Hesabatlar

Prezidentin sosial və kadr islahatları ictimai rəydə

 

Son illər əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilin əvvəlindən etibarən imzaladığı sərəncamlar öz miqyasına görə ümumrespublika və ümumxalq xarakteri daşımaqla, son dərəcə əhəmiyyətli sosial, siyasi tədbirlər kimi xarakterizə olunur.

 

 

Nəzərə almaq lazımdır ki, postneft dövrü dünya, eləcə də ölkəmizdə müşahidə edilən dəyişiklikləri, eyni zamanda yeni tendensiyaları və çağırışları müəyyənləşdirməyi və onların həlli istiqamətində zəruri olan davamlı strategiyaların tətbiqini önə çıxarır.

 

Qeyd edək ki, neftin dünya bazarında qiymətinin 3-4 dəfə aşağı düşməsi 2015-ci ildə Azərbaycanın maliyyə bazarında müəyyən streslər yaratdı və nəticədə manat dəyərini xarici valyutalar qarşısında iki dəfəyə yaxın itirdi, əhalinin maddi rifahında müəyyən problemlər meydana çıxdı. Bütün neqativ təsirləri aradan qaldırmaq üçün dövlət sosial-iqtisadi siyasətin əsas istiqamətlərini müəyyən edərək, genişmiqyaslı islahatlar paketinə start verdi. Sözü gedən qərarlar öz maliyyə yükünə, tutumuna və əhatəlilik dərəcəsinə görə əvvəlki illərdən xeyli fərqlənirdi.

 

Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara əsasən, sentyabrın 1-dən etibarən minimum əmək haqqının 250 manata, oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulur. Eyni zamanda, müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20-50% civarında artımı təmin ediləcək. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir.

 

Azərbaycanda ilk dəfə olaraq, minimum əmək haqqı yaşayış minimumunu üstələyəcək. Habelə dövlət və özəl sektorda maaşların aşağı həddinin artacağı təqdirdə yuxarı hədləri də pilləli şəkildə yüksələcək. Bununla da minimum və orta aylıq əmək haqqı səviyyəsinə görə, Azərbaycan region dövlətlərlə oxşar parametrlər üzrə bərabərləşəcək, eləcə də ayrı-ayrı hallarda irəliyə keçəcəkdir.

 

Dövlət başçısının hüquq-mühafizə və güc strukturlarının rəhbərliyinə dair müvafiq sərəncamları ölkədə aparılan kompleks islahatlardan xəbər verir. Bu, əhalinin sosial rifahı ilə yanaşı, ictimai təhlükəsizliyin gücləndirilməsinin dövlətin diqqət mərkəzində olduğunun göstəricisidir.

 

İslahatlar əhalinin sosial rifahında həlledici rol oynamaqla yanaşı, 2015-ci ilə qədərki iqtisadi aktivliyin sürətli bərpasına, həmçinin, cəmiyyətdə mənəvi-psixoloji iqlimin daha yaxşılaşmasına müsbət təsir göstərəcək. Qəbul edilən qərarlar əhalinin dövlətə inamının artmasında və ölkə rəhbərinin nüfuzunun daha da güclənməsində, sosial sabitliyin qorunub saxlanılmasında və devalvasiyadan sonra əhalinin maddi vəziyyətində yaranan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.

 

Dövlət başçısı tərəfindən həyata keçirilən siyasətə, aparılan islahatlara, imzalanan sərəncamlara əhalinin münasibətinin və bunun cəmiyyətin əhval-ruhiyyəsinə təsirinin öyrənilməsi aparılan işin effektivliyinin daha da möhkəmləndirilməsi baxımından çox vacibdir.

 

Sosial Tədqiqatlar Mərkəzinin müvafiq departamentləri tərəfindən 2019-cu il 18 və 20 iyun tarixlərində imzalanan sərəncamları hədəf götürərək postneft dövrü kontekstində reallaşdırılan islahatlara əhalinin münasibətini öyrənmək məqsədilə ümumrespublika səviyyəli ictimai rəy sorğusu keçirilmişdir.

 

 

Sorğunun məqsəd və vəzifələri

 

 

Keçirilən ictimai rəy sorğusunun əsas məqsədi aşağıdakılardır:

 

1) Dövlət başçısının iyunda imzaladığı sərəncamlar haqqında əhalinin məlumatlılıq səviyyəsini öyrənmək;

 

2) Sözügedən sərəncamlar haqqında əhalinin əsas məlumat mənbələrini müəyyən etmək;

 

3) Əhalinin imzalanan sərəncamlara münasibətini öyrənmək;

 

4) Əhalinin Prezident tərəfindən həyata keçirilən sosial islahatlara reaksiyasını və məmnunluq səviyyəsini müəyyən etmək;

 

5) Sərəncamlar əsasında artırılan əmək haqqı və pensiyanın nəticələrinə dair gözləntiləri aşkara çıxarmaq;

 

6) Sərəncamlar əsasında baş verən kadr dəyişiklikləri haqqında əhali arasında məlumatlılıq səviyyəsini və buna münasibəti öyrənmək;

 

7) Kadr islahatları ilə bağlı gözləntiləri öyrənmək;

 

8) Əhalinin dövlətə və hakimiyyət strukturlarına münasibətini, inam və etibarını müəyyən etmək;

 

9) Həyata keçirilən islahatlara vətəndaşların özlərinin təsir imkanlarının səviyyəsini öyrənmək.

 

 

Sorğunun metodoloji prinsipləri

 

 

Respondentlərin seçimi:

 

 

● Keçirilən ictimai rəy sorğusunda ümumilikdə 1212 respondent iştirak edib. Respondentlər arasında coğrafi, gender və yaş balansı qorunub.

 

● Respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib. 101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1212 nəfər seçilib. Sistematik təsadüfi seçmə metodu ilə hər üç evdən biri seçilib. Hər evdəki respondent “sonuncu ad günü prinsipi” ilə seçilib. Statistik xəta əmsalı 2,8%-dir.

 

●Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın) 25 şəhər, 76 rayon və kənddə aparılıb.

 

● Genişmiqyaslı tədqiqatdan öncə Bakıda və 3 rayonda əhalinin müxtəlif sosial və demoqrafik qruplarını təmsil edən 80 respondent arasında sınaq tədqiqatı keçirilib. Sınaq nəticəsində anketdə lazımi düzəlişlər edilib.

 

Sorğu anketi

 

 

Sorğu anketi 26 sualdan (21 spesifik və 5 sosial-demoqrafik) ibarətdir. Suallar Prezident tərəfindən imzalanan müvafiq sərəncamlara münasibəti öyrənmək istiqamətində hazırlanıb.

 

Təlimat

 

● İntervüyerlər üçün təlimat qaydaları hazırlanıb.

 

● İntervüyerlər işə başlamazdan əvvəl Mərkəz əməkdaşları tərəfindən müvafiq təlimdən keçirilib.

 

● Təlim zamanı intervüyerlər anket və təlimatlarla dərindən tanış olaraq, sorğunun keçirilməsi üçün tam hazır olublar.

 

● Sorğu anketindəki hər bir sual üzrə geniş izahatlar verilib və intervüyerlər tərəfindən test sorğusu aparılıb.

 

Sorğunun aparılma üsulu

 

Sorğunun aparılmasında “üz-üzə” müsahibə üsulundan istifadə olunub. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, sorğular ənənəvi üsul olan kağız formatında deyil, planşetlər vasitəsilə həyata keçirilib. Son illər ABŞ-da və Böyük Britaniyada daha geniş tətbiq olunan və müasir sorğu proqramı kimi qəbul olunan SurveyToGo proqramından istifadə edilib. Bu proqram geniş coğrafiyalarda sahəvi işə nəzarət etmək, sorğu prosesinə onlayn müşahidəni əldə saxlamaq və etibarlı informasiya almaq baxımından bir çox üstünlüklərə malikdir.

 

Sahə işi

 

Sahə işi 2019-cu ilin iyulun 7-dən 14-dək olan dövrdə keçirilib.

