Azərbaycan əhalisinin odlu silahlara və müvafiq qanunvericiliyə münasibəti

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları İnqilab Şahbazov və Zaur Əfəndiyevin müəllifi olduğu ''Azərbaycan əhalisinin odlu silahlara və müvafiq qanunvericiliyə baxışı'' adlı sosial tədqiqat başa çatmışdır. Tədqiqatın məqsədləri aşağıdakı kimi olmuşdur;

 

- Azərbaycan əhalisinin odlu silahlara baxışının öyrənilməsi

 

- Azərbaycan əhalisinin odlu silahların ticarəti və istifadəsinin tənzimlənməsinə dair qanunvericiliyə baxışının öyrənilməsi

 

2016-cı il statistikasına əsasən, dünyada 210,000 ölüm hadisəsində odlu silahdan istifadə edilmişdir (Small Arms Survey, 2017). Səbəb olduğu ölümlə yanaşı, odlu silahlar həmçinin böyük pulların dövr etdiyi ticarətin bir parçasıdır (Cook & Ludwig, 2000). Azərbaycanın yerləşdiyi Müstəqil Dövlətlər Birliyi məkanında odlu silahların cinayət aləti kimi istifadəsi tarixinə nəzər yetirsək, belə bir mənzərəni müşahidə edə bilərik - Sovet İttifaqının dağılması nəticəsində yaranan ciddi artım və illər ərzində baş verən sürətli azalma (Stickley and Mäkinen, 2005). Rusiya istisna olmaqla, digər ölkələrdə baş verən enişin əsas səbəbləri kimi bunlar göstərilə bilər;

 

- Sovet İttifaqının dağılması nəticəsində yaranan xaotik mühitin sabitlik və sosial-iqtisadi inkişafla əvəz edilməsi

 

- Əhalidə olan silahların müxtəlif üsullarla hüquq-mühafizə orqanları tərəfindən yığılması

 

- sosio-mədəni amillər və odlu silahlara baxış

 

- Sırf Azərbaycana aid edilə biləcək digər amil isə Ermənistanın torpaqlarımıza təcavüzüdür ki, bunun da nəticəsində cəmiyyətdəki mövcud xaotik vəziyyət daha da şiddətlənmişdir.

 

İstər MDB, istərsə də dünya üzrə odlu silahla törədilən cinayətlərin sayının aşağı olduğu ölkələrdən biri olaraq qarşıya çıxan Azərbaycanda rəsmi statistikaya görə, hər 100,000 nəfərə düşən odlu silah sayı 0,40 təşkil edir. Müstəqilliyin əldə edildiyi dövrdən bu günə kimi, odlu silahla törədilən cinayətlərin sayında ciddi azalmalar müşahidə edilməkdədir. Belə ki, 1992-ci ildə odlu silahla törədilən cinayətlərin sayı 820 idisə, 2017-ci ildə bu rəqəm 47- qədər enmiş idi (qeyd - bu rəqəmlər Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə edilən rəsmi müraciət nəticəsində müəlliflərə təmin edilmişdir). Aşağıdakı cədvəllərdə barəsində danışılan statistik məlumatlar qrafiklərdə əks etdirilmişdir. Bunun əsas səbəbləri kimi yaranan siyasi sabitlik, sosial-iqtisadi durumun yaxşılaşması və hüquq-mühafizə orqanlarının odlu silahların əhalidən yığılması istiqamətindəki işlərini göstərə bilərik.

 

Qrafik 1: Əhalidən yığılan odlu silahların sayı (bir əvvəlki il yığılan silahların sayı ilə növbəti il yığılan cəmlənmişdir)

 

 

Kriminologiya elminin aktual məsələlərindən biri ''insanlar silahlara necə baxır?'', ''onlar niyə liberal, yaxud mühafizəkar silah qanunvericiliyini dəstəkləyir, yoxsa qarşı çıxırlar?'' kimi suallara cavabların axtarılmasıdır (Springwood (2007; Taylor 2009). Bu nöqteyi-nəzərdən Azərbaycan əhalisi üzrə bu sualların cavabları əhəmiyyətlidir. Mühafizəkar silah qanunvericiliyinin (silahların ticarəti və istifadəsinin qanunla ciddi dərəcədə məhdudlaşdırılması) olduğu, odlu silahların olduqca az saylı cinayətlərdə istifadə edildiyi bir kontektsdə insanlar üçün silahların mənasının öyrənilməsi məhz bu tədqiqatın məqsədi olmuşdur.

