logo
AZ

Məqalələr

“Virtual Sosial Münasibətlər” Kontekstində İnternet Sosiologiyası və E-Dövlət

avatar
Elnarə Qəribova
2021-03-01

Hüquq  təhsilini Bakı Dövlət Universitetində, doktorantura təhsilini isə Ankara Universitetinin Avropa İttifaqı və beynəlxalq iqtisadi münasibətlər fakültəsində Avropa İttifaqı hüququ ixtisası üzrə almışdır. Tədqiqat istiqamətləri: Avropa İttifaqı hüququ və münasibətləri,  konstitusional hüquq və vətəndaşlıq, insan hüquqları, miqrasiya prosesi, avropalılaşma, Avropa kimliyi və s.

Hər il internet istifadəçilərinin sayı sürətlə artır. Dünya ölkələrində və Azərbaycanda informasiya cəmiyyətinin davamlı inkişafı üçün qanunlar qəbul edilir, istifadəçilərin maraq dairələri, siyası baxışları, üstünlük verdikləri məhsullar haqqında məlumat əldə etmək üçün tədqiqatlar aparılır. Araşdırmalar göstərdi ki, internet sosiologiyası sahəsində müxtəlif elm sahələrini əhatə edən çoxsaylı problemlər mövcuddur. Sosioloji məlumatların toplanması və analiz edilməsi ilə informasiya cəmiyyətinin davamlı inkişafına nail olmaq olar. Bunun üçün internetdə baş verən ictimai proseslər, insanların davranışlarının sosial cəmiyyətə inteqrasiyası, sosial qruplar, onların fəaliyyət istiqamətləri, gələcək planları araşdırılmalı və informasiya texnologiyalarının tətbiqi ilə öyrənilməsi zəruridir.

 

Tədqiqatlara əsasən [1] [2][3] internetin təsiri ilə insanlar getdikcə daha çox virtual reallığa meyl edir. Bu da onların davranışlarına, ideoloji baxış və mövqeyinə, həyat tərzinə ciddi təsir göstərir. Virtual məkanda sosial medianın geniş yayılması insanların sosial münasibətləri qurmaq, qorumaq və genişləndirmək istədiyinin göstəricisidir. Lakin sosial münasibətləri sosial media deyil, sosial şəbəkələr yaradır. Sosial münasibətlər yalnız virtual məkanda informasiya mübadiləsi aparmaqla yaranmır. Münasibətlərdə etimad, zaman, mənəvi və ya maddi təsir, nüfuz və s. faktorlar mühüm rol oynayır.

 

COVİD-19 pandemiyası ili bəlkə də tarixin ən depressiv, xəstəlik ili olan 2020-ci ilin fəlakətlərinidə nəzərə alaraq, xəstəlikdə, bayramlarda, təbii fəlakət və müharibələrdə insanlar sosial qruplara və sosial münasibətlərə daha çox ehtiyac duyurlar. Britaniyalı antropoloq, Oksford Universitetinin professoru Robin Danbar (Dunbar) tədqiqatlarına əsasən, hər bir insan orta hesabla 150 nəfərlə stabil/daimi münasibətdə olur. Bu insanın identikliyinin əksidir. İnsan ideoloji və kimlik olaraq özünün münasibətdə olduğu insanlarla təsdiqləyir .  “Danbar rəqəmi” (Dunbar number) adlanan bu yanaşmada qeyd edilir ki, münasibətlər fərdin xarakterindəki fərqləndirici cəhətləri və onun sosial vəziyyətini müəyyən edir. İnternet şəbəkəsinin genişləndiyi, informasiya cəmiyyətinin formalaşdığı, sosial medianın insanların həyatının bütün sahələrinə daxil olduğu müasir dövrdə “Danbar rəqəmi” nəzəriyyəsinə mobil əlaqələrin, sosial şəbəkələrin genişlənməsi o qədər də təsir etmir. Bu gün ən nəhəng virtual sosial şəbəkə sayılan Facebookda hər bir fərdin yaxın “dosları”nın sayı orta hesabla 150-dir. Şəbəkədəki münasibətlər istifadəçilərin yaşından asılı olaraq müxtəlifdir: 18-29 yaş arasında istifadəçilərin 27%-nin dostlarının sayı 200-dən çoxdur. Yaşı 65-dən yuxarı olan istifadəçilərin 72%-nin dostlarının sayı isə 100-dən azdır.[4]

 

Virtual Sosial münasibətlər və E-Dövlət

 