Əhali arasında müsahibələr ev təsərrüfatı şəraitində aparılıb.

Bütün müsahibələrdə anonimlik ciddi şəkildə təmin edilib.

Respondentlər tam əmin ediliblər ki, onların cavabları yalnız ümumiləşdirilmiş şəkildə istifadə olunacaq. Bu amil sorğu nəticəsində toplanılan məlumatların yüksək etibarlılığına səbəb olub.

 

Məlumatların işlənməsi və təhlili

 

Sorğu başa çatdıqdan sonra hər bir anket üzrə toplanılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS - Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib. Təsviri analizlərlə yanaşı, dəyişənlər arasında bir sıra korrelyasiyalar da (əlaqələr) müəyyənləşdirilib.

 

 

Sorğunun nəticələrinin təhlili

 

Demoqrafik göstəricilər

 

Sorğuya cəlb edilən 1212 respondentin 50,6%-i kişi, 49,4%-i qadınlardan ibarətdir. Respondentlər arasında minimum yaş 18, maksimum yaş 87-dir. Onların orta yaşı 49-dur. Iştirak edənlərin 50,1%-i tam orta təhsilə, 23,3%-i ali təhsilə sahibdir. Peşə-ixtisas təhsili/kolleci bitirənlərin payı 20,3%, natamam orta təhsilə malik olanların payı isə 4,7% təşkil edir. 1,6% respondentin təhsili yoxdur.

 

Sorğu çərçivəsində respondentlərin məşğulluq kriteriyası üzrə geniş spektrliliyinə xüsusi önəm verilmişdir. Belə ki, respondentlərin 32,7%-i dövlət sektorunda işlədiyi halda, 23,5%-i təqaüdçüdür. Özəl sektorda işləyənlərin faiz nisbəti dövlət sektorunda işləyənlərdən təxminən 5 dəfə azdır - 6,6%. Fərdi əmək fəaliyyəti ilə məşğul olanların payı 12,3%, işləməyənlərin payı 8,3%-dir. Respondentlərin arasında 14% evdar qadın olmuşdur. Tələbələrin payı 1,6%, müvəqqəti işləməyənlər faizi isə 0,2% təşkil edir.

 

Sorğuda iştirak edən 1212 respondentin şəxsi gəlirlərinin orta səviyyəsi 292 manat, ailələrinin orta gəlir səviyyəsi isə 462 manat təşkil edir.

 

 

 

 

Əmək haqqı, pensiya və minimum aylıq əmək haqqının artırılması istiqamətindəki Prezident sərəncamlarına ictimai münasibətin öyrənilməsi

 

 

Sorğuda iştirak edən respondentlərin təxminən yarısı (46,1%) Prezident tərəfindən iyunda pensiyaların minimum məbləğinin 25% artırılaraq 200 manat olması ilə bağlı imzalanan sərəncam barədə “çox məlumatım var” cavabını qeyd edib (cədvəl 1).

 

Bununla yanaşı, digər 3 sərəncam haqqında “çox məlumatım var” cavabını verən respondentlərin say göstəricisi 40%-dən çoxdur: minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 42,5%, müəllimlərin maaşının 20% artırılması 40,9%, dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 40,3% təşkil edir.

 

Həmçinin, eyni sayda respondent (40%-dən çox) bütün 4 sərəncam barədə “müəyyən qədər məlumatım var” cavabını qeyd edib: minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 42,5%, müəllimlərin maaşının 20% artırılması 40,4%, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 40,2% pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması 40,4% təşkil edir.

 

Respondentlərin 8-13% bu barədə “heç bir məlumatım yoxdur” söyləyib: minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 8%, müəllimlərin maaşının 20% artırılması 11,8%, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 12,7% pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması 8,3% səviyyəsindədir.

 

Ümumilikdə götürdükdə əhali arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsuldan (T-test) istifadə edilərək müəyyən olunub ki, tədqiqatda iştirak edən respondentlər arasında artımlardan yararlananlar bu haqda daha çox məlumatlıdır. Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması barədə qadınlarla müqayisədə kişilər daha çox məlumatlıdırlar. Bu, onu göstərir ki, kişilər qadınlara nisbətdə daha çox informasiya qəbul edirlər. Bakı və Abşeronda əhali arasında sərəncamlar haqqında məlumatlılıq səviyyəsi digər bölgələrə nisbətən daha yüksəkdir. Həmçinin, gəlir səviyyəsi ilə respondentin məlumatlılıq dərəcəsinin müsbət korrelyasiyası göstərdi ki, daha yüksək gəliri olan şəxslər islahatlar barədə daha məlumatlıdırlar.

 

 

 

 

 

Respondentlər sərəncamlar haqqında məlumatı müxtəlif mənbələrdən alıblar və həmin məlumat mənbələrinin “xüsusi çəkisi” bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir (cədvəl 2).

 

İlk növbədə, respondentlər sərəncamlar haqqında məlumatı əsasən televiziyadan alırlar. Bu göstərici 75%-dən çox təşkil edir. Başqa sözlə desək, hər dörd respondentdən üçü məhz bu mənbədən məlumat alır:

 

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 80,2%;

 

Müəllimlərin maaşının 20% artırılması 75,4%;

 

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq- mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 75,8%;

 

Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması 78,6%.

 

Sözügedən sərəncamlar haqqında məlumat mənbəyi kimi əhəmiyyətlilik dərəcəsinə görə televiziyadan sonra ikinci yerdə sosial şəbəkələr gəlir. Hər dördüncü respondent bu fikirdədir (26-30% aralığında):

 

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 29,5%;

 

Müəllimlərin maaşının 20% artırılması 27,7%;

 

Dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 27,3%;

 

Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması 26,2%.

 

Əhəmiyyətlilik dərəcəsinə görə sosial şəbəkələrdən sonra üçüncü yerdə respondentlərin gündəlik ünsiyyətdə olduğu mikromühit, yəni ətrafındakı insanlar (ailə üzvləri, iş yoldaşları, qohumlar) isə 18-21% təşkil edir:

 

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması 18,3%;

 

Müəllimlərin maaşının 20% artırılması 20,8%;

 

Dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması 17,6%;

 

Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması 18,6%.

 

İnsanların yaşayış yeri, yaşı və təhsil səviyyəsindən asılı olaraq, məlumat əldə etmə mənbələri bir-birindən fərqlənir. Belə ki, regionlarda yaşayan, yaşlı və təhsil səviyyəsi aşağı olan insanlar artımlarla bağlı məlumatları televiziyadan, Bakı-Abşeronda yaşayan, gənc və təhsil səviyyəsi yüksək olan insanlar isə artımlarla bağlı məlumatları internetdən əldə edirlər. Bu nəticə dövlətin kommunikasiya siyasətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edə bilər. Xüsusilə, Bakı və Abşerondan kənarda yaşayan əhalinin məlumatı televiziyadan daha çox aldığını nəzərə alaraq, dövlət siyasətinin düzgün çatdırılmasında TV-lərin fəaliyyətinə diqqətin daha da artırılması məqsədəuyğun olar.

 

60% respondent məlumatları yalnız bir mənbədən, 35% respondent iki mənbədən, yerdə qalan 5% respondent isə üç və daha çox mənbədən alır.

 

Bakı ilə müqayisədə regionlarda əhali artımlarla bağlı məlumatları daha çox televiziyadan və ətrafdakı insanlardan alır. Insanların yaşı artdıqca məlumatları internetdən alma göstəricisi aşağı düşür. Digər tərəfdən təhsil səviyyəsi yüksək olan insanlar məlumatları da daha çox internetdən almağa üstünlük verirlər.

 

Ümumiyyətlə, ailənin, sosial mikromühitin respondentlərə informasiya ötürmə prosesində kifayət qədər böyük və xüsusi rol oynadığını qeyd etmək lazımdır. Respondentlər məhz bu yolla çox zaman sosial proseslər haqqında zəruri məlumatları əldə edirlər.