 

Tədqiqətin məqsədlərinə uyğun olaraq sorğu tərtib olunmuşdur və sorğuda istifadə edilən suallar belə olmuşdur;

 

Odlu silah sizin üçün nə ifadə edir? (birdən çox variant seçə bilərsiniz)

  • Ov, yaxud idman silahı
  • Kolleksiya məhsulu
  • Təhlükəsizliyin təminatı
  • Gücün mənbəyi
  • Özünü müdafiə vasitəsi

 

Ölkəmizdə odlu silahların fiziki şəxslər tərəfindən əldə edilməsi prosesi çətindir, və bir çox hallarda isə mümkünsüzdür. Bu vəziyyətin dəyişdirilməsini, və odlu silahların alışının asanlaşdırılmasını istərsinizmi?

  • Bəli
  • Xeyr

 

Yetkinlik yaşına çatmış şəxslərin istənilən odlu silahı qanuni müvafiq qaydada əldə etmək imkanı olarsa , sizcə bu,  cinayətkarlığın ümumi sayına necə təsir edər?

  • Artar
  • Dəyişməz qalar
  • Azalar

 

Sizcə Azərbaycanda odlu silahla törədilən cinayətlərin tezliyi nə qədərdir?

  • Çox
  • Orta
  • Az
  • Nadir hallarda

 

Odlu silah sahibi olan şəxs/ailə tanıyırsınızmı?

  • Bəli
  • Xeyr

 

Sizcə hüquq-mühafizə orqanları sizi nə dərəcədə qoruyur?

  • Yaxşı, özümü təhlükəsiz hiss edirəm
  • Qənaətbəxş, tam da rahat hiss etmirəm
  • Pis, onların məni yaxşı qoruduğunu düşünmürəm

 

552 respondentin iştirak etdiyi sorğunun nəticələrinə görə, Azərbaycan əhalisi odlu silahların ticarəti və istifadəsinin tənzimlənməsinə dair mövcud qanunvericiliyin indiki vəziyyətdə saxlanılmasını dəstəkləyir. Sorğuda iştirak edən respondentlərin 87%-i məhz bu mövqedən çıxış etmişdir. Belə bir mövqenin sərgilənməsindəki əsas səbəblərdən biri cinayətkarlığın səviyyəsi ilə bağlı fikirlər olmuşdur. Belə ki, respondentlərin 86%-i odlu silahların ticarəti və istifadəsinə dair qanunların yumşaldılması təqdirində cinayətkarlığın səviyyəsinin artacağını hesab etmişdir.

 

Sorğuda həmçinin respondentlərin silahlara baxışı da öyrənilmişdir. ''Silah sizin üçün nə məna ifadə edir?" sualına iştirakçıların 43%-i ''ov və idman vasitəsi'' cavabını verdiyi halda, 40% üçün silahlar ''özünümüdafiə'' mənasın kəsb edir. Bir sıra Qərb ölkələrindən fərqli olaraq, respondentlərin kiçik hissəsi - cəmi 11% üçün silah ''güc mənbəyi'' kimi qəbul edilir.

 

Tədqiqat müəllifləri icra etdikləri təhlil texnikaları vasitəsilə müxtəlif dəyişənlər arasındakı potensial əlaqələri də öyrənməyə çalışmışlar. SPSS proqramı vasitəsilə Xi-kvadratı və Pirson korelyasiya texnikaları istifadə edilmişdir. Müəyyən edilmişdir ki, respondentin odlu silah sahibi olan şəxs/ailə tanıması ilə qanunvericiliyə baxışı arasında güclü korelyasiya  (p < 0.01)  mövcuddur - silah sahibi olan şəxs/ailə tanıyanların qanunvericiliyin yüngülləşdirilməsinə etiraz etmə ehtimalı daha böyükdür. Oxşar olaraq, qanunvericiliyə baxışla cinayətkarlığı səviyyəsinə dair fikir arasında da güclü korelyasiya  (p < 0.01)  mövcuddur - liberal qanunların olacağı halda odlu silahla törədilən cinayətlərin sayının artacağını hesab edənlərin qanunvericiliyin yüngülləşdirilməsinə etiraz etməsi ehtimalı daha yüksəkdir. Demoqrafik göstəricilərdən isə yalnız genderlə qanunvericiliyə baxış arasında korelyasiya aşkarlanmışdır - kişilərə qadınlara nisbətdə daha sərbəst qanunların olmasını arzu edirlər ki, bu da başa düşüləndir. Azərbaycanda odlu silahlar əsasən ov üçün əldə edilir, və bu fəaliyyət əsasən kişilər arasında geniş yayılmışdır.

