinfeksiya məhlulları qoyulur, müəllimlərə üz maskaları taxmaq tələb olunur, uşaqlar fərdi partalarda otururlar. Məktəbəqədər müəssisələrdə bir sinifdə ən çox 10 uşağa, ibtidai sinifdə 15-ə icazə verilir. Mayın 25-dən isə böyük siniflər üçün dərslərin açılması planlaşdırılır.

 

Almaniya

 

Almaniya artıq aprelin sonlarından ilk olaraq yuxarı siniflər üçün qapılarını açdı. Çünki yuxarı yaşda olan uşaqlar və gənclər maska və məsafənin saxlanılması qaydalarına daha rahat əməl edə bilir. Məktəblərdə yeni gigiyenik qaydalar müəyyənləşib. Məsələn, sinifdə uşaqların sayı yarıya endirilib və şagirdlərə dərslər fərqli qrafikdə, habelə alternativ günlərdə də dərs verilir. Eyni zamanda burada distant təhsil metodu da qüvvədə qalmır.

 

Tədris proqramlarından idman və musiqi dərsləri hələlik çıxarılıb. Bir neçə nəfərin toxuna biləcəyi əşyalar tez-tez dezinfeksiya edilir.

 

Müəllimlərdən maska ​​taxmaq tələb olunur. Sinif otaqlarının daim havalandırılması üçün pəncərə və qapılar daim açıq saxlanılır. Ona görə də, bir çox məktəblərdə isti paltar geyinmək tövsiyə olunur, çünki pəncərələr və qapılar hava dövranı üçün açıqdır.

 

Lakin burada da məktəblər fərdi təşəbbüslər göstərməkdədir. Bir sıra bölgələrdə məktəblər müstəqil hər bir şagird üçün dörd gündən bir COVİD-19 testi keçirilir. Test cavabları müsbət çıxan şagirdlərə maska taxmadam məktəb ətrafında gəzməyə icazə verilib.

 

Hollandiya

 

Avropada daha sərt tədbirlərdən birini Hollandiya həyata keçirir. May ayının əvvəlindən etibarən Hollandiyada ibtidai siniflərdə dərslər yenidən açılmağa başlayıb. Lakin orta məktəblərdə tədris iyun ayına qədər keçirilməyəcək. Sinifdə şagirdlərin sayı və dərs saatları yarıya qədər azaldılıb. Şagirdlərin digər bir hissəsi isə distant təhsilini davam etdirir.

 

Hər bir region tədris ocaqlarının açılması üçün öz siyasətini özləri müəyyənləşdirir.  Bəzi məktəblərdə sinifdə şagird sayının azaltmaq üçün alternativ günlərdə və saatlarda dərslər müəyyənləşdiriblər. Bir sıra məktəblərdə müəllimlər tibbi maskadan istifadə tələbi qoyulub. Başqa bir məktəbdə isə şagird masalarına plastik qoruyucular quraşdırılıb. Valideynlər uşaqlarını yalnız məktəbin qapısına qədər gətirə bilər, içəri keçməyə icazə yoxdur. Uşaqlara nəzarət altında idmanla məşğul olmalarına icazə verilsə də, yarışlar ləğv edilib.

 

Təhlükəsizlik tədbirlərinə baxmayaraq, bəzi məktəblər bildirirlər ki, valideynlərin üçdə biri uşaqlarını evdə saxlayır.

 

Çin

 

Virusun ilk yayıldığı ölkə olan Çində də tədris ocaqlarında çox sərt qaydalar tətbiq edilib. Bunun üçün siniflərdə uşaqların sayı və dərslərin saatı azaldılıb.

 

İri şəhərlərdə sosial məsafəni saxlamaq üçün bir sinifdə maksimum 20 şagird və tələbənin olmasına icazə verilir. Valideynlər uşaqlarını maşınla və ya piyada aparırlar, ictimai nəqliyyatdan istifadəsinə məsləhət görülmür.

 

Lakin bununla paralel səhhətində və ya digər səbəblərdən məktəbə qoymaqdan ehtiyat valideynlərin uşaqları üçün ya fərdi, ya da distant təhsil aparılır.

 

Çində olduğu kimi Yaponiyada da məktəbə daxil olmamışdan öncə hər kəsin temperaturu yoxlanılır. Hətta Pekinin bir sıra məktəblərində şagirdlərə fərdi termometr verilir və gündə 2 dəfə bədənin istiliyinin yoxlanılması tələb edilir.