 

 

Sərəncamlara münasibət

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (92,9%) minimum aylıq əmək haqqının artırılaraq 250 manat olmasına müsbət münasibət bildirib (57% “çox yaxşı”, 35,9% “yaxşı” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (93%) müəllimlərin maaşının 20% artırılmasına müsbət münasibət bildirib (55% “çox yaxşı”, 38% isə “yaxşı” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (91,9%) dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının işçiləri və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılmasına müsbət münasibət bildirib (55,1% “çox yaxşı”, 36,8% isə “yaxşı” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (93,1%) pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olmasına müsbət münasibət bildirib (56,8% “çox yaxşı”, 36,3% isə “yaxşı” cavab variantını qeyd edib).

 

T-testinin nəticəsinə əsasən, minimum aylıq əmək haqqının (p<0.05) və pensiyanın minimum məbləğinin (p<0.05) artırılmasına münasibət müəllimlərin və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının artırılmasına münasibətdən daha yaxşıdır.

 

Ümumilikdə artıma dəstək müşahidə olunsa da sorğu zamanı əhalinin bir qismi müəllimlərin maaşının artım faizinin digər dövlət qulluqçuları ilə müqayisədə aşağı olduğunu bildirib. Belə ki, respondentlər düşünür ki, müəllimlərin əmək haqqı səviyyəsi bir-başa olaraq onların işinin keyfiyyətinə təsir edir. Daha yüksək əmək haqqı səviyyəsi təhsilin və tədrisin keyfiyyətini bilavasitə yüksəldə bilər. Bununla yanaşı, müəllimlər məşğul əhalinin əhəmiyyətli hissəsini təşkil edir. Məhz buna görə də, müəllimlərin əmək haqqı səviyyəsinin daha da artırılması sosial-siyasi cəhətdən arzuolunandır.

 

Təqaüdçülər və dövlət sektorunda işləyənlərin artımlarla bağlı sərəncamlara münasibəti digər kateqo- riyalarla (özəl sektor, evdar qadın, işsiz) müqayisədə daha yaxşıdır. Insanların məşğuliyyəti və artımlarla əhatəliliyindən asılı olmayaraq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyunda imzaladığı sərəncamları dəstəkləyir.

 

 

 

 

Cəmiyyətin sosial islahatların vacibliyinə münasibətinin öyrənilməsi dövlətin islahatlar strategiyasında prioritetlərin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (87,5%) bu sosial islahatların həyata keçirilməsini çox vacib hesab edir.

 

Eyni zamanda, hər onuncu respondent (11,2%) islahatların müəyyən dərəcədə vacib olduğunu qeyd edib. Yalnız 1,3% respondent islahatların vacib olmadığını düşünür.

 

Sosial islahatların həyata keçirilməsini vacib hesab edən respondentlərin sayının çoxluğu əhalinin dövlət başçısı tərəfindən atılan addımlara müsbət yanaşmasının aydın göstəricisidir.

 

Artımların əhatə etdiyi respondentlər sosial islahatların həyata keçirilməsini daha vacib hesab edirlər. Anova testi göstərir ki, işləməyən insanlar sosial islahatların həyata keçirilməsini daha az vacib hesab edirlər.

 

 

Minimum aylıq əmək haqqı, pensiyanın minimum məbləği və əmək haqlarındakı artım respondentlərin 56%-nin özünü, 61%-nin isə ailəsini əhatə edir. Artımlar respondentlərin 38%-nin həm özünü, həm də ailəsini əhatə etdiyi halda, 21% isə heç əhatə etmir.

 

 

Prezident sərəncamlarının müxtəlif hədəf kütlələrə istiqamətlənməsi onun əhatə dairəsinin təsbitini zəruriləşdirir.

 

Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması respondentlərin 33%-nin özünü, 35%-nin isə ailəsini əhatə edir. Müəllimlərin 13%-nin özünün, respondentlərin 10%-nin isə ailəsində olan müəllimlərin maaşı 20% artacaq. Dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin 14%-nin özlərinin, respondentlərin 17%-nin isə ailəsində olan şəxslərin aylıq vəzifə maaşları, orta hesabla 40% artacaq. Pensiyanın minimum məbləğinin 25% artırılaraq 200 manat olması təqaüdçülərin 40%-nin özünü, respondentlərin isə 38%-nin ailəsində olan təqaüdçüləri əhatə edəcək.

 

 

Respondentlərin çoxu (62,2%) artımlar nəticəsində “özlərinin və ailələrinin maddi vəziyyətinin yaxşılaşacağ”ını gözləyir.

 

Təxminən 40% (39,4%) “ev və yaşayış şəraitim yaxşılaşacaq” cavabını qeyd edib.

 

Bundan əlavə, sorğuda iştirak edən hər üç respondentdən biri hesab edir ki, “sağlamlığımın qayğısına qalmaq imkanım artacaq” (32,6%), “kredit və borc yükünün azalmasına köməklik göstərəcək” (32,1%).

 

Eyni zamanda, hər onuncu respondent (9,5%) “səyahət və istirahət planlarımın reallaşmasına imkan yaradacaq” cavab variantını qeyd edib. Cəmi 3,4% artımların ailə qura bilmək üçün onlara şərait yaradacağını bildirib. Bu, onu göstərir ki, əhali artımların daha çox onların cari problemlərini həll edəcəyini düşünür.

 

Respondentlərin yalnız 16,7%-i (203 nəfər) “heç bir dəyişiklik olmayacaq” fikrini qeyd edib. Artımlarla nə özü, nə də ailəsi əhatə olunmayan 203 respondentin 75%-i (152 nəfər) heç bir dəyişiklik olmayacağını bildirib.

 

 

Sorğu respondentlər arasında sosial islahatlarla bağlı kifayət qədər müsbət və nikbin gözləntilərin olduğunu göstərir.

 

Əsasən gözləntilər “əhalinin həyat səviyyəsinin artması” (67%) və “vətəndaşlar arasında Prezidentin nüfuzunun artması” (64%) ilə bağlıdır. Artımlar nəticəsində vətəndaşlar arasında Prezidentin nüfuzunun güclənməsi fikrini daha çox regionlardan olan insanlar bildirib. 

 

Respondentlərin əhəmiyyətli bir hissəsi (43%) əhalinin alıcılıq qabiliyyətinin, hakimiyyət orqanlarına etimad və hörmətin artacağına (40%) inanır.

 

Hər üçüncü respondent ümid edir ki, cəmiyyətdə mənəvi-psixoloji mühit yaxşılaşacaq (33%).

 

Demək olar ki, sorğuda iştirak edən hər dörd respondentdən biri hesab edir ki, artımlar korrupsiyanın azalmasına (27%), əhalinin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına (26%) səbəb olacaq.

 

Hər beşinci respondent əmindir ki, artımlar əhalinin yığım imkanının artmasına (22%) gətirib çıxaracaq.

 

Respondentlərin yalnız 9%-i keçirilən sosial islahatlardan heç bir konkret nəticə gözləmir. Respublikanın digər bölgələrinə nisbətən Bakı və Abşeronda yaşayan əhali arasında artımların müsbət dəyişiklikliyə səbəb olmayacağı fikri müəyyən qədər geniş yayılıb. Bu, əsasən Bakı və Abşeronda yaşayış xərclərinin bölgələrə nisbətdə daha yüksək olması, artımların respontentlərin həyat şəraitinin yaxşılaşmasına təsir effektinin zəif olması ehtimalı ilə bağlıdır.

 

 

 

Respondentlərin əksəriyyəti (75%) artımların mənfi təsirinin olmayacağını bildirib. Bu rəqəmləri çox müsbət bir göstərici kimi qeyd etmək olar. Artımların mənfi təsirinin olacağını söyləyən 25% respondentə bunların nə ola biləcəyi sualı ünvanlanıb.