İnternetin insanların gündəlik həyatına müdaxiləsi, sosial media üzərindən ictimai rəyin insanların davranışlarına təsiri, mobil əlaqələrin genişlənməsi müasir dövrdə “virtual sosial münasibətlər” mövzusunu daha da aktuallaşdırmışdır. İnternet şəbəkəsinin genişlənməsi dövlət təşkilatları və vətəndaşlar arasındakı münasibətlərin yeni formasını yaranmışdır. İKT, xüsusən də internetdən istifadə etməklə dövlət tərəfindən vətəndaşlara, təşkilatlara və şirkətlərə müxtəlif xidmətlərin göstərilməsi e-dövlətin əsasını qoymuşdur. E-dövlət dövlət təşkilatları ilə vətəndaşlar arasında qarşılıqlı etimada və məmnunluğa əsaslanan şəffaf münasibətlərin yaradılmasına xidmət edir. Burada sual yaranır: e-dövlət cəmiyyətə və cəmiyyətdəki sosial münasibətlərə necə təsir edir?

 

İlk növbədə qeyd etmək lazımdır ki, e-dövlətdə dövlət təşkilatlarının fəaliyyətlərinin rəqəmsallaşdırılması/elektronlaşdırılması nəticəsində minimum zaman sərf etməklə vətəndaşlara və şirkətlərə göstərilən elektron xidmətlər daha səmərəli və qənaətcil olur.[5] Əsas məqsəd ölkənin iqtisadi və sosial rifahını daha da yüksəltmək və vətəndaş məmnuniyyətinə nail olmaqdır. Tədqiqatlar göstərir ki, baş verən iqtisadi böhran, müharibə, pandemiya və təbii fəlakətlər cəmiyyətdə psixoloji gərginlik və dövlətə qarşı narazılığın artmasına səbəb olur.[6][7] E-dövlətin idarə olunmasında əsas məsələlərdən biri vətəndaşlar arasında sosial münasibətlərin müəyyən olunması və ölçülməsidir ki, bu e-dövlətin informasiya məkanının təhlükəsizliyi, vətəndaşların sosial və iqtisadi həyatda davranışı ilə əlaqədar qərarların qəbulunda vacibdir. Belə ki, e-dövlətdə idarəetmə ilk növbədə dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin düzgün qurulmasına, qarşılıqlı etimada və vətəndaş məmnunluğuna bağlıdır.

 

E-dövlət mühitində sosial münasibətlərə təsir edən əsas faktorlar sosial media, mobil əlaqələr, əşyaların interneti və s. müasir şəbəkə texnologiyalarının verdiyi müxtəlif imkanlardan asılıdır. Hər bir fərdin virtual məkanda davranışını əks etdirən verilənlər və fiziki sistemlərdə saxlanılan fərdi məlumatlar istifadə olunur. Məlumatların Big Data təşkil etməsi və əksəriyyətinin strukturlaşmamış olması sosial münasibətlərin analizində süni zaka/intellekt və Big Data texnologiyalarından istifadəni aktual edir.

 

Artıq e-dövlətin analizində "text mining" və sosial şəbəkə analizi texnologiyalarının rolu, müasir elektron kitabxanalarda onlayn sosial şəbəkə texnologiyalarının tətbiqi mexanizmləri, istifadəçi şərhlərinin sentiment analizi əsasında e-dövlət mühitindən sosial şəbəkələrin çıxarılması texnologiyaları araşdırılır. Bu cür tədqiqatların geniş tətbiqi Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, müasir dövrün tələbləri və problemlərinin həlli istiqamətində mühüm qərarların qəbulu üçün əhəmiyyətlidir.

 

 

BMT İqtisadi və Sosial Münasibətlər Departamentinin (United Nations Department of Economic and Social Affairs) hesabatlarına əsasən, güclü sosial münasibətlər, ilk növbədə ailə və dostluq münasibətləri vətəndaşların bu tip stresslərin öhdəsindən daha asan gəlməsinə imkan yaradır, dövlətdə stabilliyin təmin olunmasında vacib rol oynayır. Bu səbəbdən ölkədə sosial münasibətləri dəstəkləyən və gücləndirən proqram və layihələrin yaradılması və realizə olunması vacib amildir. Dövlət, vətəndaş və təşkilatlar arasında yeni səviyyədə münasibətlərin qurulması, elektron xidmətlərin daha səmərəli olması üçün e-dövlət mühitində sosial münasibətlərin müəyyən olunması və qiymətləndirilməsi məsələsi ön plana keçir. Bunun üçün süni zəka/intellektdən və bulud hesablamalarından (cloud computing) istifadə edilir. Müxtəlif şəbəkə texnologiyalarından, sosial media vasitələri, şəbəkə infrastrukturu, əşyaların İnterneti (İoT),  şəbəkəsi, sensorlar, üz tanıma və izləmə cihazlarından əldə olunan verilənlərin intellektual emalı, sosial münasibətlərin qiymətləndirilməsində və proqnozlaşdırılmasında yeni imkanlar təqdim edilir.[8]