 

 

 

 

Qeyd edək ki, sorğudakı respondentlər 2 fərqli seçmə proseduru ilə toplanmışdır - onlayn elan və poçtla anketlərin göndərilməsi. Belə ki, Facebook sosial şəbəkəsindəki bir sıra səhifələrə yerləşdirilən sorğu ilə yanaşı, anketlər çap edilərək, Qəbələ rayonundakı Azərpoçt filialına göndərilmiş, poçt xidmətindən istifadə edilən vətəndaşlara anketdə iştirak təklif edilmişdir. Sorğuda iştirak edən 552 respondentin demoqrafik bölgüsünə gəlincə isə, nəticələr aşağıdakı kimi olmuşdur.

 

Tədqiqat işinin faydaları;

 

- Azərbaycanda odlu silahlarla törədilən cinayətlərin sayının az olmasını və odlu silahlara tətbiq edilən ciddi nəzarətin dünya elminə nümayiş etdirilməsi

 

- Azərbaycanda odlu silahlara sosial baxışın dünya elmi ictimaiyyətinə çatdırılması

 

- kriminologiya elmindəki boşluğun - insanların odlu silahlara və onların tənzimlənməsinə dair olan qanunvericiliyə baxışının öyrənilməsi - doldurulmasına xidmət

 

- Yaxın müharibə tarixinə malik Azərbaycanda insanların odlu silahlara elə də ''isti'' münasibətinin olmamasının öyrənilməsi

 

Ədəbiyyat siyahısı

Cook, P. J., & Ludwig, J. (2000). Gun Violence: The Real Costs. Oxford: Oxford University Press.

Springwood, C. (2007). Open Fire: Understanding Global Gun Cultures. USA, Berg Publishers.

Stickley and Mäkinen (2005) Homicide in the Russian Empire and Soviet Union: Continuity or Change?, The British Journal of Criminology, 45 (5), pp647–670

Small Arms Survey (2017) Annual Reportş http://www.smallarmssurvey.org/fileadmin/docs/M-files/SAS-Annual-Report-2017.pdf

 

PAYLAŞ
Rəylər
İştirakçı
Kamran
3 həftə öncə
Ümumiyyətlə evdə odlu silah saxlanmasına qarşıyam. Tək Odlu silah saxlayan şəxsin deyil, onun ailəsinin də psixoloji durumu çox vacibdir. Çünki istənilən vaxt əl altında olan silah qəzəb vəziyyətində istifadə oluna bilər.
Sual 2/2
Yetkinlik yaşına çatmış şəxslərin istənilən odlu silahı qanuni müvafiq qaydada əldə etmək imkanı olarsa , sizcə bu, cinayətkarlığın sayına necə təsir edər?

Oxşar sorğular

Prezidentin sosial və kadr islahatları ictimai rəydə

Prezidentin sosial və kadr islahatları ictimai rəydə

Son illər əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm … ƏTRAFLI

SORĞUYA QATIL
Azərbaycanda işsizlik və həyat məmnuniyyəti: ən yüksək həssas qrupların müəyyənləşdirilməsi

Azərbaycanda işsizlik və həyat məmnuniyyəti: ən yüksək həssas qrupların müəyyənləşdirilməsi

Vətəndaşların rifah səviyyəsinin və həyat məmnuniyyətinin yüksəldilməsi iqtisadi siyasətin əsas hədəflər… ƏTRAFLI

SORĞUYA QATIL
Azərbaycan əhalisinin şəxsi təhlükəsizliyi

Azərbaycan əhalisinin şəxsi təhlükəsizliyi

Cəmiyyətdəki fərdlərin və icmaların təhlükəsizliyinin təminatı hər bir dövlətin prioritetlərindən biridir… ƏTRAFLI

SORĞUYA QATIL