 

Mənfi təsirlərin olacağını düşünən 298 nəfər (25%) respondentin əksəriyyəti (92%) artımların bahalaşmaya səbəb olacağını düşünür. Insanlarla söhbət zamanı onlar hətta artıq bazarlarda qiymət artımının olmasından şikayətlənirdilər. Bu nəticə ciddi narahatlıq doğurur. Belə ki, əhalinin müəyyən qisminin belə düşünməsi islahatların effektivliyinə təsir göstərir. Bazar iqtisadiyyatı şəraitində tənzimlənməsi olduqca mürəkkəb olan bu proses müvafiq artımların müsbət tərəflərinə kölgə salır. Qiymət atımını gözləyən respondentlərin əksəriyyəti antiinhisar və rəqabət mexanizmlərinin gücləndirilməsi ilə bağlı ciddi gözlənti içərisindədirlər.

 

Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi ahə ilə bağlı keçirilən müşavirədə inflyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq, bəzi hallarda süni qiymət artımının müşahidə olunduğuna diqqət çəkib. Dövlət başçısı bunun qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıb və iqtisadi-maliyyə qurumlarını məsələ ilə bağlı ciddi məşğul olmağa çağırıb.

 

Demək olar ki, hər üçüncü respondentdə (29%) inflyasiya gözləntisi var.

 

Demək olar ki, hər dördüncü respondent artımların işsizliyin (19%) və vergidən yayınma hallarının artmasına səbəb olacağını (18,1%) düşünur.

 

Nəhayət, respondentlərin yalnız 16%-i “əmək müqaviləsi ilə işə götürmənin sayı azalacaq” fikrini bildirib.

 

Qeyd edilən istiqamətlər üzrə gözləntilər respondentlərin müvafiq dövlət institutlarının islahatların effektivliyinin artırılması istiqamətində daha güclü və mobil koordinasiya çərçivəsində işləməsini ön plana çıxarır.

 

 

Artımların əhalinin sosial-iqtisadi vəziyyətinə təsiri

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (90%) əmək haqlarındakı artımın əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyini düşünür (54% “çox müsbət”, 36% isə “əsasən müsbət” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (91%) minimum aylıq əmək haqlarındakı artımın əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyini bildirib (53% “çox müsbət”, 38% isə “əsa- sən müsbət” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (91%) pensiyalardakı artımın əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyini bildirib (54% “çox müsbət”, 37% isə “əsasən müsbət” cavab variantını qeyd edib).

 

T-testi göstərir ki, respondentlər əmək haqlarındakı artımla müqayisədə pensiya və minimum aylıq əmək haqlarındakı artımın əhalinin sosial-iqtisadi və- ziyyətinə daha müsbət təsir edəcəyini düşünür.

 

Asılı olmayan dəyişənlər arasında aparılan T-testi göstərir ki, regionlarda yaşayan əhali Bakı və Abşeronda yaşayanlarla müqayisədə hər üç istiqamətdə aparılan artımlardan daha müsbət nəticələr gözləyir.

 

Pirson korrelyasiyasına görə, yaşlı əhali arasında artımların əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsir edəcəyinə inam daha yüksəkdir.

 

 

 

İslahatların əsas fəlsəfəsinə dair yanaşmalara cəmiyyətin baxışı siyasət idarəediciləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu eyni zamanda geniş ictimaiyyətin islahatları hansı kontekstdə qəbul etdiyinin də təsbiti baxımından əhəmiyyətlidir.

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (94%) “İslahatlar ölkə rəhbərliyinin əhaliyə qayğısının göstəricisidir” fikri ilə razıdır (74% “tam razıyam”, 20% isə “əsasən razıyam” cavabını verib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (93%) “İslahatların həyata keçirilməsi insanların dövlətə inamının artmasına səbəb olacaq” fikri ilə razıdır (71% “tam razıyam”, 22% isə “əsasən razıyam” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (96%) “Dövlət islahatları davamlı keçirmək gücünə malikdir” fikri ilə razıdır (79% “tam razıyam”, 17% isə “əsasən razıyam” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (93%) “Artımlar ölkə rəhbərinin Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” fikrinin təsdiqidir” fikri ilə razıdır (70% “tam razıyam”, 23%isə “əsasən razıyam” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (95%) “İslahatlar ölkə rəhbərliyinin güclü və davamlı sosial siyasətinin təzahürüdür” fikri ilə razıdır (70% “tam razıyam”, 25% isə “əsasən razıyam” cavab variantını qeyd edib).

 

Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (94%-dən çox) “İslahatlar xalqın mənafeyinə xidmət edir” fikri ilə razıdır (74% “tam razıyam”, 20% isə “əsasən razıyam” cavab variantını qeyd edib).

 

T-testi göstərir ki, regionlarda yaşayan əhalinin yuxarıda sadalanan mülahizələrlə razılıq dərəcəsi Bakıda yaşayanlara nisbətən daha yüksəkdir. Həmçinin, bu özünü artımların əhalini əhatə etməsində də göstərir. Belə ki, özü və ailəsi artımlarla əhatə olunanlar bu fikirlərlə daha çox razıdır.

 

 

Struktur və kadr islahatları istiqamətində Prezident sərəncamlarına ictimai münasibətin öyrənilməsi

 

Müasir qlobal çağırışlar sosial-iqtisadi islahatların effektivliyi və təsir gücünün genişləndirilməsi baxımından əhəmiyyətli dərəcədə struktur və kadr siyasəti ilə bağlılığını şərtləndirir. Cari ildə həyata keçirilən struktur və kadr dəyişikliyinə cəmiyyətin reaksiyasının öyrənilməsi islahatlara münasibətin kompleks dəyərləndirilməsinə imkan verir.

 

 

Respondentlərin əhəmiyyətli bir hissəsinin (79%) hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişiklikləri haqqında ümumi məlumatı mövcuddur, 24%-nin isə tam məlumatı var. Lakin 21% respondentin ümumiyyətlə heç bir məlumatının olmadığı müəyyənləşdirilmişdir və bu kütləvi informasiya vasitələrində sözügedən məsələ ilə bağlı davamlı təhlil, şərh və müzakirələrin daha çox aparılmasına ehtiyacı ortaya qoyur.

 

Asılı dəyişənlər üçün T-testi göstərdi ki, artımlarla bağlı sərəncamlarla müqayisədə, statistik əhəmiyyətli dərəcədə (p<0.01) nisbətən az respondentin hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişiklikləri haqqında məlumatı var. Bunun başlıca səbəbi hüquq-mühafizə sistemində əvvəlki müsbət ənənələrin qorunub saxlanılması, ictimai təhlükəsizliyin güclənməsinə dair əminlik hissi və burada aparılan kadr dəyişikliyinin həmin kontekstdə qəbul olunması ilə əlaqələndirilə bilər. Digər tərəfdən təhsil səviyyəsi yüksək olan respondentlərin kadr dəyişiklikləri haqqında məlumatlılığı daha çoxdur.

 

 

Respondentlərin böyük bir hissəsi (74,3%) hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərindən razıdır. Onların 42,7%-i tam razılığını ifadə edib. Müvafiq olaraq cəmi 10% respondent razı deyil (4% “əsasən razı deyiləm”, 6% “heç razı deyiləm” cavabını verib).

 

Bir çox suallardan fərqli olaraq bu sualda ''Cavab verməkdə çətinlik çəkirəm'' variantının 15,7% respondent tərəfindən seçilməsini qeyd etmək lazımdır. Bunun da müxtəlif səbəbləri (sistem barədə kifayət qədər məlumatın olmaması, yeni təyin edilən bəzi şəxslər barədə məlumatın az olması, məxfi sistemlər haqqında məlum qapalılıq, əhalinin fikrini açıq ifadə etməkdən yayınması və s.) ola bilər.

 

Qeyd edək ki, bu sualla bağlı respondentlər arasında iki fikir geniş yayılıb: “Prezident təyin edibsə, yəqin, düzgün olar”; “Mən siyasətə qarışmıram”.