 

E-dövlət informasiya texnologiyalarının vətəndaşların gündəlik həyatına və davranışına intensiv, dinamik təsiri cəmiyyətdə yeni “virtual sosial münasibətlər”in yaranmasına, ənənəvi münasibətlərdə müəyyən dəyişikliklərin baş verməsinə səbəb olmuşdur. Hər bir dövlətdə vətəndaşlar arasında münasibətlərin özünəməxsus strukturu mövcuddur. Elektron dövlətin (e-dövlət) səmərəli idarə olunması, ölkədə iqtisadi inkişafın və sabitliyin təmini üçün cəmiyyətdə sosial münasibətləri analiz etmək, təsnifatlandırmaq əsas şərtlərdəndir. E-dövlətin formalaşmasında sosial münasibətlərin rolunun müəyyənləşdirilməsi və sosial münasibətlərin analizində səmərəliliyin əldə edilməsi nə dərəcədədir?

 

Hazırda Azərbaycanda da İKT-nin inkişafı və tətbiqi internetdə tamamilə yeni virtual mühit yaradıb. Bu sahə dövlətin maraq dairəsində olduğu üçün virtual mühitin idarə olunması və inkişafı istiqamətində bir çox tədbirlər görülür. Demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in (e-Government) formalaşdırılması hesab edilir. Azərbaycanda da “Elektron Hökumət”in formalaşması istiqamətində yaradılan  imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi üçün qarşıya qoyulan hədəf məqsədlərdəndir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir. Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmışdır.

 

Həmcinin, cəmiyyətin müasir informasiya texnologiyalarına olan tələbatı, ümumdünya rəqəmsal/elektron məkanına sürətli inteqrasiyası, e-hökumət, e-ticarət, distant təhsil və s. kimi sosial və iqtisadi fəaliyyətin yeni formalarının inkişafı üçün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” imzalanıb.

 

Azərbaycanda internetin inkişafı, domen adların qeydiyyatı, istifadəsi, İnternetdə informasiya təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizəyə elmi-metodiki köməklik göstərilməsi və s. məqsədilə 2008-ci ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət orqanları, qeyri-hökumət təşkilatları və İnternet provayderlərin nümayəndələrindən ibarət “İnternetin inkişafı üzrə Koordinasiya Şurası” fəaliyyət göstərməkdədir.

 

Qeyd etmək lazımdır ki, qlobal rəqabətqabiliyyətlilik indeksi üzrə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdədir.[9] Azərbaycan “İnternet istifadəçiləri” göstəricisinə görə digər MDB ölkələri arasında liderdir. Hesabatın “Əlverişli mühit” bölməsinin “İnstitutlar” göstəricisi üzrə Azərbaycan 58-ci, İnfrastruktur göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdədir.[10] Azərbaycan İKT-dən effektiv istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci, hər 100 nəfərə düşən fiber-optik İnternet istifadəçiləri göstəricisi üzrə 55-ci, eləcə də ümumilikdə İnternet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. Bundan başqa qeyd ediləm hesabata əsasən “İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yeri “Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında Azərbaycan 31-ci yeri tutur .[11][12]

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi hər il İKT üzrə statistik göstəriciləri dərc edir.[13] “Digital in 2019” hesabatına əsasən Azərbaycanda iki milyona yaxın Facebook, 2.50 milyon İnstagram, 124.3 min Twitter istifadəçisi var. Bu hesabat “We are social” və “Hootsuite” şirkətləri tərəfindən hazırlanıb. Əldə olunan sosioloji göstəricilər ümumiləşdirilmiş nəticələrinə əsasən Azərbaycanda əhalinin 77 faizinin İnternet istifadəçisi olmasını və yeni media vasitələrinin geniş yayılması nəticəsində virtual aləmdə yeni sosial qrupların, icmaların formalaşması reallığını ortaya qoyur.

 

E-dövlət mühitində sosial münasibətlərin analizi məsələsi özündə fiziki dünya ilə yanaşı, kiber mühit və sosial şəbəkələri birləşdirir. E-dövlətin idarə olunması sosial-iqtisadi və texniki proses olsa da, cəmiyyətdə mövcud olan sosial münasibətlər bu prosesə öz təsirini göstərir. E-dövlət mühitində sosial münasibətləri əks etdirən informasiyanı müxtəlif mənbələrdən e-mail, sosial media vasitələri, e-sənəd dövriyyəsində və müxtəlif arxivlərdə saxlanılan rəy və sənədlər, mobil cihaz və qurğular, üztanıma sensor sistemləri , izləyici cihazlar, əşyaların İnterneti (İoT) və s. əldə etmək olar. Cəmiyyətdə sosial münasibətləri analiz etmək üçün verilənlərin intellektual analizi, “text mining”, kontent-analiz, LIWC (linguistic inquiry and word count), ICA (Independent Component Analysis), tematik modelləşdirmə və s. metodlar mövcuddur. ICA metodundan istifadə etməklə gizli faktorları, münasibətləri müəyyən etmək mümkündür. Münasibətləri proqnozlaşdırmaq üçün “semi-Markov” modelinə əsaslanan yanaşma mövcuddur. Aktorların ranqlaşdırılması üçün PeopleRank alqoritmi təklif olunmuşdur və bu alqoritm PageRank sxeminə çox oxşayır. Alqoritm şəbəkə daxilində digər aktorlarla sosial münasibətdə olan aktora böyük çəki verməklə onun davranışını proqnozlaşdıra bilir.