 

Siniflərdə uşaqların sayınını azaldılması qruplaırn sayının artırıb ki, bu da sinif otaqlarının çatışmazlığını yaradıb. Bunun üçün yeməkxanalardan, idman zallarından istifadə edirlr.

 

 İsrail

 

 İsraildə tələbələrə həmyaşıdları ilə yaxın təmasa icazə verilmir. Orada valideynlərdən uşaqlarını məktəbə qoyarkən sağlamlıq formasını imzalaması tələb edilir.  Əgər onların arasında koronavirus yoluxmuş ailə varsa, uşağın məkətəbə getməsinə icazə verilmir.

 

Məktəbdaxilində maska taxılması tələb olunsa da, sinif otaqlarinda buna ehtiyac görülmür.

 

Azərbaycan

 

Azəbaycana gəlincə, dərslər hələ ki, virtual olaraq davam etdirilir və təhsil ocaqlarının açılması ilə bağlı qərar çıxarmaqda tələsmir. Bu gün Azərbaycanın təlim-tərbiyə və təhsil ocaqlarına gedən 2 milyona yaxın uşaq, yeniyetmə və gənc ənənəvi təhsildən kənarda qalıb. Burada söhbət 1803 məktəbəqədər təhsil müəssisəsinə gedən 126,8 min uşaqdan, 4443 əyani ümumi təhsil müəssisəsində 1,5 milyon məktəblidən, 111 peşə müəssisəsində 24 min, 56 orta ixtisas təhsil müəssisəsində  51,7 min gəncdən və 52 ali təhsil müəssisəsində  176,7 min tələbədən söhbət gedir.

 

Təhsil Nazirliyi mövcud hadisəyə daha çevik reaksiya göstərərək dünyada teledərslərin təşkilini həyata keçirən ilk dövlətlərdən oldu. Amma pandemiya dövründə Azərbaycan hökumətinin qarşısında duran əsas problemlərdən biri sinif otaqlarını yeni standartlara uyğunlaşdırmaq və qruplarda uşaq saylarını tənzimləməkdir.

 

Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20, ən çox 30 nəfər müəyyən edilib. Belə olan halda şagirdlərin qruplardakı sayının 10 nəfərə salmaq əlavə sinif otaqları və pedaqoqlar gərəkdirəcək. Məktəblərdə sinif otaqlarının, sanitar qovşaqlarının dezinfeksiyası mütəmadi aparılmalı, uşaqların hər saat əllərinin yuyulması təşkil edilməlidir. Əlbəttə, nəzərə alsaq ki, Azərbaycanda təhsil müəssisələrinin bir qisminin təmirsiz olması və yeni sanitar standartlara uyğun gəlməməsi Təhsil Nazirliyi qarşısında əlavə problemlər yaradır.

 

Eyni vəziyyət məktəbəqədər təhsil müəssisələrində də hökm sürür.  Körpə və uşaqlarla işləmək böyüklərə nisbətən daha çətin olduğundan burada məsuliyyət də ikiqat artır. Bir sıra dövlətlərdə olduğu kimi Azərbaycanda da uşaqların hər birinin müəyyən zaman intervalında testdən keçirilməsi həyata keçirilə bilər.

 

Yuxarıda sadalananları nəzərə alsaq, növbəti tədris ilində pandemiya dalğası səngiməyəcəyi təqdirdə təhsil ocaqlarını yeni standartlara uyğunlaşdırmaq, yeni qaydalar tətbiq etmək, tibbi sanitar-gigiyenik normalar müəyyənləşdirmək böyük xərc tələb edəcək. Bu baxımdan növbəti aylar ərzində hökumətin, xüsusilə Təhsil Nazirliyi və icra hakimiyyətlərinin qarşısında duran əsas məsələ yeni tədris ilinə mövcud qaydaları uğurla tətbiq etmədir.

 

     Vüsalə Rüstəmova

Sosial-İqtisadi Təhlil Departamenti  

PAYLAŞ
Rəylər

Siz artıq bu sorğuda iştrak etmisiniz

status-done

Oxşar sorğular

Azərbaycanda işsizlik və həyat məmnuniyyəti: ən yüksək həssas qrupların müəyyənləşdirilməsi

Azərbaycanda işsizlik və həyat məmnuniyyəti: ən yüksək həssas qrupların müəyyənləşdirilməsi

Vətəndaşların rifah səviyyəsinin və həyat məmnuniyyətinin yüksəldilməsi iqtisadi siyasətin əsas hədəflər… ƏTRAFLI

SORĞUYA QATIL