 

Bir sıra dəyişənlər arasında müəyyən edilən korrelyasiyalar bunu deməyə əsas verir ki, hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərindən ailə müstəvisində daha az gəlir səviyyəsinə malik insanlar daha az razıdırlar. Həmçinin, respondentin məşğuliyyət növü ilə onun hüquq-mühafizə və təhlükəsizlik sistemində baş verən kadr dəyişikliklərinə münasibəti arasında da korrelyasiya müəyyən edilib. Belə ki, təqaüd alanlarla dövlət sektorunda çalışanların adıçəkilən dəyişikliklərdən daha çox razı olduqları aşkar edilib. Kadr dəyişikliklərindən razılıq ilə region arasındakı korrelyasiyaya əsasən, Bakı və Abşerondan kənarda yaşayan vətəndaşlar kadr dəyişikliklərindən bölgələrə nisbətən daha çox razıdır.

 

 

Prezidentin müvafiq sərəncamı əsasında baş verən kadr islahatlarından gözləntilərə gəlincə, ən geniş yayılan cavab kimi “daha təhlükəsiz yaşam şəraiti” (57%) qarşıya çıxır. Onun ardınca isə “ölkəmizin hərbi gücünün artması” (50,8%), “siyasi və sosial sabitliyin daha da güclənməsi” (42%) və “korrupsiyaya qarşı mübarizənin daha da güclənməsi” (40%) cavabları gəlir. Respondentlərin cəmi 11%-nin Prezidentin müvafiq sərəncamı əsasında baş verən kadr islahatlarından gözləntiləri yoxdur. Bu isə ona dəlalət edə bilər ki, respondentlərin 11%-i kadr islahatlarının hər hansı yeniliyə (müsbət və ya mənfi) səbəb olacağını düşünmür.

 

Krostab ("crosstabs") analiz göstərdi ki, kadr dəyişikliklərindən razı olmayan respondentlərin əhəmiyyətli hissəsinin bu dəyişikliklərdən heç bir gözləntisi yoxdur.

 

 

Respondentlərin 71,5%-i həyata keçirilən islahatların uğurlu olacağına çox inanır. Qismən inanan respondentlər 22,8%, inanmayan respondentlər isə 5,5% təşkil edir. Ümumi götürdükdə tədqiqata cəlb olunan respondentlər arasında islahatların uğurlu olacağına inananlar üstünlük təşkil edir. Burada daha öncəki islahatların, dövlət tərəfindən əhalinin rifahının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin müsbət mənada çox təsiri var.

 

Özləri və ailələri artımlardan yararlananlar islahatların uğurlu olacağına daha çox inanırlar. İslahatların uğurlu olacağına inamda üç faktorun (region, yaş, təhsil) təsiri var. Belə ki, Bakı və Abşeronla müqayisədə regionlarda yaşayanlar, gənclərlə müqayisədə yaşlılar, ali təhsillilərlə müqayisədə təhsil səviyyəsi aşağı olanlar islahatların uğurlu olacağına daha çox inanırlar.

 

 

İslahatların uğurla həyata keçirilməsi yalnız sərəncamın verilməsindən asılı deyil. Müxtəlif amillər var ki, islahatların effektiv olması onlarla birbaşa bağlıdır. Respondentlərin 71,5%-i islahatların uğurla həyata keçirilməsində dövlət başçısının iradəsi və qətiyyətinin vacib olduğunu bildirib. Əhalinin bu məsələdə də əsas qüvvə kimi ölkə Prezidentini görməsi onların dövlət başçısına olan inamından qaynaqlanır. Ikinci amil əhali tərəfindən dəstəkdir (63,7%). Həmçinin, 53,8% respondent vətəndaş həmrəyliyinin olmasının vacibliyini bildirib. Bu, əhalinin özünü bir növ aparılan islahatların hərəkətverici qüvvəsi hesab etməsinin göstəricisidir. Ötən illərlə müqayisədə vətəndaşlar özlərini daha çox bu proseslərdə görməyə başlayıblar. Burada da dövlət başçısı tərəfindən əhali arasında keçirilən görüşlərin, vətəndaşların şikayətlərinə uyğun adekvat addımların atılmasının rolu var. Bu baxımdan, respondentlərin 43,8%-i hakimiyyət və cəmiyyət arasında davamlı dialoqun vacib olduğunu düşünür.

 

İslahatların uğurla həyata keçirilməsində maarifləndirmənin əhəmiyyətli rolu var. Belə ki, əhali arasında zəif məlumatlılıq onların bəzən bu imtiyazlardan yararlanmasına mane olur. Tədqiqata cəlb olunan respondentlərin 30%-i islahatların effektli təbliğatının vacib olduğunu bildiriblər.

 

 

Dövlət başçısı tərəfindən əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində davamlı sərəncamlar, fərmanlar verilsə də, bəzi hallarda onların tətbiqində problemlər yaşanır. Belə ki, bəzən bu imtiyazlar, güzəşt və artımlar müxtəlif səbəblərdən ünvanına çatmır ki, bu da əhali arasında dövlətə qarşı inama mənfi təsir göstərir. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (98%-dən çox) ölkəmizdəki sosial islahatların uğurla həyata keçirilməsinin ölkə rəhbərliyindən asılı olduğunu bildirib (92,3% “çox asılıdır”, 6,1% isə “kifayət qədər asılıdır” cavab variantını qeyd edib).

 

Ölkədə aparılan islahatların, müxtəlif istiqamətlərdə görülən işlərin effektiv həyata keçirilməsində respondentlərin mütləq əksəriyyəti (80,2%) məmurların rolunu xüsusi vurğulayıb (55% “çox asılıdır”, 25,2% “kifayət qədər asılıdır” cavab variantını qeyd edib).

 

Əhali arasında maraqlı bir hal müşahidə olunur. Onlar problemlərinin həll olunmamasında, müxtəlif məsələlərdə süründürməçiliklə qarşılaşmalarında məmurları günahlandırırlar. Bu baxımdan, insanlar belə bir fikir söyləyirlər: “Prezident qərar verir, yerlərdə onu düzgün icra edənlər azdır”.

 

Respondentlərin mütləq əksəriyyəti (80,4%) islahatların uğurla həyata keçirilməsinin yerli icra orqanlarının fəaliyyətindən asılı olduğunu qeyd edib (52,3% “çox asılıdır”, 28,1% isə “kifayət qədər asılıdır” cavab variantını qeyd edib). Bölgələrdə əhalini narahat edən əsas məsələlərdən biri də icra hakimiyyəti orqanlarında qarşılaşdıqları problemlər və süründürməçilik hallarıdır. Bir çox hallarda yerli icra məmurlarının əhali ilə işi yüksək tələblər çərçivə- sində qurmadığı üzə çıxır.

 

Respondentlərin 78,9 %-i islahatların uğurlu olmasının millət vəkillərindən asılı olduğunu bildirib (52,7% “çox asılıdır”, 26,2% isə “kifayət qədər asılıdır” cavab variantını qeyd edib). Buna baxmayaraq, əhali bir çox millət vəkillərinin lazımi şəkildə onların problemləri ilə maraqlanmadığını, müraciətlərinə baxmadığını, görüşlər keçirmədiyini dilə gətirib. Insanlar etimad göstərdikləri millət vəkillərinin onların səslərinin lazımi yerlərə çatdırılmasında iştirak etmədiklərindən və laqeydliklərindən narazıdırlar. Hətta bir çox bölgələrdə respondentlərin millət vəkillərinin ad və soyadını bilmədikləri üzə çıxdı.

 

Digərləri ilə müqayisədə islahatların uğurunun QHT-lərdən asılı olduğunu az insan (45,7%) düşünür. Bunun səbəbi xüsusilə də regionlarda yaşayan insanlarda QHT-lər barədə məlumatın az olmasıdır. Digər səbəb isə insanlarda “Dövlət olan yerdə QHT-lərin islahatlara təsiri yoxdur” fikrinin qətiləşməsidir.

 

 

İslahatların həyata keçirilməsi bütün dövrlərdə cəmiyyətin mütləq əksəriyyətinin razılığı ilə yanaşı, müəyyən qüvvələrin müqaviməti, sobatajı və ya təxribatları ilə də əhatə olunub. Belə ki, burada ayrı-ayrı vasitələrlə islahatların uğurlu olmasına mane olmağa çalışmalar da özünü göstərib.