 

Yuxarıda qeyd edilən hesabatlar və tədqiqatlara əsasən, hər bir dövlətin səmərəli idarə olunması, vətəndaşların rifahı, psixoloji durumu sosial münasibətlərdən çox asılı olduğu üçün sosial münasibətlərin ölçülməsi, idarə olunması və təhlükəsizliyinin təmini e-dövlət mühitində vacib məsələlərdəndir.[14] [15][16]

 

Hazırda sosial cəmiyyətlərin böyük əksəriyyəti İnternetə inteqrasiya edərək virtual qruplarda, virtual icmalarda cəmlənir. Bu şəraitdə cəmiyyətdə İnternet sosiologiyası kimi formalaşmış informasiya mühitini, informasiya mübadiləsi aparılan zaman insanlar arasında qarşılıqlı əlaqə formalarını tədqiq etmək zəruriyyəti yaranmışdır.

 

Azərbaycanda müasir dövrün tələblərinə uyğun olaraq informasiya cəmiyyətinin inkişafı, qorunması və mövcud problemlərinin həlli istiqamətində mühüm qərarların qəbulu üçün internet sosiologiyası sahəsində tədqiqatların genişləndirilməsi gözlənilən haldır. Bu baxımdan İnternet sosiologiyasının 3 əsas istiqmətdə: şəxsi, qrup və cəmiyyət səviyyəsində tədqiq edilə bilər. Yeni media vasitələrinin sürətli inkişafı, sosial şəbəkələrin cəmiyyətin real həyatına göstərdiyi təsirin artması virtual cəmiyyətin davranışının çoxistiqamətli geniş tədqiq olunması zərurətini yaradır.


 

İstifadə edilən mənbələr:

 

  1. https://journals.sagepub.com/doi/10.1177/0020852311407278
  2. file:///C:/Users/HP/Downloads/SSRN-id1769774.pdf
  3. file:///C:/Users/HP/Downloads/Modeling_Citizen_Satisfaction_with_Mandatory_Adopt.pdf
  4. https://www.pewresearch.org/fact-tank/2014/02/03/what-people-like-dislike-about-facebook/
  5. https://journals.plos.org/plosone/article?id=10.1371/
  6. https://startpack.ru/application/brand-analytics-smm
  7. https://www.relsci.com/
  8. https://www.un.org/development/desa/family/wp-content/uploads/sites/23/2018/05/BACK-GROUND-PAPER.SDGs1611.FINAL_.pdf
  9. Dünya İqtisadi Forumunun 2019-cu il üzrə hesabatına əsasən
  10. http://www3.weforum.org/docs/WEF_TheGlobalCompetitivenessReport2019.pdf
  11. https://ec.europa.eu/growth/single-market/european-standards/ict-standardisation_en
  12. https://www.azstat.org/MESearch/search?departament=24&lang=az
  13. https://journals.sagepub.com/doi/10.1177/0020852311407278
  14. file:///C:/Users/HP/Downloads/SSRN-id1769774.pdf
  15. file:///C:/Users/HP/Downloads/Modeling_Citizen_Satisfaction_with_Mandatory_Adopt.pdf

 

 


[9] Dünya İqtisadi Forumunun 2019-cu il üzrə hesabatına əsasən

 

PAYLAŞ

Oxşarlar

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20 Aprel 2021

Texnokratik subsistemin ekspansiyası bürokratiya daxilində yeni məntiq və mədəniyyətin inkişafı anlamına gəlir. Bu subsistemin məntiqi kəskin effektivli… ƏTRAFLI

Elm və media? Karl Saqan nümunəsi və...

Elm və media? Karl Saqan nümunəsi və...

19 Aprel 2021

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq g… ƏTRAFLI

 XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

18 Aprel 2021

Azərbaycanın çoxəsrlik tarixi mədəni irs nümunələri onun zəngin mədəniyyətə, qədim sivilzasiyaya malik olduğunu bir daha təsdiq edir. Arxeol… ƏTRAFLI