 

“Sosial islahatların uğurla həyata keçirilməsinə kim və nə mane ola bilər” sualına respondentlərin 52,3%-i “heç kəs və heç nə” cavabını verib. Bu, insanların dövlət başçısına olan inamından və etibarından xəbər verir. İnsanlar belə bir fikir söyləyirlər: “Əgər Prezident bunu edirsə, digər qüvvələrin buna mane olmağa gücü çatmaz”. Buna baxmayaraq, bəzi respondentlər fərqli rəylərini bildirməyə çalışıblar. Belə ki, 25,2% respondent bəzi dövlət qurumlarının laqeyd yanaşmasının islahatların həyata keçirilməsinə mane ola biləcəyini düşünür. Yuxarıda qeyd etdiyimiz kimi, əhali müxtəlif qurumların fəaliyyətlərindən narazı olduğu üçün burada da narahatlıq doğuran onların laqeyidliyidir. 19% zəif ictimai nəzarətin, 18,9% vətəndaşlar arasında məlumatlılıq səviyyəsinin aşağı olmasının, 17,9% yerli hakimiyyət orqanları/yerli məmurların, 16,7% isə sahə üzrə mütəxəssislərin olmamasının islahatların uğurla həyata keçirilməsinə mane ola biləcəyini düşünür.

 

Çox az respondent (11,1%) siyasi müxalifətin fəaliyyətinin islahatların uğurla həyata keçirilməsinə mane ola biləcəyini bildirib. Bu göstəricinin az olması ölkədə iqtidarla müqayisədə siyasi müxalifətin nüfuzunun, fəaliyyətinin və imkanlarının aşağı olmasından xəbər verir.

 

Sosial islahatlara vətəndaşların təsiri

 

Respondentlərin mütləq əksəriyyəti (80%) sosial islahatların aparılmasına vətəndaşların təsirinin olduğunu bildirib (38,9% “olduqca çox”, 22,5% “kifayət qədər”, 18,5% “müəyyən qədər” variantlarını qeyd edib). Respondentlərin az hissəsi (14%) heç bir təsirin olmadığını qeyd edib. “İslahatların aparılmasına vətəndaşların təsirinin olması” fikri bölgələrdə yaşayan əhali arasında daha çox üstünlük təşkil edir. Bu göstərici əhalidə dövlətdə baş verən proseslərə vətəndaşların təsirinin olması fikrindən xəbər verir.

 

 

 

Respondentlərin 93,6%-i “Ölkə Prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır” fikri ilə razı olduğunu bildirib (73,3% “tam razıyam”, 20,3% “əsasən razıyam” cavab variantını qeyd edib). Ümumilikdə 6,4% bu fikirlə razı olmadığını bildirib. Əhali arasında Prezidentin vətəndaşları dinləməsi, onların maraq və tələbatlarını nəzərə alması fikri realdır və insanlar bütün sorğu prosesində bunu dəfələrlə təkrarlayıblar.

 

 

Ekspert sorğusunun nəticələri

 

Əhali arasında aparılan sorğuya əlavə olaraq iqtisadçı, millət vəkili, sosioloq, psixoloq və ekspertlərdən müsahibələr götürülüb. Onlara həm ümumi, həm də ixtisaslarına uyğun spesifik suallar verilib. Suallar əsasən islahatların vətəndaşların sosial-iqtisadi vəziyyətinə təsiri, artımlarla bağlı mənfi gözləntilər və bunun qarşısının alınması yolları, artımların əhalinin sosial-psixoloji vəziyyətinə təsiri istiqamətində olub.

 

 

Sərəncamın müsbət tərəfləri

 

Mərkəz tərəfindən aparılmış sorğu çərçivəsində ekspertlər artımlarla bağlı sərəncamların müsbət tərəflərini belə xarakterizə ediblər:

 

  • İqtisadçılar hesab edirlər ki, 2015-ci ildəki devalvasiyadan sonra əmək haqqı və pensiya səviyyələrindəki artım tempi inflyasiyadan geri qalırdı (artım inflyasiya ilə indeksləşdirilmirdi). Onların sözlərinə görə, 2016 və 2017-ci illərdə ikirəqəmli inflyasiya müşahidə edilsə də, hökumət əmək haqqı artımlarına ehtiyatlı yanaşaraq daha sərt fiskal siyasət yürütdü. Onlar iyunun 18-də imzalanan sərəncamın il ərzində ikinci dəfə anoloji artımlara səbəb olduğunu nəzərə alaraq, bunun devalvasiyanın iqtisadi və psixoloji zərərlərinin müəyyən dərəcədə aradan qaldırılmasına kömək edəcəyini düşünürlər.
  • Ekspertlər artımların xüsusilə əhalinin həyat səviyyəsi, alıcılıq qabiliyyəti, istirahət və yaşayış şəraitinin yaxşılaşmasında ciddi hiss ediləcəyini qeyd ediblər. Iqtisadçılar xüsusilə həssas qrupların - pensiya alanların və yoxsul təbəqənin sosial müdafiəsinin gücləndirilməsini sözügedən sərəncamların müsbət tərəflərindən biri kimi görürlər. Əmək haqqı və pensiya səviyyələrindəki artımın ticarətin canlanmasına səbəb olacağı da səsləndirilən rəylər arasındadır. Iqtisadçıların diqqət çəkdiyi müsbət cəhətlərdən biri də məlum artımların vergi və gömrükdə aparılan islahatlardan yaranan profisit əsasında maliyyələşməsidir.
  • Əmək haqqı və pensiya səviyyələrindəki artımın sosial-psixoloji cəhətlərini dəyərləndirən ekspertlər əmək haqqı artımının insanlarda işgüzar motivasiyanı və xalqın Prezidentə inamını artıracağını qeyd edirlər. Sosioloq və psixoloqlar da mövcud sosial çətinliklərin azaldılmasını məhz sərəncamın yaradacağı müsbət təsirin nəticəsi kimi qiymətləndirirlər.
  • Ekspertlərin əksəriyyəti istər 18 və 20 iyun, istərsə də digər tarixlərdə imzalanan sərəncamlarla bağlı informasiyanın xalqa operativ şəkildə çatdırıldığını düşünsə də, bəziləri kommunikasiya strategiyasında müəyyən dəyişikliklərin edilməsinin tərəfdarıdır.

 

 

Diqqət yetirilməli olan problemlər

 

  • Sərəncamın əhatə dairəsi ilə bağlı diqqət çəkən məqam artımın yalnız diaqnostik qiymətləndirmə imtahanından keçən müəllimlərə şamil edilməsidir. Artımlar selektiv yanaşma kimi qəbul edilir və nəzərə alsaq ki, diaqnostik qiymətləndirmə imtahanından keçənlərin sayının ümumi müəllimlərə nisbəti yüksək deyil, bu, müəyyən narazılıqlar yaradır. Eyni zamanda, digər bir məqam həkimlərin əmək haqqının qaldırılmamasıdır. Iqtisadçılarla yanaşı, millət vəkilləri də müəllim və həkimlərin daha çox qayğıya ehtiyac duyduqlarını dilə gətirirlər. Onlar bunu təhsil və səhiyyə sahəsində çalışanların işinin cəmiyyətin inkişaf və sağlamlığı üçün əhəmiyyətinin yüksək olması ilə əlaqələndirirlər.
  • Sərəncamın əhatə dairəsi ilə bağlı digər narazılıq mövcud əmək bazarının xarakteristikası ilə əlaqədardır. Belə ki, bəzi iqtisadçıların fikrincə, Azərbaycanda 5 milyon məşğul əhali olsa da, 1,5 milyon muzdlu işçi var. Əmək haqqı artımlarının ən yaxşı halda hər 3 nəfərdən birinə təsir edəcəyini qeyd edən ekspertlər ölkəmizdə muzdlu işçilərin məşğul əhalinin cəmi 30-35%-ni əhatə etdiyini, anoloji rəqəmin Avropada 80-85% civarında olduğunu nəzərə çatdırıblar. O da vurğulanıb ki, muzdlu olmayan işçilərin əhəmiyyətli hissəsi mövsümi və təsadüfi işlərdə (məsələn, kənd təsərrüfatı) çalışırlar. Əmək müqaviləsi olmadan işləyənlərin də artımlardan bəhrələnə bilməyəcəyi səsləndirilən rəylər arasındadır.
  • Artımların son 3 ildə inflyasiyadan əziyyət çəkən insanların sosial-psixoloji durumunu yaxşılaşdıra biləcəyinə dair fikirlərin geniş yayılmasına baxmayaraq, ekspertlər insanların maddi durumunun sentyabrdan etibarən birdən-birə əhəmiyyətli dərəcədə yaxşılacağını gözləmirlər. Belə bir fikir də səsləndirilir ki, ölkədə ciddi dərəcədə gizli işsizliyin (məsələn, əmək müqaviləsi olmadan işləyənlər və s.) olmasına görə, bu artımların nə o insanlara təsir etməsi, nə də ki, siyasi ab-havanı çox ciddi şəkildə dəyişməsi real görünmür.
  • Artımların yaratdığı digər problemlər sırasında onun bazara və sahibkarlara təsirləri qeyd olunur. Demək olar ki, bütün mütəxəssislər əmək haqqı və pensiya səviyyələrindəki artımın bazarlarda qiymət artımına səbəb olacağını, yaxud artıq təsir etdiyini vurğulayıblar. Məlum artımların sahibkarlara potensial mənfi təsiri kimi isə iqtisadçılar onların DSMF-yə ödədikləri rüsumları göstərirlər. Belə ki, onların sözlərinə görə, əmək haqqı artımı sahibkarların (xüsusilə mikrosahibkarlar) xərclərini artırır, çünki onların DSMF-yə ödədikləri vəsaitlər minimum əmək haqqı səviyyəsindən asılıdır. Belə olduğu halda, artımlar sahibkarın mənfəət marjasına mənfi təsir edir.

 

Bəzi iqtisadçı ekspertlər hazırda kənd təsərrüfatı məhsullarında müşahidə edilən qiymət artımının ixrac və qıtlıqdan yarandığını diqqətə çatdırıblar. Onların fikrincə, ixrac ucbatından daxili təlabatı ödəyəcək qədər məhsulun bazarda olmaması müvafiq məhsullarda qiymət artımına səbəb olur. Kənd təsərrüfatı üzrə ekspertlərdən biri qeyd edib ki, aqrar sektora subsidiyaların verilməsinə rəğmən bahalaşmanın olması bazarlarda qiymətləndirmə mexanizmində ciddi problemlərin olmasından xəbər verir. Buna digər səbəb kimi bəzi kənd təsərrüfatı məhsulları üzərində hələ də qalan inhisarçılıq da göstərilib.

 

Göründüyü kimi, ekspertlərlə müqayisədə əhalinin islahatlara dair mövqeyi daha nikbin baxışlar üzərində qurulub. Eyni zamanda, dövlət tərəfindən həyata keçirilən tədbirlərin davamlı olacağına inam ifadə edilir.

 

 

            NƏTİCƏLƏR

 

Sərəncamlara dair əhali arasında keçirdiyimiz tədqiqatdan əldə olunan nəticələr aşağıdakı kimi təsvir edilir:

 

  • Ölkədə həyata keçirilən islahatlar barədə əhali arasında maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə ehtiyac var. Ölkə başçısı tərəfindən iyunda imzalanan sərəncamlar barədə məlumatlılıq səviyyəsi yüksək olsa da, kadr dəyişiklikləri ilə bağlı məlumatlılıq səviyyəsi nisbətən aşağıdır. Əhali arasında ən geniş yayılan məlumat mənbələri olan televiziya və sosial şəbəkələrdə informasiya verilsə də, baş verən proseslərin mahiyyəti, artım qərarının səbəbləri, maliyyələşmə mexanizmləri və s. Bəzən düzgün çatdırılmır. Bu halda vətəndaş islahatlar barədə dolğun fikrə sahib ola bilmir.
  • Vətəndaşlar arasında artımlara münasibət birmənalı şəkildə müsbətdir və bunun davamlı həyata keçirilməsini vacib hesab edirlər. Belə ki, respondentlərin əksəriyyəti, xüsusilə də artımların əhatə etdiyi əhali kateqoriyası bu sərəncamları əhəmiyyətli sayır. Işləməyən insanların isə artımların önəmi haqqında yüksək fikirdə olmadığı özünü göstərir.
  • Əhali artımlara nisbətdə kadr dəyişikliklərinə dair məlumatların daha çox verilməsinə ehtiyac duyur. Bəzi qism respondentlər arasında kadr dəyişiklikləri ilə bağlı mövqelərin formalaşmaması da sözügedən amillə bağlıdır. Digər tərəfdən, kadr dəyişikliklərinin insanların sosial rifahına birbaşa təsirinin olmadığı düşüncəsi burada rol oynayır. Əhalinin kadr islahatlarından əsas gözləntiləri daha təhlükəsiz yaşayış şəraiti və ölkənin hərbi gücünün artması ilə bağlıdır.
  • Artımların sosial rifaha təsirləri əsasən məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Ümumilikdə artımlar əhalinin maddi vəziyyəti, ev və yaşayış şəraitinin yaxşılaşması, o cümlədən cari problemlərinin həllinə ciddi təsir göstərəcəkdir. Gözləntilər içərisində əhalinin həyat səviyyəsinin yüksəlməsinə və vətəndaşlar arasında Prezidentin nüfuzunun artmasına inam daha böyükdür.
  • Əhalinin əksəriyyəti artımların mənfi təsirlərinin olmayacağı qənaətindədir. Bununla yanaşı, mənfi təsirlərin olacağını düşünən insanlar (soğruda iştirak edənlərin 25%-nin) istehlak bazarında bahalaşmanın (süni qiymət artımı) olacağından narahatdır.
  • İslahatların uğurlu icra olunması Prezidentin şəxsi iradəsindən və bu proseslərdə vətəndaş iştirakçılığından asılıdır. Bütövlükdə, əhali arasında islahatlara inam böyükdür. Onlar islahatların uğurlu olmasında dövlət başçısının qətiyyətini və əhalinin dəstəyini vacib hesab edirlər, eyni zamanda, bəzi dövlət qurumlarının laqeyd yanaşmasını və ictimai nəzarətin zəif olmasını islahatların uğurlu olmasında əsas maneə olaraq görürlər. Digər tərəfdən, əvvəlki illərdə həyata keçirilən bir sıra dövlət tədbirlərinin nəticələri barədə ümidsiz danışan respondentlər də öz rəylərini bildirməkdən çəkinmirlər.
  • Əlavə olaraq qeyd edilməlidir ki, sorğu zamanı tez-tez müşahidə edilən narazılıqlardan biri də vətəndaşlarla məmurlar, eləcə də, vətəndaşlarla millət vəkilləri arasındakı əlaqələrin heç də hər yerdə arzuolunan səviyyədə olmamasıdır. Bu isə öz növbəsində vətəndaşlarla dövlət institutları arasındakı münasibətlərin dəqiq diaqnozunu tələb edir ki, bu fakt da tədqiqatın nəticələrində öz əksini tapıb.
  • Ümumilikdə əhali ölkədə həyata keçirilən islahatları dəstəkləyir və uğurlu olacağına inanır. Sosial islahatların müsbət nəticələnməsində vətəndaşların təsirinin yetərli olduğunu düşünən respondentlər müəyyən çəkiyə malikdir. Bu göstərici mərkəzə nisbətən bölgələrdə daha yüksəkdir. Mütləq əksəriyyət ölkə Prezidentinin öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə aldığı fikrindədir. Ümumilikdə, mərkəzlə müqayisədə regionlarda, gənclərlə müqayisədə orta və yaşlı nəsil sosial islahatlara daha pozitiv yanaşır.
  • Yaşayış minimumunun hesablanması metodologiyasına dair iradlar mövcuddur. Hazırda ölkəmizdə yaşayış minimumun ölçülməsi mexanizminin təkmil olmadığı, onun qabaqcıl ölkələrdəki yaşayış indeksləri ilə ölçülmədiyi dilə gətirilir. Bunun üçün minimum istehlak səbəti və yaşayış minimumu səviyyələrinin hesablanmasının dəyişdirilməsinin əhəmiyyəti xüsusilə vurğulanır.
  • Minimum əməkhaqqı səviyyəsinin artırılması sahibkarların xərclərini müəyyən qədər artırır. Çünki minimum əmək haqqı səviyyəsi və DSMF-yə ödənilməli olan sosial sığorta arasındakı əlaqə düz mütənasibdir. Yəni, minimum əmək haqqı səviyyəsi qalxdıqca DSMF-yə ödənilməli olan sosial sığortanın miqdarı da artır. Minimum əmək haqqı səviyyəsi sentyabrdan etibarən artdığına görə, bu, sahibkarların məsrəflərinə də təsirini göstərəcəkdir.

 

Müşahidə əsasında gəlinən nəticələr

 

  • Müşahidələrə əsasən, ucqar rayonlarda əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət artırılması məqsədəuyğundur. Məlumdur ki, kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olanlar qeyri-rəsmi iqtisadiyyatın bir parçası hesab edildiyindən, onlar DSMF-yə ödənişlər etmir, minimum əmək haqqı səviyyəsinin artırılmasından yararlanmırlar. Ona görə də bu qəbildən olan fəal əhalinin yaşayış şəraitini yalnız maaş artımı ilə dəyişmək mümkün deyil.
  • Suvarma suyunun yetərincə olmaması əhalinin kənd təsərrüfatı ilə məşğul olmasına ciddi əngəl törədir. Bəzi yerlərdə suvarma suyu, digər ərazilərdə isə içməli su təminatı ilə bağlı ciddi problemlər var. Digər məsələ isə əhalinin qaz təminatı ilə bağlıdır. Xüsusilə, ucqar dağ kəndlərinin bəzilərində əhalinin qazla təminatı yoxdur. Bu isə öz növbəsində alternativ yanacaq mənbələri, xüsusilə də yaşıllıqların məhv edilməsinə yol açır.
  • Kənd yerlərindəki əhalinin mühüm bir qisminin gəlir səviyyəsinin məhdud olması onların yığım imkanını azaldır və onları dövlətin ünvanlı yardım proqramlarından asılı edir. Digər tərəfdən, əhalinin aylıq gəlirləri yalnız onların minimal istehlakını qarşılamağa yönəlir. Yığımların az olması əhalinin investisiya və digər forsmajor (təcili hallarda pulun olmaması, sağlamlıq problemləri və s.) xərclərini qarşılamaq imkanlarını zəiflədir.

 

 

TƏKLİFLƏR

 

  • Əhalinin proseslərdə iştirakını stimullaşdırmaq üçün maarifləndirmə və islahatların effektiv təbliğatının aparılması vacibdir. İslahatların mahiyyətinin əhaliyə düzgün çatdırılması üçün televiziyada tematik müzakirələrin təşkil edilməsi, qısametrajlı çarxların yayımlanması və sosial mediadan daha fəal şəkildə istifadə edilməsi tövsiyə edilir. Maarifləndirmə və məlumatlılığın daha səmərəli təmini üçün bölgələrdə sistemli qaydada canlı dialoqların, ictimai müzakirələrin və əhali ilə görüşlərin aparılması, eləcə də, internet xidmətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin gücləndirilməsi arzu olunur.
  • Növbəti artımlarda digər əhali kateqoriyasının da mərhələli və əsaslandırılmış şəkildə əhatə edilməsi yerinə düşər. Mövcud artımların selektiv yanaşma effekti kimi qəbul olunmaması və müxtəlif əhali qrupları arasında sosial bədbinliyin meydana gəlməməsi üçün islahatların əhatə dairəsinin genişləndirilməsi vacibdir. Bu baxımdan, məsələn, yerdə qalan kateqoriyanın spesifik parametrlərlə təsbit edilən qeyri-maddi güzəştlərlə (məsələn, ictimai nəqliyyatda, kommunal xidmətlərdə mövsümi endirimlərin tətbiqi və s.) təmin olunması məqsədəuyğundur.
  • Artımlardan kənarda qalan vətəndaşların iradlarının obyektiv araşdırılması və kölgə iqtisadiyyatında çalışanların müəyyənləşdirilərək leqallaşdırılması tövsiyə edilir.
  • Sosial rifahın təmin edilməsi alətləri kimi minimum əmək haqqı, yaşayış minimumu və minimum istehlak səbətinin müəyyənləşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi arzu olunur. Minimum əmək haqqının müəyyənləşdirilməsində diferensiasiyanın (regionlara, peşələrə və əhali qruplarına görə) tətbiqi, minimum istehlak səbətinin inflyasiya səbəti əsasında müəyyənləşdirilməsi və əmək haqqı artımlarının inflyasiyaya uyğun indeksləşdirilməsi.
  • Tətbiqi tövsiyə edilən model milli iqtisadiyyata uyğunlaşdırılmış olmaqla yanaşı, rifahı stimullaşdıracaq və gəlir bölgüsündə ədalətin təmini prinsiplərini daha da gücləndirəcəkdir.
  • Artımların səviyyəsi müəyyənləşdirilərkən özəl sektorun maliyyə yükündəki xərclər nəzərə alınmalıdır. Makroiqtisadi tarazlığın təmin edilməsi prinsipi burada əsas rol oynayır.
  • İdarəetmənin modernləşdirilməsi. İslahatların optimal reallaşdırılmasını təmin edəcək yeni effektiv nəzarət mexanizminin yaradılması və ya mövcud mexanizmlərin təkmilləşdirilməsi arzulanır.
  • Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə islahatların nəticə yönümlülüyünün artırılması. Minimum əmək haqqı, yaşayış minimumu və istehlak səbəti haqqında normativ hüquqi bazanın digər iqtisadi qanunvericiliklərlə uzlaşdırılması vacibdir. Məsələn, süni qiymət artımının qarşısının alınması üçün çoxdan gözlənilən “rəqabət məcəlləsinin” qəbul edilməsi yerinə düşər.
  • Şəffaf və açıq, nəticə əsaslı idarəetmənin təmin olunması yolunda Prezident tərəfindən həyata keçirilən tədbirlərin hökumətin müxtəlif strukturlarını xalq və müvafiq hakimiyyət orqanları qarşısında hesabatlılığını vacib edir. Bu baxımdan, qarşıya qoyulan məqsədlər ölçülə bilən hədəflər olmaqla yanaşı, real çərçivədə dövlət büdcəsinin icrasına vətəndaş və inzibati nəzarətin artırılmasına ehtiyac vardır. Həmçinin, islahatların həyata keçirilməsi üzrə cavabdeh qurumların məsuliyyətinin və hesabatlılığının gücləndirilməsi də mühüm vəzifələr sırasındadır.

 

PAYLAŞ

Oxşarlar

"İnam İndeksi" jurnalı

20 Noyabr 2019

Sosial Tədqiqatlar Mərkəzi  “İnam indeksi” jurnalının oktyabr buraxılışında sözügedən məsələləri əhatə edən “Prezidentin f… ƏTRAFLI

Konvensional və qeyri-konvensional siyasi iştirak- (Dördüncü Hissə)

Konvensional və qeyri-konvensional siyasi iştirak- (Dördüncü Hissə)

18 Noyabr 2019

Ekspertlərin əksəriyyətinin fikrincə, Azərbaycan əhalisi siyasi iştirakda aktivlikdən kənar qalmağa üstünlük verir:   “Siyasət elə… ƏTRAFLI

Səciyyəvi, qəbul edilən və edilməyən siyasi təcrübə- (Üçüncü Hissə)

Səciyyəvi, qəbul edilən və edilməyən siyasi təcrübə- (Üçüncü Hissə)

14 Noyabr 2019

Azərbaycanda siyasi institutların funksional fəaliyyəti ekspertlər tərəfindən əsasən yüksək qiymətləndirilir:   “Azərbaycanda mərkəzləş… ƏTRAFLI